13.12.2015

Mətləb Ağa - Ürəyimdəkilər

...Bir də heç vaxt unutmadıqlarımız var.
İstər adam olsun, istər əşya, istər yer, istər kitab, mahnı, gün, ya da bir söz.
İndiki yaşımda bunu da özüm üçün bir daha  təsdiq edirəm ki,  bəlkə  bu gün Yer üzünün var olması səbəblərindən birincisi də elə insanların olanları, başlarına gələnləri, yaşadıqlarını unutmaqları və bir gün özlərinin də unudulmaqlarıdır.
Yoxsa, işimiz çox çətin olardı.
Istisnalar isə həmişə var...
Ancaq, Joze Saramaqonun “İsanın incili” romanında yazdığı kimi, istisnalar da arada elə ona görə  baş verir ki,  bununla mövcud  qaydalar daha da möhkəmlənsin.
Saramaqo təxminən belə yazıb və fikrimcə çox düz də deyib.
...Bir qadın müəlliməm vardı. İbtidai siniflərdə bizə dərs deyirdi. Səyyarə müəllimə. Üçüncü sinifdə oxuyurduq. Bir gün sinifin bütün oğlan şagirdləri dərsdən qaçıb, məktəb həyətinin daş divarından aşıb məktəb qazanxanasının həyətinə oynamağa getmişdik. Həmin vaxt, mənə həm də o da maraqlıydı ki, elə bil, o daş divarlardan kənar yerlər yad bir dünyaydı, başqa bir planetdi və mən orada nələr olduğunu öz gözlərimlə görmək istəyirdim. Ancaq müəlliməmiz vaxtında başımızın üstünü aldı və hamımızı sinif otağındakı yazı lövhəsinin qarşısına yığıb danlamağa başladı. Mənə çatanda isə “bilirim, sən bunlara qoşulmarsan, sən başqasan, təsadüfən olub” deyib üzümə gülümsədi. Niyə məni danlamağa ürəyi gəlmədi müəlliməmin və danlamağı bir yana dursun, niyə üzümə gülümsədi?
O müəllimə indi çoxdan təqaüdə çıxıb, çox qocalıb, ildə bir dəfə bayırda-bacada görsəm, sevinərəm. Yadından çıxmış, tamam unutmuş olar o hadisəni, yoxsa onu  bir də görəndə  mütləq soruşardım məni o vaxt niyə danlamamağının səbəbini, niyə məni belə çox istəməyini?
Bir riyaziyyat (cəbr) və həndəsə müəlliməm də vardı. Dama-dama və xəttli şagird vərəqlərində yazdığım şeirləri verirdim ona və Şirinxanım müəllimə da o şeirləri oxuyub mənə dərs dediyi riyaziyyat və həndəsə fənnlərindən qiymət yazırdı. Elə ona görə də beşinci, altıncı siniflərdən sonra  bu fənnlərlə heç  aram-filan da yox idi.
Şirinxanım müəlliməni isə daha bayırda-küçədə görmək   mümkünsüzdür. Çünki artıq gözəl müəlliməm çoxdan bu dünyadan köçünü sürüb gedib.
Orta məktəbdən söz düşmüşkən, o vaxtlar olduğu kimi, mən sentyabrın 1-i yox, 2 sentyabrda birinci sinifə getmişdim. Qohum-qonşuların uşaqlarının məktəbə getmələrini  görüb, o qədər ağlamışdım ki, anam məndən iki yaş böyük qardaşım İlyasın paltarlarını mənim əynimə düzəltdi və 2 sentyabrda əlimdən tutub orta məktəbə, birinci sinifə apardı. Ona görə də, mənimlə eyni sinifdə oxuyanların hamısı məndən bir yaş böyük idi.
***
Hey, gidi günlər...
Xoş xatirəsə (xatirələr) qalır...
Oxuyub öyrəndiklərimizsə qalır...
Canni Rodarinin “Celsomino yalançılar ölkəsində” uşaq romanını uşaqlıqda oxumuşdum. Bu yaxında “İşərişəhər” metrosunun yaxınlığında yerləşən  yeraltı keçiddə təzə nəşrini gördüm, alıb təzədən vərəqlədim.
Adətən, belə edirəm. Uşaqlıqda, yeniyetməlik dövrümdə oxuduğum, yaddaşımda dərin iz buraxmış, mənə möhkəm təsir eləmiş kitabları sonralar rast gəldikcə bir daha oxuyuram, ən azından vərəqləyirəm. Bununla, elə bil artıq çoxdan həmişəlik keçmişdə qalmış, bir də heç vaxt qayıtmayacaq uşaqlığıma, yeniyetməliyimə, ilkin gəncliyimə ani də olsa dönmək imkanı qazanıram.
Hə, bir də bunu demək istəyirdim ki, həyatda hər şey Çelsominoyla olduğu kimi asan olmur, kral Cakomon belə rahatlıqla adamların yaxasından əl çəkmir.
Görünür ki, belə şeylər, həqiqətin, nə bilim haqq-ədalətin göz qırpımında qələbə çalması (ya da heç olmasa, göz qırpımında olmasa da, hər halda nə vaxtsa qələbə çalması) ancaq nağıllarda olur.
C.Rodarinin düzüb-qoşduğu yalançılar ölkəsində baş vermiş, həqiqətin qalib gəlməsi barədə nağılında necə olmuşdusa.
Baxmayaraq ki, həqiqətin özünün nə olması özü də mübahisəlidir.
İndi həqiqət sayılan, səhəri gün artıq yalana çevrilmiş olur, bu günün yalanınısa sabah insanlar artıq həqiqət adlandırırlar.
Yazılanlara görə, İsa peyğəmbər də “həqiqət nədir?” sualına yalnız susmaqla cavab vermişdi.
 Celsominonun başına gələnlərin təsviri Rodarinin ikinci uşaq romanıdır. İtalyan yazıçının birinci uşaq romanısa “Çippolinonun macəraları” olub. Onu da elə həmin vaxtlar oxumuşam.
Yeniyetməliyimdə xarici ölkə yazarlarının bəzilərinin əsərlərinin nəşr olunduğu “Bağban” adlı  kitabı qonşu kənddəki  kitabxanadan alıb oxumuşdum. Sonra Universitetdə  tələbəkik vaxtı, 1995-ci ildə həmin kitabı Bakıda “28 may” metrosu tərəflərdə yerləşən, indi artıq mövcud olmayan, nə bilim, bəlkə də kafeyə, ya da paltar dükanına çevrilmiş  kitab mağazasından alıb yenidən oxudum. O da yadımdadı ki, kirayədə qaldığım “İyirminci sahə” deyilən yerdən bazar günü durub o kitab mağazasına məhz  “Bağban” a görə getmişdim.
Knut Hamsun, Migel Anhel Asturias, Con Steynbek kimi yazıçıların adına ilk dəfə orada rast gəlmişəm.
Həmin kitabda dərc edilmiş, ədəbiyyat üzrə Nobel mükafatçısı (1962) Con Steynbekin “Mirvari” (“The Pearl ”) əsəri o vaxt mənə çox təsir eləmişdi.
Sonradan bu əsərin necə yazılıb ortaya çıxmasına dair oxuduqlarım da oldu.
C.Steynbekin bu kitabı ilk dəfə 1945-ci ildə “Womans Home Companion” jurnalında “Dünyanın mirvarisi” (“The Pearl of the World”) adıyla məşhur yazıçının çəkmək istədiyi filmin ssenarisi kimi  dərc olunur.
1947-ci ildəsə Steynbek əsəri povest halında ortaya çıxarır və nəşr etdirir.
Deyilir ki, hətta bu misilsiz əsər Ernest Heminqueyin dünyaca məşhur “Qoca və dəniz” əsərinin (1952) yazılmasına da təsirini göstərib.
Hindu mirvari ovçusu Kino haqqında Meksikada çox məşhur olan bu dramatik hekayəti Steynbek Meksikaya səyahəti zamanı eşidib qələmə alıb.
Nə haqqındadı bu hekayət? Meksikalı mirvari ovçusu olan Kino dəniz sularından dünyanın ən böyük və ən qiymətli mirvarisini tapır.
Fikirləşir ki, bu mirvarini satıb kasıb həyatını dəyişəcək, varlanacaq, oğlu Koyotitonu məktəbə gön-dərəcək, arvadı Juanayla kilsə qaydasıyla  evlənəcək.
Lakin, qəfildən bu cür qiymətli mirvari sahibinə çevrilmiş Kino nəinki arzuladıqlarını əldə edə bilir, əvəzində, oğlu Koyotitonun ölümünə şahidlik edir, ürəyi birdəfəlik parçalanır.
Taleyin amansız zərbəsinə Kinonun cavabı  mirvarini zibil kimi yenidən tapdığı sulara tullamaq olur.
***
Bir də Əziz Nesin adlı yazıçısı vardı  yeniyet-məliyimin. Vardı deyəndə ki, elə indi də var. Yadımdadır, onun “Taxtalıköydən məktublar”, “Futbol (Qol) kralı” və “Bir sürgünün xatirələri” adlı əsər¬lərinin dərc olunduğu kitabı elə ayaq üstəcə oxu-muş¬dum. Otlayan qoyunlarımızın arxasınca, demək olar ki, ora-bura qaça-qaça.
Nədənsə, Ə.Nesin zahiri görkəmcə mənə həmişə bir suyundan bu günlərdə dünyadan getmiş müğənni Kayahanı xatırladıb. Düzdür, Kayahanın bəstələrini, oxumalarını elə bəyənib dinləməsəm də. Bir ”Bir aşk hekayəsi” mahnısını eşidəndə dayanıb fikirləşirəm ki, eşqlər əslində mahnıya və hekayəyə sığacaq qədər  kiçik olmur.
Müqayisə eləsək, yeniyetməliyimin digər sevimli yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povestiylə hardasa, Əziz Nesinin “Taxtalıköydən məktublar” əsəri arasında ço-xlu oxşarlıqlar tapmaq, paralellər aparmaq müm¬kün-dür.
Ölmüş Eşşəyin adından yazılmış, “sevimli Eşşəka-rısı! Məktubumu alınca, bilirəm, təəccüblənəcəksən... Hey¬rət¬lənmə. Taxtalıköydəyəm... Bir zaman yer üzündə yaşayan bütün böyüklər indi buradadırlar. Mən də onların arasındayam” cümlələri ilə başlayan “Taxtalıköydən məktublar”ı və o kitabdakı   digər əsərləri bir də heç vaxt yenidən oxumamışam.
Əvəzində sonralar böyük Ustanın hekayələrini tapıb oxudum.
Yeri gəlmişkən, qismətə bax ki, yetkin dövrlərini ateist olaraq yaşayan və ölən Nesin deyilənlərə görə, uşaqlığında hafiz (Quran oxuyan) olmuşdu.
On iki yaşı olanda vərəm xəstəlyi səbəbindən itirdiyi anasına və Qalib adlı əmisinə hazırki həyatına, mövqeyinə görə borclu olduğunu deyən  dahi yazıçı böyüdüyündə, bəlkə də elə çətin uşaqlıq yaşadığından “adına uşaqlıq deyə biləcəyim heç bir günüm yoxdur” söyləmişdi.
Əziz Nesinin “Qol kralı”na çəkilmiş eyni adlı filmin əsas obrazı olan Səidi  yeniyetməliyimin digər qəhrəmanı Kamal Sunal canlandırır. O Sunal ki, o vaxtlar onun heç əsil adını bilmirdik, eləcə, inək Şaban deyirdik. ”Hababam sinifi” seriyalarından Şabanı və litsey yoldaşlarını kim xatırlamır ki?
Mən o şux oğlanların birini bu günlərdə daha çox xatırlayıram. Domdom Ali surətini. Həyatdakı adı Feridun Şavlı olan bu aktyor filmlərdə 1978-ci ilə qədər çəkilib və sonra bu sənətdən uzaqlaşıb. 1953-cü ildə doğulan aktyor 1996-cı ildə, 43 yaşında ürək xəstəliyindən ölüb. Bu xəstəlikdən ölməzdən əvvəlsə avtomobil qəzasında qolunu itirib.
Deməyim odur ki, üzdə görünənlər əslində reallıqları əks etdirmir. Bir-neçə il əvvəl bu aktyorun faciəli həyatını oxuyanadək elə düşünə bilərdim ki, “Hababam sinifi”ndə bu qədər şuxluq edən Şavlının həyatı belə faciələrlə sona çata, bu insan bu qədər əziyyətlə ölə bilməzdi.
Deməli, görünənlər ayrı, əslində olanlarsa ayrıdır.
Həyat gör nə qədər acımasızdır ki, bu yazını yazanda internet nəşrlərini nə qədər ələk-vələk etsəm də, Şavlı haqqında “filan tarixdə doğuldu-öldü” xarakterli məlumatlardan savayı demək olar ki, heç nə tapa bilmədim.
“Unutma ki, dünya fani” deyən, Feridun  Şavlı kimi ürək çatışmazlığından ölən Barış Mançonusa kim tanımır?
“İnsanın öyrənməsi gərəkən ilk dil şirin dildir”. Bu, böyük Sənətçidən xatirə qalmış dəyərli bir sözdür.
“Domates, biber, patlıcan”, “Tavuklara kişt de”, ”“Arka¬daşım eşşek” kimi qeyri-adi sözləri olan mah-nılar oxuyurdu.
Müsahibələrinin birində “bəlkə də 60 yaşıma çatmadan öləcəyəm” deyən Manço doğrudan da 60 yaşını görmədi. 56 yaşında, 1 fevral 1999-cu ildə o, artıq bu həyatda yox idi.
Yeniyetməliyimin digər bir kitab xatirəsi Azər-baycan fantast yazıçısı İbrahim Hüseynovun “Panqeyanın övladları” və “Aqvananın məhəbbəti” kitablarından keçir. 14 yaşım vardı, ulduzlu yay gecəsiydi və mən evimizin bizim tərəflərdə “güləngəş” (aynabənd, şüşəli zal) deyilən hissəsində uzanıb “Aqvananın məhəbbəri” povestini oxuyurdum. Səhəri gün də dayanmadan oxuyub bitirdim və o yaşımda bu kitab mənə yaman şirin görünmüşdü.
Ancaq bu qeydləri yazanda da heç yerdə, heç bir  internet  səhifəsində İ.Hüseynovun həyatı  haqqında xırda bir informasiya da olsa, tapa bilmədim.
”Aqvananın məhəbbəti” kitabısa hələ də mənimlə iyirmi altı ilin yol yoldaşıdır, evdə kitabların arasında qalmaqdadır.
Görünür, ancaq yazılmış söz, kitab həmişə  qalacaq. Yerdə qalanlarınasa o qədər də etibar yoxdur.
Bir də gürcü yazıçılarından Nodar Dumbadzesi var¬dı yeniyetməliyimin.”Mən, nənəm, İliko və İllarion”, “Ağ bayraqlar” romanları, “Kukaraça” povesti sevimli kitablarımdı.
Əziz Nesin  “Əziz Nesin Vəqfi”nin bağçasında dəfn olunubsa, Dumbadzeni də gürcülər 1984-cü ildə öləndə Mziuri uşaq parkında dəfn etmişdilər. Sonradansa, 2009-cu ildə gürcü yazıçısının nəşi Tiflisdə Mtatsminda Panteonuna köçürülüb. Tiflisə bu dəfə gedəndə yeniyetməliyimə öz əsərləriylə rəngarənglik qatmış Dumbadzenin son mənzilinə - panteona, ayaqlarına qədər getmək fikrindəyəm.
***
...Bir də heç unutmadığım yerlər var. İndi uşaq¬lı-ğım¬da, yeniyetməliyimdə olduğum, gördüyüm o yerlərə imkan olanda təzədən bir də gedirəm, gəzirəm və sanki bununla bir anlıq ötüb keçmiş uşaqlığıma, yeniyetməliyimə, gəncliyimə qayıtmış oluram.
O yerlərdə olanda hərdən mənə elə gəlir ki, diqqətlə baxsam, keçmiş  vaxtlardakı özümü də görə bilərəm. Bu nəsə izahaolunmaz bir hissdir.
Zamanın məni artıq məğlub etməsiylə barışmaq istəməməyimdəndir yəqin.
...Bir də bu yazını yazanda indi barələrində yazmasam da sıx-sıx yadıma düşənlər,  bir də ha xatırlasam da  yadıma heç düşməyənlər var.
...Bir də heç vaxt unutmadıqlarım, ancaq haqqında heç vaxt yazmadıqlarım və heç vaxt yazmayacaqlarım var..
Ürəyimdəkilər var...

Комментариев нет:

Отправить комментарий