20.12.2015

MƏNƏ PAYIZLARI GƏTİRMƏ, ZAMAN

Şirin xanım Kərimbəyli Şadiman

Saralıb tökülən  yarpaqlar  kədər,
Hər can qarşısında son qoyub  Qədər,
Xəzanlı  bağ-bağça  bağrımı  didər,
Alar könlüm evin yenə sis, duman,
Mənə  payızları gətirmə, zaman.

Laləli çəmənlər, düzlər solanda,
Yamyaşıl  ağaclar  donsuz  qalanda,
Fələk  qara  geyib  yer-göy dolanda,
Doğar  ürəyimdə  kədər, ah, aman,
Mənə  payızları  gətirmə, zaman.  

Göyün sinəsində qopanda  nalə,
Ölür boynubükük  bənövşə, lalə,
O sərxoş  buludlar  dolu  piyalə,
Üzər yarpaqları budaqdan yaman,
Mənə  payızları gətirmə, zaman.

Şimşəklər atlı  tək  çapıb  keçəndə,
Xəzan  bağça-bağın  bağrın  biçəndə,
Buludlar  səmanın  qanın  içəndə,
Bənzər  bir  savaşa  əldə  ox-kaman,
Mənə  payızları  gətirmə  zaman.

Xəzri zilə qalxar ağlar  havalar,   
Gömgöy Xəzərin burnun ovalar,
Torpağın bağrından  qopar  dualar,
Göylərə əl  açar, diləyər, aman,
Mənə payızları  gətirmə, zaman.

Xəzəli yetişib Şadimanın da,
Qışın sazağı var donan qanında,
Dünyanın  duyulur xəzan canında…
Udur yalquzaq tək  yaxşını  yaman,
Mənə payızları  gətirmə, zaman.
Mənə payızları gətirmə, zaman.

Комментариев нет:

Отправить комментарий