18.04.2011

ABŞ ordusunun məxfi əməliyyatı

                               Komandoslar əməliyyatlar üçün ölkəmizdədir


 “The Atlantic” jurnalı sensasion məlumat yayıb, rəsmi mənbələrdən isə təkzib yoxdur. ABŞ ötən ildən başlayaraq dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda məxfi hərbi və kəşfiyyat əməliyyatları həyata keçirir. Bu sensasion məlumat Pentaqona yaxınlığı ilə tanınan Amerika jurnalı “The Atlantic”də yer alıb. Xəbər verildiyi kimi, prezident Barak Obamanın razılığı əsasında ABŞ-ın Mərkəz Komandanlığının xarici ölkələrdə məxfi əməliyyatlara dair xüsusi sərəncam imzaladığı barədə bu günlərdə Amerika mətbuatına məlumat sızmışdı. Bildirilirdi ki, bu gizli sərəncamın mövcudluğu barədə mətbuat yalnız indi xəbər tuta bilib, həmin sərəncam əsasında ABŞ xüsusi təyinatlı qüvvələrinin İranda da məxfi əməliyyatlar həyata keçirmək imkanı qazandığı bildirilirdi.
 “The Atlantic” jurnalı isə Mərkəz Komandanlığının rəhbəri general Devid Petreus tərəfindən imzalanan məxfi sərəncam haqda araşdırma apararaq yeni məlumatlar əldə edib. Bildirilir ki, bu sərəncamda ABŞ-ın terror təhlükəsinə qarşı qlobal miqyasda qeyri-ənənəvi müharibə aparmasından söhbət gedir. Sərəncam 2009-cu il sentyabrın 30-da imzalanıb. Sərəncamın üzərində “Olduqca məxfi” qrifi qoyulub və sənəd çap formasında cəmi 30 adamda var. Sərəncama görə, Gürcüstan, Türkiyə, Azərbaycan, Özbəkistan və Rusiyanın Dağıstan Muxtar respublikasında da məxfi Amerika bazalarının yaradılması nəzərdə tutulur. Həmin bazalarda xüsusi təyinatlı Amerika hərbçiləri yerləşdirilib.
Amerika kəşfiyyatındakı mənbə bildirib ki, Dağıstandakı bazada yerləşdirilən hərbçilərin qarşısında bu il martın 31-də Gizlər şəhərində terror aktları törədən və “əl-Qaidə” ilə bağlı olan 4 yaraqlının axtarılması vəzifəsi qoyulub. Azərbaycan və digər ölkələrdəki məxfi bazaların hansı missiya daşıdıqları haqda bildirilmir, ancaq güman olunur ki, bu bazaların əsas məqsədi “əl-Qaidə”yə qarşı gizli əməliyyatların keçirilməsi ilə yanaşı həm də İrana dair kəşfiyyat məlumatları toplamaqdır. Belə ki, Birləşmiş Ştatlar İranı terrorun əsas sponsorlarından biri hesab etməkdədir.
Jurnal yazır ki, əvvəlcə prezident Obama ABŞ-ın rəsmi olaraq hərbi iştirakının mövcud olmadığı ölkələrdə məxfi bazalar yaratmaqla ora xüsusi təyinatlı qüvvələr göndərmək təkliflərini dəstəkləməyib. Çünki beynəlxalq normalara zidd olan belə praktikaya vaxtilə Buş-Çeyni cütlüyü üstünlük verirdi. Obama isə belə praktikaya qarşı olduğunu dəfələrlə elan etmişdi. Lakin terror təhlükəsinin artması, siyasi maraqlar və bəzi yüksək rütbəli müşavirlərin israrları nəticəsində Obama Mərkəz Komandanlığına belə sərəncam imzalamağa icazə verib. Bildirilir ki, Petreusun imzaladığı sərəncama görə məxfi bazalarda yerləşdirilən Amerika xüsusi təyinatlıları qarşısında “istənilən vəzifəni” yerinə yetirə bilmək tapşırığı qoyulur. Yəni sərəncam təkcə “əl-Qaidə” üzvlərini izləyib tapmaqla məhdudlaşmır. Jurnal qeyd edir ki, hətta prezident Buşun dövründə Amerika hərbçilərinin İran ərazisinə daxil olmaq üçün rəsmi icazəsi yox idi, ancaq Petreusun sərəncamına görə bu mümkündür. Xarici ölkələrdəki məxfi bazaların Mərkəz Komandanlığı nəzdindəki Xüsusi Təyinatlı Əməliyyatlar üzrə Qərargaha tabe olduğu bildirilir. Lakin məxfi əməliyyatların deşifrə olmaması üçün yerlərdəki bazaların komandanlarına da fövqəladə səlahiyyətlər verilib. Belə ki, həmin bazaların komandanları Mərkəz Komandanlığı ilə razılaşdırmadan da məxfi əməliyyatlar keçirə bilər.
 Jurnalın yazdığına görə, məhz Petreusun sərəncamı ilə qurulan məxfi bazada yerləşdirilən Amerika komandosları ötən il “əl-Qaidə”nin Somalidəki iki yüksək rütbəli üzvünü izləyib və öldürüb. Yəməndəki baza isə bu ölkənin təhlükəsizlik qüvvələrinə bir neçə yüksək rütbəli “əl-Qaidə”çini məhv etməkdə kömək edib. Ağ Ev və Pentaqon isə məxfi sərəncamla bağlı mətbuatın yazdıqlarına şərh vermir. Lakin belə görünür ki, bu sərəncamın üzə çıxması ABŞ üçün xarici ölkələrdə “əl-Qaidə” üzvlərini saxlamaq üçün məxfi həbsxanaların yaradılması ilə bağlı mətbuatın üzə çıxardığı fakt ətrafında yaranmış qalmaqal qədər rezonans doğura bilər.
 Qeyd edək ki, Amerika xüsusi xidmət orqanlarının Azərbaycan ərazisində əvvəllər yüksək rütbəli “əl-Qaidə” üzvlərinə qarşı bir neçə dəfə əməliyyat keçirdiyi məlumdur. Lakin bu cür əməliyyatlar üçün müəyyən hüquqi baza mövcud idi, ən azından terrora qarşı xüsusi xidmət və hüquq-mühafizə orqanları arasında əməkdaşlığa dair sazişlərə istinad etmək olardı. Lakin bu dəfə söhbət xüsusi təyinatlı hərbi qüvvələrdən gedir. Rəsmi olaraq Azərbaycan ABŞ-a onun ərazisində hərbi qüvvələr saxlamaq icazəsini verməyib.


vhpress.az

Комментариев нет:

Отправить комментарий