31.12.2015

“İŞİD layihəsi”nə son qoyulur

Məmməd Süleymanov

Sanki “İŞİD layihəsi”ni müvəqqəti qapayırlar. Son iki gündə həm Suriya, həm də İraq cəbhəsində baş vermiş mühüm dəyişikliklər bu təxminlərə yol açır.
Bu, heç bir halda layihəin birdəfəlik bitməsi deyil- o, başqa vaxt başqa adla (ya da elə həmin brendlə) davam edəcək, çünki məqsədyönlü xaos və höcətlərin yola gətirilməsi üçün effektiv alətdir.
Ancaq müvəqqəti də olsa vəziyyətin müsbətə doğru dəyişilə biləcəyinin işartıları görünür. Söhbət İraqda Ramadi şəhərinin, Suriyada isə Tişrin bəndinin eyni gündə İŞİD-dən təmizlənməsindən gedir.
Üstəlik, çox qəribə mənzərə yaranır: sanki islamçılar həm 800 minlik Ramadini, həm də Tişrin bəndini güclü müqavimət göstərmədən qoyub qaçıblar. Onların aqressiv ritorika və pafosundan əsər-əlamət qalmayıb.
Dekabrın 26-da İraq ordusu Ramadini 72 saata tamamilə azad edəcəklərini açıqlayanda Pentaqon mənsubları da daxil olmaqla çoxları bu proqnozu böyük skepsislə qarşıladı. Ancaq cəmisi 24 saat keçdi və bəlli oldu ki, Ramadi azad edilib.
Son vaxtlar “xəlifə” əl-Bağdadinin heç bir videosu paylaşılmır. Rusiya mənbələri isə odioz Ömər əl-Şişaninin ABŞ hərbçiləri tərəfindən əsir götürüldüyünü yazır (ABŞ bunu təsdiqləmir, ancaq bu addım oyunun qaydalarına uyğundur. Vaşinqton yetişdirdiyi əclafları hələm-hələm yox etmir, belələri ya “istefa”ya göndərilir, ya da sonralar Quantanamoda peyda olur. İzsiz yox olsalar, daha yaxşı- çox şey bilirlər).
İŞİD rəhbərliyində dağınıqlıq və panika son vaxtlar xüsusilə gözə çarpır. Elə bil ki, bütün cəbhələrdə qaçış başlayıb. Burada oktyabrdan başlayaraq Türkiyənin də onlara çoxsahəli dəstəyi göstərə bilməməsi böyük rol oynayır.
Ramadidən də daha çox məhz Tişrin bəndinin kürdlərin nəzarətinə keçməsi təəccüb doğurur. Bəndin İŞİD-dən bu dərəcədə tez təmizlənəcəyini gözləmək çətin idi.
Burada Ankara faktoru da var- Türkiyə kürdlərə Fərat çayının qərb sahilinə keçməyi nəinki qadağan etmişdi, həm də hər bu cür cəhdi bombardmanlarla qarşılayaraq İŞİD-in Türkiyə ilə sərhəddəki mövqelərinin saxlanmasına hər yolla dəstək olurdu.
Nəticədə YPG maraqlı gediş etdi- qərbə yox, cənuba irəlilədi. Hazırda kürdlərin əlinə təkcə Tişrin bəndi yox, həm də Manbic qəsəbəsi keçib. Oradan isə islamçıların işğal etdiyi Carablus şəhərinə doğru asanca irəlilmək mümkündür.
Əgər Carablus kürdlərin nəzarətinə keçərsə, İŞİD-in Türkiyədən təminat yolları bütünlüklə kəsilir. Bu, həm də Afrinə qədər uzanacaq kürd anklavının yaranması deməkdir. Və bu ssenari Ərdoğan-Davudoğlu tandemi üçün qorxulu röyadır.
Röyanın gerçəkləşməsi ehtimalı heç vaxt olmadığı qədər böyükdür. Ramadinin xilası Mosulun yolunu açdığı kimi, Tişrin bəndinin azad edilməsi də Carablusun və Rakkanın süqutunu tezləşdirir. Və bu, həm də Türkiyənin İŞİD-lə bağlı planlarının, ümumilikdə Ankaranın Suriya və İraq siyasətinin kökündən vurulması deməkdir.
Ramadidəki qələbənin mənəvi təsirini də unutmamaq lazımdır.
İraqın xarici işlər naziri İbrahim əl-Cəfərinin sözlərinə görə, əgər bir neçə həftə əvvəl İŞİD ölkə ərazisinin 55 faizinə nəzarət edirdisə, hazırda bu rəqəm 19 faizə qədər enib.
Suriyada da İŞİD son vaxtlar əlində cəmlədiyi ərazilərin 14 faizini itirib, qalan ərazilərin də böyük hissəsi şəhərlərin olmadığı səhradadır.
O ki qaldı Tişrin su-elektrik stansiyanın əhəmiyyətinə, Rakka şəhəri elektriklə məhz onun sayəsində təmin olunur. Əgər “xilafət” nəzarətindəki əraziləri elektrik enerjisi ilə təmin edə bilməzsə, bu, İŞİD-in sonunu daha da yaxınlaşdıracaq.
Üstəlik, Suriyada son günlərin uğurları yalnız Tişrin bəndi və Manbic qəsəbəsi ilə bitmir. 2011-ci ildə məhz Bəşər Əsədin imzaladığı amnistiya ilə həbsdən çıxaraq tezliklə müharibənin ən odioz fiqurlarından birinə çevrilmiş Zahran Alluşun (“Ceyş-əl-İslam” qruplaşmasının lideri) qardaşı və digər səhra komandirləri ilə birlikdə məhvi də Suriya hərb teatrında dekorasiyaları xeyli dəyişdirir.
Nəhayət, son günlər “Nüsrə Cəbhəsi” başda olmaqla terror qruplaşmalarından ibarət alyansın Hələb ətrafında- Başkoyda böyük məğlubiyyəti Suriya ordusu üçün böyük uğurdur.
Görünən odur ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin Suriya hadisələrinə təsir gücü zəifləməkdə davam edir. Qərb koalisiyası isə İŞİD-dən üz çevirməyə başlayıb.
Ancaq bu vəziyyətin nə qədər davam edəcəyini birmərrə söyləmək çətindir. Hələlik isə görünən odur ki, yaranmış qüvvələr nisbəti Suriyada Dəməşq hökuməti və YPG, İraqda isə Bağdad hökuməti üçün perspektivlər açır...

virtualaz.org

Комментариев нет:

Отправить комментарий