Ukraynanın keçmiş baş naziri, hazırda Rusiyaya sığınmış Nikolay Azarov öz bloqunda “Maydan inqilabı”nın tarixçəsini yazır.
Onu maraqlı tərəf saymaq, qeyri-obyektivlikdə suçlamaq olar, ancaq tələsməyək. Çünki hakimiyyətə Poroşenko-Yasenyuk cütlüyünün yiyələnməsi, tribuna və küçələrin klassik nasistlərə verilməsi fonunda hazırkı Ukraynanın- Avropaya və demokratiyaya qovuşacağı kimi əfəl ümidlə öz ölkəsini aşağıların əli ilə dağıdan rejimin hansı “nailiyyətlər”ə nail olduğu Azarovsuz da bəllidir.
Beləliklə, Azarov 2013-cü ilin dekabrının əvvəlində yaranmış pat vəziyyətini təsvir edir. Etirazçıların Ali Radanı tutmaq cəhdləri uğursuz alınıb, sanki Cin Şarpın doktrinası gücdən düşüb, hər şey status-kvoya doğru gedir və vəziyyətin sabitləşməsi üçün yalnız iqtidarla əleyhdarları danışıq masasına əyləşdirmək qalır. Hətta Yanukoviç də təhlükənin sovuşduğunu zənn edir və arxayınçılıqla Çin səfərinə yollanır.
Ancaq çox keçmir, etirazçılar Ukraynanın qərb vilayətlərində inzibati binaları ələ keçirməyə başlayırlar. Kiyevdə Maydan yenidən toplanır, buna baxmayaraq Maydandan kənarda paytaxt adi həyat ritmində yaşamaqdadır.
Azarov xatirələrində artıq Maydanın başına ənənəvi etirazçıların liderlərinin (Tyaqnibok, Yasenyuk və b.) yox, sırf təsadüfi və qaranlıq şəxslərin keçdiyini yazır. Bu şəxslər etirazların taktikasını işləyib hazırlayır, zəbt olunacaq yeni obyektlərin siyahısını tutur və milislə konfrontasiyaya can atır.
Üstəlik, eks-prezident Yuşenkonun hakimiyyəti illərində təhlükəsizlik və daxili işlər orqanlarına bolluca işə qəbul edilmiş millətçilərin səyləri də bəhrəsini verir- onlar Yanukoviçin düzgün məlumatlandırılmasında sədd rolu oynayaraq sabotajla məşğuldur.
Belə bir vaxtda Nikolay Azarov Avropa İttifaqı ölkələrinin Kiyevdəki səfirlərini toplayaraq onlara sual verir: “Siz hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum çəkən, hökumət binalarını zəbt edən və dövlət müəssisələrinin işini blokadaya alan bu “dinc nümayişçilər”in əməllərini necə qiymətləndirirsiniz?”
Azarov yazır: “Onlar cavab vermək əvəzinə susurlar, ya da sülh danışıqları barədə anlaşılmaz çağırışlar edirlər. Belə olanda mən birbaşa Almaniyanın səfirinə müraciət edərək soruşuram: “Əgər bundestaqa və kanslerin iqamətgahına hücumlar olsaydı, sizin hökumətiniz hansı cavab tədbirləri görərdi?” Səfirin cavabı bu gün də qulaqlarımda səslənir. O, lovğalıqla dedi: “Bizdə bu, mümkün deyil. Almaniya- demokratik ölkədir”. Baxın, beləcə, deməli, bizdə hər şey etmək olar”.
Azarov əlavə edir: “Həmin görüşdən sonra anladım ki, Qərb diplomatlarının obyektivliyinə ümid bəsləmək lazım deyil”.
Əlbəttə, bunu daha erkən anlamaq lazım idi. Gecikmiş həqiqət Ukraynanın tikələnməsinə və xalqların sonu görünmyən məşəqqətlərinə yol açmış oldu. Və bundan sonra Azarovun da, Yanukoviçin də “Ah, biz hardan biləydik ki, Qərb ikiüzlüdür, Maydanın ssenarisini də Qərbdə cızıblar” kimi ah-vayının postfaktum heç bir faydası yoxdur.
***
Məntiqi sualdır: 2 il əvvəl Kiyevdə, Lvovda, Çerkasskda, Ternopolda baş verənlər ABŞ və Avropada təkarlansaydı, nələr olardı?
ABŞ-da “Uoll-striti işğal et!” dirənişçilərinə çöldə qalmaq icazəsi verilmədi və aksiyalar qaba güc hesabına yatırıldı.
Londonda 2012-ci ilin yayındakı iğtişaşlarda polisin zorakılığı da videolarda qalır.
Almaniyada- Frankfurt və Hamburqda, İtaliyada- Roma və Milanda, İspaniyada- Madridin “Günəş meydanı”nda (Puerto del Sol) baş verən repressiyalar da yaddaşlardadır.
Araqon şaxtaçılarının və Sofiya etirazçılarının etirazlarının hansı zorakılıqla yatırıldığı da uzaq keçmişin yox, bu günlərimizin söhbətidir.
Elə ABŞ-dakı qaradərililərin polis zorakılığına qarşı bu ilki çoxsaylı etirazları da zor gücünə dağıdıldı.
Zorakılığı legitimləşdirmiş Qərbin Ukraynada “zor işlətməmək” çağırışları və əmrləri nə dərəcədə məntiqi idi? Xüsusən nəzərə alsaq ki Qərb ifrat millətçilərə qahmar çıxırdı?!
Nəticə isə kədərlidir: “Demokratiya” dedikləri təkcə Şərqdə deyil, heç Qərbdə də yoxdur və həmin kəlmə jonqlyorluq alətinə, manipulyasiya vasitəsinə, quru sözə, şirmaya çevrildilib.
Lap Ekzüperinin ölməz “Balaca Şahzadə”sində Tülkünün dediyi kimi: “Dünyada kamillik yoxdur. Harada ovçular yoxsa, orada toyuqlar da olmur”...
***
“Rəng inqilabları” Qərb üçün sabit dövlətlərin məhvi alətinə çevrildi. Bundan sonra da Qərbin “demokratiya ixracı” kampaniyalarına dəstək verənləri hansı yeni reallıqlarla qarşılaşmanın gözlədiyini anlamaq üçün isə İraq, Əfqanıstan, Mali, Liviya, MAR, Suriya, Ukrayna misalları ifrat yetərli olmalı idi. Anlamaq istəyənlər üçün, əlbəttə...
Və “rəng inqilabı ssenariləri”nin bu dərəcədə anlaqsız forma almasında oğrulardan ibarət, korrupsiyaçı, oliqarxik hakimiyyətlər nə qədər günahkardırsa, xalqa çıxış yolu kimi yeni oğrulardan ibarət, yeni korrupsiyaçı və yeni oliqarxik rejimi təbliğ edən manipulyatorlar da o qədər günahkardır. Nəticələr isə o qədər bəsit və üzdədir ki!
Əvvəla, açıq cəmiyyət yalnız bəziləri üçün açıqdır- Popper və Fukuyama sizi nə qədər aldatmağa cəhd etsələr də.
İkincisi, hazırkı düzəndə demokratiya dedikdə məhz burjua demokratiyası nəzərdə tutulur- bu isə yenilməli, tarixin utilinə atılmalı “demokratiya”dır.
Üçüncüsü, müasir neoliberal düzəndə Seçim azadlığı heç də kütlələrin inanmaq istədiyi geniş və xoş finala aparan yollar arasından seçmək azadlığı deyil. Yəni əvvəlcədən bu seçim pislə lap pislər arasında seçmək azadlığı ilə məhdudlaşdırılıb.
Yəni sən sosializmlə sosial-demokratiya arasında seçməməlisən - bu variantlardan heç biri təqdim olunan menyüyə daxil deyil.
Xalqlara isə deyirlər: buyur, “müstəmləkə demokratiyası”, millətçilik, nasizm və periferiya kapitalizmi arasından seç! Kimsə durub desə ki bağışlayın, cənablar, mən sosializmi seçirəm, öz siyahınızı isə aparın başqa yerdə başqa məqsədlər üçün işlədin, həmin şəxsi ostrakiya gözləyəcək, o, terrorçu, qiyamçı, retroqrad, vətən xaini, stalinist, totalitar diktatura təbliğçisi və s. və i. kimi yarlıklarla “bəzədilərək” ən yüngül halda marginal və “ağ qarğa”, orta halda isə məhbus olacaq...
Slavoy Jijek “Lenin bu gün azadlıq haqda bizə nə deyə bilər?” məqaləsində bu reallığı sərrast ifadə edib: “Əsl azad seçim o seçimdir ki, mən verilmiş koordinat çərçivəsindəki iki mümkündən birini yox, koordinatların özünü seçirəm. Real sosializmdən kapitalizmə “keçid”in (yəni 1990-cı illərdə sosialist düşərgəsində baş verənlərin- müəl.) məzmunu isə ondan ibarət idi ki, insanların əksəriyyətinin həmin keçidi seçmək imkanı yox idi- onları əvvəldən formalaşmış yeni seçim dəsti ilə (sırf liberalizm, millətçi mühafizəkarlıq...) üz-üzə qoydular. Və praktik olaraq insanların hamısı sözün birbaşa mənasında “atılmışlar” siyahısına düşdü...”
Eynilə 2 il əvvəl Ukraynada yürüdülən siyasət də bundan xəbər vermirdimi? Kütləyə özü də bilmədən seçimlər təklif olunurdu: Ya diktatura, ya da yeni diktatura; ya oliqarxiya, ya da yeni oliqarxiya; ya indiki əsarət, istibdad və neoliberalizm, ya da Avropa orbitində neoliberalizm... Ya mövcud olan periferiya kapitalizmi, ya da Yanukoviçin olmadığı eyni Sistem. Bunları anlamaq bu qədərmi çətindir?
Nə fərqi var, rusca danışdığına görə tənqid hədəfi olan Azarov olsun, ya rusca danışsa da, tənqid olunmayan Kliçko? Bir oliqarxik qrupu yenisi ilə əvəzləmək üçün Qiyamı bu qədərmi urvatsız etmək gərəkmiş?
Nicat ideologiyasının olmamasından isə danışmağa dəyməz- millətçilik də, nasizm kimi, qurucu ola bilməz, özündən sonra yalnız dağıntılar və yanğının külünü qoya bilər. Və bu millətçilik hətta təşkilati iyerarxiyadan və liderlərdən də imtina edirsə, dağıntılar da lap çox olacaq.
Nəticədə Qərbin istəyi ilə ukraynalılar 2 pis seçimin arasında qaldılar: Yanukoviçin anti-xalq hakimiyyəti ilə onu devirməyə çalışan yeni anti-xalq qüvvənin arasında. Sonu məlumdur.
Qərbin “demokratiya” vədi müftə pendir kimidir. O, yalnız tələdə olur...
virtualaz.org
Комментариев нет:
Отправить комментарий