23.12.2015

Zaqatalalı gəncin qollarını sələfilər kəsibmiş

Vüsalın qolları niyə kəsilib? Bununla cinayətkarlar hansı mesajı vermək istəyib? Hadisənin mətbuatdan gizlədilən gerçək səbəbi nədir?

Zaqatala rayonunda dəhşətli cinayət hadisəsi baş verib. 26 yaşlı Bəşirov Vüsal Vahid oğlunun müəmmalı şəkildə qolları kəsilib.
Hadisə ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılıb. İddia edilib ki, V.Bəşirovun qollarını borc üstündə onun həmyerliləri kəsib. Maraq doğuran digər bir məlumat isə odur ki, 26 yaşlı oğlanın qollarını balta ilə kəsən cinayətkarlar sələfi dini təriqətinin üzvləridir.
Vüsalın qolları niyə kəsilib? Bununla cinayətkarlar hansı mesajı vermək istəyib? Hadisənin mətbuatdan gizlədilən gerçək səbəbi nədir?
Azvision.az bu suallara cavab tapmaq üçün Zaqatalaya yollanıb.
…Öncə qolları kəsilən gəncin evinə gedib, hadisə ilə bağlı araşdırmaya başladıq. Köhnə və yanmış binanın qarşısında duran qonşular Vüsalın ailəsinin xəstəxanada olduğunu dedilər. Qonşular hadisədən dəhşətə gəldiklərini, hətta öz evlərində gecələməkdən qorxduqlarını bildirdilər.
“Bu bina əvvələr yandırılmışdı. Təzə köçmüşük. Qorxuruq ki, o günahsız gəncin qollarını kəsən saqqallılar gəlib bizim evə də od vuracaqlar. Gecələr qorxudan yata bilmirik. Zaqatalada saqqal saxlayanların sayı artır, cavanlarımızın həyatını məhv edirlər”.
Daha sonra Vüsalın müalicə olunduğu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına üz tutduq. Qolları kəsilən gəncin yatdığı palatının önündə iki polis əməkdaşı dayanmışdı. Onların xəstəxanada niyə keşik çəkdiyi maraq doğurdu.
“Biz burada öz vəzifəmizi yerinə yetiririk. Hər an Vüsala yenidən xəsarət yetirilə bilər. Ona görə də biz Vüsalın otağının qarşında dayanmışıq”- deyə polis əməkdaşları sualımıza cavab verdilər.
Vüsalın ailə üzvləri ilə həmsöhbət olub, dəhşətli cinayətin gizlinlərini öyrənməyə cəhd etdik.
-Oğlunuzun günahı nə idi ki, qollarını kəsdilər?
Vüsalın atası Vahid Bəşirov ona ünvanladığımız sualın cavabında dəhşət dolu məqamları açıqladı. Vahhabilər tərəfindən oğlunun qollarının kəsildiyini deyən atanın sözlərinə görə, Zaqatalada saqqallıların sayı sürətlə artır: “Oğlumu saqqallılar öz tərəflərinə çəkmək istəyirdilər. Onlar vahhabidirlər. Oğluma deyiblər ki, saqqal saxla, namaz qıl və sonra bizimlə bilikdə Dağıstana gedək. Vüsal da məcburən onlarla birlikdə bir aya yaxın namaz qılıb. Vahhabilərin rayonda xüsusi qrupları var. Onların burada toplaşdığı ev də var. Hər gün orada görüşür, müzakirələr aparırlar. Onlar həmin evə toplaşaraq öz şəriət qaydalarına uyğun söhbətlər edirlər. Vüsal da onların yanına gedib-gəlirdi”,- deyə V.Bəşirov vurğulayıb.
Oğlunun taksi sürücüsü olduğunu deyən V.Bəşirovun sözlərinə görə, saqqallılar Vüsala onlarla birlikdə Mahaçqalaya getməyi təklif ediblər: “Maxaçqalada onların böyük qruplaşmaları var. Oğluma deyiblər ki, uzun saqqal saxlasın. Amma mən Vüsala dedim ki, oğlum, çəkil bu çirkli oyundan. Vüsal bir müddət sonra o yoldan çəkildi. Həmin saqqallılar bundan sonra şantaja əl atdılar. Oğluma qızıl veriblər ki, get, bu qızılı banka qoy və oradan kredit götür. Deyiblər ki, onların özləri kredit götürə bilməzlər, günahdır. Vüsal isə həmin qızılları banka verməyib, qızıl alqı-satqısı ilə məşğul olan bir nəfərə verib və ondan bunun əvəzində 1350 manat pul alıb. Bu zaman Vüsala əmisindən zəng gəlib ki, onun Moskvada xeyir işi var, gəlib iştirak etsin. Vüsalda Moskavaya gedib. Həmin saqqallılar Moskavaya zəng ediblər ki, Vüsal, gəl Zaqatalaya, hər şeyi yoluna qoymuşuq”.
V.Bəşirovun sözlərinə görə, məlum hadisədən öncə oğlunun borcunu ödəyəcəyini deyərək, saqqallılarla razılaşıb: “Həmin vahhabilər mənim yanıma gəlmişdilər. Dedilər ki, sənin oğlun bizi aldadıb. Dedim ki, bütün pulu mən ödəyirəm. Pul sahibinə hər şeyi mən boyun oldum. Beləliklə, pul söhbəti bağlandı. Amma həmin saqqallılar Vüsalı aldadıb Moskvadan bura gətirtdilər. Mən də oğlumu avtovağzalda qarşılamağa getdim. Həmin vaxt gördüm ki, saqqallılardan biri də avtovağzalda Vüsalı gözləyir. Sonra həmin oğlan mənə yaxınlaşdı və dedi ki, Vahid dayı, bu gün Vüsal gəlir. Mən dedim ki, bilirəm. Vüsal gəldi və maşına mindik. Bu zaman həmin oğlan da maşına mindi. Dedi ki, Vahid dayı Vüsala bir-iki kəlmə sözüm var. İcazə verərsiniz? Həmin oğlanın adı Rəşaddır. Rəşad dedi ki, gedək bir çayxanada oturaq. Rəşad Vüsalla halallaşmaq istədiyini dedi. Şirin dilindən istifadə edərək məni aldatdı. Bu zaman Vüsal mənə dedi ki, ata, sən evə get, yarım saatdan sonra zəng edəcəm, gəlib məni apararsan. Mən də razı oldum. Bundan sonra Rəşad Vüsalı evlərinə aparıb. Həmin vaxt Rəşad saqqallı dostu Arazı da çağırıb. Onlar cinayəti əvvəlcədən planlaşdırıblar. Həmin vaxt Rəşadın həyat yoldaşı arxa otaqda onlar üçün çay hazırlayıb. Çayın içinə dərman atıblarmış”- V.Bəşirov deyir. Söhbətə davam edir: “Oğlum ayılanda mənə dedi ki, ata, həmin çaydan iki qurtum içəndən sonra halsızlaşdım, əllərim, qollarım işləmədi. Bu vaxt Vüsal halsız vəziyyətdə başını divana söykəyib. Həmin saqqallılardan biri “beşbarmaq”la Vüsalın çənəsinə vurub. Bu zaman Vüsal deyib ki, niyə belə edirsiniz, atam hər şeyi həll edəcəyini deyib. Bu vaxt Araz və Rəşad Vüsalı yerə uzadıb əllərini, ayaqlarını, ağzını “skoçla”mağa başlayıb. Vüsal nəfəs ala bilmədini deyəndə “skoç”u cırıblar. Həmin vaxt Rəşadgilə zəng gəlib. Zəng edən sürücü imiş. Oğlumu arxa oturacağa uzadaraq Çaylaq adlanan əraziyə aparıblar. Sonra Vüsalı maşından çıxarıb sürüyə-sürüyə Asma körpünün altına gətiriblər. Vüsalın bağlanmış əllərini qabağa uzadıblar. Rəşad dizini Vüsalın boğazına dirəyib. Sonra Vüsalın başına karton qutu keçirdiblər”- deyə zərərçəkənin atası tükürpədici cinayəti nəql edib.
Söhbətə Vüsalın dayısı qoşulur: “Vüsal həmin vaxt deyib ki, öldürürsünüz kişi kimi öldürün məni. Mənə belə əziyyət verməyin, öldürün məni. Araz isə deyib ki, Vüsal biz səni şəriətimizin qanunlarına görə cəzalandıracağıq. Üzünü sağa çevirib Vüsalı qibləyə tutublar”.
Vüsalın atası söhbətə davam edir: “Başında qutu olan oğlumun əlini daşın üstünə uzadıblar. Bu vaxt onlar "Allahu-Əkbər" dəyərək bellərindəki baltanı oğlumun əlinin üstünə qoyublar. Vüsal qışırıb ki, belə etməyin. Əclaflar balta ilə Vüsalın hər iki əlini kəsiblər. Mən də Vüsalı gözləyirdim. Demişdilər, yarım saata Vüsal gələcək. Üstündən xeyli vaxt keçmişdi, oğlumdan xəbər yox idi. Mən hiss edirdim ki, onlar Vüsala nəsə edəcəklər. Hər yerdə Vüsalı axtarırdım. Birdən telefonuma zəng gəldi. Dedilər ki, Vahid, oğlunun əllərini kəsmişik. Oğlun xəstəxanaya gələ bilsə, get onunla görüş. Onlar Vüsalın əllərini kəsəndən sonra orada tək qoyub gediblər. Vüsal ayağının ipini dişi ilə açaraq, qanı tökülə-tökülə körpünün yaxınlığındakı taxta qapılı evə gedib. Qapını açan qadın onu görəndə huşunu itirib. Onu bu vəziyyətdə görən ev sahibi təcli tibbi yardım çağıraraq Vüsalı xəstəxanaya aparıblar”.
Oğlunu evləndirmək arzusu ilə yaşayan Vahid Bəşirov Vüsalın ömürlük əlil olması ilə barışa bilmədiyini deyib: “Mənim bir oğlum var. Onu evləndirmək istəyirdim. İmkansızlıqdan evləndirə bilmirdim. İndi isə mənim övladımı ömürlük əlil etdilər. Heç erməni də belə etməzdi. Rəşad da, Araz da hər ikisi vahhabidir. Onların özlərinin məscidləri var”.
Daha sonra Vahid Bəşirov oğlunun qolunu kəsənlərin həbsindən danışıb: “Arazı həbs ediblər. Rəşad isə Bakıya qaçıbmış. Sonradan onu da tutdular. Hadisəyə görə Rəşadın həyat yoldaşını da həbs ediblər. Çünki onun hər şeydən xəbəri var idi. Onları Asma körpüyə aparan sürücü də Arazın qohumu olub. O da saxlanılıb. Allah onları bağışlamayacaq. Pula görə insan-insana belə hərəkət edər? Onlar həmişə Vüsala deyirdilər ki, qrupdan heç kəs sağ çıxa bilməz. Bu qrupa girmə, girdin çıxış yoxdur”.
V.Bəşirov Zaqatalada vahhabilərin sayının artdığını deyir. Bildirib ki, bütün şəhər qorxu içindədir, onlardan bundan sonra hər şey gözləmək olar: “Əgər bu gün Zaqatalada bir gənc saqqal saxlayırsa, sabah onun atası da saqqal saxlayır. Beləliklə, bütün ailə həmin qrupa qoşulur. Zaqatalada bu artıq çox geniş yayılıb. Qızıl verib gəncləri şirnikəndirirlər. Oğlumu da bu yolla aldadıb bədbəxt etdilər. Əgər 1350 manat pul söhbətidirsə, mən onu ödəməyi öz üzərimə götürmüşdüm. Oğlumun günahı nə idi ki, onu ömürlük əlil etdilər? Araz həbs olunan zaman ona sual veriblər ki, niyə belə bir hərəkət etdin. Cavab verib ki, bizim bəşərin öz qanunu var, ona görə belə etdik. Əgər onların elə bəşəri varsa, bəs niyə Arazın özü saqqalını qırxıb polisə təslim olub? Niyə üzü saqqalı, əlində balta ilə polisə təslim olmayıb?”- deyə Vüsalın atası qeyd edib. Dövlətə güvəndiyini deyən V.Bəşirov cinayətkarlara layiq olduqları cəzanın verilməsini istəyir. Oğlunun bu vəziyyətinə döz bilməyən ata söhbətə davam edir: “Oğlumun şalvarını mən açıb-bağlayıram. O, bu zaman üzünü çevirir və hönkür-hönkür ağlayır. Əgər onlara ömürlük cəza verilməsə, mən də onların ailələrini gülləyəcəm. Başqa çarəm yoxdur”.
Daha sonra Vüsalın anası Adıgözəlova Sevda Mahmud qızı ilə həmsöhbət olduq. Güclə ayaq üstə dayanan ana fəryad edərək oğlunun qollarının “saqqallılar” tərəfindən kəsildiyini deyirdi:
-Onlar oğlumu öz qruplarına qoşmaq istəyirdilər. Vüsal hər gün evə gəlib deyirdi ki, ana, sən də hicab geyin. Mən də deyirdim ki, oğul, bu yaşdan sonra mən necə hicab geyinim? Oğlumu Dağıstana aparmaq istəyirdilər. Ona çoxlu mesajlar gəlirdi. Hələ də həmin mesajlar telefonundadır. Telekanallarda Vüsalın borca görə əllərinin kəsildiyini deyirlər. Belə deyil. Borca görə də insan-insanı bu vəziyyətə salar? Oğlumun həyatını məhv etdilər. Onun qollarını kəsənləri ömürlük həbs etsinlər. Mənim tək istəyim budur.
Yaradılan maneələrə baxmayaraq, Vüsalın qaldığı otağa daxil ola bildik. Danışa bilməkdə çətinlik çəkən Vüsal bildirdi ki, günahkarlar ömürlük həbs edilməlidirlər: “Onlara dedim ki, məni öldürün, amma işgəncə verməyin. Onlar isə qollarımı kəsdilər. Yalvardım ki, öldürün məni, amma əlil eləməyin. Onlar dedilər ki, bu sənə bizdən ömürlük hədiyyə olacaq”.
Vüsalın həkimi xəstəxanaya gətirilən zaman onun ölümcül vəziyyətdə olduğunu bildirib:
-Vəziyyəti çox ağır idi. Xeyli qan itirmişdi. Biz onun doğranmış bir qolunu kəsdik. Çünki o, qan axmadan ölə bilərdi. İndi vəziyyəti nisbətən normallaşıb. Əsas problem onun çənəsindədir. Çünki çənəsi üç yerdən sınıb. 3 gün ağzını tərpətməməlidir. Çənəsini tərpədərsə, gec sağalacaq. Gələcək onun qollarına protez də qoymaq mümkündür.
Hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanlarında çalışan rəhbər şəxslərlə də görüşdük. Onlar hadisə ilə bağlı istintaqın davam etdiyini bildirdilər. Həmçinin radikal dindarlığa qarşı aidiyyatlı orqanlar tərəfindən müvafiq tədbirlərin görüldüyü qeyd edildi: “Azərbaycanda din dövlətdən ayrıdır. Dini dövlətlə bir tutanlara qarşı tərəfimizdən mübarizə aparılır. Bu hadisənin səbəbkarlarının da həbsi davam edir. Həmçinin hadisə ilə bağlı tərəfimizdən geniş araşdırma aparılır”.
Reportaj hazırlamaq üçün yollandığımız Zaqatalada növbəti ünvanımız Vüsalın valideynlərinin “saqqalıların məskəni” kimi qələmə verdikləri Cümə məscidi oldu. Məscidin həyətinə daxil olarkən əlimizdə fotoaparatı görən saqqallılar bizi əhatəyə alıb, gəlişimizin səbəbini soruşdu. Deyəndə ki, qolları kəsilən Vüsalla bağlı reportaj hazırlayırıq, qəzəblənən gözlər bərəldi. Məscidi tərk etməyimizi tələb edən dindarlarla aramızda qısa mübahisə düşdü. “Jurnalist kimdir, biz bir Allahdan qorxuruq. Nə yazacaqsınız ki, haqqımızda? Deyəcəksiniz ki, vahhabiyik, terrorçuyuq? Bizi heç kim yolumuzdan döndərə bilməz...”.
Gənclərin başımıza toplaşdığını görən məscidin imamı Rəşad İbrahimov bizə yaxınlaşdı. Ona məqsəd-məramımızı izah etdikdən sonra, müsahibə verməyə razı oldu.
-Həmin hadisəni qınayırıq. Bu Zaqatalanın adına yaraşan bir hərəkət deyil. Dində belə bir şey yoxdur ki, kimlərsə toplaşıb birinin əlinin kəsilməsi ilə bağlı qərar qəbul etsin. Bu hərəkət qəbul edilməzdi. Bütün dindarlar bunu qınayır. Biz Nardaran hadisələri ilə də bağlı məsciddə maarifləndirmə işləri aparırıq. Heç kim dövlətin birliyini, bütövlüyünü poza bilməz. Mən ötən cümə günü bununla bağlı xütbə oxudum. Qafqaz Müsəlmanları İdarəsinin hadisələrlə bağlı bəyanatını da camaatımıza çatdırdıq. Onlara bildirdik ki, dövlətimizi və dinimizi parçalmaq istəyənlərin cəhdlərinə uymasınlar. Bu məscidə bütün təriqətlərin nümayədləri gəlir. Buranın qapısı hər kəsin üzünə açıqdır. Şiə qardaşlarımız və əhli-sünnə camatı da bu məsciddə namaz qılır.
Zaqatala rayonunun mərkəzində yerləşən bazarda da iki addımdan bir saqqalı dindara rast gəlmək olar. Bazardakı mağazaların çoxu onların nəzarətindədir. Burada saqqallılar əsasən ətriyyat alveri ilə məşğul olurlar. “Əvvəl bir-iki nəfər saqqal saxlayıdısa, indi 10 nəfərdən 8-i saqqallıdır. Bazarda heç kim onlara söz deyə bilmir. Elə bil bütün bazar onlarındı. Cavanlarımızı bədbəxt edirlər. Zaqataladan xeyli sayda saqqallı ailəsi ilə Suriyaya döyüşməyə gedib. Onları saqqalılar yoldan çıxardırlar. Bildiyimizə görə, saqqallılar İŞİD-ə qoşulmaq üçün Alazan çayından keçib, Gürcüstana gedirlər. Oradan da Suriyaya...”- deyə şəhər sakinləri bildirib.
Milliyətcə avar olan Rasim kişi oğlunun da vaxtilə vahhabilərə qoşulduğu dedi:
-Oğlum bir gün yanıma gəlib dedi ki, ata, mən də namaz qılmaq istəyirəm. Dedim ki, ay bala, qıl, niyə qılmırsan ki? Sonra gördüm ki, oğlum saqqal saxlayır, onlarla dostluq edir. Bir gün onu yanıma çağırdım, dedim ki, düz yolda deyilsən, onlardan uzaqlaş, ya da Zaqatalanı tərk elə. Oğlum sözümə qulaq asıb, onlardan uzaqlaşdı. İndi etiraf edir ki, onlarla Suriyaya getməyə hazırlaşırmış.
Zaqatalaya səfərimiz zamanı sakinlərin köməyi ilə Vüsalın qollarını kəsən Arazın evini tapıb, qonşuları ilə söhbət etdik: “Araz burada kirayə qalırdı. Hamı bilirdi ki, o vahhabidir. Uzun saqqal saxlayırdı. Onun valideynləri yox idi. Böyüksüz uşaq olduğu üçün bu yola düşmüşdü”.
Sonda isə gedəcəyimiz məkan Alazan çayının sahili oldu. Rayon sakinlərinin iddialarına görə, saqqallıların çoxu gecə saatlarında bu çayı keçərək Gürcüstana gedirlər. Amma biz bunun elə də asan olmadığının şahidi olduq. Çayın yanına yaxınlaşmaq mümkün deyil. Sərhədboyu əsgərlər keşik çəkirlər. /interaztv.com/

Комментариев нет:

Отправить комментарий