14.12.2015

Kürd lideri Bərzani Mircəfər Bağırovdan niyə uzaq tutulurdu...

Yaxın Şərqdə növbəti dəfə aktiv şəkildə “kürd kartı” oynanılır. Türkiyə hökuməti İraq peşmərgələrinə yardım adı ilə Mosuldan şimala hərbi qüvvə yeridir.
Suriyanın şimalındakı kürdlər (Rojava) ABŞ-dan yardım alır, indi də onlara Rusiya köməklik göstərməyə başlayır.
Türkiyə daxilindəki kürdlər də fərqli oyunçuların əlində “kart”a çevrilib. Və bu fonda unutmayaq ki, beynəlxalq siyasətdə bu xalqın ümidlərini özlərinin maraqlarına tabe etdirmək fəndi dünya gücləri üçün yeni deyil.
Hələ Ronald Reyqan demişdi: “Kürdlər Yaxın Şərqin barıt çələyidir. Nə vaxt istədik, onda da alovlandırırıq”.
Bu siyasətə daha bir nümunə hələ 1940-cı illərdə Mustafa Bərzani ilə SSRİ-nin əməkdaşlığıdır. Öz tərəfdarları ilə SSRİ-yə qaçan Bərzani bir neçə il məhz Azərbaycanda məskunlaşmışdı.
***
1946-cı ilin dekabrında İranda “Mehabad Respublikası” süqut edir. İranın baş naziri Qəvame-Səltənə ilə Mehabadın lideri Qazı Məhəmməd arasında avqustda Tehranda bağlanmış razılaşma pozulur və şah qoşunları həm Təbrizi, həm də Mehabadı ələ keçirir. 1947-ci ilin 30 martında Qazı Məhəmməd, qardaşı Sədr Qazı və “Mehabad Respublikası”nın müdafiə naziri Seyf Qazı dar ağacından asılır.
Şah qoşunlarına qarşı müqaviməti yalnız respublikanın baş komandanı, general Mustafa Bərzani davam etdirir. 44 yaşlı Bərzani sonunda qüvvələr nisbətinin bərabər olmadığını və məğlubiyyətin qaçılmazlığını anlayaraq İranı tərk etmək və SSRİ-yə keçmək qərarına gəlir.
Mustafa Bərzani 1947-ci ilin iyununda silahlı dəstəsi ilə Naxçıvanla sərhədi keçərək Azərbaycan ərazisinə, Culfaya daxil olur. Beləliklə, Bərzaninin və tərəfdarlarının 12 il davam edən SSRİ dövrü başlayır. Həmin dövrün bir neçə ili Azərbaycan SSR-də keçir.
***
SSRİ ərazisində dəfələrlə Bərzani ilə ünsiyyətdə olmuş əfsanəvi sovet əks-kəşfiyyatçısı Pavel Sudoplatov (1907-1996) özünün 1990-cı illərdə işıq üzü görən “Xüsusi əməliyyatlar” adlı memuarlarında xatırlayır: “Bərzani SSRİ-yə gəlməzdən bir müddət əvvəl İrandakı kürd üsyançıların rəhbərləri şahın qurduğu tələyə düşürlər: onlar danışıqlar üçün Tehrana çağırılır, burada həbs edilir və edam olunurlar. Yalnız Bərzani həmin aqibətdən qaça bilir. Şah onu danışıqlara dəvət edəndə Bərzani cavab verir ki, yalnız bir halda Tehrana gələ bilər- əgər şah özünün ailəsini girov kimi Bərzaninin mənzl-qərargahına göndərərsə. Şahla ilkin danışıqlar davam edən müddətdə isə o, qüvvələrinin böyük hissəsini İranın şimal rayonlarına, SSRİ ilə sərhədin yaxınlığına yerləşdirir”.
1947-ci ilin iyununda SSRİ Daxili işlər nazirinin müavini Vasili Ryasnoy Stalinə məruzə edir: “Bu ilin 15 iyununda Naxçıvan 41-ci sərhəd dəstəsinin hərbi müşahidəsinə görə, sovet-İran sərhədinin cənub-qərbində İran təyyarələri peyda olaraq Ağgül gölündən (İran) cənuba doğru uçuşlar keçirib. Onlar bizim ərazilərimizə 200 metrə qədər məsafədə daxil olublar. Elə həmin dövrdə bir neçə bomba partlayışı da qeydə alınıb”.
Qonşuların qeyri-adi hərbi fəallığının səbəbləri Moskva üçün sirr deyildi.
Vasili Ryasnoyun həmin məruzəsində deyilirdi: “Əldə olunmuş bilgilərə görə, İran Kürdüstanında, Uşnu rayonunda (Urmiyə gölündən cənub-qərbə) 1947-ci ilin martından başlayaraq İran hökumət qoşunları ilə İraqdakı bərzan tayfasının tərksilah olmaqdan imtina etmiş üzvləri arasında hərbi əməliyyatlar başlayıb. Kürd bərzan tayfası 1945-ci ildə İraqdan köçərək İranda məskunlaşıb”.
Beləliklə, əvvəl İraqda, sonra isə İranda məğlubiyyətə düçar olmuş Molla Mustafa Bərzani kor dalana sıxışdırıldığını yaxşı anlayaraq yeganə qurtuluş yolunu Azərbaycan ərazisinə keçməkdə görürdü. Onun hərbi birləşmələri Maku yaxınlığında şah qoşunlarını məğlub edərək SSRİ sərhədinə doğru hərəkət edirdilər.
Pavel Sudoplatov memuarlarında sərhəddə toplaşmış Bərzani tərəfdarlarının sayı barədə yazır: “Sərhədi keçən Bərzani tərəfdarlarının sayı 2 minə yaxın döyüşçüdən ibarət idi, elə bir o qədər də onların ailə üzvləri vardı”.
Ancaq digər sovet əks-kəşfiyyatçısı- Vadim Udilov isə özünün “SSRİ-də terror aktları və təxribatlar” kitabında onların sayının 500 nəfər olduğunu yazır.
İyunun 15-də İran təyyarələrinin bombardmanı altında Araz çayı boyu sərhədə ilk kürd dəstəsi yaxınlaşır. Dəstədən 2 nəfər sovet sahilinə keçərək Mustafa Bərzaninin Stalinə məktubunu sərhəd komissarına təqdim edir.
Ancaq Moskvadan cavab gecikir. 16 iyunda səhər tezdən İran sərhədində öz şəxsi mühafizəçilərinin əhatəsində Bərzani də peyda olur və dəstəsinin SSRİ-yə üzüb keçməsinə icazə üçün danışıqlar aparmaq istəyir. Ancaq sərhədçilərə yalnız bir tapşırıq verilmişdi: diskussiyaya girməmək, sərhədi pozan kürdləri isə saxlamaq və tərksilah etmək.
İyunun 17-də kürdlərin vəziyyəti daha da çarəsizləşir və Araz çayı ilə əvvəlcə yaralılar və taqətdən düşən bir qrup silahlı keçərək Naxçıvan ərazisinə daxil olur. Bu 160 nəfərdən 40 odlu silah götürülür.
Çayın o biri sahilindən müşahidə aparan Bərzani öz tərəfdarlarının sərhədçilər tərəfindən atəşə tutulmadığını gördükdə iyunun 18-də dəstəsinin qalan üzvlərinin də çayı keçməsinə göstəriş verir. 
Bu vaxt kürdlər silahlarının bir hissəsini İran tərəfdəki qamışlıqlarda gizlədərək sərhədi keçirlər.
İyunun 19-da SSRİ Daxili İşlər Nazirliyi əməliyyatın nəticələrinə dair Stalinə məlumat göndərir: “İyunun 18-i axşama qədər Molla Mustafa Bərzaninin başçılığı altında kürd dəstəsi sovet ərazisinə keçib. Onların ümumi sayı 499 nəfərdir. Kürdlərdən götürülüb: 303 tüfəng, 5 avtomat, 55 tapança, 54 qumbara, 13 binokl, 13 min patron. Saxlanılmış kürdlər Naxçıvan şəhərinə aparılıb və burada sərhədçilərin mühafizəsi altındadırlar”.
İran sərhəd komissarı tezliklə sovet həmkarına müraciət yollayaraq Bərzani və tərəfdarlarının təhvil verilməsini təklif edir. Müraciətdə deyilirdi: “Dostluq münasibətlərimizin pozulmaması naminə xahiş edirik ki, 400 əclafı geri qaytarasınız”. Ancaq sovet tərəfi bu xahişə məhəl qoymur. Bununla da Bərzaninin və onun kürdlərinin əvvəlcə çox qısa müddət çəkəcəyi fərz edilən, ancaq 12 ilə qədər davam edən “sovet dövrü” başlayır.
***
Bir müddət Culfada saxlandıqdan sonra, kürdlər Abşeronda yerləşdirilirlər. Bərzani isə qısa müddət Şuşada qalır, sonra isə Bakıya köçürülür.
Bərzaninin sovet rəhbərliyinə “sosializm uğrunda mübarizəyə hazır olduğuna” dair söylədiyi nitqlər isə istər Mircəfər Bağırovda, istərsə də Moskvadan gələn emissarlarda xəfif ironiya doğrurur.
Sovet tərəfində əsas təəccüb yaradan cəhətlərdən biri kürdlərdə çox güclü inkişaf etmiş tayfa-nəsil münasibətləri idi. Onlar Bərzanini az qala ilahiləşdirirdi. Bu cür geridə qalmış ictimai münasibətlərlə sosializm quruculuğuna dair vədlər qətiyyən bir-birinə uyuşmurdu. Odur ki, sovet rəhbərliyi bu arxaik münasibətləri heç olmasa yumşaltmaq, kürdlərin cəmiyyətə assimilyasiyasına nail olmaq üçün hətta kürdləri Bərzanidən bacardıqca təcrid də edirdi. Üstəlik, kürdlərin arasında kommunist təbliğatı aparmaq, yaxud oraya öz adamlarını salmaq cəhdləri də uğur gətirmirdi- kürdlər yadlar üçün qapalı idi.
Bununla bağlı Pavel Sudoplatov bir epizodu da xatırlayır- artıq Daşkənddə olanda onların Bərzaninin əhatəsinə informator yerləşdirmək cəhdləri həmin şəxsin izsiz-tozsuz yoxa çıxması ilə nəticələnir.
***
1947-ci ilin payızında Sudoplatov Bərzani ilə görüşüb danışmaq üçün nazir Abakumov tərəfindən Bakıya göndərilir. O, memuarlarında bu barədə yazır: “Mən Bərzaniyə TASS-ın (Sovet İttifaqı Teleqraf Agentliyi) baş direktorunun muavini və sovet hökumətinin nümayəndəsi kimi təqdim olundum. Həyatımda ilk dəfə idi ki, əsl feodalla rastlaşırdım. Bununla belə, Bərzani məndə fərasətli siyasətçi və təcrübəli hərbi rəhbər təsiri yaratdı. O dedi ki, son 100 ildə kürdlər farslara, iraqlılara, türklərə və ingilislərə qarşı 80 dəfə üsyan qaldırıb və onların 60-dan çoxunda kömək üçün Rusiyaya müraciət edərək adətən yardım alıblar. Cavab olaraq mən elan etdim ki, sovet tərəfi Bərzaninin və onun zabitlərinin bizim hərbi məktəb və akademiyalarımızda xüsusi təlim keçməsinə razıdır. Həm də ona bildirdim ki, kürdlərin Azərbaycandan Orta Asiyaya köçürülməsi müvəqqəti xarakter daşıyır və onların Kürdüstana qayıtmaqları üçün şərait yetişənə qədər davam edəcək...”
Sudoplatov xatirələrində daha bir maraqlı məqama toxunur: “Abakumov mənə Bərzani ilə söhbətlərin nəticələrini, habelə Stalinin kürdlərin hərbi tədris müəssisələrimizdə təhsil almalarına razılıq verdiyini Mircəfər Bağırovla bölüşməyi qadağan etmişdi. Məsələ ondadır ki, Bağırov Bərzanidən və onun adamlarından İran Azərbaycanında vəziyyəti destabilizasiya etmək üçün yararlanmaq niyyətində idi. Ancaq Moskvada fərz edirdilər ki, Bərzani İranda yox, məhz İraqda daha lazımlı ola bilər- oradakı ingilispərəst rejimi devirmək üçün...”
***
1947-ci ilin oktyabrında Bərzani Azərbaycan kommunistlərinin rəhbəri Bağırova öz məktub-memorandumunu yollayır. O, Bağırovdan aşağıdakı məsələlərə münasibət bildirməsini xahiş edir:
“1. Tərəfdarlarım ilə görüşməyə icazə verilməsi;
2. Onların təhsili üçün şəraitin yaradılması;
3. Aylıq bülletenin çapının təşkil edilməsi;
4. BMT-yə kürdlərə münasibətdə yeridilən ədalətsiz siyasətlə bağlı şikayətin göndərilməsi;
5. Stalinlə görüşün təşkil olunması”.
Noyabrın 15-də o, Bağırova daha bir məktub yollayır. Bərzani məktubunda Bağırovu “Şərq xalqlarının rəhbəri” adlandırır. “Biz taleyimizi sovet dövləti ilə bağlamağı vacib saydıq, çünki bu hakimiyyət azadlığın dayağı və xalqların ümididir”- Bərzani yazır.bHəmin məktubunda o, “çox məşəqqətli, incidlilmiş və təhqir olunmuş vəziyyətə düşən azadlıq hərəkatı döyüşçülərinə diqqət ayırmasını” xahiş edir...

(ardı olacaq)            Məmməd Süleymanov               virtualaz.org

Комментариев нет:

Отправить комментарий