13.08.2011

Məhəbbətin qüdrətini mən belə bilməzdim...


Ancaq bizdə oxuyun!

Sofiya Sadıqlı Azərbaycan şor-biznesindən yazır

Deyirəm, yaman məmləkətimiz var. Nə əkirsən ək, axırda içində şou olan zad çıxacaq. Çünki zamanın və hökumətin tələbi belədir. Bu telekanallar, bu hökumət bu şouya ki bu qədər diqqət, hörmət ayırır, indi zavallı qara kütlə neyləsin ki. Hələ mətbuatı demirəm. Qəzetlər mənasız şou xəbərlərini yaymaqdan ötrü sino gedirlər. Yoldan keçənin birini tutub gətirib şou ulduz edirlər. Sonra bu yoldaqalan “ulduz” olanda heç kəsi bəyənmir, həmin mətbuatı toyuna, oğlunun sünnətinə, ad gününə çağırmır ki, əlavə başağrısı verməsin.
Bu bir yana bir az normal manıslarımız var ki, onlar da toy tutmaq üçün telekanallara üz tutur, palatkalarda qazandığı pulundan keçir ki, gic-gic mövzularla gündəmə gəlsin. Onlar özlərinə toy tutub pul qazanmaq üçün camaata əsl toy tuturlar.
O günlərdə məşhur manıslardan biri Məhəbbət Kazımov da dilə gəlib. Dilə gəlib və deyib ki, bəzi müğənnilər telekanallarda gecələyirlər. Adama deyərlər, nə paxıllığın tutub, yaxşı edib gecələyirlər, puluna minnət. Məsələn, bir də görürsən Pişik Günelin miyovulstusu yaxşı effekt vermir, yəni qızın cibi boşalır, o zaman çıxır telekanallara və iri, silkonlu döşlərinin arasında cadu-pitik, gözdəyməmək üçün pitik gəzdirdiyini deyir. Bu zaman “səviyyəli” aparıcı ciddi-cəhdlə Günelin döşlərinin arasına kameranı tutub pitiyi axtarır. Day deməsiz heç, Güneldə utandığından parça-parça ət tökür. Amma ha ət tökürsə, dodaqları kiçilmir ki, kiçilmir. Çünki sintetikdir, yəni geldir, sünidir, əgər təbii olsaydı, indi min dəfə yox olmuşdu. Söz yox, gelli dodaqlar da geli sovrulduqca kiçilir. Amma puluna minnət, get bir dəfə 5 qram vurdur, dodağın olsun inək dodağı boyda. 
Hə yerigəlmişkən, Məhəbbət Kazımov Kəpəzdə dincəlir. Gözünüz aydın. Bax ha, narahat zad olmayın, sağ-salamatdır.

Serial düşkünləri və qazana düşün...

Birdə görürsən ömüründə bir kitabı yarıya qədər oxumayanın biri guya ulduzdur, çıxıb camaata ağıl öyrədir, həyat dərsi keçir. Prinsipcə bunlar həyat dərsi keçə də bilərlər çünkü həyatın dibindən gəlib çoxu. Şouxanımların çoxu barlarda göbək atıb, dal oynadıb pul yığdıqdan sonra həmin pulları telekanallara xərcləyib reklam olunub.
Telekanallarda da səviyyəsiz verilişlər itətökdü. “Ulduz oldun”, “Etiraf”, “ATV Maqazin”, “Qızıl pillə” və sair. Hələ bəzi bəzək-düzək, yemə-içmə, qazanadüşmə verilişlərində bu ulduzələrin çıxartdığı hoqqaları demirəm birdə görürsən, biri o birinə mesaj göndərir: “Məni cin atına mindirməsin, açaram sandığı, tökərəm pambığı” və ya mürdəşir yumuş qrimli sifətini tamaşaçılara tutub kimisə hədələyir “aaazz. Beynimin qurdunu tərpətmə tutaram sənin avzivi çıraram haa”... Zavallı Azərbaycan tamaşaçısı da bütün bunlara baxmağa məhkumdu. Bəlkə də məhkum deyil, özü-özünü məhkum edir. Məsələn ötən ay qonşunun televizorun qabağında oturub düşük seriallara baxmaqdan şişib dam boyda olan mənasız gəlininə deyirəm ki, o qədər vaxtını seriala sərf edincə, bir kitab oxu. Deyir ver, oxuyum, kitab var? Mən də bunda kitaba maraq oyatmaq üçün birinci elə yüngül məsələlərdən başladım. “Gözəlliyin sirri” adlı rus müəllifinin kitabını verdim ki, burda saça, dəriyə qulluqla bağlı məsləhətlər var. Ötən həftə yaxınlıqdakı zibilliyə zibil atanda nə görsəm yaxşıdır? “Gözəlliyin sirri”nin üz qabğını cırıb atıblar. Serial düşkünü olan qonşumdan kitabımı istəyirəm. Qarnını tutub uğunur, deyir kitabın bizdən bezib qaçdı zibilliyə.
Belələrinə “Ulduz oldun” gərəkdir ki, Nailə Ağlamalinksi ürəklər partlayınca ağlada bunları, bu istinin günündə.

Telli Borçalı gözəl ərini “qısqaner”

Adətən ər və ya arvad axtaranlar qeyri-səmimi olsa da deyirlər ki, əşi, əsas xasiyyətidir, üzü kifir olsa da olar və ya gözəl üzdən bir gündə doymaq olar, gözəl xasiyyətdən min ildə doymazsan. Amma üzü yağlılığından, toxluğundan, xoşbəxtliyindən işım-işım işıldayan aşıq Telli Borçalı kişi qızı kimi ürəyindən keçənləri səmimi etiraf edib: “Mən təmiz, saf sevgi istəyirəm. Qoy məni tənqid etsinlər. Amma ilk növbədə həmin insanın xarici görünüşü önəmlidir. O, o dərəcədə gözəl olmalıdır ki, hamı mənə paxıllıq etsin. Xasiyyəti çox pis olsa da, dözərəm. Odur ki, sevdiyim şəxsi toxunduğu hər şeyə, hətta avtomobilə, telefona, masaya qısqanacağam”. Vay dədəm, vay gör indi Tellinin əri necə “xoşbəxt” olacaq ee. Tutaq ki, əri gedəcək maşının qapısını açsın, Telli qışıqracaq ki, yox olmaz səni qısqaneram. Yazıq istəyəcək ki, telefonu götürüb zəng eləsin Telli qışıqracaq ki, başın haqqı səni yerə-göyə hamıya qısqaneram. İndi bu kişi zalımın da balası ola pisxasiyyət (Telli deyir axı xasiyyəti pis olsa da olar) vura telefonu Tellinin yağlı başına. Ondan sonra görün, nə fıstırnkə qopur da şouxanamızda, eləcə də şouxanamızdan geridə qalmayan mətbuatımızda.

Yad kişini ayağı divarda nə gəzir?...

Əməkdar artist, müğənni Firuzə İbadova bu günlərdə verdiyi müsahibələrindən birində and-aman edib ki, onun divarına yad kişi ayağı dəyməyib: “Bu divarlar şahiddir ki, mənim evimə yad kişinin ayağı dəyməyib!”
Deyirəm e, adam oturub yaşının-başının bu çağında sənətdən, sənətkardan danışmaq əvəzinə divardan, qapıdan danışır. Axı bu adamlar özəl həyatları haqqında hesabat verməyə borclu olmadıqlarını niyə anlamırlar?

Hollivud ulduzu Kamilə ad günündə...

Deyirlə ki, bu günlərdə aparıcı Kamilə Babayeva da növbəti ad gününü keçirib. Çox yaxşı, böyük qız olsun. Amma xəbərdəki bir cümləni heç cür udmaq olmur: “Aramızda qalsın” serialında canlandırdığı obrazla həm də peşəkar aktrisa olduğunu nümayiş etdirən Kamilə Babayeva”...
Adam nə qədər vicdansız, nə qədər utanmaz olar ki, bu boyda yalan danışar. Mənim sözüm yoxdur, sizi bilmirəm...

Sofiya Sadıqlı

Комментариев нет:

Отправить комментарий