04.05.2017

Acizanə "çıxış yolu"

İlkin Əkbərli

Əziz və qiymətli oxucularımı sonsuz məhəbbət və hörmətlə salamlayıram. Keçən yazılarımda ölkədəki bir çox problemlər haqqında bəhs eləmişdim. Bu məsələlər səhiyyəni, rüşvəti, gərəksiz layihələri və sairə mövzuları əhatə edirdi. Amma bu dəfə təmamilə başqa mövzuya toxunacam. İntihar...
Azərbaycanda günü-gündən artan qida bahalaşması, işsizlik, korrupsiya, özbaşınalıq və s. amillər xalqın psixologiyasını dərbədər eləyib. Artıq vəziyyət o həddə çatıb ki, baş verəcək hər hansı bir qığılcım ölkədə xaosa yol aça bilər. Məsələ burasındadır ki, intihar halları ölkədə ən məşhur "xilasolma" vasitəsinə çevrilib. Niyə də yox?! Gənclər gəncliklərində firavan yaşamırlar, yaşlılar qoca vaxtlarında müxtəlif zülmlərə məruz qalırlar. İstər maddi, istərsə də mənəvi. Axı bu ölkə belə deyildi. Günü-gündən artan bahalaşma, bank sələmi, məmur talanları, hakimiyyətin yalanları bu günə qoyub əhalini. Hökumət verilən maaşların miqdarını qədərindən dəfələrlə az təyin edib. Müəllimlər, həkimlər, hətta alimlər də maaşlardan şikayətlənirlər. Bu da başadüşülən haldır. Çünki ölkədə aylıq orta əmək haqqı təqribən 200-250 manat arasında müəyyən edilib. Xalq da məcbur qalıb banklardan kredit götürür. Çünki verilən bu maaşla Azərbaycanda dolanmaq müşkül məsələdir.
Burdan belə nəticəyə gələ bilərik ki, hökumət banklarla əlbir olub bu xalqı talamaqla məşğuldur. Ölkə rəhbərliyi özü bilərəkdən maaşları az verir ki, xalq banklara möhtac olsun, bilavasitə banklar da dolansınlar. Sadaladığımız bütün bu hadisələr insanların intihar amilini tək çıxış yolu olaraq görmələri ilə nəticələnir. Yəni ki, özünəqəsd halları durmadan artır bu məmləkətdə. Cavanı da intihar edir, qocası da. Hətta məktəblilər də bu psixoloji məğlubiyyətə meyl edirlər.
Maddi dolanışıqsızlıq ailələrdə münaqişələrin, boşanmaların, hətta intiharların baş verməyinə gətirib çıxarır. Olmaz. Bu gedişatla nə ölkənin, nə də xalqın gələcəyi olmayacaq. Ruhi vəziyyət mənfi mənada pik nöqtəyə çatıb artıq. Bu zaman kəsiyində əgər belə hadisələrin qarşısı alınmasa, fəsadları çox ağır nəticələrlə üz-üzə qoyacaq bizi.
Bu psixoloji böhranın ən böyük səbəbkarı Azərbaycan hökumətidir. Bütün məsuliyyət Azərbaycan hakimiyyətinin üzərinə düşür. Çünki intiharlar yurdunda heç bir əməl, heç bir idarəetmə sistemi balanslaşdırılmış vəziyyətdə deyil.
Və sonda bunu da qeyd edim ki, biz Aztv-dəki kimi xəyali Azərbaycan deyil, reallıqda xoşbəxt olan Azərbaycan istəyirik. İndiki vəziyyətdə xoşbəxt gələcəyə ümidlə yanaşmaq olduqca absurddur. Amma yenə də ümidlərimizə indidən salavat çevirib rəhmət oxumayaq. Bəlkə də hələ ölməyiblər. Allah köməyimiz olsun!

Комментариев нет:

Отправить комментарий