14.12.2015

“İncəsənət adamlarının əksəriyyətinin intellekt çatışmazlığı var”

Ötən il layihəmizin qonaqları əsasən qələm adamları, tənqidçilər, ədəbiyyatşünaslar oldu. Düşünmək istəyirəm ki, kitaba marağın azaldığı dövrdə bu layihəmiz az da olsa gənclərdə kitablara maraq oyada bildi. İlin sonunda layihənin qonaqlarının kitab siyahısından hətta özüm də yararlanıb bir neçə əsərlə yaxından tanış oldum. Bu il isə layihəmizə sənət adamlarını cəlb etmək istədim. Çünki məlum məsələdir ki, istənilən sahədə uğur qazanmaq və gördüyün işi insanlara daha səviyyəli təqdim etmək üçün hər bir insanın mütləq müəyyən qədər mütailəsi olmalıdır. Yeni ildə ilk qonağımızı seçərkən açığı bir az çətinlik çəkdim. Çünki sənət adamlarının, aparıcıların əksəriyyətinin mütailə qıtlığı, bir çoxlarının isə ümumiyyətlə əlinə kitab almadıqlarını duymaq elə də çətin deyil. Təbii ki, istisnalar hər zaman var. Onlardan biri də Tural Bakuvidir.

XXI əsrdir və hələ də Şeyx Nəsrullahlar qalıb. Mənə elə gəlir ki, əgər bir insanın az da olsa oxumağa meyli varsa oxuduğu ilk kitablar orta məktəbdəki dərslikləri olmalıdır. Hansı ki, o dərsliklərdə məşhur yazıçılar haqqında qısa məlumatlar, əsərlərindən hissələr verilirdi. Məsələn, Cəlil Məmmədquluzadənin, Sabirin, Axundovun, Hüseyn Cavidin və başqalarının əsərləri ilə ilk dəfə həmin dərsliklərdə tanış olmuşuq. Mən də demək olar ki, oxumağa bu cür başlamışam. Dərsliklərdə keçdiyimiz yazıçıların ixtisarla verilmiş əsərlərini sonradan gedib kitabxanadan tapıb bütöv şəkildə oxuyurdum. Xatırladığım qədəri ilə ilk oxuduğum kitab Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri olub. Kitab barəsində danışmağa ehtiyac yoxdur, çox güman ki, əsərin məzmunu hər kəsə bəllidir. Onu deyim ki, məndə dərin iz qoyan əsərlərdəndir. Həmin dövrdə cəhalətə, xurafata qarşı bir təbliğat qatarı yaranmışdı. Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin kitabları həmin kitablardan idi.
Düzdür mən onların böyük insan olduqlarını qəbul edirəm. Amma bu gün bu əsərlərin öz aktuallağını itirməməsinin əsas səbəbi onların dühası deyil. Məsələ ondandır ki, həmin dövrün qabaqcıl insanlarını narahat edən problemlər bu gün də qalıb. Məsələn, həmin dövrdə insanların dini xurafatı, falçılığa, cindarlığa meyilli olması, yeniliyi qəbul edə bilməmələri, geridə qalmış düşüncələr indi də aktualdır. Bu gün televizoru açırsan və görürsən ki, hansısa bir cindarı ortaya salıblar onun ətrafında tanınmış insanları, psixoloqları ekspert kimi əyləşdiriblər və bu adamı ciddi-ciddi danışdırırlar. Halbuki, həmin adamın özünün psixoloqa ehtiyacı var.
Efirdə kitablar yox falçılar reklam olunur. Bu gün Qərbdə planetar sistemin kəşfinə başlayıblar. Avropada alimlər Yupiterdə həyat axtarırlar. Biz də oturub cin çıxartmaqdan danışırıq. XXI əsrdir və hələ də Şeyx Nəsrullahlar qalıb. Sabirin həmin dövrdə yazdığı "Əcnəbilər seyrə balonlarla çıxır/ Biz hələ avtomobil minməyiriz" misraları bu gün hələ də keçərlidir. Bilmirəm kanallar məqsədli ya məqsədsiz, reytinqə görə bunlardan istifadə edirlər, ya yox. Amma görünən budur ki, bu hallar ictimaiyyətə ciddi təsir göstərir. Bu gün efirdə kitablar yox falçılar reklam olunur.
“İncəsənət adamlarının əksəriyyətinin intellekt çatışmazlığı var”. Hər şeyin mütailə ilə ciddi bir bağlantısı var. Bu gün zövqsüz mahnıların çoxluğu, zövqsüz istedadsız sözlərin, alt qatı olmayan, dayaz romanların yazılması, hətta insanların bir-biri ilə ünsiyyət qurma şəkilləri hamısı kitab oxumamağın yaratdığı qüsurlardır. Bu gün zövqsüz musiqilərin çox dinlənilməsi də kütlənin savadsız olduğunu göstərir. İncəsənət adamlarının əksəriyyətində intellekt çatışmazlığı var, bu da mütailənin azlığından irəli gəlir.
“Dahi” ilə bənzəsə də “Martin İden” ni daha təsirli hesab edirəm. Rus ədəbiyyatından Lev Tolstoyu daha çox sevirəm. Xüsusilə də, “Diriliş” əsərini. Məndə çox dərin iz buraxan əsərlərdən biri də Teador Drayzerin “Dahi” əsəri olub. Əsərdə yaradıcı insanla sadə insan arasındakı fərqdən söhbət gedir və Drayzer oxucuya çatdırmağa çalışır ki, yaradıcı insanları başa düşmək lazımdır. Cek Londonun “Martin İden” əsəri məzmunca “Dahi” ilə bənzəsə də “Martin İden”ni daha təsirli hesab edirəm. “Martin İden”ni oxuyandan sonra adam anlayır ki, insanın həyat eşqinin olması üçün mütləq bir hədəfi olmalıdır. Hədəf, məqsəd olmalıdır ki, insan yaşasın. Martin əvvəl qulluqçu işləyir, hətta bəyəndiyi qadın onu bir insan kimi yox bir cism kimi bəyənirdi. O çox gözəl anlayırdı ki, həmin qadının ona olan hissləri hansısa bir heyvana olana əzizləmədən fərqlənmir. Uzun müddət yazılarını redaksiyalara göndərir, ancaq qəbul etmirlər. Axırda biri qəbul edir və o əsər yayılır. Martin çox məşhur və varlı bir insan olur. Həmin qadın artıq onun itaətinə belə razı olur. Elə bu məqamda hər şey onun üçün mənasını itirir. Martinin hədəfi bu idi və o, hədəfinə çatdı gördü ki, indi ona olan münasibət yalan müsnasibətdir. Bütün bu rəğbət, hisslər onun özünə qarşı deyil yaradıcılığına, şöhrətinə qarşıdır. Bütün ümidlərini itirib özünü öldürür. Bu əsərdə Cek London insanın mənəvi dünyasını oxucuya çox gözəl izah edə bilib. Hətta Flora Kərimova ilə Ramal Rəsulun ifasında səslənən “Bağışla” adlı mahnımı Cek Londonun “Martin İden” əsərinin təsiri ilə yazmışam.
İnsanlar astrofizika sahəsinə aid kitablar oxusalar xırdaçılıqdan uzaq olarlar. Mən bədii kitablarla yanaşı, həm də astrofizika sahəsindən bəhs edən kitablar oxumağı sevirəm. Stiven Hokinqin “Qoz qabığında dünya” kitabı bu sahədən bəhs edən mükəmməl kitablardan biridir. Bu əsər elmi əsər olsa da kainatın tarixinə aid çox maraqlı məlumatlar var, oxuculara bu kitabı oxumağı məsləhət görərdim. Bu əsəri oxuduqca insan dəhşətə gəlir ki, görün bizim bir toz kimi hissəsi olduğumuz kainat necə geniş bir mexanizmlə işləyir. Bu kitablar əslində insana yalınız informasiya vermir, həm də insanın hətta adi bir şey haqqında düşünəndə belə həmin məsələyə makro kontekstdən yanaşmasını təmin edir. Mənə elə gəlir ki, insanlar astrofizika sahəsinə aid kitablar oxusalar, xırdaçılıqdan uzaq olarlar.
Öz tariximizi türk seriallarından öyrənməyə başlamışıq. İnsanlarımız tariximizi çox zəif bilirlər. Hətta öz tariximizi türk seriallarından öyrənməyə başlamışıq. Ən çox bilinən tariximiz Şah İsmayıl dönəmidir ki, bizim insanlarımız bu tarixi bilmirlər. Mən bu gün insanlarımızın Türkiyədə çəkilən tarixi seriallara bağlanmasının əleyhinəyəm. Çünki o filmlərdə bizim dövlət quruculuğumuzda çox böyük rolu olan insanları o qədər kiçimsəyirlər ki, bu artıq bizim insanların beyninə yeriməyə başlayır və bu gün insanlar Şah İsmayıl, Təhmasib kimi sərkərdələrə Osmanlıların nəzəri ilə baxırlar. Tarixi romanlar çox oxunmalıdır. Bu arada müasir tarixi romançılardan Yunus Oğuzu oxuyuram və çox bəyənirəm. Onun “Nadir Şah Əfşar”, “Ağa Məhəmməd Şah Qacar”, “Şah Abbas” kimi əsərləri çox dəyərli əsərlərdir.
O kitabı oxuyanda çox kövrəlmişdim. Səfəvilər dönəminə aid 3 əsər oxumuşam. Səhv etmirəmsə, elə o dövrlə bağlı cəmi 3 əsər yazılıb. Bu da çox azdır. Biri Fərman Kərimzadənin “Çaldıran döyüşü”dür. Əslində Fərman Kərimzadənin yazı dili çox gözəldir. Amma bu əsəri əsasən tarixi faktlar üzərində yazıb. O kitabı oxuyanda çox kövrəlmişdim. Orda Şah İsmayılın Səlimə yazdığı məktubların birində Səlim Şah İsmayıla yazır ki: “Sən get başına çalma bağla, qılıncı əlindən at”. Həmin məktub məni çox hiddətləndirmişdi. İsmayılın həyat yoldaşı Taclıbəyim Xatun Osmanlılara əsir düşür. Sultan Səlim onu bir müddət hərəmxanasında saxlayandan sonra Cəfər Paşa adlı bir vilayət rəhbərinə tapşırır, ondan sonra da Taclıbəyim Xatunu qul bazarında satırlar. Bu gün hələ də Taclıbəyim Xatunun taleyi naməlumdur. O əsərlərdən sonra mən Osmanlı türklərinə qarşı barışıq ola bilmirəm. Bu mənim şəxsi qənaətimdir.
Əlisa Nicatda həddindən çox pantürkistlik görmüşəm. Səfəvilər dönəmindən bəhs edən digər iki kitab Əzizə Cəfərzadənin “Bakı 1501” və Əlisa Nicatın “Qızılbaşlar” əsərləridir. Əlisa Nicat yaxşı tarixçidir. Amma sözün açığı Əlisa Nicatda həddindən çox pantürkistlik görmüşəm. Onun “Nağıllara dönən tarix” adlı bir əsərini oxumuşdum. O əsərdə sanki daha çox türkçülük hiss etdim, ancaq yazıçı-tarixçi kimi həmişə bəyənirəm.
Akademik kitablardan Oqtay Əfəndiyevin “Səfəvilər tarixi” kitabını çox bəyənirəm. Kitabda Şah Abbasın hakimiyyətə gəlməyinə qədər olan bir dövrü əhatə edilib. Düzdür razılaşmadığım məqamlar da var. Məsələn, Oqtay Əfəndiyev hesab edirdi ki, Səfəvilər dövləti o vaxta qədər Azərbaycan dövləti idi ki, Şah Abbas hakimiyyətə gəldi. Amma mən belə hesab etmirəm.
Tolstoyu, Dostayevskini tərcümədən oxumağı heç kimə məsləhət görmərəm. Bu gün insanlarımız öz ana dilmizi yaxşı bilmirlər. Bunun da kökündə mütailəsizlik dayanır. Azərbaycan dili bütün dillərdən zəngindir, ancaq bu gün gənclərimiz bir-biri ilə ünsiyyət zamanı 4 dildə danışırlar. Dil bilmək çox yaxşı bir şeydir. Mən özüm də rus, ingilis dillərini bilirəm. Məsələn, Tolstoyu, Dostayevskini tərcümədən oxumağı heç kimə məsləhət görmərəm. Dil bilmək bu yerdə köməyə çatır. Rus dilini bilən insan əsərləri orijinaldan oxuyub zövq alacaq hansı ki, tərcümədən o zövqü almaq mümkün deyil. Rus dili bilməsən bu əsərləri orijinaldan oxuya bilməzsən.
Həyat yoldaşım məni romantik olmamaqda günahlandırır. Mən sevgi mövzulu kitablar çox oxumuşam. Amma onların heç biri məndə dərin iz buraxmayıb. Artıq mənə maraqsız gəlir. Bu gün həyat yoldaşım məni romantik olmamaqda günahlandırır. İçimdə bir romantika yaranırsa, o mənim mahnı yazmağıma xidmət edir. Amma Yaşar Nuri Güntəkinin “Dodaqdan qəlbə”, “Çalıkuşu” romanları, bir də hər bir Azərbaycan gəncinin oxuduğu “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsəri yadımda qalan əsərlərdəndir.
Əsərdəki səhvi qabartmaq müəllifin zəhmətinə hörmətsizlikdir. Oxuduğum kitablarda müəllifin səhvlərini görmüşəm, amma o qədər də əhəmiyyət vermədiyim üçün xatırlamıram. Xatırlasam da, bunu açıb-ağartmaram. Əsərdəki səhvi qabartmaq müəllifin zəhmətinə hörmətsizlikdir. Tutaq ki, mən 100 manhı yazıram 101-ci mahnımda bir oxşarlıq tapılır və hamı düşür üstümə. Onda mən həvəsdən düşə bilərəm. Yazıçı da elədir.
Xan bundan xəbər tutanda Məhəmmədi axtalatdırır. Jan Gevrin “Xacə Şah” əsərindən sonra mən Napoleon haqqında olan bir kitab oxumağa başladım, amma oxuya bilmədim, yarımçıq qoydum. Jan Gevr bu əsərdə şərq həyatını – Qacarların dövrünü , Ağa Məhəmməd Şah Qacarın düşüncələrini çox gözəl təsvir etmişdi. Qacar bütün verilən məlumatlarda qəddar biri kimi görünür adama. Amma adam o əsəri oxuyandan sonra, hətta Qacarın qəddarlığına da bəraət qazandırır. Bilirsiniz ki, Qacar çox eybəcər biri olub. O eybəcərliyin də səbəbi uşaq vaxtı Xanın qızı ilə bir-birini sevməsi olub. Xan bundan xəbər tutanda Məhəmmədi axtalatdırır. Hormonal pozuntular gətirib onun eybəcərləşməsinə çıxardır. 30 yaşında Qacar 70 yaşında kişiyə oxşayır, halbuki o, 20 yaşında o qədər gözəl imiş ki, onu görən vurulurmuş. Bu hadisə onu bu qədər qəddarlaşdırır.
Kitabların mənim yaradıcılığımın keyfiyyətinə böyük təsiri olub. 100-dən çox mahnı yazmışam. O mahnıları yazana qədər yalan olmasın, 200 kitab oxumuşam. Oxuduğum bədi və akademik kitabların mənim yaradıcılığımın keyfiyyətinə böyük təsiri olub. İki il əvvəl bizim kitabxanadan qocaman tarixçi İqrar Əliyevin redaktəsi ilə olan yeddi hissəli Azərbaycan tarixi külliyyatını tapdım. Birinci hissəni oxudum. Sonra davam etdirə bilmədim. İndi kitab oxumağa vaxtım qalmır. Sifarişlər çox olur, müğənnilərlə işləmək çox vaxt aparır. Çox az vaxtım qalır, onu da qızlarıma, ailəmə sərf edirəm. Çünki başqa cür mümkün deyil. Əgər 20 saat işləyib qalan 4 saatımı da əlimə kitab alıb oxumağa başlasam, ailəmə haqsızlıq etmiş olaram. Ancaq hərdən bekar vaxtlarım üçün çox darıxıram, çünki kitab oxumağa daha çox vaxtım olurdu.
Son vaxtlar kitab oxumamağımın mənfi təsirlərini hiss edirəm. Hərdən mənə elə gəlir ki, az mütailə etmək yaradıcılığıma mənfi təsir göstərir. Mahnılarımın sözlərini də özüm yazıram. Mütailə etmək mahnı sözləri yazmağa da təsir edir. Daha çox alt mənalı sözlər yazmaq olur. Mütailə etməyəndə intellektin təkamülü dayanır, tənəzzülü başlayır. Ona görə də fikirşləşirəm ki, bu yay şəhərdən çıxım, ancaq kitab oxuyum, yenilənim.

Tural Bakuvinin “Ən yaxşı kitablar” siyahısı:
1. “Quran”.
2. Cek London – “Martin İden”.
3. Cəlil Məmmədquluzadə – “Ölülər”.
4. Teador Drayzer – “Dahi”.
5. Lev Tolstoy – “Diriliş”.
6. Stven Hokinq – “Qoz qabığında dünya” və “Zamanın qısa tarixi”.
7. Fərman Kərimzadə – “Çaldıran döyüşü”
8. Əlisa Nicat – “Qızılbaşlar”.
9. Jan Gevrin – “Xacə Şah”.

Günel Musa      publika.Az

Комментариев нет:

Отправить комментарий