"Girdim adəm donuna/ Sirrim bilən olmadı" (Nəsimi).
Dünyanın qəribəliklərindən ən qəribəsi millətlərin dilləridir.
Babildə Allahın yanına getmək üçün insanların yaratdıqları Babil qülləsini- merac aparatını dağıtdıqdan sonra uca Allahımız insanların vahid dilini 72 hissəyə böldü ki, bir-birini anlayıb yenidən merac aparatını yaratmasınlar. Deməli, merac etmək üçün əsas vasitə dildir, sözdür, səsdir.
Müdriklər qədimdən dildəki səsləri, sözləri yazılı dilə keçirmək üçün onları hərflərə keçirdilər. Hər bir hərfdəki səs və bu səslərdən yaranan hər bir söz isə yazılışı, oxunuşu, intonasiyası və s. ilə özünün 7 mənasını 4 anlamda 28 oxunuşda bildirirdi. Dilləri qarışdırmaqla bunların çoxu gizlədildi, bir hissəsi açıq qoyularaq gözdən yayındırıldı. Çoxluğa yalnız açıla bilənlər açıqlandı. İnsanlıq böyüdükcə, püxtələşdikcə bəzi gizlinlərin açıqlanmasına icazə verildi.
Beləliklə, səsləri hərflərə, işarələrə köçürəndə yalnız samitləri yazıya aldılar. Saitlər isə Allahın yanındadır dedilər. Samitlərdən isə H və onun keçidlərini (X,Q və s.) də yazıdan gizlətdilər. Beləliklə, A, Ə, E, O, Ö, İ, I, U, Ü, H, Q, X yəni 12 hərifə (12 həvar, 12 imam, 12 məğz, 12 rəmz) yazıdan gizlədildi.
Yazıdakı hər sözü həm düzünə, həm tərsinə oxudular. Məsələn, TN sözünü NT kimi də oxumaq mümkün idi. Saitlər yalnız səslənəndə deyilirdi. TN sözünü ortaya bir sait qoymaqla TON, tərsinə oxumaqla NOT sözü alırıq. TON sözünü intonasiya ilə həm səs tonu, həm də çəki anlamında işlədə bilərik. TN- ə saiti ortaya qoymaqla “TƏN” kimi, bir “Ə” də sonuna artırmaqla “TƏNƏ” kimi, tərsinə oxuyub NT sözünü “NOTA” şəklində, yaxud başqa formalarda oxuya bilərik.
Qədim yazılarda saitlərin yazılmaması indi də onların oxunmasında dilçi alimlər üçün çox çətinlik yaradır. Çünki saitlərin də yazıldığı əlifbalar çox yaxın zamanlarda baş verdi və əsl mənaları açıqda qoyulmaqla daha yaxşı gizlətməyə gətirib çıxartdı.
Uca və Yek Yaradan ilk proto dili 72 yerə böləndə, proto dildən hər dilə dilin bir hissəsi düşdü. Bəzi həriflər bir qrup millətə verildi, bəziləri yox. Məsələn, bizə H səsi ruslara CS (tc) kimi. Bəzi sözlər bir dilə, bəziləri bir neçə dilə, bəziləri bütün dillərə (AMİN kimi) keçdi. Sonra ləhcələr, şivələr yarandı. Sözlərdəki hərflər dəyişib başqa formada sözləri səsləndirdi. Məsələn, hətta eyni kökdən olsaq da biz MƏN dedik, türkiyəlilər BƏN. Hətta eyni cür səslənən sözlər də bir birindən fərqli məna kəsb etdilər. Məsələn, “SÜMÜK” sözü eyni səslənsə də, bizdə bir mənada, Türkiyədə tamam başqa mənada işlədilir. Hər xalq olduğu mühitə və inkişaf səviyyəsinə görə yeni sözlər də icad etdi. Beləliklə dillər fərqlənməyə başladılar.
Daşların dağıdılması vaxtı idi, onları dağıtdılar, bəlkə indi daşların toplanması vaxtıdır?
Və mən Sizə bu yazıda açıqlamasına icazə verilmiş ilkin 3 samitdən bacardıqlarımı izah etməyə çalışacam. Bu mənim əfsanəm, mənim nağılımdır, inanan inanar, inanmayan əfsanə kimi qəbul edə bilər. Beləliklə, ilk 3 samit səs, 3 samit hərf M, N, R.
Bir-birinə keçən ilk hərflər M və N oldu. Əvvəlcə M yarandı, ondakı yaranış enerjisi çox güclü olduğundan, sonrakı ezoterik praktrikalarda, nəfəs alma məşqlərində bu səs “OM”, O saitini uzatmaqla “OOOM” (Hindistanda qalıb) kimi səsləndirildi, yarandığı enerjinin mənbəyi kimi. Enerjini içmək mənasında “ƏM” kimi, yerdəki həyata gətirən həyatverici başlanğıcı “AM” kimi, yaradıcı əqli enerjiyə “UM” (UM- istə, rusca ağıl), İlahinin xidmətçisi “İMAM” ilk fizioloji enerji ötürənə (yeməyə) Ma;Mə (Türk dillərində qalıb) həyat verən Ana mənasında “MAMA”, “MƏMƏ” dedilər. Sonda gizli samit H və saitlə bəzənib “hom, homo”- insan oldu. İnsanın olduğu yer isə HOME (ingiliscə) kimi səsləndi. Vacib olan, gizlin işarələrə HİM (Cim), oxşayan, sığallayan, yaradıcı (dağıtmayan) küləyə MEH dedilər.
Gizli H, X, Q keçidindən və saitlərdən HOMA, XAOMA (kahinlərin gizli içkisi, ilahi içki, ilkin maye) XAM (başlanğıc, həyat verən məsələn, şumlanmamış xam torpaq, xam maddə və s.), QAM (kahin), MAQ (sehri idarə edən), XAMA (qiymətli əsas, süd xaması, maddənin cövhəri), birlik, dəstə mənasında QOM, QOMA (göyərti qoması), QUM (axan), QUMQUMA (su, həyat toplanmış qab və s.) ilkin, gizli, başlanğıc gücü göstərən sözlər yarandı. Bərkidənə MIX, əsasa, üzərində ağırlıq saxlayana XIM (binanın XIMI), təmizlik yerinə HAMAM dedilər.
HAMI-nı o yaratdı və HAMI-ya HAMİ özü oldu.
Bir-birinə keçən hərflərin ikincisi N hərfidir. İlk öncə yaranış vaxtını göstərən və bu yaranışı yadda saxla mənasında “AN” və “ANİ” oldu, sonralar yeni sayın yeni mərhələdə təkrarını, yeni başlanğıcı göstərən “ON” oldu. Çox vacib şeylər ƏN (güclü, lazımlı və s.), vacib şeylər ÜN (ünlü), ƏN ÜN-lü yemək əsası isə UN oldu. Undan çörək- NAN hazırlandı.
Он (она, оно) həm də şəxsiyyəti, cinsləri ifadə etdi (rus dilində qaldı). Göylərdən, yuxarıdan gəldiyinin, endiyinin və genişliyinin ifadə edilməsi üçün “EN” oldu. Həyat başlanğıcı zamanını göstərən “AN” sözünə bir sait də artırıb yerdəki həyat başlanma anını verənə “ANA” dedilər (Əgər ata səni öz bətnindən çıxarıb, yeni Vətənə atandırsa, ana düşüncəli həyat anını bəxş edəndir). “AN” sözünü tərsinə oxuyub “NA”- yəni al (rus dilində saxlanılıb), “ON” sözünü tərsinə oxuyub “NO” sözünü (rus dilində amma deməkdir) aldılar. AN sözü önünə gizlədilən samiti və onun keçidlərini qoyub anın, zamanın hakimiyyətini bildirən HAN, XAN sözlərini, həyat və anla, başa düş mənasında “QAN” sözünü yaratdılar. Durmaq, bir yerə enmək mənasında “QON” sözü yarandı. Qonduqları yerə HİN dedilər. Bu söz Rus dilində heyvanların həyat vermə, cütləşmə istəkləri vaxtını göstərir (период гона у животных). N həm də inkar oldu, NƏ, NO, NE, Nİ. “NƏ” inkarla bərabər fars dilində həm də təsdiqləyici (nə- bəli mənasında) olduğundan NƏNƏ doğmayan, yaratmayan varlıq oldu. NƏNƏ kimi sakitləşdirici, ətirli ota NANƏ, uşağı sakitləşdirən beşiyə NƏNNİ deyildi.
Məkan, durduğun yer, hissə mənasında “XANA”, ”XANƏ” sözü, həyat payı mənasında “XON” (xonça buradan yarandı) kilimə, xalıya, xalçaya yaranış verən dəzgah anlamında “XANA”, “HANA” dedilər. İnsanlığa yeni başlanğıc verən peyğəmbərə NUH dedilər. Ona sadiq olanlara, yer kürəsindəki yaranışa hökm edən qövmə adını tərsinə oxuyub “HUN”, ”XUN”, ”QUN” dedilər.
Bu sözlərin siyahılarını uzada bilərik. Amma əsası odur ki, M və N hərflərindən yaranmış başlanğıcı, ilk yaranışı, əsası, gizlinləri, ilkləri göstərən sözləri görürük.
Bu 2 hərfin ifadə etdiyi söz isə tək və uca Allahın gizlin adlarından birini ifadə etdi, bir çox bilginlərin damğasına, simvoluna çevrildi M.N. Qədim mənbələrdə günəşi yaradan, onu idarə edən Allahın adı belə yazıldı, ilk Eqo, ilk şəxs “MƏN” adlandırıldı. Sonralar Ona və Onun təzahürlərinə başqa adlar da verdi insanlar. Səsləndirəndə isə adını AMON səsləndirdilər. Özü və sirrləri gizlindədir deyə adının tərsinə oxunuşu sirr, gizlin, yoxluq mənasında NOMA, NEMO kimi şüurumuzda ifadə olundu, çoxluq yaradan təkliyi MONO sözündə əksini tapdı. Günümüzdə yaşayan bütün millətlər duadan sonra AMİN deyib onun adına tapındılar və tapınırlar. Səmaları, okenları, sonsuzluğu, dərinliyi əhatə etdiyi üçün bunlara ÜMMAN, ƏMMAN dedik. AMON-un varlığından ƏMİN olduğumuzdan ona ƏMİN etdik (and içdik). Ona İNAM yarandı, İNAM-lılar həm də İMAN-lı oldular, İMAN-lılar yalnız ondan hər şeyi UMAN oldular və ondan ƏNAM aldılar. Onda MƏNA gördülər. Eyni zamanda hər yerdə olduğu üçün o qullarına HƏMƏN çatdı, amma həmişə pərdeyi-ismətdə saxlandı. Ona görə də yaradıcı bətnlə, Ana rəhmi ilə dünya arasındakı pərdəyə HİMEN, QİMEN, XİMEN dedilər. HİMENlə pərdələnmiş amma yenə parıldayan işıqlı qata MİNA dedilər.
MƏN tək EQO-dan başqa həm də toxumdu, tərsinə oxunub NƏM oldu. Toxum (MƏN) sulanmazsa, quru yerdə bitməz. Həyat sudan yarandı. Həyat verən başlanğıc NƏM olmalıydı, başlanğıcı daşıyan NƏM də NÜM etməliydi (naz, nəm-nüm). Bu NƏM-i becərib, yaratmaq üçün ora toxum MƏN səpilməliydi. Bizə “Qadınlar sizin torpaqlarınızdır, onları əkin”- dedilər.
M və N birləşib, ilk çoxluğu yəni MİN-i yaratdılar. Allahın göndərdiyi qonağa MEH (yavaş əsən, həyat verən) və MƏN (İlk EQO-nun, Allahın göndərdiyi) yəni MEHMƏN, MEHMAN dedik. Bunları insanlara informasiya, məlumat, vergi kimi NAMƏ ilə çatdırdılar.
M N birlikdə R-i yaratdılar. Yəni AMON günəşi RA-nı yaxud AR-ı yəni həmişə təmizi (aydan arı, sudan arı, sudan duru, yəni təmiz, arı-abırı olan) yaratdı. Çiçəkləri mayalandıran, sağlamlıq, bal verənə ARI, RA-nı Günəşi daşıyan qövmə isə ARI dedilər. O həm də həyatı mayalandıran ƏR oldu, içilən mayeyə İR-ə çevrildi. Bütün bərk maddədən yaradılanlar RA-nın şüalarını içdilər. Gizlində saxlanan samit H və keçidləri (X,Q) qoyulanda R müqəddəs RUH-un adı oldu, həyat azadlığa HÜRR-ə çıxdı, QUR-uculuq sürətləndi. Bədəndən azad olub, HÜRR-ə qovuşanlara HURİ-lər verildi.
HARE, XARE (Krişna da dedilər) olub, müqəddəs mantraya çevrildi, MANTRA oxuyanlar XARA geyindi, XARI bülbülə qulaq asdılar. O həmdə HER (cənab- almanca) və qatılaşıb ER (yer) oldu. RA yanar ocağa QOR-a, tərsinə oxuyanda erkəklik simvolu, bərəkət simvolu ROQ-a (rusca buynuz, рог изобилия- bolluq buynuzu) çevrildi. Tək N-lə birləşəndə RA yenə sirli alova, NAR-a çevrildi, NUR saçdı, RƏNA oldu, sonra bu NUR-u daşıyanlar NURAN, NURANİ oldular. Güclü NƏR oldular. Yerdəki insanlara bir AN-lıq yerə, onlara göndərilən ruhlardan danışanlar, RA-nı təbliğ edənlər RUHANİ oldular, RA-nın simvolu olan NURU, yerdəki sirli əksi NARI AMONun simvolu kimi qəbul edib tək Allaha AMONA tapınan atəşpərəstliyi yaratdılar.
İlk və son AN-ı düşünənlərə ANAR (yaxud NURAN) adı qoydular.
Gizli saitin Q keçidindən soyuq ağ işığa QAR dedilər, QAR-ı əridən, həyat verən orqana QARIN adı qoydular. Ağ saf işıqdan süzülüb bütün bilgiləri özündə birləşdirən ilahi biliyə QURAN (yəni yaranış Anını, ayrılmış zamanını düzgün QUR anlamında) ismi verdilər ki, QURuluşu doğru ANsın.
QURAN insanlığa yeni HƏNİR (nəfəs, istilik) verdi.
Yemək öynəsinə AHAR və NAHAR dedilər. UNU NARIN üyütdülər. İnsanlara NURAN, NURU, MAHRUH (x) adları qoydular.
R həmdə M ilə birləşdi. Müqəddəs şəhərə RIM, ROMA , böyük elə RUM adı verdi. Sülh, məhəbbət, dünya və Peyğəmbər qanını daşıyanlara MİR adı verildi. İnsanlara məhəbbət AMOR, AMUR və ÖMÜR verdi, onlara necə yaşamaq haqqında ƏMRlər göndərdi. ƏMRlər həyata keçirməyə kömək üçün insanlara ƏMİRlər təyin etdi ki, bilikləri insanlara RAM etsinlər. Bilikli insanlar ağıl gücünə MAR (ilan, əjdaha) olub, həm də dünyanı RAM etdilər.
Yemək üçün XƏMİR hazırlamağı öyrəndik. Yüksək adların təzahürlərinin biri də RAMA oldu, o xalqlara RAMAyana bilgisini verdi. Uca yaradan hər birimizə MƏHRƏM, bizə layiq bildiyi zövcələrimiz HƏRƏM, ondan olan oğlumuzun adı MƏHƏRRƏM oldu. Hər yeri rahat HAMAR etməyi öyrətdi. Bizə RƏHM etdi, qadınların yaradıcı bətnini, analığını RƏHMİni yaratdı ki, 9 ay orada təşəkkül tapa bilək.
3 hərf M, N, R yaratdığı günəşi içinə alan, çıxan günəşin RA AMON və batan günəşin AMON RA Yaradıcısı oldu.
RA AMON RƏHİM və RƏHMAN Allahın simvolu olub, dilimizdə bizimlə yaşadı. Allahın adı çəkilən, namaza çağıran, azan verilən yüksək tikiliyə MİNARƏ dedik, oradan İNAM-ı güclülər NƏRİMAN-lılar, NURİMAN-lar , İMRAN-lar, NƏRMİN-lər, RAMİN-lər, azad və amanda olanlar XURAMAN-lar Allahu-Əkbər deyib işlərini RƏHİM və RƏHMAN Allahın adı ilə başladılar.
Göydən gələn bilgilər MİNOR səslə, yəni mülayim, sakit ahənglə gəldi. Onu eşitmək istəyənlər insanların yaratdıqları səs-küydən uzaq yerlərə MAHARA-lara, MAQARA-lara (MAQların olduğu yer, mağara) getdilər. MİNOR səslə verilənləri içində həyat, işıq olan zülmətdə QARANLIQda aldılar.
Cənnətdən çıxarılan zaman insanlara yem üçün özləri ilə aparmağa insanlar kimi hər iki cinsə (erkək və qadın) bölünən cənnət ağacı XURMA da verildi.
Məhsulun təmizləndiyi yer XIRMAN oldu.
Göydən 3 alma düşdü M, N və R.
Dünya beləcə kodlaşdırılmağa başladı, sonra o biri samitlər gəlməyə başladı.
ucnoqta.az
Комментариев нет:
Отправить комментарий