04.12.2010

Türkiyə hərbi əməkdaşlığının prioritetləri

Vüqar Ağazadə  
Professional Oxucu Liqası
Azərbaycan Dövlət İqtisad Universiteti
   
                                               I hissə

 İsrail-Türkiyə-Azərbaycan əlaqələrini xarakterizə edən "Azəri üçbucağı" ifadəsi Azərbaycan müstəqillik əldə etdikdən sonra siyasi ədəbiyyatda gündəmə gəldi. "Azəri üçbucağı" ilk baxışda Azərbaycanın və Türkiyənin İsraillə bərabər hüquqlu əməkdaşlığını nəzərdə tutsa da, digər region dövlətləri ilə münasibətlərin gərginləşməsi demək idi. "Azəri üçbucağı"nda İsrailin dominant rolu oynamağa cəhd göstərməsi də həm Türkiyənin, həm də Azərbaycanın region dövlətlərindən təcrid edilməsi ilə nəticələnə bilərdi. İsrailin Yaxın Şərqdə işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən, Türkiyənin Yaxın Şərq ölkələri ilə münasibətlərinin son illərdə "istiləşməsi" "Azəri üçbucağı"nın perspektivsizliyindən xəbər verir. 
 "Azəri üçbucağı"nın Azərbaycan və Türkiyə üçün nə dərəcədə əhəmiyyətli olduğunu qiymətləndirmək üçün onun mahiyyətini, hansı geosiyasi və ya iqtisadi reallıqla şərtləndiyini tədqiq etməyə ehtiyac var. Başqa sözlə, "Azəri üçbucağı" Azərbaycanın və Türkiyənin qarşısında dayanan hansı mövcud problemləri həll etməli idi? Azərbaycan və Türkiyə üçün həlli vacib olan problemləri "Azəri üçbucağı"na daxil olan digər tərəflə, yəni İsraillə birgə həll etmək mümkündürmü? "Azəri üçbucağı"nı mahiyyətcə fərqli olan digər geosiyasi əməkdaşlıq strukturu ilə, məsələn, "Azəri dördbucağı" ilə əvəz etməyin zamanı deyilmi? Bütün bu suallara İsrail-Türkiyə və İsrail-Azərbaycan əlaqlərinin tarixinə və mahiyyətinə varmaqla cavab tapmaq olar. 
 Təqribən 61 il bundan əvvəl, yəni 1949-cu ilin 28 mart tarixində Türkiyə İsrail dövlətini tanıyıb. 1958-ci ildə isə Türkiyənin Baş naziri Adnan Menderes ilə İsrailin Baş naziri David Ben-Gurion arasında keçirilən gizli görüşdə iki ölkə arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu saziş iki ölkə vətəndaşlarının yaxınlaşmasını və hərbi əməkdaşlığı nəzardə tuturdu. Türkiyə 1967-ci ildə Qərb ölkələrinin dəstəyi ilə İsrailin regionda yeni əraziləri zəbt etməsini pisləsə və zəbt edilmiş ərazilərdən İsrail qoşunlarının çıxarılmasını tələb etsə də, İsrailin "işğalçı dövlət" adlanmasına tərəfdar çıxmayıb. İki il sonra isə İslam Konfransı Təşkilatının Mərakeşdə keçirilən iclasında İsraillə hər hansı diplomatik əlaqələrin kəsilməsinə dair qəbul edilmiş qətnaməyə qoşulmayıb. 
 Əksinə, keçən əsrin səksəninci illərində Türkiyə ilə İsrail arasında diplomatik əlaqələr xeyli möhkəmlənib. Lakin bununla yanaşı, Türkiyə fələstinlilərin özünütəyin hüququnu və müstəqil Fələstin dövlətinin yaradılmsını müdafiə edib. 1990-cı ildə Türkiyə ilə İsrail arasında illik ticarət dövriyyəsi 100 milyon dollardan 150 milyon dollara qədər yüksəlib. 
 Keçən əsrin 90-cı illərində iki dövlət arasında müdafiə və turizm sahəsində əməkdaşığın genişlənməsi, İsrail-Türkiyə Biznes Şurasının yaradılması, yüksək rəsmi şəxslərin qarşılıqlı səfərləri İsrail-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini göstərirdi. Məhz bu dövrlərdən başlayaraq İsrail-Türkiyə münasibətləri İsrail-Azərbaycan münasibətləri ilə paralel inkişaf etməyə başlayıb. Bu dövrlərdə terrorizm və fundamentalizm təhlükəsinə qarşı birgə mübarizə haqqında anlaşma memorandumu imzalanıb. Mədəniyyət, elm, idman və təhsil sahəsində, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlıq müqavilələrinə daha sonra azad ticarət müqavilələri də əlavə edildi. Lakin iki ölkə arasında mühüm əhəmiyyət daşıyan müqavilələr əsasən hərbi əməkdaşlıqla bağlı idi. Türkiyənin Avropa Birliyinin gömrük ittifaqına qoşulması İsrail tərəfindən ciddi müdafiə edilirdi. İsrail ümid edirdi ki, Türkiyənin Avropa İttifaqına yaxınlaşması onun Yaxın Şərqlə əlaqəsinin zəifləməsinə səbəb ola bilər. 
İsraillə əlaqələrin kəsilməsini vəd edən və seçkilərdə qalib gələn Rifah Partiyasının hakimiyyəti dövründə də İsrail-Türkiyə münasibətləri, əslində yüksələn xətlə inkişaf edib. 
 Türkiyə ilə İsrail arasında genişlənən əməkdaşlıq region ölkələrini həmişə narahat edib. Çünki belə əməkdaşlıq dolayısı ilə İsrailin hərbi imkanlarının genişlənməsinə yadım etmək və onun regionda işğalçılıq fəaliyyətinə haqq qazandırmaq demək idi. 
Türkiyə-İsrail əlaqələrinidə hərbi əməkdaşlıqdan sonra digər mühüm yeri İsrailin içməli su ilə təminatı tutur. 2000-ci ildə İsrail və Türkiyə arasında hər il 50 milyon kub metr suyun alınması haqqında müqavilə imzalanıb. 2002-ci ildə isə İsrail Türkiyədən bir milyard dollarlıq su idxal edib, təqribən bu məbləğdə hərbi avadanlığı isə Türkiyəyə ixrac edib. "Su əvəzinə hərbi avadanlıq" Türkiyə-İsrail ticarət əlaqələrinin zahiri göstəricisi olsa da, mahiyyət etibarı ilə belə əlaqələr Türkiyənin regiondan təcrid edilməsinə və İsrail hərbi sənayesindən asılı vəziyyətdə saxlanmasına xidmət etmişdir. Odur ki Türkiyə tərəfindən vaxtaşırı Fələstinin müdafiə edilməsi, bəzi hallarda İsrail rəsmi şəxslərinə Fələstinlə bağlı ciddi iradların bildirilməsi Türkiyəni İsraildən qətiyyən uzaqlaşdıra bilməzdi. Xüsusilə, bu dövrdə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Türkiyədə tikilməsinin razılaşdırılması və Azərbaycan neftinin Türkiyə vasitəsilə İsrailə havayı verilməsinin təmin edilməsi Türkiyəni İsrail üçün mühüm strateji ölkəyə çevirir.

                                                                     II hissə
 
 Türkiyə-İsrail əməkdaşlığında diqqəti çəkən ən maraqlı məqam Türkiyənin İsraildən hərbi avadanlıq almasıdır. Həm insan resursları, həm də iqtisadi potensialı İsraildən qat-qat çox olan Türkiyənin hərbi potensialının İsraildən asılı olması regionda hərbi balansın nə dərəcədə pozulduğunu bir daha əyani sübut edir. Başqa bir sual Türkiyənin İsrail vasitəsilə sürətli silahlanmaya sövq edilməsi ilə bağlıdır. Başqa sözlə, Türkiyə hansı təzyiqlərlə üzləşərək İsraillə əməkdaşlığa razı olub? İsrailin Yaxın Şərq siyasətinə kəskin reaksiya verən Türkiyə nə üçün İsraillə, Ərdoğanın dili ilə desək, "dövlət terroru" ilə məşğul olan bir ölkə ilə ən yüksək səviyyədə iqtisadi və hərbi əməkdaşlıq aparmaqda davam edib? 
 Əlbəttə, belə əməkdaşlığın əsas səbəbi ABŞ və Avropa İttifaqı tərəfindən Türkiyəyə edilən və müxtəlif məsələləri əhatə edən təzyiqlərdir. Şübhəsiz ki İsrail tərəfindən Türkiyəyə və ya hər hansı bir ölkəyə, o cümlədən Azərbaycana satılan hərbi avadanlığın istehsalı birbaşa və ya dolayısı ilə ABŞ siyasi elitası ilə bağlıdır. Son 60 ildə ABŞ-ın Yaxın Şərqdə hərbi və iqtisadi maraqlarını yerinə yetirən İsrail, əslində ABŞ-ın "hərbi bazası"dır. Türkiyə siyasiləri İsraillə əlaqələrə müxtəlif "don geydirə" bilərlər. Məsələn, İsrail lobbisinin Türkiyənin maraqlarını Vaşinqtonda qoruması və ya Türkiyənin İsraillə iqtisadi əməkdaşlığında Türkiyənin maraqlarının önə çəkilməsi, ərəb dövlətləri və ya Rusiya tərəfindən Türkiyəyə hər hansı hərbi təhlükələrin mövcudluğu və sair. Lakin bu arqumentlərin heç biri Türkiyənin İsraillə əməkdaşlığında obyektiv xarakterli deyil. Belə ki Türkiyə siyasi elitası tamamilə əmindir ki, ABŞ-dakı İsrail lobbisi nəinki Türkiyə xalqının, hətta yəhudi xalqının mənafeyini öz iqtisadi maraqlarına qurban verməyə həmişə hazırdır. Türkiyə-İsrail əməkdaşlığında Türkiyənin iqtisadi maraqları da prioritet deyil. Türkiyə İsraildən hərbi avadanlıq alaraq, İsrailə valyuta ödəyir. Türkiyənin İsrailə satdığı suyun və ya mal və xidmətlərin miqdarı, həmçinin Türkiyəyə səfər edən İsrail turistlərinin gətirdiyi gəlir Türkiyənin İsrailə qaytardığından xeyli azdır. İsrailin Türkiyəyə ixracatı təqribən 1,5 milyard dollardır. Türkiyədən isə təqribən 1 milyard dollarlıq mal idxal edir. Türkiyədən İsrailə neft və qaz boru kəmərlərinin tikintisi də nəzərdə tutulub ki, belə infrastruktur vasitəsilə Xəzər dənizinin enerji resursları İsrailə daşına bilər. Belə boru kəmərlərinə nəzarəti əldə saxlamaqla İsrail regionun "enerji damarlarına" sahib olmağı planlaşdırır. Digər tərəfdən, Türkiyənin İsraillə hərbi əməkdaşlığnın belə geniş vüsət alması Türkiyəni nəinki regionda gücləndirmir, əksinə onun nüfuzuna xeyli ziyan vuraraq, onu qonşu müsəlman ölkələrindən təcrid edir və regionu sürətli silahlanmaya sürükləyir. 
 Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən sonra İsrailin Yaxın Şərq siyasətini ən kəskin tənqid edən ölkələrdən biri də Türkiyə olub. Son 6-7 ildə Türkiyə Yaxın Şərq ölkələri ilə yaxşı münasibətlərin qurulmasına cəhdlər göstərir. Lakin buna baxmayaraq, İsrailin Fələstində törətdiyi qətliamı açıq-aşkar tənqid edən T.Ərdoğan, təəssüf ki, "irqçi dövlət"lə iqtisadi və hərbi əməkdaşlığın davam etdirilməməsində israrlı deyil. İsrail Livanı işğal etdi, Türkiyə isə yalnız etiraz bəyanatı verməklə kifayətləndi, İsrailə qarşı konkret iqtisadi sanksiyalar tətbiq edilmədi. Əksinə, Türkiyə ərazisindən İsrailə neft ixracı davam etdirildi. 2008-ci ilin sonu 2009-cu ilin əvvəllərində İsrail Qəzza bölgəsində çoxlu sayda insan qırğını törətdi. Türkiyə bu qətliama kəskin reaksiya göstərən ölkələrdən biri oldu. Lakin İsraillə hərbi və iqtisadi əməkdaşlıq məhdudlaşdırılmadı. Bəzi siyasilər və politoloqlar qeyd edirlər ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi Türkiyə hökumətinin son illərdə İsrailə qarşı kəskin mövqe tutması ilə bağlıdır. Əgər belədirsə və Türkiyənin müstəqil dövlət kimi region ölkələri ilə hər hansı əlaqələrinə İsrail tərəfindən "xüsusi nəzarət" olunacaqsa, regional siyasətdə İsrailə nə dərəcədə etibar etmək olar? Belə sualların cavablandırılması həm də "Azəri üçbucağı"nın üçüncü tərəfi, yəni Azərbaycanın gələcək təhlükəsizliyi üçün də mühüm əhəmiyyət daşıyır. 
 Heç şübhəsiz, ABŞ-ın bilavasitə təzyiqi və təhriki ilə son 60 ildə Türkiyə İsraili hərtərəfli dəstəkləyib. İsraillə geniş iqtisadi və hərbi əməkdaşlıq yaratmaqla Türkiyə regional disbalansın formalaşmasında bilavasitə iştirak edib. İsrail ABŞ və onun yaxın müttəfiqi olan Türkiyə vasitəsilə həm iqtisadi, həm də hərbi cəhətdən güclənib. Elə buna görə də İsrail Türkiyə kimi ölkələrlə ikitərəfli əməkdaşlıqda dominantlığı öz üzərinə götürür. Məhz buna görə də İsrail rəsmiləri Türkiyə kimi ölkələrin səfirlərinə hörmətsizlik göstərməkdən belə çəkinmirlər. Türkiyə kimi ölkələrin müstəqil addımlarını cəzalandırmaq və Yaxın Şərqi İsrail vasitəsilə nəzarətdə saxlamaq üçün ABŞ müxtəlif bəhanələrdən ustalıqla istifadə edir və gələcəkdə də edəcəkdir. 
 Türkiyə ilə İsrail arasında son 60 il ərzində olan, sözün həqiqi mənasında, "subordinasiya" pozulmaq istiqamətində davam edir. Daha nə Türkiyə, nə də digər Yaxın Şərq ölkələri İsrailin, daha doğrusu, ABŞ-ın, Yaxın Şərq siyasətinə dözmək iqtidarında deyil. Türkiyə dərk edir ki, belə siyasətə dəstək verməklə özünə ciddi problemlər yaradır. Başqa sözlə, irqçi İsrailin işğalçılıq siyasəti dəstəkləndikcə, hərbi imkanları gücləndikcə regionda təhlükə artır, Türkiyənin özünə hərbi və iqisadi problemlər yaranır.
 Nəzərə almaq lazımdır ki, Türkiyə Baş naziri T.Ərdoğanla İsrail prezidenti Ş.Peresin Davos mübahisəsi iki siyasətçinin sadəcə söz savaşı deyildi. Bu, Türkiyə Baş nazirinin Yaxın Şərqdə İsrail hegemonluğuna və "Azəri üçbucağı"nda İsrailin dominantlığına qarşı üsyanı idi. 
 Artıq həm Azərbaycan, həm də Türkiyə regional təhlükəsizlik və inkişaf üçün digər regional ölkələrlə əməkdaşlığa daha çox ehtiyac duyurlar. Yeni "Azəri dördbucağı"nın yaradılması zamanı artıq yetişib.

Комментариев нет:

Отправить комментарий