02.12.2015

Min illərin olar-olmaz söhbəti

Mətləb Ağa

Vaxt ötür, əksər mövcud postulatlar yıxılır, beynimizdə öz yerini möhkəmlətmiş anlayışlar bir gün öz istinad nöqtəsindən qopur və hər şey gözümüzün önündə bir andaca dəyişir.
(Hansısa müdrik bunu da deyib ki, “nöqtə həmişə son demək deyil, bəzən də özündən sonra gələcək hərfin böyük olduğunu göstərir.”)
Ancaq müharibələr bəlkə də yeganə anlayışdır ki, bəşəriyyətin bütün tarixi boyu öz ilkin mənasını qoruyub saxlayıb, öz ilkin istinad nöqtəsindən tərpənmir ki, tərpənmir. 
Müharibələrin baş verməsi tarixi hansı yönə dəyişdirir, inkişafa səbəb olur, yaxud bəşəriyyəti neçə addımsa geri atır? 
Müharibə şübhəsiz, şərin ən total və ən dəhşətli təzahürlərindən ən birincisidir, başqa sözlərlə ifadə etsək, ona insanların öz həmcinslərinin başına açdıqları ən böyük faciə də demək mümkündür. 
Bir il, beş il, on il və ya yüz il (tarix belə müharibənin də şahidi olub - İngiltərə və Fransa arasında əslində yüz on altı il (1337–1453) sürən, məşhur fransız qadın Janna Darkın əsas simalarından olduğu Yüzillik müharibəni deyirəm) sürməsindən, ölkələr, xalqlar və ya bir ölkə içində müxtəlif icmalar arasında getməsindən asılı olmayaraq müharibələr fəlakət və dağıntılar, qırğın və qətllər, səfalət və xəstəliklər anlayışlarıyla assosiasiya edilir. 
Hazırki müharibələrsə dövrümüzə xas digər proseslər kimi qlobal xarakter daşıyır və buna görə də, bu şər təmsilçisinin bütün planeti öz əhatə dairəsinə salmaq bacarığına ən üstün səviyyədə sahiblənməsi fik-rinin sübuta heç bir ehtiyacı yoxdur .
Məhz bu səbəbdən, müasir müharibələrin ən başağrıdıcı cəhəti xüsusilə ondan ibarətdir ki, bütün yür üzünü əhatə edə biləcək qloballaşma gücünə malikdir. 
İndiki  vəziyyətimizə bəlkə elə buna görə xoşbəxtlik də demək olar ki, əlimizdə nüvə silahı mövcud olsa da, bü günkü müharibələrdə daha az ölümlər, fəlakətlər, dağıntılar törədən   tank, raket, təyyarə və s. daha sadə qırğın silahlarından istifadə olunur.
Müharibələrdə o başlayanadək istinad edilən  bütün qaydalar arxa plana keçir və sonra ortada ancaq bir qayda mövcud olur, bu qaydasa iki anlayışın formuludur: - qələbə çalmaq və məğlubiyyətin alçaldıcı şərtlərinə boyun əymək.
Müharibələr  qəhrəmanlıq aktları kimi təqdim olu-nur, şöhrətli əməllərin məcmusudur deyilib, təriflənir, hansı ki, elə bunlar da müharibələrə biz insanların gün¬dəlik, həmişəki həyatının adi detalı kimi baxılmasına gətirib çıxarır, lakin, hər nə olur-olsun, bu  o faktı inkar edəcək gücdə deyil  ki, müharibə fəlakət, ölüm, aclıq və s. bu sıradan olan terminlərlə sıx bağlıdır, daha doğrusu, müharibə elə müharibədir, yoxsa öz üstündə şöhrət və qəhrəmanlığın möhkəmləndiyi postament  sözünün sinonimi deyildir.
Müharibələr böyük və saysız-hesabsız iztirablar, siyasi, sosial və iqtisadi qeyri-sabitlik gətirir, bu zaman insanların həyatı və ümumiyyətlə mövcudluğu şiddətli təhlükəyə məruz qalır və insanların özlərində hələ də ibtidai vəhşiliklərini, heyvani instinktlərini və ehtiraslarını  yenə bilmədiklərini sübut edir.
Amerikalı briqada generalı, 1917-1960 illərdə fasilələrlə orduda xidmət etmiş, eləcə də jurnalist və müəllif yazılarıyla məşhurluq qazanmış Samuel Lyman Atwood Marshal bəşəriyyət tarixində baş vermiş çoxsaylı müharibələrin təhlilini aparıb belə yekun fikir söyləyir ki, - əgər döyüşçü müharibə zamanı düşmənin insan olmasını fikirləşsə, qarşı tərəfə güllə ata bilməz və ya bunu etsə belə, çox çətinliklə edər. Elə buna görə də, hər bir müharibə zamanı tərəf ölkələrin təbliğatı öz əskərlərinə düşmənlərinin qorxulu, dəhşətli və qeyri-bəşəri bir varlıq olmalarını təqlid edən fikirlər aşılayırlar.
Holland ilahiyyatçı filosofu və humanisti, şimali Avropa intibahının görkəmli nümayəndəsi kimi tanınan Rotterdamlı Erazmın (1466-1536) müharibələr haqqında misilsiz bir essesi vardır. 
Essenin mahiyyəti budur ki, insanlar heyvanlardan fərqli olaraq dilə və şüura malikdir, ona görə də, öz aralarındakı problemləri danışıqlarla, sülhlə həll edə bilərlər. Heyvanlardan fərqli olaraq  insanlar yaradılışdan  təbii silahlanma sistemi (buynuz, pəncə, zəhər, iynə, dəri və s.) ilə təhciz olunmayıb, bu da o deməkdir ki, deməli, insanlar öz aralarında olan mübahisələri danışmaq yoluyla həll etməlidirlər və bu, təbiətin tələbidir. 
“Ləyaqətli insanlar üçün müharibədən daha alçaq, daha dağıdıcı, öldürücü, iyrənc bir şey yoxdur” deyə humanist alim yazırdı.
“Müharibə siyasətçilərin dilləri ilə aça bilmədikləri düyünü dişlərilə açmaq cəhdidir.”
Bu fikri də  nə vaxtsa və hardasa oxumuşam, ancaq onu kimin söyləməsi  yadıma gəlmir. Bu cümlə mənim düşüncələrimdə Rotterdamlı Erazmın yuxarıdakı fi-kirlərinin qüvvətlənməsi  deməkdir, müharibənin insanın mübahisələri danışıqlarla deyil,  dişlərilə həll etmək cəhdlərinin davamı  olmasının möhürüdür.
Aydındır ki, insanların canında, xarakterində, şüurunda  onları müharibəyə sövq edən nəsə var və bu nəsə min illərdi dəyişmədən qalır. 
Mənbələrə görə, dünya tarixi hal-hazıra qədər azı on dörd min beş yüz müharibəyə şahidlik edib. 
Hesablayıblar ki, təkcə 1900-cu ildən 1980-cı ilə qədər qırx  müharibə baş verib və bunların  nəticəsində yüz  milyondan çox insan ölüb.
Mövzuya daha da adaptasiya olmaq üçün bəşəriyyətin tarixində təxminən üç min il ərzində baş vermiş müharibələrin bir-neçəsinin qısa xülasəsini yazıram və bu xülasəni oxuyandan sonra özümüzü  bir daha inandıra biləcəyik ki, bütün müharibələr demək olar ki, həmişə eyni səbəblərdən başlayıb, axırdasa nəticələri sülh müqavilələrindən, yəni danışıqlardan keçib, hansı ki, bu danışıqları bu qədər faciələrə, fəlakətlərə, qətllərə, dağıntılara yol vermədən, müharibələri başlatmadan da aparmaq, bir sağlam, insanlığa yaraşan nəticəyə gəlmək olardı. Bunları həm də o səbəbdən yazıram ki, üç min il ərzində düşüncələrdə müharibələrlə bağlı heç nəyin yaxşılığa doğru dəyişmədiyini, səbəblərin və nəticələrin olduğu kimi  qalmasını bir daha oxuyub inanaq.
Beləliklə, tarixçilər Yer üzündəki ilk total müharibələrdən birincisinin Kadeş (Kadeş- indiki Suriyanın ərazisində yerləşmiş qədim şəhər, eradan əvvəl təxminən 1200-ci ildə dağıdılıb) döyüşünün olduğunu yazırlar. Het dövlətilə Yeni Misir Fironluğu arasında eramızdan əvvəl, ənənəvi Misir xronologiyasına görə 1274-cü ildə baş verdiyi söylənilən Kadeş döyüşü qədim Misirin öz sərhədlərini genişləndirmək və varlı Het dövlətinin ərazisində yerləşən ticarət yollarını  ələ keçirmək niyyətinin həyata keçirilməsinə hədəflənmişdi. Döyüş başlayarkən Het kralı II Muvatalli idi və onun ən kiçik qardaşı III Hattuşili kralın əsas döyüş komandanı sayılırdı.
 Döyüşün necə başa çatması barədə tarixi mənbələrdə dəqiq məlumat olmasa da, hər halda bu qanlı müharibə axırda Qədim Misirin On doqquzuncu sülalə¬sinin İyirmi üçüncü fironu II Ramzeslə artıq həmin vaxt yeni Het kralı olmuş III Hattuşili arasında 1259-cu il¬də “Kadeş sülh müqaviləsi” bağlanmasıyla nəticələnmişdi və bu müqaviləyə əsasən Hetlər öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə nail olmuşdular. (Yeri gəlmişkən, bir çox tarixi mənbələr “Kadeş sülh müqaviləsi” ni Yaxın Şərqdə ilk yazılı sülh müqaviləsi hesab edir. Həmin müqavilənin Het versiyası 1906-cı ildə qazıntılar zamanı tapılıb, indi İstanbul Arxeologiya Muzeyində qorunur, Misir versiyası isə 1828-ci ildə aşkarlanıb hazırda Misirdə Karnak məbəd kompleksində saxlanılır. O da maraq doğuran məlumatdır ki, “Kadeş müqaviləsi”nin bir surəti də ilk sülh müqaviləsi kimi Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı  binasının  divarından asılıb nümayiş olunur).
Baxmayaraq ki, II Ramzes öz ölkəsinin şəhərlərinə və məbədlərinə özünün bu döyüşdə qalib olması barədə yazılı xəbərlər göndərmişdi. Düzdür, II Ram-zesdən savayı da elə tarixi mənbələr vardır ki, II Ramzesin Kadeşdə Hetlər üzərində qələbə qazanmasından bəhs edirlər, (misal üçün, günümüzün fransız misirşünası Kristian Jak "Ramzesin Kadeş döyüşü" adlı kitabında yazır ki, II Ramzes Kadeşdə böyük uğur qazanaraq hetləri darmadağın edib) lakin digər, obyektivliyi, bitərəfliliyi şübhə doğurmayan mənbələr bunu təsdiqləmir. Yəni, təkcə Misir mənbələrinə deyil, digər obyektiv mənbələrə əsaslansaq, Kadeşdə hetlər daha uğurlu olublar.  
Lakin, mənim inandığım və yenə də qeyd etdiyim fakt, Kadeşdə qələbə ilahəsinin heç bir tərəfin üzünə tam gülməməsidir. 
Bundan təxminən səkkiz yüz il sonra Yunan-İran müharibələri qızışır.
Bu müharibələrin baş vermə səbəbi də Kadeş döyüşünə yol açan səbəblə eynidir. Bu dəfə İranın işğalçılıq siyasətindən körüklənən bu çarpışmalar Əhəmənilər (Fars) imperiyasıyla yunan şəhər dövlətləri arasında bizim eradan əvvəl 499-449-cu illərdə aparılır. Yunanların qələbəsilə yekunlaşan döyüşlər hazırki Yunanıstan, Egey adaları, Kipr və Qərbi Anadolunu əhatə edirdi. Müharibə Afinanın sülh elçisi Kallinin adıyla adlandırılan və eramızdan əvvəl 449-cu ildə bağlanmış “Kalli sülhü”ylə bitir və “Kalli sülhü”nə əsasən İran Egey dənizindəki Hellespont və Bosfordakı mülklərindən əl çəkirdi. Bu müharibələrin nəticəsində, Əhəmənilər yunanlarla döyüş meydanlarında üz-üzə gəlməkdən qorxub növbəti illərdə yunan şəhər dövlətlərini bir-birlərinin üstünə qaldırmaq siyasətinə əl atırlar.   
Maraq üçün onu da yazım ki, bu Yunan-İran müharibələrinin xronologiyasında sıralanan Marafon müharibəsi tarixdə daha çox məşhurdur. Marafon düzü Attikada, Afinadan qırx iki kilometr  aralıda yerləşir. Eramızdan əvvəl 490-cı ildə baş vermiş bu vuruşma Afina qoşunlarının strateqi Miltiadın parlaq strategiyası sayəsində yunanların qələbəsilə yekunlaşır. Bu döyüşlə bağlı maraqlı bir rəvayət var. Deyirlər ki, yunanların qələbəsindən sonra bir nəfər Pheidippide adlı afinalı qırx iki kilometr yolu durmadan qaçaraq özünü Afinaya yetirib  həmvətənlərini gördükdə qış-qırır: “Afinalılar, sevinin, biz qalib gəldik!” və yıxılıb ölür.
Bundan təxminən min səkkiz yüz il sonra,  qurucusu Çingiz xan olan Monqol imperiyasının beşinci xanı və Yuan sülaləsinin banisi Xubilay xanın orduları 1274 və 1281-ci illərdə dəniz yoluyla Yaponiyaya hücumlar edir və qanlı müharibələr aparır.
Birinci səfər zamanı ilk vaxtlar uğur qazansalar da, döyüşlər və tufan Xubilayın çinli, koreyalı və monqollardan ibarət iyirmi üç min nəfərlik ordusundan iyirmi iki  min nəfərini məhv edir və xan məcbur qalıb geri çəkilir.
1281-ci il tarixdəki  ikinci səfərində də Xubilay onun tərəfində döyüşən yüz qırx min heyətlik, təkrarən çinli, koreyalı və monqollardan ibarət ordusundan yüz otuz min nəfərinin amansız döyüşlərdə ölümünə  və fırtınalarda  boğulmasına şahidlik edir .
Yaponiya tərəfdənsə bu müharibələrdə ümumilikdə qırx min nəfərdən az itki olur və tarix qələbə qazananların  də elə onlar olmasını təsdiqləyir.
Tarix kitablarında “Hindu müharibələri” adı ilə bilinən, ABŞ-ın Siyahıalma Bürosunun on doqquzuncu əsrin sonlarındakı açıqlamasına görə ağ amerikanlarla hindular arasında 1622-1924-cü illərdə olmuş qırxdan artıq döyüşlərdə qırx beş  min nəfərdən artıq hindu, on doqquz min nəfərsə  ağdərili  ölüb.
1955-1975-ci ildə baş vermiş, bu il  may ayının birində bitməsinin  qırx ili tamam olacaq Vyetnam müharibəsi Şimali Vyetnamı, Cənubi Vyetnamı, Laosu, Kambocanı əhatə edib, döyüşlərdə təxminən bir milyon beş yüz min hərbçi həlak olub.
Bu müharibədə vyetnamlı dinc əhalidən ölənlər iki milyon nəfər,  Kambocadan bir milyona yaxın, Laosda əlli min nəfər olmuşdu. ABŞ-ın da saysız-hesabsız əskərlərinin öldüyü bu müharibədə ən az insan itkisi o dövrün Sovet İttifaqının payına düşürdü, belə ki, Sovet dövləti orada cəmi on altı insan həyatıyla vidalaşmışdı. 
Birinci və İkinci Dünya müharibələri, Qarabağ müharibəsisə artıq hamımızın,  valideynlərimizin, bizim və övladlarımızın taleyimizdə yaşadığlarımızdır. 
Əlbəttə, bu yazıda söhbət hücuma məruz qalan, incidilən, torpaqları işğal olunan, əhalisi didərgin salınan tərəfin insanlarının, xalqların, ölkələrin özlərini müdafiə etməsindən, torpaqlarını qorumasından, təca-vüzkar tərəfə eyni üsullarla cavab verməsindən  get-mirdi, mən məhz müharibə adlı bəladan danışırdım.
Bu yazıda gəldiyim nəticəsə budur:
Müharibə başlatmanın, aparmanın əsas səbəbləri insanların var-dövlət, torpaq hərisliyi, tamah, qarşıdakı insanlara dözümsüzlük, bir sözlə, heyvanlarda müşahidə olunan qeyri-insani ehtiraslardır.
Deməli, müharibələrdən birdəfəlik qurtarmağın  yalnız bir yolu var:
Bu da insanların bir-birlərinə dözümlü olmaları, hörmət etmələri və hərislik xəstəliyindən əl çəkmələridir.
Olar-olmazısa müharibənin özündən də qəliz söhbətin mövzusudur.

Комментариев нет:

Отправить комментарий