04.11.2010

HƏLƏ MƏNİ QƏBUL EDƏRSƏNMİ?

Oqtay SALAMOV                                                           ogtaysalamov@rambler.ru


Vladimir Vısotski ölümündən bir gün əvvəl Marina Vladiyə yazmışdı: "Mən tərgitmişəm. Sən hələ məni qəbul edərsən?"


Bu dəfə ənənəni pozuram, həftə sonu ciddi və sona qədər eyni mövzudan yazıram, daha doğrusu tərcümə eləyirəm. Adətən həmişə bu yerdə bir az şux, kollaj və popurri janrlı yazılarım olardı. Elektron poçtuma gələn məktublardan bunun təqdir olunduğunu da görürdüm. Amma bu həftənin əvvəlində oxuduğum bu yazı məni elə tutudu ki,həftə sonunu çətinliklə gözlədim ki, yazını təqdim edim. Mənə elə gəlir ki, hətta indiki yeniyetmə və cavanlar da böyük aktyor,şair, müğənni, bard... Vladimir Vısotskini tanıyırlar. Ən azından "Görüş yerini dəyişmək olmaz filmindəki Qleb Jeqlov roluna görə. Bizim nəsil isə,ürəklə deyirəm ki, onu hələ də sevir. Və bu yazını da mən həqiqətən ürək ağrısıilə tərcümə etdim. Beləliklə...
 
  AST nəşriyyatında bard haqda yeni kitab çapdan çıxıb. Kitab "Kumirlər. Böyük məhəbbətin tarixi" seriyasındandır. "Vladimir Vısotski kimi çoxtərəfli şəxsiyyət haqda kitablar çox olmur"- kimi haqlı fikirlə kitabı Yuri Suşko yazıb. Kitabın müqəddiməsində müəllif özqəhrəmanını "həyatın doğduğu şair" adlandırır və elə o anda da yazır ki, "öz taleyinin sükançısı olan o,ətrafında həyatı qatlara böldü". Nə deyəsən, həm birinci, həm də ikinci fikir düzə oxşayır. Əgər Vısotski həyatdan belə acgözlüklə və qucaq dolusu yapışmasaydı - onun şerləri yaranmazdı. Amma eyni zamanda o, əsl passionari (yıxılmağın qarşısını alan - tərc.) kimi özünü və əhatəsindəki dünyanı yaratdı. Belə adam həmişə maraqlıdır,düzdü?
 
  Yuri Suşko Vısotski və onun əhatəsi ilə tanış idi. "KP" yaxşı şair və mürəkkəb insan Vısotski haqda tam kitabdan bir başlığı çap eləyir. Bu, onun həyatının son günləri haqdadı. Beləliklə,1980-ci il...
 
  "MƏN BOĞAZIMA VƏ VENALARIMA ZƏHƏR YERİDİRƏM..."
 
  ...Apreldə o yenidən Sklifosovski xəstəxanasına müraciət eləyir.Professor ultimatum verir: "Əgər siz hər şeyi mənə danışacaqsınızsa, mən sizinlə məşğul olacam". Vladimir neçə il iynəyə oturduğunu və hansı dozaları qəbul etdiyini söyləyir. Çünki o,artıq narkoman yox, polinarkoman və buna görə də qətiyyən müalicəolunmaz idi...
 
  Amma Vladimir hələ inanırdı ki, ayağa qalxmağa cəhd edə biləcək. Ayın sonunda o növbəti dəfə Marinaya zəng eləyir və onun ad gününə uçub gələcəyini vəd eləyir. İnandırırdı ki, hər şey qaydasındadı...
 
  Sonra Marina təşviş içərisində Moskvaya zəng vurur: "Volodya haradadı? O gəlməyib!" Axşam ona tanışı zəng vurur və xəbər verir ki, Vısotski artıq bir neçə saatdır Parisdədir, rus kabaklarının (içki verilən yemək yeri- tərc.) birindədi və işlər çox pisdir. Marina danışır: Mən Petyanı (oğlunu-Red.) oyadıram - mənə kömək lazımdır. Biz onu qırmızı plyuşla örtülü və ən qaranlıq küncdə olan banketkada tapırıq. Özü ilə gitarası və çemodanı vardı..."
 
  Mayın 11-də Marina onu Şaranton xəstəxanasında yatmağa tovlayır. O vaxt Vısotski hətta öz təəssüratlarını yazmışdı da: "Xəstəxanaya getdik. Bizim dəlixanaya oxşayır,amma təmizdi və oranın bütün sakinləri həqiqətən də xəstədirlər. Üzü tüklü axmağın biri yanıma qaçıb siqaret tələb elədi. Mən verdim..."
 
  Şekmyakin (heykəltaraş,Vısotskinin dostu- Red.) nəhəng, tutqun binanın bir həlqəsində qərarlaşan dostuna baş çəkir. Görür ki, qumaş pijamada pəncərə qarşısında Vladimir siqaret çəkir. Dönür:
 
  - Mişka!
 
  - Vovçik!
 
  -Nədi? Niyə belə oldu?
 
  - Bilirsən, içirtdilər... Elə özümüzünkülər, təyyarədə, uçan vaxt. Sonra da yola iki konyak verdilər. Sonrasını xatırlamıram...
 
  Şemyakin gördüklərini yazır: " O pəncərəyə söykənmişdi. Bayırda başqa, bizə qətiyyən dəxli olmayan həyat vardı. Orada bərq vuran günəş qətiyyən bizi işıqlandırmır və isitmirdi... Və beləcə biz alnımızı şüşəyə dirəyib sakitcə oxuyuruq. Dəhşətdi! Bunu təsvir etmək olmur! Bu, ölum öncəsi onu yeyən dərdi idi. Bax, bu Van Qoq sərsəmliyi idi. Volodyanı saçları - xəstəxanalarda olan kimi - parça-parça idi, qumaş pijaması isə İvan Bezdomnının idi..."
 
  Mişa gedir. O isə böyrü üstə uzanaraq qaranlığa baxır və Brodskinin psixatriçka haqda danışdıqlarını xatırlayırdı...
 
  Marinaya elə gəlir ki, Volodyanın vəziyyəti düzəlir.Amma o (Volodya) bilirdi ki, belə deyil. Sonra o etiraf edir ki, klinikaya gələn kimi sınıq-sökük rus dilində danışan bir tibb bacısı tapır,onu yoldan çıxarır və tibb bacısı ona "dərman" tapır. Marina isə əvvəlki kimi, elə düşünürdü ki, onun boğazından tuta və müalicə edə bilib...
 
  ...İyunun 11-də Vladimir Vısotski Parisi birdəfəlik tərk eləyir.Vidalaşarkən Marina ona deyir: ya bu sənin "ayağa durmaq" üçün son cəhdindi, ya da o konsulluğa gedərək boşanmaq üçün sənədlərini verəcək. Vısotski vəd eləyir ki,hər şeyi edəcək.
 
  ...Vısotskini Belorus vağzalında qarşıladıqları zaman o dəhşətli vəziyyətdə idi. Ağrılarını ürəyiyanan sərhədçilər və gömrük işçiləri ilə birgə spirtlə boğmağa çalışırdı. Malo Qruzinskiyə çatmağa macal tapmamış Marina yenidən zəng eləyir. Dəstəyi Yankloviç (Valeri Yankloviç - aktyor, prodüsser,Vısotskinin yaxın dostu - Red.) qaldırır. Marina ancaq bir sual verir: "Volodya haradadır?" Yankloviç mızıldanır: " Nə isə o özünü yaxşı hiss eləmir" -"Mənə hər şey aydındı. Ona de ki,aramızda hər şey bitdi".
 
  Səhər, Vısotski özünə gələndə Parislə telefon danışığı haqda ona danışdılar. Marinanın sözləri ona sarsıdıcı təsir göstərdi. O başa düşdü ki, Marinanı əbədi itirir. Hər halda o, onunçün bir xilasedici dairə idi...
 
  Valeri Yankloviç xatırlayırdı: "O tək qala bilmirdi. Saysız-hesabsız qadınların peyda alması da... bu təkliyin qorxusundan idi. Elə bir hal xatırlamıram ki, hansısa qadın ona etiraz eləyəydi. O, istənilən, əgər onun xoşuna gəlibsə, özündə nəsə kəsb eləməyən qadını belə öz səviyyəsinə qaldıra bilirdi. O qadına elə yanaşırdı ki, qadın özünü şahzadə kimi hiss eləyirdi..."
 
   SON GÜN
 
  23 iyulda Marina Vladi ilə son telefon danışığı oldu:
 
  - Mən tərgitmişəm. Ayın 29-na vizam və biletim var. Söylə,sən hələ də məni qəbul edərsən?
 
  - Gəl. Bilirsən ki, mən həmişə səni gözləyirəm.
 
  - Sağ ol, əzizim.
 
  Ayın 24-ü, gecədən xeyli keçmiş Malı Qruzinskidə hamı yerbəyer olurdu. Anası da, Vsevolod Abdulov da, Yankloviç və Sulpovar*, Şerbakov* və bütün qalanları mənzildə toplaşmışdılar və o hamıya səhərdən demişdi ki, " Mən bu gün ölurəm". Haradasa başqa otaqlarda Anatoli Şerbak və Oksana Yarmolnik də mürgüləyirdi. Gecə, səhərə yaxın, saat 4-ün yarısında Vısotski oyanır. Başı heyrətamiz dərəcədə ayıq idi. Otaq sakit və qaranlıq idi. O əşyaları ayırd edə bilmirdi. O ölmək istəmirdi, amma hiss edirdi həyat onu tərk eləyir və heç nəyə təəssüflənmirdi də.
 
  Vladimir Semyonoviç Vısotski saat 3.30-la 3.40 arasında öldü. Yanında heç kim yox idi və həyatdan getmə vaxtını dəqiq heç kim deyə bilməz. O öz həyat süjetinin dramaturqu və şəxsi taleyinin yaradıcısı idi. Vısotski həyata tənha gəlmişdi, çünki heç kimə oxşamırdı. Elə beləcə də, tənha həyatdan getdi.
 
  Hüzn mərasimində Lyubimov dedi": Qədim bir söz var- "bard". Qədim qallarda və keltlərdə şairləri belə adlandırırdılar..."
 
  Leonid Sulpovar, Stanislav Herbakov, Anatoliy Fedotov- Vısotskini müalicəedən həkimlərdir - Red...

Комментариев нет:

Отправить комментарий