Cavidan
ryabina06@list.ru
Kim deyir ki, bizdə demokratiya, söz azadlığı, vətəndaş həmrəyliyi kimi qərbyönlü nəsnələr yoxdur?
Gedin, hər biriniz hər gün və hər bir şəraitdə üzləşdiyiniz böyük, orta və kiçik məmurların necə cani-dildən sərbəstcə rüşvətdən girib hörmətdən çıxmasına, azadca və rahatca sizin halalca haqlarınızı sizə sataraq ucadan, kimsədən qorxub-çəkinmədən qiymət oxumasına, birindən digərinə şikayət elədiyiniz zaman zəncir kimi qıfılbənd bir halda sarsılmaz ordu timsalında üzərinizə gəlməsinə baxın.
Azad deyillərmi, rahat deyillərmi, məğrurluq və şücaət yağmırmı olmayan simalarından...
Azadlıqda ilk köşəmdə az qala pioner andı içmişdim ki, siyasətə və onun arenasında olanlara aid heç nə yazmayacam, qəzetin sosial, cəmiyyətə aid problemlərini əks elətdirən səhifələrində dolaşacam.
Amma olmur...
Uşaqkən milli nağıllarımızda şahların, hökmdarların hərdənbir ağıllı vəzirlərinin məsləhəti ilə təğyiri-libas olub da ölkəni gəzməsi, rəiyyətin onun barəsində nə düşünüb nə danışmasını izləməsi barədə oxuyardıq.
Və bir anlıq özümü ağıllı vəzir yerində hesab eləyib də ölkə başçımıza hərdənbir olmasa belə, heç olmasa indi, seçkiqabağı təğyiri-libas olub məmləkəti dolaşmasını təklif eləmək istərdim.
Ey, hər bir vətəndaşın olduğu kimi mənim də apayrıca prezidentim!
Sizə gizlicə, usdufca sevimli vətənimizi sıradan bir INSAN kimi gəzməyi təklif eləyirəm.
Yox, sadə və avam və kasıb və savadsız və qoyun yerinə qoyulan sıravi vətəndaşları izləməyin lütfən...
Ürəyinizin ağrımasını, ruhunuzun sızıldamasını qıya biləcək qədər də qəddar deyiləm.
Rəsminizin asıldığı kabinetlərdəki fotoşəkliniz qoyulan masaların arxalarına boylansanız yetər.
Buralarda mütləq gözlərindən zəhm, buxağından yağ, dilindən kobudluq yağan birisinə rast gəlmiş olarsınız. Onlar əsasən kök olurlar, oturduqları zaman qarınları dizlərinə düşür, ayağa qalxanda fısıltıları və tər iyi kabineti başına götürür. Hamısı çox yeməkdəndi, möhtərəm prezidentim, xalqın qanını sormaqdan vampirə, canını çeynəməkdən hannibala dönməklərindəndi, haram da ki bir tərəfdən...
Buddizmi, induizmi öyrəndiyim zamanlarda Ilahların, müqəddəslərin, möhtərəmlərin hərdən-hərdən öz rəsmlərindən və büt-heykəlcik formalarından təcəlla eləyə bilməsinə az qala inanacaqdım. Tanrı köməyiniz olsun ki, dövlət əhəmiyyətli kabinetlərini Sizin rəsmi səcdəgahlarınıza döndərib də əlindən gələni də, əlinə keçəni də beş qaba çəkən böyük, orta və kiçik məmurlar üçün heç bir halda təcəlla eləyib onları bəd əməllərindən çəkindirə bilməməyiniz məni böyük bir bəladan, yəni bütpərəst olmaqdan biryolluq xilas eləmiş oldu...
Məsələn, elə bircə həftə bundan qabaq mənə qoşulub belə kabinetlərdən birinə girsəydiniz, adicə bir polis kapitanının sıravi bir vətəndaşa - “Azadlıq” qəzetinin köşə yazarına sadəcə bir şəxsiyyət vəsiqəsini verməkdən ötrü 20 gün vaxt, 10 manat pul oxumasını gözlərinizlə görərdiniz. “Daha tez mümkün deyilmi?” - sualına “əlbəttə mümkündür, 50 manat ver, 10 günə hazır olsun” deməsini özcə qulaqlarınızla eşidərdiniz...
Hələ məndən qabaq kabinetdən başqa bir sıravi vətəndaşın üstünə bağırmasını, çöldən polis çağırıb qovdurmasını, o sıravi vətəndaşın qapıdan çıxarkən yazıqca “çarə yoxdur, gərək gedib yuxarılara bildirək” deyən zəif və miskin səsini də eşidərdiniz...
Və bu səs bütün növ seçkilərdə Sizə verilən səslərdən biridir...
Nə isə...
Kvazidemokratiyadan yazacaqdım axı bu gün... qalsın...
Istəyənlər vikipediyalardan məlumatlana bilərlər, lap ehtiyac olarsa, özüm də tərcümə eləyib ixtiyarınıza verə bilərəm. O məlumatları oxuduqca məmləkətin tam təsvirini görərək ən azından mənim qədər məəttəl qalacağınızdan əminəm...
Комментариев нет:
Отправить комментарий