Araz Gündüz
Mirzəli kəndi Dilağarda oymağındandır. Dilağardanın çoxusunun çapqınçılıq eləməyi sevdiklərini bilməyən yoxdur. Ancaq Mirzəli kəndinin adamlarının oğurluqla işləri yox idi. Bundan başqa da bu kənddə çoxlu oxumuş, adlı-sanlı mollalar da var idi. Bunlardan ən tanınmışları Şeyx Həsən, molla Məmmədəli, molla İbrahim, molla Babacan, molla Qüdrət olmuşdur. Bu kəndin insanları öz əllərinin əməyi ilə dolanar, hər il də xüms və zəkat verməklə öz var-yatırlarını təmizə çıxarardılar. Onlar halal-haramla bağlı işlərdə oracan vasvası idilər, başqa kəndlərə gedəndə tanımadıqları adamların evində yemək yeməzdilər, düşünərdilər birdən onun çörəyi haram ola bilər.
Ancaq 1917-20-ci illər arasında baş verən çoxlu yaramaz olaylar bu kənddən də yan keçmədiyindən, sonradan Mirzəli kəndinin adamları da düz yoldan azdılar, necə çöçün görünsə də, molla Qüdrətin başçılığı ilə talançılıq eləməyə başladılar. Mirzəli kəndinin adamlarının əyri yola düşməklərinin niyəsi ilə bağlı bir neçə olayı sizlərə danışmaq istəyirəm.
1.LƏZRAN KƏNDİNDƏ MİRZƏLİ AVDININ BAŞINA GƏLƏNLƏR. Bir gün Mirzəli Avdı Ləzranlı məşədi Ağamoğlanla görüşər, ondan soruşar: “Mənə tövlə tikmək üçün ağac gərəkdir. Siz meşəyə yaxın olursunuz, bilmirsən kimdən ağac tapmaq olar?” Məşədi Ağamoğlan deyər: “Haçağ istəsən gəl bizə, elə mənim özümdə nə qədər desən ağac vardır, pulunu verib götürərsən”. Bir neçə gün sonra Avdı qardaşı Səmişi də götürüb gəlir məşədi Ağamoğlan gilə. Ağamoğlanın qapısında olan ağaclardan seçib ayırırlar, pulunu verirlər. Məşədi Ağamoğlan onları evinə qonaq çağırır, onlar da evə keçib otururlar. Evə keçəndə patron qatarlarını soyunub tüfəngləri ilə birgə otağın qapısının ağzında qoyur, içəri keçib otururlar. Aradan biraz keçmiş Başsız kndindən olan Mustafa on iki atlı ilə məşədi Ağamoğlanın qapısına gəlir. Yeri düşmüşkən, istəyirəm bu Mustafanı sizlərə tanıdam. Mustafanın atası Hacı Ağalı uzun bir sürədə Çar hökuməti dönəmində bizim bölgənin kəndlərində katdalıq eləyib, xalqı soymaq yolu ilə varlanmışdı, ondan sonra Mustafa özü də katda olmuşdu, çar hökuməti yıxılandan sonra da özünü katda kimi aparır, idarəsində olmuş kəndlərdən pul-para alır, onlardan qol gücünə aldığı torpaqları özü üçün əkirdi. Bizim Ləzran kəndinin də bir çox yerlərini yiyələrinin əlindən alıb özü üçün taxıl əkməkdə idi. Bu Mustafa Avdını ağac satmaq adı ilə evinə çağırmış məşədi Ağamoğlan ilə dost idi. Beləliklə də, Mustafa öz yaraqlı adamları ilə Ağamoğlanın evinə gəlir, tüfənglərini Avdı ilə qardaşının üstünə tutub, onların tüfəng-patrondaşlarını götürəndən sonra, ikisinin də paltarlarını soyundurur, təkcə alt tuman-köynəkdə qoyaraq, atdöşü eləyib, Şərif bağı deyilən tut bağına gətirir, qardaşlardan hərəsini bir ağaca sarıyaraq, xalqın gözünün qabağında onları gülləməyə hazırlaşır.
Mustafanın quldurları Avdı ilə Səmişi güllələmək üçün kəndin bütün adamlarının yığışmasını gözləyirdilər, bizim kənd adamı da dinməz-söyləməz, böyüklü-kiçikli tut bağına toplaşmaqda idi. Bizim evdə bu işin baş verməsini bir az gec bildilər, bizimkilər o günü obaşdan çağı xırmanda işləyib yorulduqlarından, evə gəlib yatmışdılar, gərək axşam üstü yel qalxanda yenə xırmana gedib, taxılı sovurub qurtaraydılar. Nə yaxşı Məmmədəli oyaq imiş, kənddəki hay-küydən işin nə yerdə olduğunu öyrənib tez bizimkilərə xəbər vermişdi. Bunu eşidən kimi atam Ağabalanı, Məhərrəmi, Nurməmmədi oyadıb, Məmmədəli də onlara qoşularaq tüfənglərini götürüb tut bağına qaçdılar. Tut bağında isə Avdı Ləzran kəndinin ağsaqqallarını bir-bir adları ilə çağırıb deyirdi: “Ay kişilər, biz sizin kəndin qonağıyıq, niyə qoyursunuz bizi günahsız yerə öldürsünlər, əlimizdən atımızı, tüfəngimizi, paltarımızı alıblar, qoy aparsınlar, daha bizi nə üçün öldürürlər?” AvdI bu sözləri qışqırıb deyəndən sonra kənd adamından səs çıxmadığını görüb, köksündən yanıqlı bir ah qopdu, üzünü Mustafaya tutub dedi: “Məni sənin gülləndən qabaq bu Ləzranlıların namərdliyi öldürdü, bir az da bu alçaqların davranışına baxsam, gülləsiz də ürəyim partlayıb öləcəyəm, sənin varını yoxunu (burada Avdı Mustafaya dişinin dibindən çıxan ən qatı söyüşləri verdi)... tez ol məni güllələ, birdən bu alçaqlığa dözməyib ürəyim partlayar, deyərlər qorxusundan öldü”. Mustafa yanındakı Qulam adında gəncə üz tutub, Avdını güllələməyi buyurdu. Artıq bizimkilər gəlib tut bağına çatmış, ağacların arxasında daldalanmışdılar, Mustafa Avdını gülləmək buyuruğu verəndə Nurməmməd üçataılanı ona tuşlayıb qışqırdı: “Mustafa, bu nə alçaqlıqdır sən eləyirsən, o yazıqların günahı nədir, sən onları öldürmək istəyirsən?” Mustafa dedi: “Bunlar dilağardalıdırlar, oğrudurlar, ona görə də gərək öldürülələr”. Nurməmməd dedi: “Onlar sənin nəyini oğurlayıblar, niyə yalan danışırsan? Sən onları alçaqlıqla təkləyib tutmusan, indi də öldürürsən, birdən sağ qalsalar əllərindən aldığın atlara, pullara, geyim-gecimlərə görə səndən öc alacaqlarından qorxursan”. Mustafa dedi, bilmirəm kimsən, ancaq sən gəl mənim işimə qarışma, get işinin dalınca, yazıqsan. Nurməmməd dedi: “Sənin atan da, sən də bu kəndlərdə katdalıq eləmisiniz, əlsiz-ayaqsız kəndçilərə qan uddurub əllərindəkiəri tutub alaraq varlanmısınız, sənin atan haram yeyən olduğundan onun toxumundan yaranan sənin damarında axan qan da haramdır, ancaq onu da biləsən səni güclü eləyən çar hökuməti idi, indi də o çağlar sənə qazağlıq eləyən adamları başına yığıb quldurluq eləyirsən”. Nurməmməd, Məhərrəm, Ağabala, Məmmədəli ağacların arxasında, bir də yaxınlıqdakı çökəklikdə daldalanıb, tüfənglərini Mustafanın adamlarına tuşlamışdılar. Nurməmməd qışqırıb Mustafaya dedi: “Sağ qalmaq istəyirsinizsə, tüfənglərinizi tökün yerə, çıxıb gedin”. Mustafa dedi: “Siz bizimlə nə üçün belə davranırsınız, sözünüzü açıq deyin bilək”. Nurməmməd dedi: “Ağaca bağladığın adamları öz əlinlə aç burax, tüfənglərinizi tökün yerə, çıxın bu kənddən üzüsulu gedin”. Mustafa dara düşdüyü üçün yumşaldı: “Yaxşı, bu iki adamı açıb buraxıram, ancaq nə onlardan aldığımız şeyləri, nə də tüfənglərimizi verməyəcəyik. Nə deyirsən?” Nurməmməd dedi: “Olsun, adamları aç burax, sonra da itilib gedin buralardan”. Mustafa öz əli ilə qəzil sicim ilə ağaca bağladığı Avdı ilə Səmişi açıb buraxdı. Onlar qırağa çəkilən kimi dedilər, gərək Mustafa bizdən aldıqlarını qaytarsın. Mustafa qışqırmağa başladı: “Biz söz danışmışdıq, siz niyə sözünüzü dəyişirsiniz? Nə olursa olsun, götürdüyümüz şeyləri qaytarmayacağıq!” Onda Nurməmməd dedi: “Mustafa, soyduğun şeyləri qaytarsan yaxşıdır, biz daldalıqda oturmuşuq, sizsə açıqlıqdasınız, tərpənənizi vuracağıq, yaxşısı qaytar kişilərin şeylərini”. Mustafa aranı qarışdırmaq üçün dedi: “Siz moranlısınız, nə üçün bu dilağardalılara arxa durursunuz?” Məmmədəli dedi: “Mən heç moranlı deyiləm, otayın Qaradağ bölgəsindən qaçqınam, əncümənliyəm. Bu kənddə mənə yiyə duran olmasaydı, özüm də ailəm də acından öləcəkdi. Mən bu kəndin duz-çörəyini itirmədiyim üçün alarlılar buranın otlaqlarını, əkinlərini otaranda ölümdən qorxmadan onların qabağına çıxdım, indi burada sənə qarşı çıxan bu adamlarla birlikdə vuruşub kəndi onların basqınından qoruduq. Ancaq alarlılar bizdən qat-qat çox olduqlarından onların qarşısında çox dayana bilməyəcəkdik, Mirzəli kəndinə xəbər yolladıq, indi sənin alçaqcasına aldadıb tutduğun bu Avdı başının dəstəsi ilə bizə köməyə gəlməsəydi, indi heç birimiz sağ deyildik. Sən Moran qeyrətin çəkən idinsə, onda niyə bu kəndin köməyinə gəlmədin? Əksinə hər il gəlib bu kəndin Qarğalıqla, Hamar deyilən yerlərini qolgücünə əkdirirsən. Alarlılar buranın əkinlərin otara bilsəydilər, sənin taxıllarını da otaracaqdılar. Bu dilağardalılar bu kəndin də, sənin də əkinlərini qorudular, indi sən namərdliklə onları soyursan, hələ üstəlik öldürmək istəyirsən, budurmu sənin kişiliyin? Yaxşısı bu kişilərin tüfənglərini ver, çıx get” Demə, Avdı tüfənglərinin Ağamoğlanın evində olduğunu bilirmiş, qaçaraq gedib tüfənglərini götürüb qayıtdı, qardaşına da tüfəngini verib Şərifin evinin tinində daldalanaraq, Mustafaya sarı qışqırdı: “Mən tüfəngimi götürdüm, indi sən mənim əlimdən qurtara bilməyəcəksən, mən sənin kimi alçaq deyiləm, paltarlarınızı soyundurmayacağam, ancaq qalan nəyiniz var tökün yerə, sonra çıxın gedin”. Mustafa onun üstünə bozardı: “Onu sənin ata-baban eləyə bilməyib, sən də eləyə bilməzsən!” Onda Avdı tüfəngin çaxmağını qarışdırıb atmaq istəyəndə Hacı Ağabala özünü ortaya atıb qoymadı, sonra Mustafaya üzünü tutub dedi: “Sənin istəyin bizim kəndə qan salmaqdır, daha dara düşmüsən, heç olmaya acı dilinlə aranı qarışdırma, mən Avdı ilə Vəliyə deyərəm səninlə işləri olmaz”. Mustafa biraz düşünüb dedi: “Hacı, mən bir söz demirəm, qoy sən deyən olsun, biz gedirik”. Avdı qarğaşanın yatdığını görüb, daldalandığı yerdən çıxıb gələrək Mustafa ilə üz-üzə durub dedi: “Siz on iki adamsınız, biz iki nəfərik. Biz gedib çıxırıq o görünən təpənin başına, siz də o biri təpənin başına qalxın, atışaq, görək kim-kimə üstün gələcək”. Avdı bunu deyən kimi qardaşı ilə yola düzəldi, 50-60 addım gedəndən sonra arxaya baxıb Mustafanın yerindən tərpənmədiyini görəndə geri qayıdıb dedi: “Biz yaraqsız oturanda üstümüzə gələ bilirdiniz, indi niyə gəlmirsiniz, heş utanıb ölürsünüzmü?” Yenə Hacı Ağabala araya girib dedi: “Avdı, sən mənə de görüm Mirzəlidən buraya ağac almağa gəlmisən, yoxsa qan tökməyə? Biz barış yaradırıq, sən yenə qovğaya başlayırsan, belə olmaz axı!” Avdı dedi: “Hacı, allah imanını kamil eləsin, mən buradakılara onun necə kişi olduğunu göstərmək üçün belə eləyirdim, istəyirdim onun kimliyini yaxşı tanısınlar”. Hacı Ağabala üzünü Mustafaya tutub dedi: “Sənin bu kəndə heç vaxt yaxşılığın keçməyib, indi də gəlib burada qan tökmək istəyirsən. Atan da, sən də katda olanda gəlib bizdən rüşvət alırdınız, əkin yerlərimizi əlimizdən alıb əkirdiniz, hələ indiyə kimi də bizim kəndimizin torpaqlarından qolgücünə salıb əkirsən. Yaxşısı burada qan tökülməmiş çıx get”. Bu sözdən sonra Mustafa adamlarını başına toplayıb çıxıb getdi. Atam Vəli Avdı ilə qardaşını evə aparıb o günü qonaq saxladı, onlar ertəsi günü kəndlərinə gedib iki gündən sonra araba ilə gələrək aldıqları ağacları daşıyıb apardılar.
2.MİRZƏLİ ŞEYX HƏSƏNİN SOYULMASI. Moranın Əlialabad kəndində birisi ölər, yas yerinə o çağın ən adlı-sanlı mollalarından biri olan Mirzəli Şeyx Həsəni çağırarlar. Şeyx Həsən yası yola verəndən sonra atını minib kəndinə qayıdanda Kürdlər kəndindən dörd yaraqlı adam bunun arxasınca düşüb gələrlər, Eçara kəndində Hacı Nəcəfin evinə çatanda yetişib bunu saxlarlar, atını, pulunu alarlar, bununla ürəkləri soyumaz geyimini də soyundurarlar, kişini bir alt tuman-köynəkdə qoyarlar. Şeyx yalvar-yaxar eləyər heç olmasa əmmaməmi verin, deyərlər sənin əmmaməndən yaxşı alt tuman köynək çıxar, ondan gözünü çək. Şeyx yeriyər atını minib getsin, bunu qırmanclayıb ata yaxın getməyə qoymazlar, Eçaralı Surxay deyər, şeyx sənə əmmaməni verməyən atını verərmi? Eçara kəndinin adamları da yığışıb baxarlar, nə quldurlara bir söz deyər, nə də şeyxə yardımçı olarlar. Şeyx beləcə yarıçılpaq yola düşüb kəndinə gedər. Eçara ilə Mirzəli kəndləri arasında bir təpə var, Mirzəliyə gedən yol oradan keçir, şeyx təpənin üstünə qalxanda bunu kənddən görərlər, ancaq uzaqdan tanımazlar. Kənd adamı deyər, görəsən o adama oxşar ağ şey nədir belə təpənin üstü ilə gəlir. Şeyx kəndə yaxınlaşanda bunu tanıyarlar, hərə bir söz danışar, biri deyər deyəsən kişinin başına hava gəlib, pal-paltarını cırıb atıb, o birisi deyər, yox, dəli olsaydı düşərdi çöllərə, daha kəndə gəlməzdi. Şeyx gəlib çatır, kəndliləri bunu qarşılayıb soruşurlar, şeyx, bu nə gündür sən düşmüsən, niyə özünü belə yaramaz duruma salmısan? Şeyx araya savaş düşməsin deyə, sözü gizli saxlamaq istər, kəndlilər əl çəkməz, sonunda açıb onu Kürdlər kəndindən olan quldurların soyduğunu deyər. Bunu eşidən Mirzəli kəndinin adamları tüfəngi olan tüfəng, olmayan baltadan, yabadan, kimin əlinə nə keçsə götürüb, hamılıqla Kürdlər kəndinin üstünə getmək istəyirlər, ancaq şeyx bunların qarşısına çıxaraq yalvar-yaxarla geri qaytarıb deyir: “Mən onları Allaha tapşırmışam, darıxmayın çox keçməz Allah özü onların cəzasını verər. Siz iki kənd arasında qanlıçılıq yaratmayın”. Bununla adamlar toxdayıb yerlərində oturarlar.
3.MİRZƏLİ MOLLA QÜDRƏTİN SOYULMASI. Perimbel oymağından olan Dostalılar kəndində adam ölər, Mirzəlidən molla Qüdrəti ölünü basdırmağa çağırarlar. Molla Qüdrət gəlib yası yola verəndən sonra atla öz kəndinə qayıdanda Calayır kəndinin yanından keçəndə bunu Qara bəyin adamları saxlayarlar. Demə, o günü Qara bəy otaydan gəlib Calayır kəndinə düşübmüş. Qara bəyin adamları molla Qüdrətin atını, üstündə olan pullarını alandan sonra deyərlər geyimini də soyun bizə ver. Molla yalvar-yaxar eləyər, deyər, aldığınız hamısı halalınız olsun, ancaq məni soyundurub el içində rüsvay eləməyin. Quldurlar mollanın yalvarışlarına qulaq asıb gülüşərlər, tüfənglərini üstünə tutub onu soyundurar, bir alt tuman-köynəkdə saxlarlar. Molla Qüdrət sonralar deyərmiş, onların məni soyundurmaqlarından çox, ələ salıb gülməkləri yandırıb yaxmışdı. Molla yaxınlıqdakı kənd adamından bu quldurların Qara bəyin adamları olduğunu öyrənib, Qara bəyin üstünə şikayətə gedər. Qara bəy Məşədi Qasımın evində oturubmuş, qapı açılır, molla Qüdrət alt tuman-köynəkdə içəri girib, bəyə salam verir. Bəy onun salamını almadan deyir, bu haranın dəlisidir belə düşüb çöllərə, gəlib buraya çıxıb? Molla Qüdrət dedi: “Bəy, mən dəli deyiləm, mollayam”. Bəy dedi: “Sənə beləmi mollalıq öyrədiblər, düşüb ortalıqda çılpaq gəzəsən?” Molla Qüdrət dedi: “Bəy, mən arsız adam deyiləm, məni quldurlar soyub bu günə salıblar”. Qara bəy dedi: “Ayə, o hansı yaramazlardır mollanı soyublar? Mirzəxan bəy, gör hansı kənddirsə, gedin onların bütün mal-qarasını yığın gətin bura, bunu eləyən adamları da xalqın qarşısında güllələyin, qoy başqalarına da görk olsun”. Molla Qüdrət dedi: “Bəy, mənə başqa kəndin adamı ilişməyib, sənin adamların soyublar”. Qara bəy görür, öz sözü ilə özünü dolaşığa salıb, başlayır sözü evir-çevir eləməyə, deyir, səni harada soyublar? Molla Qüdrət deyir, elə bu kəndin yanından keçib evimə gedirdim, saxlayıb soydular. Bəy də qayıdıb deyir, sənin bu kəndin yanında nə işin vardı, səni də soyalar? Molla Qüdrət dedi: “Bəy, bu yaxın kənddə ölü yerinə çağırmışdılar, oradan öz kəndimə qayıdanda başqa yol yoxdur deyə, buradan keçməli oldum. İndi səndən xahiş eləyirəm adamlarına buyur, məndən aldığı şeyləri qaytarıb versinlər”. Qara bəy biraz düşünəndən sonra dedi: “Molla, daha səni soyublar da, mən indi onların qazancını necə əllərindən alım? Sən belə elə, get evinə, Allaha dua elə, qoy tez bir adam öldürsün, onun paltarını alıb geyinəsən”. Qara bəyin onu belə ələ salması mollaya bərk toxundu, dedi: “Bəy, mən səni adam bilib yanına şikayətə gəldim, indi belə oldusa, mən də bugündən mollalığı yerə qoyub quldurluq eləyəcəyəm, butayın Kövüzbulaq kəndini demirəm, oracan gələrsən, ancaq Kövüzbulaqdan buyankı kəndlərə keçsən, məndən incimə, bilirəm hər il Dilağarda kəndlərindən töycü yığmağa gəlirsən, o sıradan bizim kəndə də, ancaq bugündən o kəndlərdən töycü yığmağı unut, yoxsa qarşında məni görəcəksən”. Qara bəy dedi: “Deyəsən acığını soyutmaq üçün dilinə güc verməyə başlamısan, get əlindən gələni beş qaba çək!” Molla Qüdrət dedi: “Bəy, mən səni ayağıma gətirsəm oluram molla Qüdrət, yox gətirə bilməsəm bu yer üzündə məndən əskik adam olmasın!” Molla Qüdrət bunu deyib getdi.
4.MOLLA QÜDRƏTİN QARA BƏYİ ÖZ AYAĞINA GƏTİRMƏSİ. Molla Qüdrət Mirzəliyə yaxınlaşanda hay salıb kənçilərini başına yığdı, bütün kənd toplaşdı, hələ hay-küyə Mirzəliyə çox yaxın olan Rəcəbli kəndindən gələnlər də oldu. Yığışanlar molladan onu kimin bu günə saldığını soruşanda molla Qüdrət onlara başına gələnləri danışdı. Toplaşan adamlar söyüb-söylənməyə başladılar: “Bu nə həyatdır biz yaşayırıq, sadə adamımızı soymaqları bir yana, kəndimizin başbilənlərini də soyurlar, özü də gör necə? Əyninin geyiminəcən tutub alırlar, bunlar artıq bizi kişi saymırlar”. Kənd arvadlarından dillənən oldu, dedilər: “Yoxsa, siz özünüzü kişi sayırsınız, haçağdandır kənddən qırağa çıxanınızın pul-parası oyana qalsın, əyin-başını papağı qarışıq əlindən alıb buraxırlar!” Molla Qüdrət üzünü toplaşan kənd adamlarına tutub dedi: “Bugündən mollalığı yerə qoyub, məni bugünə salıb abrımı tökən adamdan öcümü almağa çalışacağam. Bizim kənd dindar olduğundan buçağacan elə bilirdik bizə dəyib-dolaşan olmaz, indi özünüz görürürsünüz, addımbaşı, kənddən qırağa çıxanımızı soyurlar. Düzdür, çox ola bilsin bu tutduğumuz yol bizi heç də yaxşı yerə aparıb çıxarmasın, ancaq mənliyimizi qorumaq üçün biz də gərək yaraqlanaq. Biz dindarlığımıza arxayın olduğumuzdan axtarsan kəndimizdə bir-iki tüfəng ancaq tapılar, ancaq bununla indiki çağdakı quldurluğun qarşısında duruş gətirə bilməyəcəyik. Bugün Babaxanlı kəndindəki tüfəng alverçilərinə soraq eləyəcəyəm, kəndə gəlsinlər, kimə tüfəng gərəksə onlardan alsın”. Mirzəli ilə Rəcəbli kəndinin ora yığışan kəndliləri dedilər, molla sən necə desən biz elə də eləyərik, təki sən bizə nəyi necə eləməyin yolunu göstər. Ertəsi günü Babaxanlının tüfəng alverçiləri gəldi, Mirzəli kəndinin adamlarına iyirmi tüfəng, bir atyükü güllə satdılar. Rəcəbli kəndinə tüfəng çatmadı, Babaxanlı alverçilər iki gün sonra onlara da gərəkən sayda tüfəng gətirməyə söz verdilər. İki gün sonra doğrudan da gətirib onlara da yetərincə tüfəng satdılar. O gündən başlayaraq Mirzəli kəndinin adamları tüfəng işlətməyin çəmini öyrənməyə başladılar, bu işi bacaran bir-iki nəfər qalanlarına tüfəngdən necə yararlanmağı öyrətdilər. Mirzəlilər tüfəng aldıqlarının ertəsi günü Şabanlı kəndinə basqın eləyib, onların mal-qarasını örüşdən qovub apardılar. Rəcəbli kəndi də yaraqlanandan sonra iki kəndin adamından bir bölük tüfəngli axşam Süleymanbəyli kəndinə basqın eləyib onların mal-qarasını yığıb gətirdilər, atışmada o kənddən bir adamı da vurub öldürdülər. Sonra Kürdlər kəndindən Şeyx Həsənin öcünü almaq üçün ora basqın eləməyə getdilər, ancaq kimsə qabaqcadan Kürdlər kəndinin adamına bunu xəbər verdiyindən, mirzəlilər gələndə kəndin dördbir yanında keşiklər qoyulduğunu görüb, əliboş geri qayıtmalı oldular.
Molla Qüdrət butaydakı Dilağarda kəndlərinin hamısına xəbər göndərib, bu il Qara bəyə töycü verməmələrini tapşırdı, onlara Qara bəyi öz gücü ilə vurub geri qaytaracağını çatdırdı. Günlərin bir günü Qara bəyin otaydan gəlib Kövüzbulaq kəndinə düşdüyünü, ertəsi günü Lallar, Hüseynxanlı, Calayır, Mənsimli, Güdəkərimli kəndlərinə töycü yığmağa gedəcəyi xəbərini molla Qüdrətə gətirdilər. Molla Qüdrət Mirzəli ilə Rəcəbli kəndinin tüfənglilərini toplayıb dedi: “Bugün Qara bəy otaydan gəlib, sabahdan Dilağarda kəndlərindən töycü yığmağa çıxacaqdır. Mənə elə gəlir, Pərdi kəndi ilə Lallar kəndi arasındakı dağın başında özümüzə yer eləyib onun qarşısını kəsərək geri qaytara bilərik. Elə bilirəm onu, kəndliləri sızıldadıb aldığı bu töycünü toplamağa qoymasaq bu Allaha da xoş gedər”. Hamı bir səslə dedilər, molla, sən nə desən onu eləmək bizim gözümüz üstünə. Ağsaqqallardan biri qayıdıb dedi: “Molla, yaxşı olardı bir adamı elçi kimi Kövüzbulağa göndərib Qara bəyi kəndlərə çıxmaqdan çəkindirəydik. Çox ola bilsin, bizim sözümüzə qulaq asmayacaq, ancaq yenə də biz öz sözümüzü deyək”. Bir adama yüyrək bir at verib Kövüzbulağa yola saldılar. Bu adam gəlib Qara bəyi taparaq dedi: “Bəy, məni bura molla Qüdrət göndərib, deyir Qara bəyi butayın Dilağarda kəndlərindən töycü yığmağa qoymayacağam, yaxşısı qan tökülməmiş qayıdıb getsin otaya, oranın kəndlərindən yığdığı töycü ilə yetinsin, bir də butaya ayaq basmasın”. Qara bəy bərk acıqlandı, elçiyə üz tutub dedi: “Molla Qüdrət kimdir mənim yolumu kəsə, töycü yığmağa qoymaya? Mən hər il olduğu kimi töycümü yığacağam, molla Qüdrətə deyərsən Mirzəli kəndinə gələndə özünün verməli olduğu töycünü gətirib mənim qabağımda diz çöküb, yalvara-yalvara verər, yoxsa onun üçün bu iş yaxşı qurtarmayacaq”. Elçi dedi: “Bəy, molla Qüdrət sənin keçmişdə gördüyün adam deyildir, arxasında yaraqlı-yasaqlı qırxa yaxın tüfəngli dayanıb, özünün də üzü dönübdür, gəlsən atışma olacaq, qan töküləcək”. Qara bəy dedi: “Sən gəl o mollanı bizim gözümüzdə şişirtməyə çalışma, elələrini az görməməşik, özün də yanşayıb bizə burada baş ağrısı vermə. Mən kəndlərə töycü yığmağa gələcəyəm, görüm hələ molla Qüdrət mənə neyləyə bilər”. Elçi qayıdıb Qara bəyin sözlərini molla Qüdrətə çatdırandan sonra molla, Mirzəli ilə Rəcəblinin kəndlilərini toplayıb bu xəbəri onlara çatdırdı. Adamlar dedilər: “Molla, Qara bəyin döyüşçüləri yığma adamlardır, nökərdirlər, biz isə burada qan qardaşları, bağrıbir insanlarıq, sənin arxanda necə gərəkirsə, elə də dayanacağıq, qoy gəlsin, biz ona kimliyimizi göstərərik”. Molla Qüdrət döyüşçülərinin arxasında bərk dayanacağına arxayın olandan sonra dedi: “Gedin evlərinizə dincəlin, sabah səhər ertədən yeməklərinizi yeyib bu dayandığımız yerdə toplaşarsınız”. Sonra molla Qüdrət atını minib Mənsimli və Calayır kəndlərinə sürdü. Bu kəndlərin ağsaqqallarına da Qara bəyin töycü yığmağa gəldiyini deyəndən sonra onun qarşısına çıxıb, bəyi töycü yığmağa qoymaq istəmədiyini bildirdi. Molla Qüdrətin sözünün özəti belə idi: “Qara bəy nə haqla otaydan gəlib bizim kəndlərin yoxsul adamlarından güc-xoş töycü yığır, bir iş olanda da hayımıza-harayımıza yetişmir. Hələ onu demirəm, gələndə adamları töycü almaqdan başqa qarşılarına çıxanları soyub-talayırlar. Qara bəy öz gücünə arxayındırsa, biz də haqqa sarı olan Allahımıza arxayınıq. Sabah Lallarla Pərdi kəndləri arasındakı dağın başında daldalanıb, Qara bəyi kəndərdən töycü yığmağa buraxmayacağam”. Bu kəndlərin ağsaqqaları da molla Qüdrətə tərəf olduqlarını dedilər, gərəkərsə onun arxasınca haraya, kimin üstünə desə gedib vuruşmağa hazır oduqlarını bildirdilər. Molla Qüdrət kəndə qayıdıb bu xəbər Mirzəli ilə Rəcəbli kəndinin adamlarına xəbər verib onları sevindirdi.
Molla Qüdrət Calayırla Mənsimli kəndlərinin ağsaqqalları ilə danışanda Lallar kəndindən olan Məşədi Əzim də orada idi. Məşədi Əzim ağsaqqal, dünyagörmüş bir kişi idi. Oturub bir az götür-qoy elədi, bu işlərin yönünün pisliyə sarı getdiyini anladı: Molla Qüdrətin danışığından onun xalqa dayaq durmaq istədiyi görünürdü, ancaq Qara bəy də çox tərs adamdır, bundan başqa da, Mirzəlilər də, Qara bəy də Dilağardadır, bunlar savaşsa bir oymağın içində qanlıçılıq düşəcək, bölünmə-parçalanma baş verəcək, Dilağarda ilə yağıçılıq eləyən oymaqlar bunların ikiyə bölünüb gücdən düşməsindən yararlanıb ikisini də əzəcəklər, kəndlilər də bu savaşlarda əl-ayaq altında qalacaqlar. Məşədi Əzim belə düşünəndən sonra atını minib Kövüzbulaq kəndinə gəldi, soraqlaşıb Kərbəlayi Böyükağa bəyin olduğu evi tapdı. Kərbəlayi Böyükağa bəy məşədi Əzimi çoxdan tanıyırdı, onun ağsaqqal bir adam olduğunu bilirdi, ona görə də məşədi Əzimin gəldiyini eşidib onu qarşılamağa çıxdı, birlikdə evə keçdilər. Oturub hal-əhval tutandan sonra Kərbəlayi Böyükağa bəy soruşdu: “Məşədi Əzim, belə gec vaxtı buralara gəlməkdə xeyir ola?” Məşədi Əzim dedi: “Bəy, allahın köməyi ilə xeyir olar. Mən sizə bir sözü gənəşmək üçün gəlmişəm, ancaq qorxuram sözüm yerə düşə”. Kərbəlayi Böyükağa bəy dedi: “Məşədi, mən səni bir ağıllı adam kimi tanıyıram, elə bilirəm sənin gənəşikli sözün də yaxşılığa çəkən bir söz olar, ürəyindəkini gizlətmə, aç de”. Məşədi Əzim dedi: “Bəy, özün məndən yaxşı bilirsən, biz dilağardalılar buralara gəlməyik, özü də sayımız yan-yörədəki oymaqlardan qat-qat azdır. İkincisi də biz özümüzün pis öyrəncəliklərimizlə bütün bu oymaqları özümüzə yağı eləmişik. Bu pis öyrəncəliyimiz də içərimizdə geniş yayılmış çapqınçılıqla oğurluqdur. Buçağacan bu qədər yağı çevrəsində duruş gətirməyimizin də niyəsi aramızda olan birlikdir, bir-birimizə arxa durduğumuzdan kimsə bizə bata bilmir. İndi iş gəlib o yerə çatıbdır, bizim aramızda bölünmə yaranıbdır. Bunun da suçu sizin üstünüzdədir. Bəy mollanı soyanda molla da qayıdıb əlindən gələn pisliyi bəyə qarşı yönəldər. İndi budur, Qara bəyin adamları ötən il Mirzə Qüdrəti soyublar, əyninin geyiminəcən alıb abırdan salıblar. O da başına 30-40 yaraqlı yığıb deyir, Qara bəyi butay Dilağarda kəndlərindən töycü yığmağa qoymayacağam. Siz sabah kəndlərə çıxanda Pərdi kəndinin üstündə qarşınıza çıxacaq, mən bu gün onu görmüşəm, üzü çox bərk dönübdür, xalq da arxasında dayanıbdır. İndi bu işlərin sonu nə ilə qurtaracaq mən deyə bilmərəm, ancaq burada qan töküləcəyini yaxşı bilirəm. Dilağardalı birbirini öldürməyə başlasa, bütün yan-yörədəki oymaqlar gücdən düşməyimizi bilib üstümüzə ayaq alacaqlar, sonrası pis olacaq, yaxşı olmayacaq. Ona görə də, mənim düşüncəmə görə siz kəndlərdən töycü yığmayıb geri qayıtsanız yaxşı olar”. Kərbəlayi Böyükağa bəy dedi: “Məşədi, yaxşı olardı sən bu sözləri gedib molla Qüdrətə deyəydin, getsin mollalığını eləsin, onun nə işinə qalıb bizim töycü yığmağımıza qarışır? İkincisi, biz rəiyyətdən töycü yığmasaq nə ilə dolanarıq? Onda gərək neçə yüz ilin bəyliyini qoyaq yerə!” Məşdəi Əzim dedi: “Bəy, mən nə üzlə molla Qüdrətə söz deyə bilərəm, indicə dedim, onu yolundan siz azdırmısınız. İndi onun arxasında otuz-qırx yaraqlı döyüşçüsü var, üç-dörd kəndin adamı da onun sözünü tutur. Bəy, gecdir, mən evimə getməliyəm, mənə bir söz de, qurtulum gedim”. Kərbəlayi Böyükağa bəy dedi: “Məşədi, mən sözümü sənə dedim, biz neçə yüz ilin bəyliyini bir molladan qorxub yerə qoya bilmərik. Get ona de, ağlını yığsın başına, getsin mollalığını eləsin, o bizə heç nə eləyə bilməz, özünə pis olar”. Əzim ayağa qalxıb dedi: “Bəy, məni bura molla Qüdrət göndərməyib, ona görə də sənin sözünü də ona çatdırası deyiləm. Sağlıqla qal, mən gedəsi oldum”. Məşədi Əzim gedəndən sonra Kərbəlayi Böyükağa bəy dərin düşüncələrə daldı, sonra axşam bəyləri yanına çağırıb gənəşməyi kəsdirdi. Axşam olunca bəyləri yanına çağıran Kərbəlayi Böyükağa bəy Məşədi Əzimin sözlərin onlara çatdırdı, yaşlı adamlar hamılıqla otaya qayıtmağın düzgün olduğunu dedilər, ancaq Qara bəy buna qarşı çıxıb dedi: “Biz buradan əliboş qayıtsaq, başqa oymaqların bəyləri bizə gülərlər, otaydakı töycü yığdığımız kəndlər də üstümüzə ayaq alarlar”. Kərbəlayi Böyükağa bəy onun üstünə acıqlanıb, söyüb-söylənsə də Qara bəy sözünün üstündə durdu, yığıncaqdakı gənclər də ona sarı olduqlarından sabah kəndlərə töycü yığmağa gedəcəklərini kəsdirib dağılışdılar.
Molla Qüdrət obaşdan çağı durub namazını qılandan sonra çay-çörəyini yedi, fars qızı olan arvadı ilə halal-hümmət eləyib döyüşçüləri ilə razılaşdıqları yerə gəldi. Qonşu kəndlərdən yardıma gələnlərə də xəbər göndərib Calayır kəndində yığışmağı tapşırdı. Calayır kəndində hamılıqla toplaşandan sonra Lallar ilə Pərdi kəndi arasındakı dağın üstünə çıxaraq orada yerlərini bərkidib, Kövüzbulaqdan gələn yolu pusmağa başladılar. Pərdi kəndinin adamları onları görəndə ora bir elçi göndərib işin nə yerdə olduğunu öyrəndilər. Pərdi kəndi Gilarlı oymağındandır. Qara bəyin adamları bu kənddən bir neçə dəfə oğurluq eləmişdilər, bir-iki dəfə də örüşdən mal-qaralarını atdöşü eləyib aparmışdılar, ona görə də onlar da Qara bəydən yanıqlı idilər. Kəndin ağsaqqalı Möhsü adamları kəndin ortasına toplayıb dedi: “Qara bəy molla Qüdrəti yensə, sözsüz, bizim kəndləri də çapıb talayacaqdır, nə yaxşı tüfənglərinizi götürün, kəndin qarşısındakı o biri təpədə daldalanın, molla Qüdrət bəylə atışmaya başlayan kimi, siz də bəyin adamlarını vurmağa başlayın”. Kəndin bütün tüfəngliləri yaraqlanıb deyilən təpənin başında daldalanaraq, gözləməyə başladılar.
Bir az keçmiş Qara bəyin atlıları Unlu dağın başından aşıb Pərdi kəndinin tuşuna gəlib çatdılar. Qara bəy lap yaxınlaşanda molla Qüdrət onu çağırıb dedi: “Bəy, geri qayıt, gəlib bu yoxsul adamları sızıldadıb əllərindən çörəyin alma”. Bəy dedi: “Molla, mən onlara bəylik eləməsəm, onlar dolana bilməzlər, mənim adım üstlərində olmasa, gəlib əllərində nə var alıb apararlar”. Molla Qüdrət dedi: “Bəy, sən onların əlindəkini alma, başqasının onlarla işi yoxdur. Sənə deyirəm, qayıt üzüsulu çıx get, yoxsa qardaş qanı töküləcək”. Bəy dedi: “Sən elə yekəlmisən daha əlindən qan tökmək də gəlir?” Molla Qüdrət dedi: “Bəy, mən qan tökən deyiləm, ancaq sən geri qayıtmasan, qan tökməli olacağam, get otayın Dilağrda kəndlərinin töycüsünü yığ, sənə yetər, bugündən sonra butay Dilağarda kəndləri sənə töycü verməyəcəkdir, butayın yolunu unut!” Bəy bir söz deməyib, atlılarına irəliyə getməyi buyurdu. Molla Qüdrətin adamları daldalandıqları yerdən bəyin atlılarını gülləyə tutdular, işin yaxşılığından adamlardan ölən olmadı, ancaq iki ata güllə dəyib öldürdü, onlardan biri də Qara bəyin mindiyi at idi. Molla Qüdrət atışmaya başlayan kimi oyandan pərdililər də bəyin adamlarına güllə atmağa başladılar, belə olanda bəyin adamları onun buyuruğuna qulaq asmayıb geri çəkilməyə başladılar. Bəy işi belə görəndə adamlarını da götürüb geriyə qayıtdı. Molla Qüdrəti maraq götürmüşdü, bu Pərdi kəndindən ona nə üçün kömək elədilər. Çağırıb kəndə gəlməyə razılıq alaraq Pərdiyə gəldi, onlarla görüşüb ağsaqqallara sağ ol deyəndən sonra dedi: “Birdən bizim xəbərimiz olmaz Qara bəy qayıdıb buralara gələr, mənə xəbər eləyin, mən onun ayağını buralardan kəsməyə özümə söz vermişəm”. Beləliklə də, molla Qüdrət Qara bəyi butay Dilağarda kəndlərindən töycü yığmağa qoymadı.
İndi də Molla Qüdrətin Qara bəyi öz ayağına necə gətirdiyindən danışaq. Ləzran kəndinin qarşısında Lələ dağı deyilən hündür bir təpə vardır, o təpənin güney üzündə Məşədihüseynli kəndi yerləşir. Danışdığımız çağlarda Məşədihüseyinli kəndinin ağsaqqalı molla Məmmədbağır idi. Bilinmir molla Qüdrət bunu bilərəkdənmi, yoxsa elə-belə eləmişdi, ancaq nə idisə günlərin birində onun adamları yan-yörədəki kəndlərə toxunmadan gedib gecəynən Məşədihüseyinli kəndinin mal-qarasını yığıb aparmışdılar. Kənddən bir neçə adam gedib mallarını geri istəsə də, molla Qüdrət onların yalvarışlarına baxmayıb mallarını verməmişdi. Molla Məmmədbağır Musalı molla Qəfərlə quda idi, molla Qəfər də Dilağarda bəyi Qara bəylə çox bərk dost idi. Onlar bir-birini qardaşdan artıq sevirdilər. Məşədihüseyinlilər gedib öz dərdlərini Musalı molla Qəfərə deyərlər, ondan bu işdə yardım istəyərlər. Molla Qəfər çox düşünəndən, götür-qoy eləyəndən sonra Qara bəyin yanına gəlib məsələni ona danışdı, molla Qüdrətə ağız açıb kəndin mal-qarasını ondan almağını xahiş elədi. Dostunun sözündən çıxa bilməyən Qara bəy dedi, mənim molla Qüdrətlə aram yoxdur, o məni otay Dilağarda kəndlərindən halalca töycümü yığmağa buraxmır, mən də Dilağarda oymağı bölünməsin deyə ona baş qoşmaq istəmirəm, o isə bildiyimə görə get-gedə cızığından çıxır; indi səninlə aramızda olan qardaşlığa görə bu işə qoşuluram, ancaq gərək sən də mənimlə gedəsən. Qara bəy özü ilə bir bölük atlı götürüb molla Qəfərlə birlikdə Kövüzbulaq kəndinə gəldilər, oradan Lallar kəndinə gedib Məşədi Əzimin araçılığı ilə molla Qüdrətlə görüşməyi kəsdirdilər. Ancaq Qara bəy dedi, Lallar kəndinə getmək üçün biz gərək Pərdi kəndinin yanından keçək, o kənd isə molla Qüdrətin tərəfini saxlayır, oradan keçəndə qan tökülə bilər. Düşünüb daşınandan sonra Lallarlı Məşədi Əzimi Kövüzbulağa çağırtdırdılar, ona nə baş verdiyini danışandan sonra Lallar kəndində, onun evində Qara bəyin molla Qüdrətlə görüşmək istədiyini dedilər. Məşədi Əzim razılıq verəndən sonra atlanıb onun kəndinə yola düşdülər. Yerin də qulağı var deyərlər, Pərdi kəndinin adamı Qara bəyin Kövüzbulağa gəldiyini eşidərlər, düşünərlər yəqin yenə də Dilağarda kəndlərindən töycü yığmağa gəlib, bir yüyrək atlı göndərib bunu molla Qüdrətə çatdırarlar. Molla Qüdrət yenə öz döyüşçülərini başına toplayıb Pərdi kəndinin üstündə Qara bəyin yolunu kəsməyə gələr. Qara bəylə molla Qəfər Məşədi Əzimlə Lallara gedəndə ilk olaraq Pərdi kəndinin adamları onun yolunu kəsib, uzaqdan qışqırdılar: “Bəy, geri qayıt, yoxsa sənə güllə atacağıq”. Məşədi Əzim pərdililərlə danışıb razılaşandan sonra keçib getdilər, artıq molla Qüdrət də olduğu yerdən danışığı eşidib işin nə yerdə olduğunu anlamışdı. Məşədi Əzim molla Qüdrəti çağırıb onu öz evində Qara bəylə görüşməyə çağırdı. Hamı bir yerə yığışandan sonra Qara bəy üzünü molla Qüdrətə tutub dedi: “Molla, sən Məşədihüseyinli kəndinin mal-qarasını aparmısan. O kənddə mənim dostum molla Qəfərin qudası ağsaqqaldır. İndi qardaşlığım molla Qəfər məndən xahiş eləyib sənə ağız açım, onların mallarını qaytarıb verəsən”. Molla Qüdrət dedi: “Bəy, unutmuş olmazsan, bir il bundan qabaq sənin nökərlərin məni soyanda, mən paltarımı, atımı qaytarmaq üçün sənə yalvar-yaxar elədim, ancaq sən məni ələ saldın. Onda mən sənə demişdim, gün olar sən də mənim ayağıma gəlib ağız açarsan, indi həmən gün gəlib çıxdı. O apardığımız mallar qurban olsun molla Qəfərlə sənə, deyərəm sabah aparıb yiyələrinə çatdırarlar”.
5.MİRZƏLİ KƏNDİNİN YANDIRILMASI. Mirzəli kəndində molla Qüdrətin başına yığışmış yaraqlı adamlar getdikcə cızıqlarından çıxmağa başlayır, yan-yörədəki kəndlərə basqınlar eləyib insanların mal-qarasını aparırdılar. Onların Kürdlər kəndinə basqın eləyib Şeyx Həsənin soyulmasına görə bu kəndin bir az mal-qarasını aparmasına necəsə haqq qazandırmaq olardısa, ancaq Gilarlı oymağının Şabanlı və Hacıməmmədli kəndlərini, bir sıra Moran kəndlərini soyması açıq-aydın quldurluq sayılmalıdr. Bu arada Moranın ən böyük kəndlərindən olan Başsız kəndinə uğursuz qurtaran basqın da Mirzəli kəndinin xeyrinə deyildi.
Beləliklə də Mirzəlilərin bu azğınlığından bezən kəndlər onlara qarşı birləşməyə başladılar, Alar kəndindən də bir bölük adam, mirzəlilərdən Ləzran kəndində baş verənlərlə bağlı yanıqlı olduqlarına görə bu birliyə qoşuldular. Beləliklə də, Gilarlı, Moranlı, Perimbel, bir də Alarlılardan düzəlmiş üç yüzə yaxın yaraqlı döyüşçülər 1919-cu ilin yazında Mirzəli kəndinin üstünə yeridilər. Mirzəlilərin isə 40-a yaxın döyüşçüləri vardı. Basqınçılar çox böyük itki verəndən sonra Mirzəli kəndinin yarısını tuta bildilər, elə o andaca tutduqları yarıdakı evlərə, tikililərə od vurdular. Bu isə bir yandan, suçu olmayan yoxsul insanların evini yıxmaq idisə, ancaq başqa yandan, basqınçıların özünə çox böyük korluq vermiş oldu. İş burasındadır, Mirzəli kəndinin döyüşçüləri kəndin o biri yarısındakı evlərdə, tikililərdə daldalanıb vuruşurdular, basqınçılar isə törətdikləri yanğına görə, kəndin aldıqları yarısından qırağa çıxıb, açıqlıq yerdə döyüşməli olurdular. Buna görə də çox böyük itkilər verirdilər.
Mirzəliyə basqın eləyən oymaqların başında Perimbelli Qaraşimalla, Moranlı Mirzəxan dururdular. Mirzəlidən çox yaxşı atıcı olan Avdı, oğlu Zəkulla ilə birgə, su quyusunun üstündə qurulmuş daşdan hörülmə tikilinin arxasında daldalanıb vuruşurdu. Avdı qarşı tərəfdə döyüşən perimbelli Qaraşimalı tapıb onu harayladı, dedi kəndin yarısını yandırdınız yetər, çəkilin qırağa barışıq eləyək. Qaraşimal özünü sındırıb ona cavab belə vermək istəməyəndə, Avdı onu köksündən güllə ilə vurub öldürdü. Savaşın gedişində Avdı baxıb görürdü, basqınçıların ikinci başçısı Mirzəxanı bir neçə dəfə vurmağa imkanı olsa da, nədənsə oğlu Zəkulla ona güllə atmır. Oğlundan bunun niyəsini soruşanda, Zəkulla dedi: “Ata, mən onunla dost olmuşam, evində duz-çörək kəsmişəm, ona güllə atmağa əlim gəlmir”. Bu vaxtı Mirzəxan kənd qəbirastanlığındakı bir xəndəkdə daldalanıb onlarla vuruşurdu, ancaq özü də bilmədən başının bir hissəsi açıqlıqda qalıb görünməkdə idi. Avdı bir az yaşlandığından ona atdığı güllənin yan keçəcəyindən qorxaraq, oğluna üz tutub dedi: “Odur, Mirzəxanın başı xəndəkdən görünür, sənin gözün məndən itidir, onu vura bilsən, bu adamlar başsız qalıb dağılışacaqlar”. Oğlu yenə Mirzəxanı vurmaqdan boyun qaçıranda Avdı dedi: “Sən onu vurmasan, mən elə indicə birinci səni, sonra da özümü vurub öldürəcəyəm, onsuz da kəndimizi tutandan sonra bizim yaşamağımızın bir anlamı qalmayacaqdır”. Bu sözdən sonra Zəkulla atasının sözünü yerə salmadı, Mirzəxanı vurub öldürdü. Mirzəxan da öləndən sonra başını itirən basqınçılar geriləməyə başladılar, itkiləri bir az da artmağa başladı, sonra isə ölüləri ilə yaralılarını da ortalıqda qoyub, baş götürərək kənddən qaçıb getdilər. Sonradan Mirzəlilər basqınçıların ağsaqqallarını çağırıb, yaralıları ilə ölənlərini apamağa icazə verdilər.
Mirzəli kəndinə basqın eləyən oymaqlar çoxlu itki verib, bu savaşda yeniləndən sonra yenə də onların ağsaqqalları bir yerə yığışıb götür-qoy eləməyə başladılar. Onlar çox araşdırandan sonra öz gücləri ilə Mirzəli kəndinə bata bilməyəcəklərini anladılar, ona görə də qıraqdan kömək axtarmağa başladılar. Çox götür-qoydan sonra Çar hökumətinin buralarda ilişib qalmış, el içində Luqiyan deyilən pristavına üz tutdular. Bu Luqiyan uzun bir sürədə katdaların yanında mirzəlik eləmiş, sonradan pristav qoyulmuşdu, bunun adı dilə yatmasa da, deyilənə görə müsəlman idi. Luqiyanın haralı olduğu bilinməsə də, ancaq onun Ali adında bir qardaşı Başsız kəndində bir varlı adamın yanında nökər idi, o biri qardaşı Nəsir isə Musalı kəndində yaşayırdı. Luqiyan çar hökuməti yıxılandan sonra rusların çoxluqda olduğu Göytəpə kəndinə çəkilib, orada olurdu, çar vaxtından qalma kazaklar da yaraqlı-yasaqlı onun qulluğunda idi. Yuxarıda adını çəkdiyimiz oymaqların ötən çağlarda Luqiyanla işləmiş katdaları yığışıb onun yanına getdilər, Mirzəli kəndini dağıtmaq üçün ondan kömək istədilər. Luqiyan bu adamların çoxu ilə bir yerdə işlədiyindən onlara yox deyə bilməzdi, sözsüz burada onun öz qazancı da olacaqdı. Bir neçə gündən sonra Eçara kəndinin üstündəki təpədə Luqiyanın gətirdiyi topları qurub, Mirzəli kəndini vurmağa başladılar. Mirzəlidə ən çoxu qırxa yaxın əlitüfəngli döyüşçü vardı. Mirzəlilər üstlərinə böyük qüvvə ilə basqın olunacağını bildiklərindən kəndin qırağında özlərinə daldalanmaq üçün yerlər düzəltmişdilər, bir də bütün kənd kişili-qadınlı ölənəcən kəndlərini qorumağa söz də vermişdilər. Ona görə də atılan top güllələri kənddəki tikililəri dağıtsa da adamlara ziyan vura bilmirdi, top atılandan sonra kəndə sarı istər ayaqla, istərsə də atla irəliləmək istəyən adamları isə mirzəlilər daldalandıqları yerdən vurub öldürürdülər. Beləliklə də basqınçılar yenə də ağır itkilər verməyə başlamışdı. Kəndin bütün tikililəri top atışından dağılsa da, mirzəlilər duruş gətirir, atışmaqda davam eləyirdilər. Onda bu savaşa qatılan Ağusəmli Şirin Luqiyana üz tutub dedi: “Belə görürəm burada hələ çox qanlar töküləcək, ən yaxşısı mən gedim Mirzəlilərə deyim arvad-uşaqlarını götürüb kənddən çıxsınlar, haraya ürəkləri istəyir getsinlər, bununla da bu savaş bitsin”. Luqiyan razılıq verəndən sonra Şirin Mirzəliləri çağırıb dedi: “Ay Mirzəli kəndinin adamı, mən sizin yanınıza danışıq aparmaq üçün gəlmək istəyirəm”. Kənddən molla Məmmədəli ilə Kərbəlayi Ağaş onun səsinə səs verib gəlməsinə izin verdilər. Şirin gəlib kəndin ağsaqqallarına dedi: “Mən oradakı adamlara gənəşmişəm, istəyirik siz kənddən çıxıb gedəsiniz, biz də qayıdıb gedək öz evimizə”. Molla Qüdrət dedi: “Şirin, biz sən deyənə razıyıq, ancaq ola bilər biz kənddən açıqlığa çıxanda üstümüzə basqın olsun, sən arxayınsanmı belə bir alçaqlıq baş verməyəcək”. Onun bu sözündən sonra Şirin bir də Luqiyanın yanına qayıdıb dedi: “Onlar kənddən çıxmaq istəyirlər, ancaq düşünürlər açıqlığa çıxanda üstlərinə basqın ola bilər, mən onları arxayın eləyə bilərəmmi, belə bir alçaqlıq olmayacaq?” Luqiyan buna da razılıq verəndə Şirin dedi: “Mən indi gedib onları arxayın eləyib kənddən çıxaracağam, ancaq kənddən qıraqda onlara qarşı basqın olsa, onda mən də öz adamlarımla onlara qoşulub sizinlə vuruşacağam” Luqiyan belə bir yaramazlığın baş verməyəcəyinə söz verəndən sonra o kəndə gəlib onları arxayın elədi. Mirzəli kəndinin adamları kişili-qadınlı, qocalı-uşaqlı yığışıb kənddən çıxaraq, Calayır kəndinə getdilər. Basqınçılar kəndə girib oradakı bütün evləri yandırdılar, sonra isə dağılışdılar. Bundan sonra Mirzəli kəndi yenidən öz yerində tikilsə də, ancaq daha oğru-quldurluqdan əl çəkdilər.
Cəlilabad rayonunun Ləzran kənd sakini Mirzəqulu kişi, Azərbaycanda Sovet inqilabından əvvəlki illərə təsadüf edən hadisələri qələmə alır. 50 şagird dəftərindən ibarət olan bu əlyazmanın böyük hissəsi it-bata düşür. Yalnız bir hissəsi qorunub saxlanılır və hal-hazırda Rusiyada yaşayan həmyerlimiz, yazıçı Araz Gündüz Vətənə tətilə gəldiyi zamanlarda bu əlyazmaların izinə düşür və onun fədakarlığı sayəsində bu qiymətli əlyazma tarixin qaranlığına düşmür. Araz Gündüzün düzgün imlada yenidən işləyib çapa hazırladığı "Ləzranlı Mirzəqulu - Olanlardan keçənlərdən" kitabı bu tay Azərbaycanın Cəlilabad-Yardımlı, o tay Azərbaycanın Ərşə-Ucarlı bölgəsində yaşayan insanların keşməkeşli həyatını əks etdirən tarixi bir salnamədir.

Комментариев нет:
Отправить комментарий