17.12.2015

Xeyirxahlıq, Henri Kramer və avtobusdakı qoca haqqında

Mətləb Ağa

Nə vaxtdır ki, Xeyirxahlıq və şər haqqında yazmaq istəyirəm.
Onların mahiyyəti barədə...
Bu ərəfədə “Tibet ölülər kitabı”na dair oxuduqlarım bu istəyimi bir az da qüvvətləndirdi.
Eramızın VIII əsrində yaşamış bir buddist hind sufisi Padma-Sambhava tərəfindən ərsəyə gətirildiyi deyilən 49 bölümlük “Tibet ölülər kitabı”nda, əgər insan gələcək həyatında bu dünyada yenə insan doğulmaq istəyirsə, öləndən sonra cəhənnəmə düşmək və yaxud heyvan olaraq doğulub ortalarda dolaşmaq istəmirsə, hazırki həyatında xeyirxahlıq etməsininin vacibliyi, yaxşı insan olmalı olduğu deyilir.”
Məqsədi ölmüş insana o dünyadakı yolçuluğunda bələdçilik etmək olan bu kitabın gəldiyi yekun nəticə bundan ibarətdir.
Təsadüfi deyil ki, Tibetdə "jhator" (quşlara verilən ehsan) adlanan, bizə olduqca qorxunc  görünən dəfn (“Səma dəfni”) adəti oradakı digər dəfn adətlərindən daha geniş  yayılıb. 
Bu adət ölənlərin meyitlərinin yaxın adamları tərəfindən dağlıq əraziyə aparılmasından, hissələrə bölünərək quşlara (kərkəslərə) verilməsindən ibarətdir.  
Tibetli fikirləşir ki, o, bununla öləndən sonra sonuncu dəfə də xeyirxahlıq etmək imkanına malikdir. Artıq ruh tərəfindən tərk edilmiş,  adi ət parçası olan cəsədlə ac quşları  axı bir dəfə də olsa yemləmək, doydurmaq  mümkündür.  
Müqayisə üçün deyim ki, antik Misir “Ölülər kitabı” da “Tibet ölülər kitabı”yla eyni məzmunun daşıyıcısıdır.
Yəni, antik Misir kitabında da, ölüm baş verəndən sonra insan ruhunun o biri həyatda çətin sorğulanmadan keçməsindən, insanın vicdanlı olub-olmamasının bu sorğulanma (psikostazi) zamanı böyük əhəmiyyət daşımasından və ölümdən sonra reallaşan bu vicdani hesablaşmanın ardından bəzi ruhlara yenidən həyata qayıtmaq imkanı tanınmasından söhbət açılır. 
Amma antik Misirdə insanları öldükdən sonra  öz istəklərilə mumyalayırdılar və beləliklə, bu o deməkdi ki,  insan növbəti həyat üçün öz bədənini qorumağa çalışır...
Yenidən həyata gəlmək üçünsə, indi yaxşı ol-malısan...
Deməli, bu nöqtədən etibarən, Tibet insanının xeyirxahlıq barədə düşüncəsi antik misirlinin şüurundakı oxşar anlayışdan  kəskin fərqlənməyə başlayır. 
Və bir də bu arada oxuduqlarımdan “Malleus Maleficarum”a dairləri də var...
Belə yazılır ki, amansız inkvizitor və  katolik alman ruhanisi  Henri Kramer  (Heinrich Kramer) 1485-ci ildə bir zavallı qadına qarşı həyata keçirdiyi inkvizisiya məhkəməsində istədiyinə nail ola, o qadını cadugərlikdə təqsirləndirib yanar tonqala göndərə bilmir və  bu uğursuzluğunu heç kimə bağışlamır.        
Yeri gəlmişkən, o dövrün cadugərliklə əlaqəli digər bir kitabına görəsə, inkvizisiyanı, “dindən üz çe-virənləri yenidən geriyə, dinə qaytarmaq və başqa tərəddüd edənlərin də dindən uzaqlaşmasına yol verməmək” səbəbiylə XIII əsrdə  katolik kilsəsi yaradıb. 
Biz inkvizisiyaya kilsə polis təşkilatı da deyə bilərik.
Beləliklə, Kramer həmin  uğursuzluğundan bir il sonra,  uğursuzluğundan doğan dəhşətli nifrətinin (şərin) məhsulunu- “Cadugərlərin çəkicı” (latınca orijinal adı “Malleus Maleficarum”, ingiliscə "Hammer of the Witches", almanca “Der Hexenhammer”, türkcə “Cadıların çekici”) kitabını  yazır.
Budur, şər yenidən, başqa bir yerdə, fərqli bir cilddə doğulur və sürətlə yüksəlir...
Amma həqiqətdə, necə və nə baş verib:
5 dekabr  1484-cü ildə  Papa VIII  İnnokenti cadugərliyi asıb-kəsən, əslindəsə insanlığa nifrət aktı olan bir fərman verir və bu fərmanla yanaşı iki nəfər inkvizisiya alim-cəlladına göstərilən xüsusda geniş səlahiyyətlər  tanıyır.    
Bu həmin Papa VIII  İnnokentidir ki, 1489-cu ildə, ХV əsrin ən məşhur kabbalistlərindən  (kabbalizm -Yaradanın mahiyyətini dərk etməyə və  varlıqların, insanın mövcudluğunun səbəbini anlamağa çalışan yəhudi mistikası) italyan mütəfəkkiri Piko Della Mirandolanın “Fəlsəfə, kabalastika və teologiya barədə nəticələr” adlı əsərini "kafir və xəstə ağlın sayıqlaması" adlandırır və  humanist alimə lənətlər yağdırır. 
Görün ki, kim kimə nə deyir...
Bu lənətləmənin səbəbi də odur ki, Mirandola bu əsərində insanı hər şeydən  üstün tutur.
Bizim tariximizdəki hurufilərin insana yanaşmalarının mahiyyəti də Mirandolanın buradakı möv-qeyilə təxminən eynidir.
Nəsə. Hurufiliklə və Mirandolayla işimiz yoxdur.
Dediyimiz alim-cəlladlar Yakob Şprenger və artıq tanıdığımız Henri Kramer  idi.
Onlar öz mənəvi ataları Papa VIII  İnnokentinin etimadını artıqlamasıyla doğruldurlar, 1486-cı ildə Yakob Şprenger və Henri Kramerin əlbir  səylərinin  nəticəsində “Malleus Maleficarum” ortaya çıxır və 1487-ci ildə ilk dəfə Almaniyada, Şpeyerdə  nəşr olunur.
Eyni zamanda, maraqlı bir şey də baş verir bu proses zamanı:
Belə ki, yenicə kəşf edilmiş, (artıq 1450-ci ildə H.Kramerin həmvətəni İohan Quttenberq metal hərflərdən istifadə etməklə kitab çapı texnikasını yaratmış, daha sonra çap dəzgahını kəşf etmiş, bundan istifadə etməklə Avropada ilk mətbəəni qurmuş və bu kəşfin “Qutenberq Bibliyası” adıyla tanınan ilk dünyaca məşhur nəşrini təxminən 180 tirajla dərc etmişdi) əslində özlüyündə mütərəqqi icad olan mətbəə bu iyrənc kitabın geniş yayılmasını sürətləndirir, nəticədə bu kitab Atlantik okeanını da aşıb Yeni Dünyaya, Amerika sahillərinə gəlib çıxır və burda da insanlığın faciəsinə səbəb olur.
Sözüm onda da deyil.
“Malleus Maleficarum” nəşr olunur və bundan dərhal sonra kilsə bu kitabı günahsız insanlara əzab-əziyyət vermək işində öz stolüstü kitabına çevirir.
Hansı ki, bu kitab cadugərlik adı altında günahsız insanlara qarşı həyata keçirilən total qeyri-insani hücumu dini və hüquqi cəhətdən əsaslandırır, “cadugərləri  necə tanımaq və onları necə cəzalandırmaq olar” kimi sərsəm suallara sərsəm və dəhşətli  cavablar verir.
Necə deyərlər: “Gedin və günahsız insanları öldürün” 
Şər dayanmadan irəliləyir...
Səbəb nədir?
Cəhalət, nadanlıq, xurafat ola bilərmi?
Bütün bu qəddar xüsusiyyətlərindən çıxış edərək, “Malleus Maleficarum”u dünya ədəbiyyatının  ən qəddar və ən zərərverici kitabı”ı da adlandırırlar.
Yəqin elə buna görə də, dövrümüzdə National Geographic Channelin  bu mövzuda çəkdiyi sənədli film haqlı olaraq bu kitabı faşist Adolf Hitlerin “Mein kampf”ıyla eyniləşdirir. 
Bir söz yığını nələrə qadirmiş...
Bu kitab orta əsrlər xristian dininin himayəsində yaranır və şərin yaddaş kitabı  olaraq amansız, sırtıq və həyasız şəkildə qadınlara və ümumilikdə insanlara nifrəti təbliğ edir, onları alçaldır, nəticədə, cadugər adı verilən bədbəxt bir qadına (əksərən kimsəsiz dul qadınlar olurdu, hər halda, tarixçilər bu yazıq qurbanların yüzdə yetmişinin qadınlar olduğunu yazır) işgəncə verilir, ondan cadugərliyinin etirafı istənilir, o qadın da sonsuz işgəncələrə dözməyərək özünün cadugər olmasını deyir, bundan sonrasa əlbəttə, kilsə öz istədiyinə çatır və o zavallı qadın günahkar elan olunub diri-diri yandırılaraq öldürülür. Əlbəttə, bu sorğu-sual zamanı həmin qadından cinayəti tək, yaxud başqalarıyla birlikdə edib-etməməsi də soruşulur, bədbəxt qadın təzədən başlanan qorxunc  işgəncələrə dözməyib cinayət ortağının (ortaqlarının) da olmasını etiraf edirsə, o digər qadını (qadınları) da asır, kəsir, suya atır, yandırırlar. 
Bu zaman, heç bir şahidə və sübuta ehtiyac yoxdur. İşgəncə ver və sənə nə deməklərini istəyirsənsə, sənə nə lazımdırsa bunu hesaba çəkdiklərinin boynuna qoy. 
Bu prinsipə əsaslanırdılar.
Necə deyərlər, inkvizisiyanı təbrik etmək olar.
İntəhasız gücə malik nəhəng polis təşkilatı, şərin nökərləri olan qoluzorlu kişilər zavallı bir qadını qarışqa kimi əzib keçir...
Bəşəriyyətin üz qarası...
Şər böyükdür! İnanmırsınız?
Təbii fəlakətlər baş verirdisə, yəni sel daşır, yağan dolu əkin sahələrini məhv edirdisə buna səbəb o bədbəxt qurbanlar sayılırdı. 
Qadınlar doğmurdularsa, kişilər uşaq törədə bilmirdilərsə, inəklər süd vermirdilərsə, toyuqlar yumurtlamırdılarsa səbəbi kimdir? Əlbəttə, cədugərlərdir. Başqa sözlə, kasıb, yazıq dul qadınlardır. 
National Geographic Channelin iddiasına görə, təx-minən 200 il ərzində böyük bir Avropa coğrafiyasında  tüğyan edən bu vəhşilik “Malleus Maleficarum”un yolgöstərənliyilə 40-60 min arası insanın qəddarlıqla  öldürülməsinə vasitəçilik edib.İnanmaq olar... 
Sonra nə baş verdi?
Yavaş-yavaş bu alçaq, sərsəm və həyasız  insanların ağlı başlarına gəlməyə başladı və “Malleus Maleficarum”un ideoloji rəhbərlik etdiyi qırğın XVII əsrin sonlarına  yaxın demək olar ki, sakitləşdi... 
Alçaq, sərsəm və həyasızmı?
Bəlkə, nadan?  
Olansa, olmuşdu... Şər növbəti qələbəsini bayram edə bilərdi...
Burada yazını tamamlamaq istəyirdim.
Amma çoxdan olmuş, öz gözlərimlə gördüyüm bir əhvalatı da yazmaq istədim.
90-cı illərin əvvəlləri idi. Bakıda universitetdə oxuyurdum. Bir gün rayondan (Salyandan) avtobusla Bakıya gedirdim. Yolda sürücü avtobusu saxlayıb sərnişinlərdən gediş haqqlarını yığmağa başladı. Qabaqdakı oturacaqların birində oturmuş lap qoca bir kişisə yol pulunu  vermədi. Sözsuz ki, imkanı yoxdu, görkəmi və geyimi buna şahidlik edirdi. Onun kimi qoca olmasa da hər halda, yaşlı adam olan avtobus sürücüsü ondan pul ala bilmədiyini görüb acıqla, “bəs sənin pulunu kim verəcək, ay kişi” deyə soruşduqda, qoca, halını pozmadan, heç qımıldanmadan da, sakit səslə, “Allah” dedi.
Və bundan sonra, gözləmədiyim bir hadisə baş verdi, avtobus sürücüsü  sakitcə dönub getdi.
Yəqin ki, indi onların heç biri bu dünyada yoxdur...
Heç yadımdan çıxmır...
Bu əhvalatın üstündən çox illər keçib. 20 ildən də çox.21 il, 22 il?
Dəqiq xatırlamıram...
Əslində, əhvalat kimi bu,  çox kiçik əhvalatdır...
...Xeyirxahlıq və şər haqqında yazmaq istəyirdim...

Комментариев нет:

Отправить комментарий