16.04.2011

ABUTALIBOV İNTİHARA CƏHD ETDİ

                          Bakı merini ipdən aldılar



Hakimiyyət düşərgəsinə yaxın olan mənbələrimizdən biri redaksiyamıza şok məlumat verib. Həmin məlumatda iddia olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bir neçə gün öncə özünə qəsd aksiyasına əl atıb: “O, iş otağında ayağının altına kətil qoyaraq intihara cəhd edib. Köməkçi duyuq düşərək hay-küy salıb və meri sözün həqiqi mənasında ipdən alıblar”.
Xəbəri ənənəvi olaraq yazılı surətdə göndərən mənbəmiz intihar qalxımına keçmənin səbəblərini izah etməzdən əvvəl bunları yazır: “Bu, onun eyni məkanda (iş otağında) eyni üsulla intihara ikinci cəhdidir. İlk belə cəhd 2003-cü ildə, mərhum prezident Heydər Əliyevin ölüm xəbərini eşidəndə olmuşdu. ”Mən ondan sonra yaşamaq istəmirəm" - deyən Bakının icra başçısı o zaman canına qıyacağını hər kəsə deyirmiş. Onda da köməkçilərdən kimsə duyuq düşmüş və meri demək olar ki, eyni ssenari ilə xilas etmişdilər".
Bizə görə mötəbər olan qaynağımız iddia edir ki, hörmətli Hacıbala müəllimin canına qəsd etmək təşəbbüsünə səbəb bu dəfə bir başqadır: “Ona xəbərdarlıq olunub ki, seçkilərdən sonra təqaüdə yollanacaq. Bu hadisə onun bütün dəngəsini pozub və bu səbəbdən də intihara əl atıb. Onun canını qurtarıblar. Lakin Hacıbala müəllim bu hərəkəti ilə vəzifəsini qurtara bilibmi - bu sual hələ də cavabsızdır”.
Mənbəmiz onu da qeyd edir ki, intihar cəhdindən sonra Bakı meriyasında böyük şok yaşanıb. Qeyd edək ki, xəbəri alandan az sonra müxbirimiz Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Bizi hörmətli Hacıbala Abutalıbovun işə çıxıb-çıxmaması maraqlandırırdı. Qurumun mətbuat xidmətindən Nuranə xanım Hacıbala müəllimi soruşan müxbirimizə “məgər siz hər gün baş redaktorunuzu görürsünüz” kimi qeyri-müəyyən cavab verib.
Neçə dəfə cəhd göstərsək də, Hacıbala müəllimin işə çıxmasını təsdiqləyən bir kimsə ilə danışa bilmədik. Şərti olaraq “Bakı meri” adlandırılan professor Abutalıbovun özü ilə danışmaq cəhdlərimiz də baş tutmadı.
Xatırladaq ki, Hacıbala Abutalıbov 2001-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Müstəqil qəzetlər, tanınmış agentliklər onun vəzifədən gedəcəyi ilə bağlı dəfələrlə xəbər yayıblar. Hakimiyyət düşərgəsindən gələn bilgilər də onu göstərir ki, bu qeyri-standart adamın iş başında qalmasını dövlət babaları da istəmirlər. Lakin nədənsə onun əmrini verməyə də tələsmirlər. Bəlkə də ona görə ki, hörmətli merimizin etiraz olaraq ən kəskin addımlara əl ata biləcəyini hamısı anlayır.
P.S. Yazı çapa hazırlanarkən Bakı Şəhər İcra Hakimiyyəti ilə bir dəfə də əlaqə saxladıq. Nuranə xanım bildirdi ki, mer Abutalıov iş otağındadır. İstənilən halda bizə hörmətli Hacıbala müəllimin öz partiya yoldaşlarının yolladıqları bu mühüm xəbəri dərc etmək və əziz merimizə “keçmiş olsun” demək düşür.



musavat.com

Комментариев нет:

Отправить комментарий