05.01.2017

Gönüqalın məmurların əlində qalmış xalq

İbrahim Hümbətov

 Bu dünyanın işlərini nə qədər eninə, uzununa fikirləşirəm, amma bizim insanlar kimi dözümlü bir varlıq tanımıram. Torpaqdan o tərəfi yoxdur, o da bəzən haray çəkir. Görür ki münbit qatını dağıdırlar, üstündəki ağacları məhv edirlər, hətta çəmənlərini oğurlayırlar, dözmür- gah vulkan kimi püskürür, gah zəlzələ şəklində yellənir... Yer olmasın, göy olsun. Görür ki havanı o qədər çirkləndirib hətta ozan qatını zədələyirlər, o da dözmür, gah evlərin üstünə ildırım tökür, gah leysanlar, dolular yağdırır və sairə.
 Donuzdan o yanası yoxdur ki? Gördü ki adından söyüş kimi istifadə edirlər, kamikadzeler kimi özünü xəstələndirdi, bütün dünyaya “Donuz qripi” yayıb, belə üsyan etdi. Amma biz yenə də hər cür təhqirə dözürük. Allahın balaca quşlarını götürək. Gördülər ki bəzi pis gəzənlərə onların adını qoyaraq “Filankəs quşdur”, “Filankəs qaranquşdur” və sair deyib lağa qoyurlar, onlar da quş qripinə yoluxub etirazlarını bildirdilər.
 Hələ bunlar canlılardır. Hətta cansızlar da təhqirə dözümsüzlük göstərirlər. Xiyarı görürsən də, gül kimi ərzaqdır. Biz götürüb bundan da söyüş kimi istifadə etdik. Kimisə alçaltmaq istəyəndə “Filankəs xiyardır” deyə onu alçaldırıq. Xiyarlar da dözdü-dözdü, sonda “Xiyar infeksiyasını” kəşf edib, xiyardan söyüş kimi istifadə edənləri mələtdirlər. Bax əlindəki balaca mobil telefona bax, 1-2 qəpiklik kontur işlədən kimi 2 dəqiqə mələyir, cükküldəyir ki nə var nə var, ondan bir az kontur getdi. Amma bütün canlıların əşrəfi olan insan dözür. Əzirlər, tapdalayırlar, minib çapırlar, amma elə dözür. Dözür və dözür.
 Deyirlər ki, hörmətli icra başçılarımızdan birindən soruşublar ki, sən rəhbərlik etdiyin rayonun mərkəzini əsl şəhərə oxşatmaq üçün nə edirsən? Başçı da bildirib ki, hər hansı bir yerin şəhər olmasının başlıca göstəricisi oradakı tıxaclardır. Buna görə də rayonun bütün künc-bucaqlarını, eləcə də dayanacaq yerlərini dükan-bazar yeri kimi satıb tıxac üçün əlverişli şərait yaradıram. Bayram və istirahət günləri şəhərimizə nəzər salsanız, elə gözəl tıxacların şahidi olarsınız ki, elə bilərsiniz Pekindəsiniz.
 Günümüz göy əskiyə bükülüb. Kompüterlə şirin-şirin işlədiyin yerdə, ya televizorda kinoya, futbola baxdığın zaman işıqlar bir neçə dəfə sönür. İşıq yanan kimi də görürsən ki, bir, yaxud bir neçə zəhmətkeş, ağsaqqal, ziyalı çıxıb televizora yenə də hansısa biabırçılığı tərifləyir. Eyni cür düşünənlər deyir ki, buna da şükür, heç işıq verməsələr neyləyərdik, amma fərqli düşünən deyir ki, niyə bizə adam balası kimi işıq vermirlər, axı hörmətli prezidentimiz hələ 5 il öncə bildirmişdi: “Sizin 24 saat fasiləsiz işığınız olacaq.” İcra başçıları hətta hesabatlarında fəxrlə deyirdilər ki, indi rayonumuza fasiləsiz elektrik enerjisi verilir. Bəs hanı?
 Baş rüşvətxorlar təmizlikdən, düzlükdən necə həvəslə danışırlar, adamın ağzı açılı qalır. Sanki budka yeri üçün torpağın kvadratmetrini min manata satan bunlar deyilmiş. Bu yaxınlarda icra başçılarından biri korrupsiyadan danışanda zalı alqışlar bürüyüb. Kişi bildirib ki, mən müəllim ailəsində böyümüşəm, mənəvi təmizlik, paklıq, vicdanlı yaşamaq qanıma işləyib, bizim ailəyə heç vaxt haram tikə gəlməyib, halallıq qanımdadır, başımdan keçərəm, vicdanımı ləkələmərəm.
 Başa düşdünüz də? Yəni bəzən zorla, təkidlə, güclə cibimə qoyurlar. Lakin daxilən mülayim və xeyirxah olduğum üçün etiraz edə bilmirəm. İndi zəmanə belədi- bəzək-düzək zəmanəsi! İcra başçılarımız o qədər insan, ürəyiyumşaq adamdılar ki, heç kimə əziyyət vermirlər. Məsələn, bələdiyyələrin möhürünü çox vaxt sədrdən alıb özlərində saxlayırlar ki, cavan oğlansan, onu işlətmək sənə əziyyət olar, qoy qalsın bizdə, lazım olan sənədləri özümüz möhürləyərik. Torpaq şöbəsi müdirlərinə də çox əziyyət vermirlər. Deyirlər ki, elə torpaq kimi qal qaldığın yerdə, işi biz düzüb qoşarıq, yeri ölçərik, pulunu alarıq, neçə lazımdır bölərik, sən elə sadəcə imzala.
 Bizim məmurların bir qisminin ən güclü xasiyyəti valideynləri müəllim, məktəb direktoru olsa da, onlarda utanan sifətin, abır-həyanın olmamasıdır. Bəziləri etiraf edir ki, maliyyə imkanlarından istifadə edib, sifətlərini elə materiallardan plastik əməliyyat etdiriblər ki, dünyanın ən göynədici söyüşləri də onlara kar etmir, yəni sifət söyüşə olduqca davamlı və dözümlüdür. Eşidərsən e, deyirlər, filankəs itsifətdir, filankəs gönüqalındır. Bax, bunlar həmin qiymətli plastik əməliyyatlardan sonra yaranan həmin sifətli insanlardır.
 Siz möcüzəyə inanırsınız? Mən hərdənbir. Məsələn, eşitmisən də, bəzi yerlərdə butulkadan, başqa bir yerdə sümükdən ev tikirlər. Amma bizdə bəziləri makarondan, vermişeldən özlərinə ev tikirlər. Belə ki uşaq bağçalarından o qədər vermişel, makaron oğurlayırlar, bir də gördün, nəhəng evin materialı hazırdır. Bu sahədə humanitar şöbələr daha maraqlı peşəkarlaşıblar.
 Əvvəllər hər işə müəllim uşaqlarını irəli çəkirdilər ki, bunların mədəniyyəti, humanistliyi daha çox olar. Amma indi bəlli olur ki, müəllim uşaqları vəzifəyə keçəndən sonra daha təcavüzkar olurlar. Bir də görürsən ki, Rəsul Rza, Əli Kərimli, Şəhriyar kimi şairlər qalır bir tərəfdə, bunlar ancaq dədələrinin yubileyini keçirirlər.
 İndiki müəllimlərin də çoxunun adı var. Müəllim var, 50 il stajı var, evində də 5-6 uşaq dünyaya gəlib. Amma onlardan biri də ali məktəbin kandarından keçə bilmir. Bizdə hər şey tərsə-məzhəbdir də. Məsələn, başqa yerlərdə hey çalışırlar ki, əhaliyə daha əlverişli şərtlərə, fasiləsiz işıq versinlər. Bizdə isə ancaq sayğac dəyişdirib insanlara borc yükləməklə məşğuldurlar. Küçə işıqlarını yandırmaq əvəzinə, işıq dirəkləri adı ilə pul silməkdə maraqlıdırlar.
 Nə qədər ki, günümüzün çoxu yaslarda zarımaqla, toylarda şingilim atmaqla keçəcək, əlimizə qəzet, kitab almayacağıq, etiraz etmək, haray çəkmək məqamı gələndə acizliyimizə min bəhanə gətirəcəyik, hələ bu azmış kimi kimisə kimin üstünə qızışdırmaq üçün bütün savadımızdan, bacarığımızdan gen-bol istifadə edəcəyik, o qədər yalanlar deyib hətta özümüz bu yalanlara inanacağıqsa, haqq yolundan 1-2 manat xərcləməyə mərdliyimiz çatmayacaqsa, elə başqasından yox, özümüzdən küsməliyik.

Комментариев нет:

Отправить комментарий