27.12.2015

İlya Zemtsov. Oğurlanmış respublika -11

İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika- Azərbaycan”

XI hissə: 1965-ci il Bakı qiyamı

Azərbaycanda 380 min adam öldürən diktatoru necə sevmək olardı?

Axundov birinci katiblikdən sabah gedərdi, təki Əlixanovla İsgəndərovun biabır olduğunu görsün. Hərdən düşünürdü ki, İsgəndərov vəzifədən çıxarılıb, Saatlı rayonunda suyu, qazı, işığı olmayan bir kəndin sovet sədri təyin olunub, Əlixanov plagiatlıqda günahlandırılıb, elmi dərəcəsi ləğv edilib, özü də Sumqayıtda Mənzil İstismar sahəsinin rəisi işləyir.

Vəli Axundov Sumqayıta niyə nifrət edirdi?

Axundov sevmədiyi Əlixanovu niyə Sumqayıta sürgün etmək  istəyirdi? Zemtsov yazır: 
Axundovun bu peyk şəhəri görməyə gözü yoxdu. Çünki çox çirkli idi, bir neçə min beşmərtəbəli evdən ibarətdi. Şəhərdə həmişə aclıqdı, elektrik qatarları kisə götürmüş gənclərlə dolu olurdu. Ölü şəhərin zavod və fabriklərində, idarələrində, elmi-tədqiqat institutlarında, məktəblərində 300 min nəfər adam işləyirdi və yaşayırdı. Sumqayıt cinayətkarlığa görə SSRİ-də birinci yerlərdən birini tuturdu. Burada, bir addımlıqda Bakıdan üç dəfə çox cinayət törədilirdi.

Xuliqanlıq və dələduzluq

1968-ci ildə Sumqayıtda yanğınsöndürmə ilə bağlı 210 yalançı çağırış olmuşdu. 1969-cu ilin mayında dərsdən sonra  şagirdlər 4 nömrəli məktəbin binasına daxil olub, 18 musiqi alətini sındırmış, kabinetləri dağıtmış, dərs jurnallarını və kitabları cırmışdılar. 1969-cu ildə Sumqayıtda 13 min pəncərə şüşəsi, 108 min elektrik lampası sındırılmış, 118 avtomobil yandırılmışdı. 1971-ci ilin aprel ayının 29-da fəhlə-gənclər məktəbinin müəllimi “Kommunist” qəzetinə yazırdı: Şagirdlərin qorxusundan axşamlar küçəyə çıxa bilmirik, məktəbdə qalmaqdan çəkinirik, iki yazdığımız şagirdlərdən qorxuruq. 
1971-ci il 7 dekabr. Azərbaycan KP MK-ya Olqa N. yazdığı məktubdan: Mən məktəbdə özümü düşmənlərin arasında hiss edirəm. Çünki idealist kimi bu məktəbə gəldim. Axşam məktəbində müəllim işləmək, fəhlə-gənclərə təhsil vermək istədim. Sumqayıt şin zavodunun üç nəfər kommunist əməyi zərbəçisi olan fəhlə-şagirdi 29 tələbənin gözü qarşısında məni yan otağa keçirib zorladılar. Sumqayıtda 1971-ci ildə 176 zorlanma baş vermişdi.
Quldurluq, soyğunçuluq: Sumqayıtda cinayət törədən hər iki nəfərdən birinin yaşı 16-ya çatmırdı. Sumqayıt küçələrinin sahibi uşaqlar və yeniyetmələrdi, milislər Sumqayıtda əmin-amanlıq yaratmağa qadir deyildilər. 1972-ci ildə milis 49 yeniyetməni ağır xəsarət yetirməkdə təqsirləndirib. Onların çoxu bəraət alıb: zərərçəkənlər qorxudan ifadə verməkdən imtina ediblər. 
1947-ci ildən 1971-ci ilə kimi Sumqayıtda 11800 adam ağır yara almışdı. Bu illər ərzində 6 min nəfər evində, yaxud küçədə qətlə yetirilmişdi. 1972-ci ildə Sumqayıtda heç bu qədər uşaq doğulmamışdı.
İlk beşilliklər ərzində Sumqayıtda 48 min nəfərə yaxın məhbus dünyasını dəyişmişdi. Həmin illər Sumqayıtda 11 əmək-islah düşərgəsi vardı. Axundov Sumqayıtı bir də 1963-1964-cü illərin fəhlə üsyanlarına görə sevmirdi.
1963-cü ilin noyabrı - 1964-cü ilin mayında etiraz nümayişləri bütün ölkəni silkələmişdi.

Öldürülən 380 min azərbaycanlı və Stalin sevgisi

Axundov özünə gələ bilmirdi. Necə ola bilər?! Kiminsə anlaşılmazlığı üzündən hər il bu şəhərdə 78 nəfər ölür. Özülü haramla qoyulub, insan qanı ilə yoğrulub. Şəhəri “zərbəçi” əməkçilərin nümayəndələri ilə yanaşı məhkumlar tikmişdilər.
Bu günlərdə respublika qəzetlərində çıxan bir xəbər də Axundovu yaman hirsləndirmişdi. Sumqayıt Sevastopolu sosializm yarışına çağırmışdı, nümunəvi kommunist şəhəri uğrunda yarışa qoşulmuşdu. Belə də şəhər olar? Teatrı, ali məktəbi yoxdur, üç-dörd qəlyanaltısı, bir neçə kababxanası var, iki-üç dənə kinoteatrı.

1964-cü ilin mayı

İlya Zemtsov yazır: Sumqayıt od-tutub yanırdı. Minlərlə fəhlə şəhər partiya komitəsinin qarşısındakı meydana toplaşmışdı, onlar gah oturur, gah da durub: “Çörək, ət! Ət, çörək!” qışqırırdılar. Bakıda da bunlar çatışmırdı, Sumqayıtda onu necə yoluna qoymaq olardı? Milislər bütün bunları zarafat kimi qarşılamadılar, kütləni mühasirəyə alıb meydandan çıxarmağa çalışdılar. Normal sovet düşüncəsinə görə qiyamçılar qaçmalıydılar. Ancaq onlar müqavimət göstərdilər, meydandan çıxmadılar. Bir milisi əzişdirdilər, ikincini yerə yıxdılar. Kimsə başı üstünə Stalinin şəklini qaldırdı. Niyə məhz Stalinin? Hansı sentimental hisslər, insani rəğbət azərbaycanlıları Stalinlə bağlaya bilərdi? Axı bu adam 380 min azərbaycanlını edam etmişdi, həbsxanalarda və sürgünlərdə öldürtmüşdü. Təəssüf ki hər şey rəqəmlərlə hesablanmır, həyatını informasiyasızlıqla dəyərləndirən insanlar elə düşünürdülər ki, onda indikindən yaxşı idi.

Kim həbsxanada olmayıbsa

Bakıya girişin bataqlıq çöllərində palçıqdan, dəmir və taxta parçalarından tikilmiş “gecəqondu”lar yoxsulluğun, ağır həyatın bariz nümunəsi idi, adamları bu yoxsulluğun miqyasından daha çox, onların bu vəziyyətlə barışması narahat edirdi. Adamların nəinki sabaha, bir saat sonraya inamı yoxdu. Uşaqlar hər şeyə laqeyd baxırdılar. Höcətləşmə, qalmaqal onların həyat tərzinə çevrilmişdi. Onların sifətlərində strateji ağıllılığın nişanələri vardı. Onlar nə vaxtsa qiyam edəcəklər? Qiyam qaldıracaqlar? Kim həbsxanada olmayıbsa, irəli çıxsın! Siz ağıllı olacaqsınız?
-Mən sizə on dəqiqə vaxt verirəm, dağılışmasanız, polkovnik Rzayev Sumqayıtdakı meydanda özünü cıra-cıra qışqırırdı. O, yüzlərlə milis işçisi ilə Stalinin şəklini tutmuş dəstəni mühasirəyə alırdı.
-On dəqiqə vaxt verirəm, çəkilməsəniz, itləri buraxacağam. Hər iki milis nəfərindən birinin əlində it vardı. Hamısı da bəslənmiş alman itiydi.

Milislər və itlər üçün böyük gün

Bu gün milislər və itlər üçün böyük gün idi. “İt insanın dostudur”, deyirlər, təəssüf ki hələ heç kim özü üçün aydınlaşdırmayıb, itin sahibi necə? O da insanın dostudurmu? Həmin gün 96 nəfər yeniyetmə və gənc möhkəm it dişləməsindən Semaşko adına xəstəxanaya göndərildi, Sumqayıt zahirən çəkilmiş bir şəkildəki kimi idi, elə bil tənbəllikdən qalaylanıb... cənubda görünən göy üzü ağappaqdır, yerdə ağaclar və ot yaşıldır. Hər şey belə görünür. Amma bunlar aldadıcıdır. Şəhərin yolları hər tərəfdən yerində qalmış maşınlarla kəsilib, küçələr şüşə qırıntıları ilə doludur, kütləni qovmaq üçün vurulan sular hələ tam qurumayıb. Elə düşünməyin ki, çekistlər ibtidai icma quruluşu insanlarına oxşayırlar. Səhv fikirləşirsiniz. Mayor Orucovda qorxulu heç nə yoxdur! Zahirən uğur qazanan cənaba oxşayır. Ailədə çox danışan, xeyirxah ailə başçısına bənzəyir. Özünün düzgün olduğuna inanan açıq adamdır: “Siz hiddətlənirsiniz?  Aydınlaşdırarıq. Nə, kimsə kor olub? Yaralananlar var? Təəssüflənirəm. Uşaqlar bir az qızışıblar? Yazıq. Biz buna yol verə bilməzdik: Bu gün Sumqayıt, sabah Bakı. Güman edirsiniz, bu nə ilə qurtara bilər? Doğrudanmı fəhlələr başa düşmürlər ki, biz liberallıq edə bilmərik? Ola bilər, araqarışdıranlar təsadüfən qiyam etməyiblər...”.

Onların arxasında kimsə durur?

Mayorun səsindən riyakarlığı hiss edilmir. Mayor o qədər də qorxulu deyil, saçlarına dən düşüb, yüngül gülüşü və köppə dodaqları səmimilik yaradır. Ancaq kor olmuş gənci ayaqlar altında əzən, qayışla döyən o deyildimi?...
1965-ci ilin may ayının doqquzunda Bakıda iğtişaşlar baş verdi, həbslər başladı. Həmin gün Bakı təntənə ilə faşizm üzərində qələbənin 20 illiyini qeyd edirdi. Tribunada qardaş respublikalardan gəlmiş qonaqlar da vardı. Qəfildən “iğtişaşçılar” Lenin adına meydana (Azadlıq) girdilər, tribunaya sarı getdilər. General və nazirlər qaçdılar. Şəhərin meri Ə.Ləmbaranski onları acizanə şəkildə yola gətirməyə çalışırdı:
-Xahiş edirəm, dağılın... Dağılın... Xahiş edirəm, bütün iradlarınızı sabah, icraiyyə komitəsində deyərsiniz.  
Bütün günü və gecə Bakıda şuluq mahnılar eşidildi. Lakin tezliklə “günahkarlar”, “qiyamçılar” tapıldı, hər şey cinayətkarların adına yazıldı. Guya onlar mağazaların vitrinini sındırmış, talançılıq etmişlər. Bu iğtişaşlarda məhkumlar vardı, amma onlar 1964-1965-ci illərdə Azərbaycandakı narazılığın üzə çıxan köpüyüydü. Azərbaycanın problemi hər şeydən əvvəl yoxsulluqdan, hüquqsuzluqdan, ümidsizlikdən çıxa bilməməyindəydi. Azərbaycanda əhalinin  gəliri Moskvadan 1,7 dəfə az idi, ixtisassız fəhlələrin sayı 1,8 dəfə çox idi. Cinayətkarlıq üç dəfə, narkomanların sayı 2-3 dəfə, zöhrəvi xəstələrin sayı 2 dəfə çox idi.
Sov.İKP MK-nın fövqəladə komissarı V.Qladışev büro iclasında xəbərdarlıq edirdi: “Bir qədər ehtiyatlı olun, Bakı, Sumqayıt... özünüzü farağat aparın!”.

(Ardı var)           azadliq.info       Surxay Hüseynli

Комментариев нет:

Отправить комментарий