16.04.2011

KƏMALƏDDİN HEYDƏROV BARƏDƏ İKİ ŞOK XƏBƏR

                           Ölkənin ən güclü məmurunun başı dərddə

Fövqəlnazirin biznesinə Özbəkistanda dəhşətli zərbə vurublar; onun özü isə Bakıda cərrahi əməliyyat keçirib




Fövqəladə hallar naziri Kəmaləddin Heydərov barədə yazıların, eləcə də onunla bağlı manşetlərin dərcini son aylar xeyli azaltmışıq. Qəzetimizin bazar siyasətinə müəyyən qədər təsir etsə də, hörmətli Kamal müəllim barədə fasilə verməyimiz bir çox qərəzli qaynaqların da bizimçün açılmasına səbəb oldu.
Bu müddət ərzində, demək olar ki, 2-3 gündən bir onun barəsində bizə materiallar ötürülüb. Dərc etməyəndə isə əvvəl ehtiyatla, sonra isə israrla, ən sonda da qəzəblə maraqlanıblar ki, bu yazıları niyə çapa vermirik...
Bizi dolayısıyla təhdid edənlər də, guya hansısa marağa görə dayandığımızı iddia edib, şantaj üslubunda qınayanlar da, bizlərlə məlumat mübadiləsini dayandıranlar da oldu. Bir məsələ aydındır. Bu adamın çoxlu düşməni var. Və onlar “fövqəlnazir”ə heç olmasa qəzetlər vasitəsilə narahatlıq vermək üçün mümkün olan hər şeyə hazırdırlar.
***
Məsələnin başqa tərəfini də biz qəzetçilər bilirik. Bu adam qəzet bazarının ən bərkgedən obrazıdır. Onun adına olan xəbərlər qəzetlərə tiraj gətirir, satışa kömək edir. Bu səbəbdən ölkənin əksər müstəqil qəzetləri ilə onun qərəzkarlarının mövqeləri üst-üstə düşür.
***
Bu qədər girişdən sonra onu deyək ki, bizim heç kimin qarşısında heç bir öhdəçiliyimiz yoxdur və K. Heydərovu da qadağan listəmizə yazmamışıq. Xəbərin xası gəldikcə, dərc edəcəyik. Necə ki, bu sayımızda edirik.
Son günlər hörmətli fövqəladə hallar naziri ilə bağlı dolaşan söz-söhbətlər və bizim əlimizə yetişən xəbərlər xeyli intensivləşib. Onlardan iki ən mühümünü və ciddisini dərc edirik.

“Fövqəlnazir” əməliyyat olunub

Kəmaləddin Heydərov 4-5 gün əvvəl Bakıda yüngül bir əməliyyat  keçirib. Onu təsadüfən “Gömrük xəstəxanası”nda görən qəzetimizin əməkdaşı məsələ ilə maraqlanıb və işin axırına çıxıb. Məlum olub ki, cənab nazirin ayağında köhnə yara varmış. Həmin yara naziri incidirmiş. Bu səbəbdən də kiçik bir cərrahi müdaxiləyə, daha sonra isə ciddi bir sarğıya ehtiyac yaranıb. Kamal müəllim həmin gün də xəstəxanadan geri qayıdıb. Müxbirimiz iddia edir ki, xəstəxanada cənab naziri görən hər kəs onun maşına tərəf axsaya-axsaya getdiyini söyləyir. Həm də xəstəxanadakıların hamısının bir qeydi varmış: “Bəylər Əyyubovun vurduğu güllənin yarasıdır...” Yəqin, diqqətli oxucularımız xatırlayırlar ki, xeyli müddət öncə ölkənin müstəqil qəzetləri hakimiyyətin iki önəmli generalının aralarının açıldığını və Bəylər Əyyubovun Kəmaləddin Heydərova güllə sıxdığını yazmışdılar.
Acil şəfalar diləyi ilə keçmiş olsun deyirik.

Heydərovun Özbəkistandakı biznesini bitirdilər

İkinci xəbərsə K.Heydərovun böyük biznesi barədədir. Bu xəbərə görə, Kəmaləddin Heydərovun Özbəkistandakı biznesinə ciddi zərbə dəyib. Xəbərdə iddia olunur ki, cənab Heydərov  Özbəkistanda olan pambıqtəmizləmə zavodlarını satıb. O, bu sahə üzrə Rusiya bazarına üz tutmaq məcburiyyətində qalıb. Hazırda azərbaycanlı nazirin adamları Rusiyanın ən böyük tekstil regionu olan İvanova vilayətində çeşidli fabriklər almaqla məşğuldurlar.
Məlumatın mabədində deyilir: “Hələ 1992-ci ildə özünün "Dağ çiçəyi" adlı şirkəti vasitəsi ilə Özbəkistana yol tapa bilən Kəmaləddin Heydərov bu ölkədə uğurlu bizneslə məşğul olub. Orada bir neçə müəssisənin yaradılmasında iştirak edib. Gömrük Komitəsinin sədri təyin olunandan sonra isə onun əsas aktivləri xaricdə yerləşdirilib. Heydərov Özbəkistanda pambıqtəmizləmə zavodları şəbəkəsi qurub, Dubayda tərsanələri və gəmiləri var, Antalyada beşulduzlu mehmanxanaya sahibdir, Şimali Kiprdə kazino-mehmanxanası var...Amma bir qədər əvvəl Özbəkistandakı pambıqla bağlı bütün müəssisələrə  prezident İslam Kərimovun qızı Gülnarə Kərimova əl qoymağa başlayıb. K. Heydərovun Özbəkistan iqtidarında təmsil olunan ortaqları və onun biznesini himayə edən məmurlar məsləhət görüblər ki, öz aktivlərini tezliklə burdan çəksin; yoxsa Kərimovların qəzəbinə səbəb ola bilər.
Bundan sonra fövqəlnazir, necə deyərlər, ən ağıllı yola üz tutub: Özbəkistandakı aktivlərini Rusiyanın ən böyük tekstil şəhəri olan İvanovaya yerləşdirməyə başlayıb.
Əlimizdəki məlumata görə, hazırda hörmətli nazirin İvanovo şəhəri Yermaka küçəsi  49 ünvanda yeni bir ofisi var. Onun əsas partnyorları arasında isə "BVR Raboçaya odejda dlya rıbalki, oxotı, oxranı i otdıxa" firması, erməni əsilli Petros Arakelyanın "Komplektı postelnoqo belya" və "Noski mujskiye i jenskiye, kolqotki, mujskiye trusı, perçatki" firmaları var. Bu ofislər isə şəhərin "Aksanova" küçəsi 103 ünvanında yerləşir.
Bundan əlavə Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən yerli diaspora liderlərindən birinin köməkliyi ilə İvanovaya pambıq  ixracı planı qurulub ki, onun da ümumi həcmi təxminən 35 milyon dollar civarında nəzərdə tutulur.
Başqa bir xəbərə görə isə, fövqəlnazirin Özbəkistanın Əndican şəhərindəki zavodunu satmaq ona müyəssər olmayıb. Xanım Kərimova həmin zavodu ümumiyyətlə müsadirə etdirib.
Beləliklə, Azərbaycanın ən güclü məmurunun Bakıda axsamasının səbəbini, Özbəkistanda isə prezidentin qızı tərəfindən sıxışdırılmasının mahiyyətini oxucularımıza çatdırdıq. “Nazirə keçmiş olsun” deməklə bərabər, ümid edirik ki, uzun fasilədən sonra K. Heydərovla bağlı müdhiş manşet xəbərləri oxucularımızda böyük maraq yaratdı.

Sahil ARAZ, Sənan SEYİDBƏYLİ                              musavat.com

Комментариев нет:

Отправить комментарий