18.04.2011

200 manata mitinqçi döyən axtarılır!!!


Hakimiyyət təhlükəli işlərə əl atacaq!
Hakimiyyət  bu gün (17 aprel) İctimai Palatanın keçirəcəyi etiraz aksiyasının qarşısını almaq üçün muzdlu şəxslər – idmançılar cəlb edib. Bu barədə XuralTAC-a daxil olan məlumata görə, hakimiyyət mitinq iştirakçılarına qarşı zor tətbiq etmək üçün xüsusi hazırlığı olan idmançılar dəstələri hazırlayıb. Bu məqsədlə də idman klublarına, müxtəlif federasiyalara və s. bu tipli mərkəzlərə müraciət edilib. Məlumatda bildirilir ki, müxalifətçi döyməyin qarşılığında belə şəxslərə 200 manat və daha çox məbləğdə pul vəd edilib.
Xatırladaq ki, hələ 1998-ci ildən bəri olan mitinqlərdə də hakimiyyət bu kimi taktikalardan istifadə edirdi və idmançı görkəmli, əsasən başları keçəl olan bu tip adamların mitinq iştirakçılarına fiziki zor tətbiq etməsi dəfələrlə müşahidə olunub. Ən maraqlısı isə odur ki, hüquq-mühafizə orqanları bu şəxslərin kimliyini bilmədiklərini bildirərək, şəxsiyyətlərini müəyyən etməyin mümkün olmadığını bəyan ediblər. Nəticədə isə faktiki cinayət əməli törətmiş bu şəxslər məsuliyyətə cəlb olunmayıblar.
Əvvəllər hakimiyyətin nəzarətində bir neçə belə dəstələr mövcud idi. Bu dəstələrə hakimiyyətin yüksək postlarında təmsil olunan məmurların, hakimiyyətə xüsusi yaxınlığı ilə tanınan iş adamları və digərlərinin rəhbərlik etdiyi mətbuat vasitəsilə ictimaiyyətə məlum idi. Hətta bu dəstələrin sabiq millət vəkili, hazırda İngiltərədə bizneslə məşğul olduğu bildirilən Rza İbadov tərəfindən kurasiya edildiyi də cəmiyyətdə bilinən gerçəklərdən idi. Sonralar müxalifətin siyasi aktivliyinin zəifləməsi nəticəsində siyasi durğunluq dövrü müşahidə olunduğundan, belə dəstələrin fəaliyyətinə də xitam verildi.
Hazırda siyasi aktivik artdığı bir dövrdə mitinq iştirakçılarının döyülməsi prosesinin xüsusi forma geyinmiş polis və Daxili Qoşunların əməkdaşları tərəfindən həyata keçirilməsi beynəlxalq arenada Azərbaycanın imicinə ciddi zərbə vurduğundan, hakimiyyət polisinin sivil fəaliyyət göstərdiyi barəsində rəy yaratmağa çalışır. Qeyd edək ki, mitinq iştirakçılarının ağır şəkildə döymək funksiyasını mülki geyimli polis və xüsusi xidmət orqanlarının nümayəndələri də həyata keçirirlər. Ancaq bu kimi hallar yerli və beynəlxalq mətbuat nümayəndələrinin foto və videoobyektivinə tez-tez tuş gəldiyindən, bir çox məmurlar belə hallarda çəkingən mövqe nümayiş etdirirlər. Bütün bunları nəzərə alan hakimiyyət  yenə də “başıqırxıqlar”ın xidmətindən istifadə etmək qərarına gəlib.
Görünür, artan fəallığın qarşısını başqa yollarla ala bilməyən hakimiyyət öz vətəndaşını bir-birinə qarşı qoymağa qərar verib. Xatırladaq ki, həftə içində bəzi siyasi təşkilatlar da ölkədə vətəndaş qarşıdurmasının baş verəcəyini demişdilər. 200 manata mitinqə çıxan insanları xüsusi muzdlulara döydürmək isə böyük bir fəlakətə sürükləyir Azərbaycanı:
VƏTƏNDAŞ MÜHARİBƏSİNƏ!!!
XuralTAC

Комментариев нет:

Отправить комментарий