İkona- yunan sözü olub, şəkil, surət mənasını verir və adətən İsa Məsih, Xanım Məryəm, müqəddəslər və mələklərin, eləcə də İncildən bəhs edilən qisələri vəsf edən surətləri təsvir olunan lövhələrdən ibarətdir. İkona- dua etmə təcəssümü və lövhələrdə həkk edilmiş dini, dəqiq desək xristian dinin müqəddəslərinin tərənnüm və təzim olunma vasitəsidir. İkonalar adətən pravoslavlarda, katoliklərdə və qədim şərq kilsələrində istifadə edilir. Kilsə təliminə əsasən ikona İlahinin yer üzündə təcəssümü və onun gözlə görünən ifadəsidir. VI əsrdə yazılmış rəvayətə əsasən, İsa Məsihin ilk ikonası onun yer üzündə yaşadığı dövrdə yaranmışdır. Həmin ikonanı “Bənzərsiz Surət” adlandırırlar, çünki o, rəssam əli ilə çəkilməmişdir, İsanın üzünə çəkilmiş parçanın (dəsmalın) üzərində qalan İsanın üzünün təsvirdir.
İkonanın yaranma tarixi haqqında bir çox rəvayətlər mövcudur. VI əsrdə yazılmış rəvayətdə deyilir ki, Eddesa şəhərinin padşahı olan Avqar cüzam xəstəliyindən əziyyət çəkirdi. Öz qulamını İsanın yanına yollayır, padşah şəfa tapmaq üçün İsanın ya Eddesaya gəlməsini və yaxud da öz rəsminin çəkilməsini xahiş etmişdir. Xahişə cavab olaraq, İsa öz üzünü yuduqdan sonra dəsmalı öz üzünə qoymuş və dəsmalı götürdükdən sonra onun surəti möcüzəvi şəkildə dəsmalın üzərinə həkk olunmuşdur. “Bənzərsiz Surətli” dəsmalı əlinə alan Avqar şəfa tapır və sonra dəsmalı bir lövhəyə vuraraq Eddesa şəhər darvazasının üzərində asdırdı. Sonralar onu düşmənlərdən qorumaq üçün lövhəni divara hördülər. Həmin lövhəni insanlar 6-cı əsrdə divardan çıxardılar və həmin lövhə xristian Şərqinin ən təzim edilən müqəddəsinə çevrildi. 944-cü ildə “Bənzərsiz Surət” Konstantinopol şəhərinə köçürüldü və bu hadisənin şəninə həmin tarixə təsadüf edilən günü, yəni 16 avqustu bayram elan etdilər. Həmin lövhə 1204-cü ildə edilən səlib yürüşçüləri tərəfindən edilən qırğınlar zamanı oğurulandı. “Bənzərsiz Surətin” ehtimal edilən müqəddəscəsinə təzim edilən bir nüsxəsi (XIII əsr) Fransanın Lan şəhərinin baş kilsəsində saxlanılır.
Süjetə görə ikonaları aşağıdakı kimi təsnif etmək olar:
1.Müqəddəs üçlük ikonaları- simvolik və üçlük doqmat təsvirlidir;
2.Xristologik ikonalar- bu tip ikonalar arasında Xilaskar ikonası;
3.İsa Məsihin iştirakı olan İncil qissələri təsvirlərini xüsusi qeyd etmək olar- burada ayrı bir qrup kimi Məsihin çarmıxa çəkilmiş və işgəncələrə məruz qalmış təsvirləri xüsusi diqqəti çəkir;
4.Xanım Məryəmə aid olan ikonalar- bu növ ikonalar sırf xanım Məryəmin təsvirləri və onunla aid olan bayramları əhatə edir;
5.Müqəddəslər və qeyri-maddi varlıqların təsvirləri;
6.Bayramları və Müqəddəs tarixin hadisələri təsvir olunmuş ikonalar;
7.Simvolik və alleqorik kompozisiyalı ikonalar.
Təsvir olunan personajların sayına görə bir, iki və s., eləcə də çoxfiqurlu kompozisiyalı ikonalar vardır.
İkona sənəti daha çox pravoslovlarda inkişaf tapmışdır. Buna görə də məhz bu konfensiyada müxtəlif növ ikona sənəti mövcuddur: Novqorod, Moskva, Stroqanov və s. Eləcə də sənət atributuna görə də hər hansı bir sənət əsəri hansısa konkret ustanın adı ilə əlaqələndirilə bilər- məsələn, «Andrey Rublyov emalatxanasına aid ikona» və ya «Dionisiy emalatxanasına aid ikona».
Texniki uslubuna görə ikonaları aşağıdakı hissələrə ayırırlar:
1.Nəqqaşlıq ikonaları- bunların arasında enkaustik, mozaik, temper ikonalarını qeyd etmək olar, yəni bu ikonalar yağlı boya texnikası ilə çəkilmiş əsərlərdir;
2.Tikiş ikonaları- hər hansı bir tikiş texnikası ilə işlənmiş ikonalardır;
3.Tökmə ikonalar;
4.Müxtəlif ikonalar;
5.Çap və tipoqrafiya ikonaları;
6.Tağlı mehrab- hər iki tərəfdə nəqqaşlıq təsvirləri ilə işlənmiş və bir neçə şarnir bəndlənmiş lövhələrdən ibarət qatlanan ikonalar.
Qeyd etdiyimiz kimi ikona sənəti provoslavlarda daha geniş təşəkkül tapmışdır. Bir şeyi də qeyd etməliyik ki, ikonanın materialı əsasən qiymətli ağac materialı olur. İkonaların əsas təsvir qəhrəmanı əlbəttə ki, İsa Məsih hesab edilir. Xristian təliminə əsasən Məsihin adlarından biri Xilaskardır və bu adda bir çox ikonalar yaradılmışdır. Belə ki, xristian təliminə əsasən İsa Məsih eyni zamanda Tanrı və Tanrı övladıdır və bütün bəşəriyyətə xilaskar göndərilmişdir. Əlbəttə ki, İslam dini İsa peyğəmbərin Tanrı adlandırılması izahı ilə razılaşmır.
Məsihə aid ikonalarda bir çox hallarda nimb (dairəvi nur) effektindən istifadə edilir. İsa peyğəmbərin başının ətrafında nur şəklində bir dairə həkk olunur və adətən bu dairə qızılı rəngdə təsvir olunmuşdur. Nimbin dairəvi olmasının səbibi peyğəmbərdə sanki nurun daim, tamamlanan və nəhayətsiz olmasına işarədir.
Orta əsrin böyük rəssamı olan Andrey Rublyovun adını burada qeyd etməmək olmazdı. Çünki Rus ikona sənətinə bu şəxsin zəngin töhfələri olmuşdur. Andrey Rublyov XIV əsrin sonlarında və XV əsrin əvvəllərində yaşayıb yaratmışdır. Onun adı elə öz yaşadığı dövrdə məşhurlaşmış və ölümündən sonra da onun yaratdığı sənət əsərləri daim maraqla izlənilməkdədir. Andrey Rublyov XV əsrin əvvələrində Danill Çorni ilə rus sənətinin ən gözəl nümünələrdən olan Vladimirdəki Uspenski saborunun ikonalarını yaradır. Onun Blaqoveşenski saboru üçün yaratdığı bayram ikonaları şəfaf təmiz tonlar ilə işıqlanır və digərlərdən fərqlənir. Və burada digərləri ilə müqayisədə o qədər də kəskin rəng təzadları yoxdur.
Andrey Rublyovun yaratdığı ikonalar arasında ən məşhuru əlbəttdə ki, Uspenski saborunda işlədiyi məşhur «Üçlük» ikonasıdır. Bundan əlavə Andrey Rublyov yüzlərlə digər rəngarəng ikonaların və ikonastasların (pravoslav kilsəsində ikonaların asıldığı divar) yaradılmasında iştirak etmişdir. Böyük şöhrət tapan sənətkarın öz böyük emalatxanası və şagirdləri var idi.
Həmçinin Dionisiy də Rublyovla eyni vaxtda işləmişdir və onun təsirini duymuşdur. Dionisiy bir sıra maraqlı ikonalar yaratmışdır.
Digər böyük ikona təsvirçisi Feofan Qrek olmuşdur. O, təqribən 1340-cı ildə anadan olmuş və 1405-ci ildən sonra dünyasını dəyişmişdir. Bizans imperiyasından olan bu sənətkar sonrada Rusiyaya köçmüş və burada misilsiz ikonalar yaratmışdır. Onun əsərləri monumentallığı, daxili qüvvəsi, obrazların dramatik ifadəliyi və nəqqaşlıqda cəsarətli üslubu ilə xarakterizə olunur. Böyük rəssamın məşhur əsərlərindən Don diyarının «Müqəddəs Məryəm» ikonası (1380), «Uspenie Boqoroditsı», «Preobrajenie» (1408) və s. qeyd etmək olar.
Ümumlikdə götürdukdə ikona sənətin yaranma tarixi bizim eranın erkən dövrunə təsaduf edir. İkona sənətin yaranma dövru ilə tanış olduqda onun ilkin yaranması İsa Məsihin yaşadığı dövrlə eynilik təşkil edir. Onun həmin dövrdə yaranmasının səbəbi dini səciyyə daşıyırdı.
İkona sənəti öz dövru üçün dini cəhətdən bir sıra funksiyaları yerinə yetirirdi. İkona sənəti indiki dövrdə də öz əhəmiyyətini itirməmişdir.
rzayevcamal@mail.ru
Комментариев нет:
Отправить комментарий