08.12.2015

Ərdoğan, yəhudilər, Osmanlı sarayının sirləri

Türkiyədə belə bir kompleks hökmrandır ki, xarici siyasətdə nə problem, daxildə nə narazılıq varsa, deməli, “yəhudi barmağı var”.
Gezi olaylarindan düz bir ay sonra baş nazirin müavini Beşir Atalay hadisələrdə “yəhudi diasporunun barmağı”nın olduğunu bildirdi. Göründüyü kimi, Osmanlını çökdürən yəhudilər indi də Ərdoğan Türkiyəsinə göz dikiblər.
Dindar-mühafizəkar kəsimin istənilən fərdindən soruşsanız Osmanlı imperiyası niyə çökdü, deyəcək ki, yəhudilər yıxdı. Ərdoğan bu məqamdan çox uğurla yararlanır, 2004-cü ildə yəhudilərdən “Üstün cəsarət medalı” adlı nüfuzlu mükafatı alır (özü də iki dəfə dalbadal), beş il sonra bələdiyyə seçkiləri ərəfəsində İsrail prezidenti Şimon Pereslə Davosda “one minute” böhranını yaradır, ardınca “Mavi Mərmərə” məsələsi. Sonra qarşılıqlı diplomatik “iynələmələr”, iki il sonra isə müəmmalı və tələsik barışıq.
Bütün bu müddət ərzində süni gərginlik ona Suriya sərhəddi boyunca ərazilərin minalardan təmizlənməsini yəhudi şirkətinə etibar etməsinə (bəlkə də bu, Suriyaya müdaxiləyə bir hazırlıq idi), Qalata portunu yəhudilərə satmasına, İrandan gələcək hər hansı bir raket təhlükəsindən İsraili sığortalamaq üçün “Suriyadan bizi qoruyun” hay-küyü ilə Qərbin “Patriot”larının şərq bölgələrində yerləşdirilməsinə izn verməyə maneə törətmirdi. Ərdoğanın anti-İsrail isterikasının gerçək olmadığını siyasətlə məşğul olanların çoxları bölüşür. Necə olur ki, yəhudi dövləti söyülür, ancaq rəsmi Ankara İsrailin də müəllifi olduğu Yeni Yaxın Şərq layihəsinin aparıcı bəndlərindən biridir, yüz minlərlə müsəlman ölür və Türkiyə bu soqyırımının iştirakçısıdır? Halbuki Türkiyədə özünü islamçı kimi təqdim edən partiya hakimiyyətdədir...
Türkiyənin “Neoosmanizm” konsepsiyasının müəllifi sayılan XİN rəhbəri Əhməd Davudoğlunun Fələstin yaralılarını gördükdə uşaq kimi hönkür-hönkür ağladığını əks etdirən foto bütün dünyanı gəzdi. Türkiyədəki müxalifət haqlı olaraq təəccüblənir: "Sənin ölkəndə terrorçular hər gün vətəndaşlarını qətlə yetirir, ağlamırsan. Suriyada 100 minə yaxın müsəlman ölür, ağlamırsan. İraqda öldürülür, ağlamırsan, türkmənlərin bütün hüquqları, torpaqları, şəhərləri əllərindən alınır, görmürsən. Bəs niyə məhz Fələstinə ağlayırsan?!".
Türkiyənın birinci diplomatından türk dünyasının da haqlı inciklikləri ola bilər. Məsələn, Davudoğlu 1 milyon azərbaycanlı, yaxud bir Xocalı qurbanı uçün gözündən bir damcı yaş axıdıbmı?
***
Tarixə müraciət etdikdə Osmanlının yəhudilərə qarşı kifayət qədər xoşgörülü olduğu aşkarlanır. Fransız tarixçisi Jan-Pol Roux yazır ki, Sultan Süleyman dövründə İstanbul əhalisinin 40%-i xristian, 10%-i isə yəhudi idi. Sonra xristian ölkələrində sıxışdırılan yəhudilərin Osmanlıya axını başlayır. Tək Süleymanın qərarı ilə 160 min yəhudi İstanbulda və Selanikdə yerləşdirilmişdi...
Fransız tarixçisinin fikrincə, Səfəvilərin Osmanlı ilə olan ziddiyyətlərinin tərkib elementlərindən biri birincilərin ikinciləri gerçək müsəlman saymamalarıdır. Xeyr, söhbət sunnu-şiə qarşıdurmasından getmir. Diqqət yetirin: imperiyada din ərəblərin əlində, dənizçilik yunanların, ticarət ermənilərin və yunanların, maliyyə ermənilərin və yəhudilərin. Bütün üst təbəqə məmurlar xristian və ya yəhudidən dönmələrdir. Memar Sinandan sonra indiki Türkiyə ərazisindəki bina və məscidlərin  əksəriyyətinin memarları ermənilər olub. Məscidlərin də... Osmanlı sənədlərində ermənilər “Milleti sadika” adlandırılır. Sultan vəzirlərinin mütləq əksəriyyəti xristian kökənlidir. Sultan uşaqlarının anaları xristian kölələrdir, qul bazarlarından alınıb padşah üçün gətirilirdilər. Bu vaxtadək bu qadınların harada kimin əlində olduqları çox maraqli məsələdir. Xanımlar sultan üçün oğlan doğursa, avtomatik olaraq siyasi mübarizəyə qatılır, oğlunun atasından sonra hakimiyyət olimpini ələ keçirməsini arzulayır, intriqalar qurur və gələcəkdə dövlət başçısının anası olarsa, hakimiyyət işlərinə birbaşa təsir imkanları əldə edir. Osmanlı tarixində belə bir dövr olub ki, sultan anaları- Validə sultanların hökmranlığı sürüb (Qadınların sultanlığı). Onların içində müdrikləri də olub, ancaq əksəriyyət baxımından dövlətçilik üçün xeyirli olmayıblar. Məsələn, “Möhtəşəm yüzyıl” serialının qəhrəmanı Roksolana Süleymana hədsiz təsiri ilə Osmanlının siyasi həyatında olmazın dəyişikliklərə yol açıb. Hətta belə bir ehtimal var ki, Roksolana sarayda təsadüfən peyda olmamışdı...
Sultanların analarının oğullarına güclü təzyiqi bir çox hallarda xəzinənin talan edilməsi ilə müşayiət olunurdu. Validə sultanlar bədxərc olurdular, vəzirlərin onlara gücü çatmırdı. III Mehmetin anası Safiyə (venesiyalı Baffa) İstanbul əhalisi arasında populyar idi, ancaq ordu, məmurlar və üləmalar ondan narazı idilər.
C.Frilinin yazdığına görə, Britaniya diplomatı Henri Lello İstanbuldan yazırmış: “O, oğlunu özünə tam tabe etmişdi. Ancaq hərbçilər və müftilər monarxa deyirdilər ki, anası onu aldadır və səhv yola yönəldir”.
Safiyə 8 ildə 11 vəzirin dəyişdirilməsinə baiskar olmuşdu. Söhbəti niyə Safiyədən saldıq? Məsələ burasındadır ki, sultan anaları adətən “çırpışdırdıqları” pulları yəhudi işbazlar vasitəsilə maliyyə əməliyyatlarında istifadə edirdilər. Safiyə də o cümlədən. Bunlar vasitəçilər xanımlar olurdu və onlara “kira” deyirdilər. Kiralar hərəmxanadakı qadınların varidatlarını idarə etməklə yaxşı pul qazanırdılar. Safiyənin İstanbulun yəhudi kvartalında ciddi nüfuzu var idi. Maliyyəsinin idarə olunması ilə isə bir yəhudi xanım-  Esperansa Malka məşğul idi. Malka validənin pulları hesabına inanılmaz var-dövlət və nüfuz sahibinə çevrilmişdi. 1660-cı illərdə İstanbulda ingilis səfirliyinin katibi işləyən Pol Raykot məktublarında Malkanın Safiyəyə hədsiz təsirini qeyd edir və bunu onunla izah edirdi ki, bu iki qadın məşuqdurlar: “Sultan Mehmetin hakimiyyəti dövründə imperiyanın idarə edilməsi bütünlüklə cavan, cəsarətli xanım Mülki Kadanın əllərində cəmləşib. Kraliça-ananın ona münasibəti çox mübhəmdir (bizdə olan məlumata görə, bu iki qadın cinsi əlaqədədirlər). Vəziri saya salan yoxdur, bütün göstərişlər ondan gəlir, sarayda hərəmxananın xədimləri və zənciləri  hökmranlıq edirlər, hökumətin toplantıları qadınların otaqlarında keçirilir, burada vəzifələrə təyinatlar olur, burada da adamları vəzifələrdən götürürlər. Hər şeydə bu “Qadın hökuməti”nin maraqları nəzərə alınır”.
Göründüyü kimi, Osmanlının yəhudi və masonlar tərəfindən “Atatürkün əli” ilə dağıdılması prosesinin tarixi çox-çox əvvəllərə gedib çıxır... Bir yəhudi qızının imperiyanın bütün maliyyə və siyasi idarəetməsini ələ keçirməsi elə dövlətin yəhudilərin əlində olması demək deyilmi? Bu halda yəhudi niyə dağıdırdı ki Osmanlını?
Kiçik bir haşiyəyə çıxaraq qeyd edək ki, Roksolana (Hürrəm) bir sıra tarixçilərə görə, bütün saraydaxili münasibətləri alt-üst edib. Süleymanın hərəmxanasında 1500 qadını olub. Hesablama aparsaq görərik ki, sultan onlardan hər biri ilə orta hesabla 3 ildən bir görüşə bilərmiş. “Möhtəşəm yüzyıl”dakından fərqli olaraq Süleyman Hürrəmə çox bağlı olub, tamamilə onun hakimiyyəti altına düşüb. Hətta Roksolana hərəmxanadakıların hamısını içəriyə qapadıb. Roux yazır ki, təqribən bu vaxtdan sonra sultanlar vaxtlarını daha çox hərəmdəkilərə həsr etməyə başlayır və döyüş səfərlərinə o qədər də həvəslə getmirdilər. Məhz bu vaxtdan etibarən protokola görə həftədə bir dəfə toplanmalı olan və dövlət işlərini tənzimləyən divan əhəmiyyətini itirir.
Venesiya səfiri Lorentso Bernardo yazır ki, adı tarixə hədsiz dərəcədə içki içməklə düşən II Səlim deyirmiş: “Kralın və ya imperatorun əsl xoşbəxtliyi heç də döyüş meydanları və şan-şöhrətdən ibarət deyil. Əsl xoşbəxtlik hərəkətsizlikdə və can rahatlığındadır. Gerçək həzz qadınlar və təlxəklərlə dolu olan, arzuların yerinə yetdiyi saraylardadır”.
***
Uinston Çörçilin bioqrafiyasını onun oğlunun tapşırığı ilə yazmış Martin Gilbert sonra “Çörçil və yəhudilər” kitabını qələmə alıb. Kitabda Gilbert İsrail dövlətinin yaradılmasının təfərrüatlarına toxunur. Ərəblərin Fələstində ingilislərlə birləşib müsəlman qardaşları osmanlılara arxadan necə zərbə vurduqlarını çılpaqlığı ilə göstərib. İngilislər ərəblərə Osmanlıdan müstəqillik söz verirlər, sonrası isə texniki məsələdir...
Ümumiyyətlə, Osmanlıya qarşı ilk baş qaldıranlar da elə müsəlmanlar olub. Fələstində ərəblər, Ərəbistanda vəhhabilər, Avropada müsəlman boşnaklar, albanlar, Misirdə də hakimiyyətdə olan albanəsilli elita. 1831-ci ildə Misir hakimi Mehmet Ali (albanəsilli idi) sultandan Suriyanı istəyir və rədd cavabı alır. 1831-ci ildə Fələstini, Dəməşqi, Livanı Osmanlıdan qoparır. Ardınca Anadoluya girir (1832-33) və Konya ilə Kutahyanı alır. Maraqlıdır ki, sultanlardan fərqli olaraq Mehmet Ali modern bir ordu qurmuşdu və çox proqressiv bir adam idi. Osmanlıda isə ordunun yenilənməsi məsələsi elə söhbət olaraq qalmışdı. XVI əsrin sonlarından etibarən yeniçərilərə evlənməyə icazə verilmişdi. Bunun nəticəsində Qərbdəki cəngavərliyin analogiyası olan yeniçərilik atadan oğula keçməyə başladı. Yəni oğulun bir döyüşçü fərasəti var, ya yoxdur- o, istənilən halda yeniçəri olaraq cəmiyyətdə imtiyazlı statusa sahib olurdu. Bundan əlavə, yeniçərilərin sıralarına küçədən keçənin biri də qatıla bilərdi ki, bu, istər-istəməz ortaya rüşvət amilini çıxarırdı. Suleymanın dövründən etibarən Osmanlı cəmiyyətini rüşvət epidemiyası bürüyür. Hədsiz var-dövlət şəraitində bürokratik aparat təmsiliçiləri daha çox varidat toplamaq uğrunda yarışmaya girirlər.
***
Osmanlı İmperiyasının ən taleyüklü dövrü tarixə “Qəfəs” adı ilə düşüb. Çox güman ki, imperiyanın çöküşündə bu fenomen digər amillərdən qat-qat böyük və neqativ rol oynayıb. Düzdür, elmi-texnoloji gerilik, milli məsələ, geosiyasət faktorları var idi. Ancaq “Qəfəs” fenomeni imperiyanı ürəyindən vuran və birbaşa birinci şəxs- sultanın psixoloji durumuna təsir gəstərən amil idi.
Mehmet Fateh Konstantinopolu tutduqdan sonra üləmalara tapşırır ki, hakimiyyət uğrunda qardaşların qırğınını aradan qaldırmaq məqsədilə sultan olanın digərlərini öldürtməsinə dini-nöqteyi nəzərdən haqq qazandırsınlar. O vaxtdan elan olunur ki, “daha çox müsəlmanın xilas olması üçün birinin öldürülməsi günah deyil”. Bu andan etibarən hər yeni gələn sultan ilk növbədə qardaşlarının “qanuni” qırğınını təşkil edir. Hesablamalara görə, 4 əsr ərzində 78 şahzadə qətlə yetirilib. Biri sultan olan kimi, digərlərinə qarşı ov başlayırdı. Elə hallar olurdu ki, bir neçə aylıq uşağı anasının döşündən qoparıb sünnət adı ilə aparıb qaytarmırdılar... Bir oğluna görə digərlərini boğub öldürtmüş sultan Suleyman Qanuni tapşırığının yerinə yetirilməsi xəbərini eşidib deyir: “Allahım, yaxşı ki, mənə ömür verdin, bu günü gördüm. Artıq müsəlmanları heç bir təhlükə gözləmir” .
22 noyabr 1617-ci ildə I Əhmədin müəmmalı ölümü hakimiyyət böhranı yaratdı. Rəsmi məlumat onun vəbadan öldüyünü bildirsə də hamıya məlum idi ki, sultan öldürülüb. Bu olay Osmanlı tarixinə padşahın zorakı yolla ilk aradan götürülmə halı kimi düşüb. Sonra sultanların bürokratiya və yeniçərilər tərəfindən taxtdan salınması adi hal olacaq. Əhməd nənəsi Safiyədən canını qurtarıb onu sürgün etsə də, saraydaxili çəkişmələrin öhdəsindən gələ bilməmişdi və öldürülmüşdü. O, öləndə böyük oğlunun 13 yaşı var idi. Eyni zamanda qardaşı Mustafa. Mustafa ağıldan kəm idi. Deyilənə görə, qardaş qırğınından qurtulmasının əsas səbəbi də elə bu olub. Ancaq güman olunur ki, Əhmədin uzun müddət oğlu olmadığından onu ehtiyat variant kimi saxlayıblar. Əhməd öləndən sonra böyük oğlunun yaşı çatmadığından taxta Mustafa çıxır. O, qardaşının arvadlarını Köhnə saraya göndərir. Onların arasında Əhmədin arvadı Kösəm və onun 4 oğlu da var idi. Zaman keçdikcə Mustafanın psixoloji problemlərinin olduğu aşkarlanır, çünki o, sultan olanadək ağıl səviyyəsi barədə yalnız dar çərçivədə məlumat var idi.
Çələbi yazır: “Sultanın əqli və fiziki xəstəliyi üzə çıxandan sonra onu həkimlərə, dövlət idarəetməsini isə möhtərəm anasına həvalə etdilər”.
Düz bir ilə aydın olur ki, dövləti belə idarə etmək olmaz. Mustafanın ruhi xəstəliyi əsas gətirilərək hakimiyyətdən uzaqlaşdırılır və Topqapı sarayının daxili hissəsinə qapadılır. Bu andan etibarən imperiyanın Qəfəs dövrü başlayır. Qəfəs nədir? İndiyədək qardaşlar öldürülürdülərsə, indən belə doğulandan yeniyetmə çağınadək hərəmxanada qalır, sonra Qəfəsə yerləşdirilirdilər. Burada onlar uşaq doğa bilməyən qadınlarla təmin edilirdilər. Təsəvvürünüzə gətirin ki, insan bütün həyatını mədəni həbxsanada keçirməli olurdu. Ancaq bu, adi məhbus həyatı deyildi. Şahzadələr daimi qorxu və təhdid içində yaşayırdılar, onları qorxudurdular ki, baxın ha, qardaşınız indi gəlib sizi öldürdəcək. Bu stress onların psixoloji halına təsirsiz ötüşmürdü...
Osmanlı tarixinin son üç sultanı da Qəfəs həyatı yaşamışdılar və təbii ki, natamamlıq kompleksindən əziyyət çəkirdilər. Onlardan sonra Türkiyə səhnəsinə Atatürk çıxdı. Məntiqlə ya Atatürk ya imperiyadan qalmış ərazi və əhalini Qəfəs həyatı yaşamış sultandan qurtarmalı idi, ya da indi Türkiyə ərazisi ermənilər, yunanlar, ingilislər, fransızlar  və ruslar arasında bölüşdürülmüşdü. Son üç imperatordan V Mehmet Reşad taxta 64 yaşında çıxmışdı, bunadək 48 il Qəfəsdə yaşamışdı. Ondan sonra gələn VI Mehmet Vahidəddin 57 illik ömrünün hamısını Qəfəsdə keçirmişdi. Sonuncu Əbdülməcid isə 54 yaşında taxta çıxmışdı ki, 46 il məhbus həyatı yaşamışdı.
IV Murad vəfat etdikdən sonra yerinə qardaşı İbrahimdən başqa namizəd yox idi. İbrahim Qəfəsdə idi. Vəzir və anası yanına gələrək qardaşının öldüyünü bildirir vəonu taxta dəvət edirlər. İbrahim inanmır və qapını açmır. Bunu görən qarşı tərəf yenicə vəfat etmiş Muradın cəsədini İbrahimin yanına gətirir və onun qapısının ağzına qoyurlar. İbrahim qapını açır, Muradı tərpədir, öldüyünü görüb sevincək qışqırır: “Cəllad öldü, cəllad öldü!”

Rüstəm Qaraxanlı                         virtualaz.org

Комментариев нет:

Отправить комментарий