03.11.2010

ADOLF HİTLERİN PİVƏ QİYAMI

Hafiz Mirzə                                                                          Professional Oxucu Liqası

          Məbəddən başlamayan yolların sonu olmur

  Millətlər həmişə öz mentalitetinə uyğun yaşam tərzi qurur, düşünür, fəaliyyət göstərir, bayram, hüzür, müharibə, inqilab və ya qiyam edir. Bu hallar daha çox ya millətlərin tənəzzül, ya da inkişaf dövründə özünü geniş təzahür etdirir. Öz həyatında gəmi tərsanələrinə, dənizçiliklə, balıqçılıqla bağlı atributlara çox geniş yer verən və ya bütün yaşam tərzini daş kömür hövzələrinə, neft çıxartmağa bağlayan, eləcə də hansısa dini qaydalara, çayxana, qəhvəxana, yeməkxana, araq stoluna və ya karvansaraylara uyğunlaşdıran millətlər var. Şərqlilər məsçidə və çayxanaya nə qədər bağlıdırsa, Almaniyanın dünyada ən qədim və ən yaxşı pivəsini istehsal edən Bavariya vilayəti və ümumiyyətlə, almanlar pivəxanalara bir o qədər bağlı və sədaqətlidir. Onlar ən mühüm işlərini bir parç pivə arxasında həll etməyi xoşlayır və bunu çox yaxşı bacarırdılar.
 I Dünya müharibəsindən sonra Almaniyada vəziyyət məbədlə pivəxana arasında yaşantılarla mənalanırdı. Çünki Almaniya qələbənin bir addımlığında ikən məğlub vəziyyətə düşmüşdü. Rusiyanı bu müharibədə çökdürən, bolşevizmə qələbə qazandıran daxildə gedən inqilabi proseslər olduğu kimi, Almaniyanı da içindən sarsıdan, çıxılmaz duruma salan məhz sosial-demokrat hərəkatı oldu. Almanlar pivəxanalara toplaşıb, bütün məsələlər barəsində, o cümlədən də I Dünya müharibəsinin xəyanətkarcasına uduzulması haqda danışırdılar. Münxenin pivəxanalarına tez-tez gələn, qaynadılmış noxud və hisə verilmiş balıqla pivə içən və böyük xəyallara dalan gənc almanlardan biri də Adolf Şkulqruber idi. O, I Dünya müharibəsində sıravi əskər kimi iştirak etməyə başlamış, bir neçə dəfə yaralanmış, yefreytor kimi qəhrəmanlıqlar göstərmiş, hətta hər bir əsgərə nəsib olmayan II və I dərəcəli Dəmir Xaç ordeni ilə təltif olunmuşdu. Alman qoşunları Parisin yaxınlığında ikən birdən onun müharibədə məğlub olduğunun elan edilməsi, bir sıra torpaqlarının əldən getməsi, kayzerin devrilməsi gənc Adolfu sarsıtmışdı. Bununla da bir vaxtlar rəssam, sonra isə memar olmaq istəyən gənc Adolf siyasətə meyilləndi. Onun siyasi  maraqları da məhz pivəxanada formalaşdı. Almaniyanın müharibədə məğlub elan olunmasına əsas səbəb olan isə 1918-ci ildə seçkilərdə sosial-demokratların qalib gəlməsi idi.
 Növbəti dəfə ingilislərin gözyaşardıcı qaz bombasına görə hətta bir müddət görmə qabiliyyətini itirməsi Hitleri hospitallara möhtac etmişdi. İlin sonunda o yenidən Münhenə və pivəxanalara qayıtdı. Münhen onun Vətəni deyildi, Adolf 1889-cu ildə Avstriyanın kiçik Braunau şəhərində anadan olmuşdu. Amma Münhen ona özünü ifadə etmək, tanınmaq, məşhurlaşmaq  üçün ən münasib şəhər təəssüratı bağışlayırdı. Münhen pivəxanaları dünyanın ən qızğın parlamentindən betər idi. Pivə parçında şişmiş köpüklərə  baxdıqca xəyal atı da çox şahə qalxır və çox uzaqlara çapırdı. Xəyalının axıb getdiyi yerlərdə bütün dünya onun ayaqları altında idi. Lakin pivənin köpüyü yatan kimi o öz xəyallarından ayrılır və bu bir parç pivənin pulunu necə verəcəyi barədə dərdə qapılırdı.
 Münhenə qaytdıqda o yenidən hərb sıralarına yazıldı. Lakin komandiri ona Münhendə baş vermiş inqilabi hadisələrin qəhrəmanlarının əleyhinə məlumatlar toplamasını tapşırdı. Üstəlik, kapitan Ernst Remm ona burada yaradılmış Alman Fəhlə Partiyasına üzv olmağı məsləhət bildi. Adolf isə nəinki bu partiyaya üzv oldu, çox keçmədi ki, hətta onun bütün yaradıcılarını da sıradan çıxardıb, partiyanın əsas liderinə çevrildi. Bununla da Adolfun döyüşçü həyatı birdən-birə tamam dəyişib, siyasətçi həyatı ilə əvəzləndi. Çox keçmədi ki, o bu partiyanın adını da dəyişib, «Almaniya Nasional-Sosialist Fəhlə Partiyası», öz soyadını isə  Hitler qoydu. Onun özünə məxsus fərqli imici, danışıq tərzi, natiqlik və təşkilatçılıq məharəti formalaşır, o tədricən hamının diqqətini cəlb edir, valeh qoyur, fikirlərinə inanmağa məbur edirdi. Bu, bir gün pivəxanaya gəlmiş bir qoca qarının da diqqətini cəlb etdi. Buralara qadınların gəlməsi adi hal deyildi. Heç o da adi adam deyilmiş.  Bu qadın məşhur cadugər Rozalitta idi. Hitler sonradan onunla çox yaxın dost olacaqdı.
 Hitlerdə bir partiya lideri üçün  lazım olan puldan savayı hər şey vardı. Amma o pulsuzluğunu hiss elətdirmirdi. Sanki hakimiyyətin bir addımlığında durubmuş kimi ədasının və qətiyyətini pozmurdu. Buna görə də partiyada adına sadəcə «fürer»- rəhbər deyilməyə başlandı.
 Əslində o, Münhendə  adi bərbərdən, yeməkxana sahibindən, dükançıdan tutmuş, pivəxana barmeninə qədər xəlvətdə hamıya borclu idi. Ancaq bu onun borclu  olduğu şəxslər qarşısında da şəstini əymir, özünü sındırmır, məğrur görkəminə xələl gətirmirdi. Sadəcə, o, pivə içərək böyük qələbələr qazanacağına inanır və buna hazırlaşırdı. Fürerin hər bir çıxışı bir tamaşa idi və partiya üzvləri onun sirli cazibəsindən qurtula bilmirdilər. Bunu bir kimsə bilmirdi ki, Adolf özü də bir qoca cadugərə heyran idi və tez-tez onun yanına gedirdi  Rozalitta onun hamını  valeh etməsi və inandıra bilməsi üçün əlindən gələn  hər şeyi  edirdi. Hitlerin xüsusən də millətçilik yönümlü çıxışları  hamını coşdururdu. Bavariyada hakimiyyətdə sağ təmayüllü qüvvələr idi. Onlar və sol qüvvələr sosial-demokrat hökumətinin növbəti təslimçilik aktına qol çəkməsini kəskin tənqid edirdilər.
 Bu ərəfədə Fransa Almaniyanın Rur hövzəsini öz əlinə keçirtmişdi. Hitlerin sədri olduğu partiya sağlarla bu təslimçi hökumətə qarşı birgə mübarizə üçün ittifaqa girdi. Buradakı sağların lideri Fon Karr Berlindəki mərkəzi hakimiyyətin nasist partiyasını buraxmaq və «Xalq nəzarətçiləri» qəzetini bağlamaq tələbini müxtəlif bəhanələrlə rədd edirdi. Hitler isə fon Karrdan  mərkəzi hökumətin əleyhinə qəti və kəskin  şəkildə çıxmağı  tələb etdikdə onun da tələbləri rədd edildi. Çünki Mərkəzi hakimiyyətin əlində güclü polis və hərbi qüvvələr vardı. Belə olduğunu gördükdə Hitler nəhayət ki, bütün məsuliyyəti öz üzərinə götürməyi və həlledici addımlar atılması üçün bütün vasitələrdən istifadə etməyi qərara aldı. 1923-cü il noyabr ayının 08-də  axşam Hitler hücum dəstələri ilə birlikdə Münhenin məşhur  «Bürgerbroykeler pivəxanasına gəldi. Bu zaman burada Bavariya hökumət rəhbərlərinin növbəti mitinqi keçirilirdi. Hitler qəsdən Xain Berlin hökuməti devrildi! deyə ucadan elan etdi və hamını çaşdırıb, qiyama cəlb etmək istədi. Mitinqdə olan Fon Karr Hitlerdən bunu gözləmirdi. Ona görə də o tələsik buranı tərk etdi, Hitlerin nasist partiyasını qapadılması və hücum dəstələrinin buraxılması barədə qərar verdi. Hitlerin hücum dəstələrinə kapitan Ernst Remm rəhbərlik  edirdi. Onlar buradan birbaşa Müdafiə Nazirliyi Quru qoşunlarının baş qərargahına hücum etmiş  və oranı tutmuşdular. Lakin o andaca hərbi qüvvələr köməyə gəlib, binanı mühasirəyə aldı. Ertəsi gün Hitler Remmi xilas və müdafiə məqsədilə 3 min nəfərlik hücum dəstəsi yaradıb baş qərargaha doğru irəlilədi. Yolda onların qarşısını polis qüvvələri kəsdi.  Polislərin açdığı atəş nəticəsində hücuma keçənlərin sırasında 16 nəfər həlak oldu, çoxu yaralandı. Bununla da Hitlerin pivəxanadan başlanan Pivə qiyamı pivə köpüyü kimi çox tez yatırıldı. Hitler 5 il  həbs cəzasına məhkum edildi. Amma həbsxana həyatı onun üçün uğurlu oldu. O burada özünün məşhur Mayn kampf (Mənim mübarizəm) əsərinin birinci hissəsini yazdı və cəmi 10 aydan sonra azadlığa buraxıldı. Bu işdə təkcə vəkillərinin və ona diqqət yönəltmiş yəhudi himayədarlarının  deyil, həm də cadugər dostu Rozalittanın böyük rolu olmuşdu. Rozalitta onun bütün Avropanı, Asiyanı, Dünyanı qana bürüyəcəyini, «çirkin qanın» axıdılmasını  və dünyanın təmizlənib, alman xalqının himayəsi altında yaşamasını  arzulayırdı.
 «Pivə qiyamı» məğlubiyyətlə nəticələnsə də, Hitler özünə qarşı böyük diqqət yaratdı  və hakimiyyətdən narazı olan bütün qüvvələr ona tərəf meyilləndi. Nəticədə, 1930-cu ildə Hitlerin rəhbərlik etdiyi nasist partiyası Reyxstaqa seçkilər zamanı  ikinci yeri tutdu. Üç il sonra isə yəhudi maqnatların yaxından dəstəyi ilə 47% səs toplayaraq, hakim partiyaya çevrildi və o reyxskansler vəzifəsinə yiyələndi. Bir müddət sonra prezident Hindenburq öldü və onun prezident səlahiyyətləri də Hitlerin əlində cəmləşdi. Qarşısında cəmi bircə maneə qalmışdı. Bu maneə siyasi müxalifət idi. Onun tapşırığı ilə Reyxstaq yandırıldı, bu cinayət sosial-demokratların və digər sol yönümlü qrup və partiyaların üzərinə qoyuldu. Bu isə bir gecədə hamısını həbs və məhv etməyə  yetərli idi. Hitler hüdudsuz diktatorluqla  ölkənin məhv olmuş iqtisadiyyatını dirçəltdi və büsbütün hərbi sənayenin inkişafına başladı. Özü barədə yaratdığı mifi qorumaq və yüksəltmək üçün Hitler bir vaxtlar borclu olduğu bərbərdən tutmuş pivəxana barmeninə kimi hamısını gizlicə həbs etdirdi və öldürtdü. Bundan ötrü daha haranısa yandırmaq və cinayət faktoru yaratmaq lazım deyildi. Onların cinayəti bir vaxtlar ona yaxından kömək etmələri, arxa, dayaq durmaları, nəzərə almaları idi. Onun böyük mifi mühüm qələbələrinə yol açırdı. Hamı ona inanır, bütün tapşırıqlarına sözsüz və coşqu ilə əməl edirdi. Məşhurluq, qüdrət və qələbələr onu hakimiyyətə gətirmiş gizli və aşkar biznes dairələrinin və mason qüvvələrinin mənafeyinə  uyğun olduğu kimi, Hitlerin və onun sevimli cadugər dostunun maraqlarına da tam müvafiq idi. Lakin 1938-ci ildə Rozalitta qəflətən həyatdan köçdü. Hitler bu tənhalığa uzun müddət öyrəşə bilmədi. Əvvəllər nəticəsini görə bildiyi və qalib gələcəyinə əmin olduğu işlərə başlayırdısa, indi atdığı addımların sonunu görə bilmirdi. Sanki qarşısındakı qaranlıqda nə olduğunu bilmədən addımlarını atır, irəliyə getmək istəyirdi. Bu zaman ona məşhur bolqar öncəgörəni kor Vanqa barədə məlumat verdilər. O adi vətəndaş kimi, xəlvətcə Bolqarıstana gəldi və Vanqa ilə görüşdü. Nə  qədər üstüörtülü danışsa da,  kor Vanqa onu aydın görürdü.
 “Səni qarşıda çox böyük qələbələr, dünya durduqca xatırlanacaq məşhurluq və yaradacağın qan dənizi gözləyir. Amma bu dəniz bütün dünyanı bürüyə bilməyəcək. Hamı səni sevdiyi, sənə inandığı halda sən Rusiyaya hücum edib orada məğlub olacaq və tədricən hamının nifrətini qazanacaqsan. Sən birdən çox parlayıb, birdən də qəflətən sönəcəksən. Hətta sənin ölməyin və ya yaşamağın da insanların nəzərlərindən kənar və hər cür etiramdan kənar olacaq. Bir parç pivəyə diqqət vermisənmi, bax elə! Köpük birdən çox qalxacaq, amma sonra qalxdığı kimi də yox olacaq”.
 Bu fikirlər Hitleri uzun müddət bədbin fikirlərə qərq etdi. Ancaq Hitler özünün və alman xalqının aqibətini dəqiq gördüyü və buna inandığı halda, bu addımı atmaqdan çəkinmədi. Dünya durduqca xatırlanacaq məşhurluqdan ötrü hər şeydən keçməyə dəyərdi. Beləliklə də, onun qurduğu Almaniya 1939-cu ilin 01 sentyabrında Polşaya hücuma keçməklə II Dünya müharibəsinə başladı və 50 milyon insanın ölüm qanının axıdılmasına səbəb oldu. Hitlerin məşhurluğu o həddə çatmışdı ki, hətta konslagerlərdə çürüyən uşaqlar da onu sevir, pərəstiş edir və onun kimi olmağı arzulayırdılar. Amma onun böyük qələbələri də, sarsılmaz mifi və məşhurluğu həqiqi pivə köpüyünə döndü. Sanki bir anda hər şey çəkilib getdi. Hətta onun həyatı və ölümü də müəmmalara qovuşdu və daha heç kəsi maraqlandırmadı. Çünki hər şey pivəxanadan başlamışdı, məbəddən deyil.

Комментариев нет:

Отправить комментарий