Soruşur, heç nədən görkəmli adam ola bilərsən? Heç nədən deyəndə havayı nəzərdə turur. Deyirəm havayı heç milçəklər uçmur. Bax 100-150 manat tərləsən, olarsan görkəmli adam. İşbazlar belə şeyləri yaxşı bilir. İndi hər qəzet-jurnal, ya da ki QHT bir yalançı, bər-bəzəkli diplom düzəldir və düşür şöhrətpərəst müdirlərin, sahibkarların izinə. Haqq-hesabını alıb, kiminə “İlin adamı”, kiminə “Fədakar insan”, kiminə “Vətən oğlu”, kiminə “Namuslu vətəndaş”, kiminə “Mübariz insan” və sair diplomlarını təqdim edir. Bir dəfə eşitdim, keçdim gülməkdən, bir qəzet “İmam” adlı diplom da təsis edib gəlmişmiş bir pullu hacının yanına ki, filan qədər ver, sənə “İmam” rütbəsi verək.
Bir “Məşhurlar” kitabı da düzəldirlər. Hə, belə bir kitab söhbəti də var. Guya kim ki müdirdir, sahibkardır, yəni pulu var, deməli məşhur adamdır. Tərif xəstələri olan müdirlər də, hətta bəzi icra başçısı da heç xəcalət çəkmədən pul verib adlarını ora saldırırlar.
Bu yerdə mənim yadıma bir təzək əhvalatı düşdü. Sovet hökuməti qurulanda bir çobanı “kənd soveti” təyin edib, ona bir yekə dəyirmi möhür də verirlər. Deyirlər ki, bunu hara vursun, o oldu sənəd. Çoban bir möhürə baxır, bir yanındakı təzəyə və deyir: indi bu möhürü o təzəyə vursam, o da sənəd olacaq? İndi belə çıxır ki, kimin adı “Məşhurlar” kitabına düşdü, oldu...sənəd, yəni məşhur.
Müdirlər də belə saxta adları alanda düşünmürlər ki, bu səlahiyyəti o diplom satanlara kim verib, həmin adam özü heç “İlin pişiyi” də olmaya-olmaya, haradan, hansı səlahiyyətlə adamları “İlin fədakarı”, “İlin adamı” və sair elan edir. “Qızıl ruçka”dı, karandaşdı-nədi, belə bir mükafat var, sən öl az qala turp, vermişel qiymətinə satılır, bu günlərdə onu elə şəxslərə veriblər ki, adam qələmə də, qızıla da nifrət eləyir.
Atalar yaxşı deyib ki, olmasaydı həyatda belə sarsaqlar, neyləyərdi diplom satan dəllallar. Mən təklif edərdim ki, əksinə eləsinlər, “İlin yaltağı”, “ilin ən yaxşı quyruqbulayanı”, “İlin natarazı”, “İlin ən yaxşı söyüşcül müdiri” və sair adlar təsis olunsun. Nöşün ki həmin adamlara bu adı xalq çoxdan verib. Onlar yalançı diplomları layiq olmadığı adları rəsmiləşdirmək üçün alırlar. Belələri istər “İlin adamı” olsun, ya “ilin ilanı”- çətini vəzifədə olana qədərdir, vəzifədən getdi ha, şirkəti bağlandı ha, elə bil belə adda adam yox imiş. Şair ona görə deyirdi də, şəhər adamla doludur, danışmağa adam yox. Bəs bu qədər görkəmli adamlar haradadır ki, şair danışmağa adam tapmır?
Kimdədir bu işin günahı: jurnalstlərdə, ya müdirlərdə? Əlbəttə müdirlərdə. Ağılları olsun, tora düşməsinlər. Atalar deyib ki, bacarana can qurban. Kimin çörəyi harada yaxşı çıxır, ora da cumur. Heç görmüsən ki, Mədəniyyət Evinin qarşısında dilənçi əyləsin? Dilənçilər həmişə ya Bankın, ya bazarın girişində işləyirlər. İndi bəzi müxbirlər də görür ki, el içində qara qəpik hörməti olmayan müdir tərif üçün ölür, o da pulunu alıb, ona bir dənə yalançı diplom soxuşdurur.
Bizimkilər gec ayılıb. Xaricdə hələ çox-çox əvvəl hazır vəsiqələr satırdılar. Üstündə “Seks bomba”, “Görkəmli oğru”, “İlin dövşanı” yazılırdı. Bəlkə biz də bir diplom təsis edək: “Qəzetimizin ən mənfur qəhrəmanı”.
Комментариев нет:
Отправить комментарий