20.12.2015

Bu səhər xəzan var

Məhəmməd Tanhu

Bu sabah sənin yeganə dostun olan kölgən qeybə çəkilib,
əks-səda daha boğuq dərələrdən də ucalmır bu səhər
Yolların tozunda udqunan saralmış yarpaqlar,
əzilməsinlər deyə sərt küləyin zəhlətökən nəğməsinə sığınarlar,
gücünə nabələdlikdən güc gələ bilmir deyə,
boyun əyir keçici rüzgarlara, sovrulurlar sağdan sola, soldan sağa.
Vəhşətli qasırğanın ağuşunda çapalayan bircə yarpaq hifz olunar bu taydan o taya adlayan insanın ayağı altda qalaraq ağırlığının üzünü yalayıb, ölümlə ehtirasla öpüşənə qədər.
Keçilməsi çətin küçələrin bəyaz zülmətində yolunu azmasın deyə uzağa getməz arzular.
O arzular ki artıq inildəməkdən yorğun düşərək bir neçə kağızın hamar səhifəsində unudulmamaq üçün yuxuya gedərlər
zamanı gələndə oyanmaqdan ötrü.
Fəqət bükülüb bir kənara tullanıldıqları zaman gülümsəyərlər gözlərindən mürəkkəb axan qələmin üzünə.
Pəncərə önündəki saxsı qablarda əyləşmiş, bir zamanlar nəvaziş dənizində boğulmaq üzrə olan çiçəklər
suya həsrət qalar, günəşin təbəssümünə həsrət qalar. Qəlblərinə dirilmə qığılcığımın işartıları isə
isti bir sığal çəkməklə gələr.
Bu sabah sənin yeganə dostun olan kölgən qeybə çəkilib,
əks-səda daha boğuq dərələrdən də ucalmır bu səhər.
Bu sabah bir başqa qarşılayıb səni dəlisov küləklər,
Bu sabah bir özgə təravətdə əsir sərsəri rüzgarlar.
Bu sabah bir başqa.
bu gün
səhərin nəfəsi daha qorxulu...
bir o qədər ümidli.
Bütün bunlar dəyişə bilər,
tələs
sehrli çubuğu musiqi səslənməsə də rəqs elətdir.
Hər şey sənin əlində...
Bu səhər sənin səhərin!

Комментариев нет:

Отправить комментарий