15.04.2011

"AZƏRBAYCAN SİYASƏTİNƏ BİNAMUSLUQ GƏTİRİLDİ"

Cəmil Həsənli: "Bir sıra ziyalılar böyük elmi titulları, fəxri adları olsa da, özlərini elə cındır vəziyyətinə saldılar ki, o cındırla indi heç ayaqqabı da silmək mümkün deyil"




Həm professional fəaliyyəti, həm də vətəndaş mövqeyi ilə seçilən nadir ziyalılardan hesab olunan Cəmil Həsənlinin müsahibəsi.

- Cəmil müəllim, ABŞ-ın Harvard Universiteti Sizin SSRİ-Türkiyə münasibətlərindən bəhs edən kitabınızı buraxıb. Bu ölkənin kitabınıza maraq hansı səbəblərdən yaranıb? 

- Doğrusu, indiki ictimai-siyasi vəziyyətdə bu məsələlərdən danışmağa razı deyiləm. Azərbaycanın hazırki çoxlu problemlərinin içərisində ən sonuncusu hansısa kitabın çıxıb-çıxmaması məsələsidir. İkinci Dünya müharibəsi və müharibədən sonrakı SSRİ-Türkiyə münasibətlərini əhatə edən bu kitab 2008-ci ildə Moskvada rus dilində çıxıb. Gələn ay bu araşdırmanın Türkiyə nəşri işıq üzü görəcək. Ümumiyyətlə, ABŞ-ın tatınmış tədqiqat mərkəzləri mənim bu dövrlə bağlı əsərlərimə çoxdan maraq göstərirdilər. Harvard soyuq müharibə mərkəzi hələ 2006-cı ildə Cənubi Azərbaycanla bağlı araşdırmamı çap etmişdi. Bu nəşr Qərb ölkələrində böyük maraq doğurdu. Bu marağın ifadəsi kimi Harvard Universitetində fəaliyyət göstərən "Soyuq Müharibə Mərkəzi” mənim 1939-1953-cü illərdə SSRİ – Türkiyə münasibətlərini əhatə edən əsərimi ingilis dilində çap etmək istəklərini bildirdilər. Düzdür, ABŞ-da kitab çap etdirmək sadə məsələ deyil. Bəzən mətbuatda bir sıra adamlar deyirlər ki, kitabları ingilis dilində nəşr olunub, sual olunur, ingilis dilində harada buraxılıb. Xarici dildə Azərbaycanda kitab nəşr etdirmək elə böyük göstərici deyil. Azərbaycanda, dilindən asılı olmayaraq, pulunu verəndən sonra istənilən cəfəngiyyatı nəşr etdirirlər. Nə anonim, nə açıq heç bir rəyləşdirmə yoxdur. Nəşr olunan kitabın yayım mexanizmi mövcud deyil. Azərbaycanda kitablar orta əsr risalələri yayılan kimi kustar üsul ilə yayılır. Kitab isə çox vaxt kitabdan çox əşya kimi çap olunur. Bəzən kitaba yad olan, öz tərcümeyi-halın yaza bilməyən adamlar kitab "yazdıqları” üçün onu oxu materialından daha çox "antikvar” kimi nəşr edirlər. Burda ingilis dilində buraxılan kitablar çox vaxt aidiyyəti olmayan xarici qonaqlara verilir, beynəlxalq kitabxana şəbəkələrinə düşmür. Bütün bunlara görə Azərbaycanda nəşr olunan kitablara etimad azdır. Amma Harvard, Yell, Oxsford, Stenford kimi universitetlərdə müəllifi kim olmasından asılı olmayaraq ən azı iki anonim rəydən keçməlidir, əgər bu rəylər müsbət olarsa, əlyazma kitaba çevrilə bilər. Nə rəyçilər müəllifin kim olduğunu bilir, nə də müəllif rəyçiləri tanıyır. Beləliklə, rəylər müsbət olandan sonra əsər çap olunur və yayım imkanı qazanır. Söhbət mənim kitabıma gəldikdə isə o eyni zamanda Kembricdə, Oxsfordda, Nyu Yorkda, Toronto və Lanhamda nəşr edilir və bütün dünyaya yayılır. Yəni, Konqresin, Dövlət Departamentinin və dünyada fəaliyyət göstərən bütün nüfuzlu Universitet və elmi mərkəzlərin kataloquna düşür. Ən əsası odur ki, bütün rəy sorğularında Harvard dünyanın birinci universitetidir və bu təhsil ocağında nəşr olunmaq əsərə və onun müəlifinə böyük etimaddır. Hətta mənim Türkiyədən olan tanınmış alim dostlarım qeyd edilən kitabımda türk-erməni münasibətlərini qabarıq verdiyimə görə dedilər ki, bu əsəri ABŞ-da çap etməzlər. Amma kitab satışa qoyulandan sonra etiraf edirlər ki, bu, böyük işdir. Hər halda bir alim kimi arzulayırdım ki, erməni-türk münasibətləri ilə bağlı obyektiv araşdırma ingilisdilli dünyaya yayılsın, ümidvaram ki, bu kitab həmin funksiyanı yerinə yetirəcək. Eyni zamanda həmin kitabda Azərbaycanla bağlı maraqlı məqamlar vardır. Məsələn, II Dünya müharibəsindən sonra ermənilərin repatriasiya prosesi fonunda azərbaycanlıların Ermənistandan köçürülməsi və s.
- Harvard Universitetinin buraxdığı kitaba dünyada böyük etimadın olduğunu söylədiniz. Ancaq Azərbaycanda bu universitetin ilk məzunu olan Bəxtiyar Hacıyev həbsdədir. Bu hadisəni necə qarşılayırsınız? 

- Bir dəfə bu fikri demişdim, yenə təkrar edirəm, yəqin ki, Bəxtiyar Hacıyev Harvardın yeganə məzunudur ki, həbsdədir. Görünür, biz çox analoqsuz "hüdudlar” fəth etmişik, bu da analoqu olmayan məsələlərdən biridir, Azərbaycan gerçəkliyinin acı bir görüntüsüdür. Bir tərəfdən ölkə prioritet istiqamət kimi xaricdə təhsilə böyük əhəmiyyət verir və bu istiqamətdə təqdir olunası proqramlar var. Başqa tərəfdən dünyanın birinci universitetinin məzunu siyasi mülahizələrlə saxta ittihamla həbs olunur. Əgər Bəxtiyar Hacıyevin günahı vardısa, niyə indiyə saxlanılırdı, həbsdən bir ay əvvəl o, parlament seçkilərində iştirak edib. Yəni günah sahibi idisə niyə qeydiyyata alınırdı və deputatlığa namizəd kimi son dərəcə uğurlu seçki kampaniyası aparırdı. Amma Harvardın məzunu Bəxtiyar həbsdə, seçkiyə cavabdeh olan yüksək vəzifəli məmurun kürəkəni parlamentdədir. Çox təəssüf ki, Bəxtiyar kimi qabiliyyətli, istedadlı, intelektual gənclər bu millətə xidmət etmək əvəzinə, həbsə atılır. Əminliklə deyirəm ki, bu yolla bu gəncləri susdurmaq, sındırmaq mümkün deyil. Onlar normal bir cəmiyyətdə yaşamaq istəyirlər. Onlar bir vaxtlar millətinin imzasını dünya millətlərinin imzaları icərisində görmək istəyənlərin elektron varislərdir və bu elektron imzanı onlar atacaqlar. Dünənin yarımkommunist təfəkkürü ilə cuğlaşan bu günün korrupsiya harınlığı bu şeylərin qabağını almağa qadir deyildir. Başından daha çox mədəsi işləyən bir cəmiyyətdə Bəxtiyar kimi gənclər bu gün yadfikirli görünə bilər. Amma indi yad görsənən bu fikirlərlə sabah doğmalaşacaq ideyalar arasında məsafə çox qısadır. Həbslərlə belə gəncləri qorxutmaq, onların qarşısını almaq mümkün deyildir. Dəyişiklik istəyən gənclərin sayı ölkənin həbsxanalarının tuta biləcəyindən çoxdur. Bu sadə həqiqəti qəbul edib real islahatlara başlamaq lazımdır.
- Ancaq müxalifət liderlərinin yaşadıqları evlərin, yaxud qərargahların qarşısında aksiya keçirən gənclər də var... 
- Bilirsən, onlar yaş etibarı ilə gəncdirlər. Əslində isə, çoxdan qocalıblar. Düşüncə, təfəkkür, intelektual baxımından qocalıblar, əslində onlar özlərini yox, korrupsiyaya bulaşmış "atalarını” müdafiə edirlər. Onların əxlaq anlayışında korrupsiyanın kölgəsi var. Zaman bu gənclərə böyük perspektivlər açsa da, belə hərəkətləri ilə onlar özlərini cəmiyyətin tullantısına çevirirlər. Deyirlər ki, bu aksiyaları filan məmurlar təşkil edib, ancaq mənim əlimdə təkzibedilməz sübutlar var ki, bütün bunları YAP təşkil edib. Həmin piketlərdə iştirak edənlərdən tanıdığım 10 nəfərini deyə bilərəm ki, YAP-ın hansı rayon təşkilatının sədrinin, ya müavinin övladıdır. O aksiyalarda kənar şəxslər yoxdur, onlar YAP-ın müxtəlif təşkilatlarında təmsil olunanların uşaqlarıdır. Çünki kənar gəncləri bu cür aksiyalara cəlb etmək həddən artıq çətindir.
- Niyə müxalif partiyaların qərargahları önündə aksiyaları məqbul hesab etmirsiniz? 
- Əlbəttə ki, bu qərargahların qarşısında piket keçirtmək olar və buna heç bir qadağa da qoymaq lazım deyil. Ancaq vətəndaşın evinin qarşısında piket keçirtmək yolverilməzdir. Mən Əli Kərimlinin və Cəlilabadlı cəbhəçi Təzəxan Mirələmlinin evinin qarşısındakı aksiyanı nəzərdə tuturam. İkincisi, etik və sivil qaydalara riayət etmək lazımdır. Təəssüf ki, korrupsiya burulğanında boğulan, pul saymaqdan başqa əlindən bır şey gəlməyən bir dəstə harın adam siyasətə soxulmaqla son illərdə Azərbaycan siyasətinə bir binamusluq gətirdilər.
- Bir qədər sərt demədinizmi? 
- Bilirsən, bu sözüm kimə aiddirsə, öz payını götürəcək. Öz opponenti ilə sivil qaydada mübarizə apara bilməyənlər belə binamus yollara əl atırlar. Mən təəssüf edirəm ki, Azərbaycanda son illərdə bu təcrübə bir neçə dəfə təkrar olunub. Özünə, ailəsinə, cəmiyyətinə, xalqına hörmət edən adamlar belə şeylə məşğul olmamalıdır.
- 2 aprel mitinqində həbs olunanlara baxmayaraq müxalifət aprelin 17-də daha bir mitinq keçiriləcək. 20 diplomatın müxalifətlə görüşündən sonra daha 5 nəfərə cinayət işi açıldı. Bu, müxalifət-iqtidar qarşıdurmasının səngimək əvəzinə daha da gərginləşdiyini göstərmirmi? 

- Bu aqressivlik onunla bağlıdır ki, Azərbaycan iqtidarı müxalifətin mövcudluğunu etiraf etmək istəmir. Bütün ölkələrdə iqtidarların çox böyük imkanları var. Azərbaycanda isə hakimiyyətin qat-qat artıq imkanları var, həm ölkənin maliyyə imkanları, həm leqal və qeyri-leqal iqtisadi imkanlar da hakimiyyətin əlindədir. Amma hakimiyyətin əlində olmayan bir şey var: bu da, iqtidarın özünə müxalifət seçə bilməməsidir. Müxalifəti siyasi proseslər ortalığa qoyur. İqtidarın bütün imkanları içərisində bir imkanı yoxdur, o da özünə müxalifət yaratmasıdır. Hakimiyyət istəyir ki, hər şeyi ələ keçirtdiyi kimi öz müxalifətini də özü "formalaşdırsın”. Axı bu mümkün deyil. Onun öz müxalifəti hesab etdiyi güruh heç zaman müxalifət funksiyasını yerinə yetirə bilməz. Necə ki, ötən illərin təcrübəsi göstərdi ki, bu, mümkün deyil. Ölkənin müharibə şəraitində olması, torpaqlarının işğal olunması, müstəqillik tarixinin elə də uzun olmamasını nəzərə alaraq normal iqtidar-müxalifət münasibətləri olmalıdır. Nə qədər ki, azad və ədalətli seçkilər keçirilməyib bu münasibətlər qaydaya düşməyəcək.
- Deməli, Siz müxalifətin parlament seçkilərinin yenidən keçirilməsi tələbinə dəstək verirsiniz? 
- Nəinki dəstək oluram. İlk dəfə bu tələbi irəli sürənlərdən biri mən olmuşam. Birincisi, seçki pozğunluğu gözümüzün önündə baş verib, hakimiyyət xalqın hakimiyyəti formalaşdırmaq hüququnu mənimsədi və Konstitusiyanın birinci maddəsi kobud şəkildə pozuldu. Birinci maddədə hakimiyyətin mənbəyinin xalq olduğu qeyd edilir. Təəssüflər ki, bu gün Azərbaycan xalqı hakimiyyətin mənbəyi funksiyasını yerinə yetirə bilmir, son seçkilər təsdiq etdi ki, bu hüquq xalqın əlindən alınıb. Bunu aradan qaldırmaq, xalqın seçki hüququnu özünə qaytarmaq və konstitusiyanın pozulmuş maddəsini bərpa etmək üçün mövcud parlament buraxılmalı və yeni seçkilər təyin edilməlidir. Bunun üçün birinci əsas odur ki, saxtakarlıq faktları haqqında minlərlə sənəd var. İkinci əsas odur ki, ATƏT seçkilərə mənfi rəy verdi. Bəlkə də olduğundan bir az yüngül rəy verdi, amma hər halda mənfi rəy idi. Sadəcə seçkilər Azərbaycanda demokratiyanı irəlilətmədi, geriyə doğru bir addım oldu. ABŞ Dövlət Departamaentinin son açıqlanan sənədi də bunu təsdiq etdi. Bilirsən, ayrı-ayrı yüksək vəzifəli məmurlar qanunverici orqanı mənimsədilər. Seçkilərin keçirilməsinə cavabdeh olan məmur kürəkənini, bir sıra nazirlər yaxın qohum əqrəbalarını, ailə üzvlərini, biznes ortaqlarını parlamentə keçirtdilər. Nəticədə parlament bu vəziyyətə düşdü, xalqın seçim haqqı əlindən alındı. Bu gün sadəcə olaraq ölkədə parlamentin olduğu görsənmir. Ona görə də Azərbaycan vətəndaşları bu vəziyyətlə barışmayacaq və bu proses getdikcə dərinləşəcək. Əgər hakimiyyət vəziyyəti normallaşdırmaq istəyirsə, islahatlara getsin. İslahatlar isə birinci parlamentin buraxılmasından başlanmalıdır.
- İqtidar-müxalifət münasibətlərinin gərginliyi nəzərə alsaq 17 aprel mitinqində də qarşıdurmalar gözlənilir. Bu mənada tərəflər hansı addımı atmalıdır? 
- Bu proses elədir ki, indiki vəziyyət davam etsə müxalifətin sosial bazası genişləndikcə iqtidarın sosial bazası daralacaq və bu, çox geniş xarakter alacaq. İqtidar müxalifət məsələsinə müxalifət partiyalarının az, YAP-ın isə 500 min üzvü olması meyarı ilə yanaşmaq mənasız bir şeydir. Xalqın içinə çıxıb onun nə düşündüyü ilə tanış olsunlar. YAP-ın yaratdığı "siyasi akvariumda” bəlkə də hər şey gözəldir. Amma, ölkə əhalisinin 80-90 faizi yeridilən siyasətdən, korrupsiyadan, işsizlikdən, ədalətsizlikdən, məmur harınlığından, yerliçilikdən, vətəndaşın adam yerinə qoyulmamasından narazıdır. Və bu narazılıqda gün-gündən artır. Açıq şəkildə deyirəm, xalqın böyük əksəriyyəti hakimiyyətin siyasətindən və kadrlarından narazıdır. Bilirsən, eyni komanda ilə respublikada korrupsiya bataqlığına yaradıb, həmin adamlarla bu bataqlıqdan çıxmağın nümunəsin hələ ki, tarix verməyib. İslahat, yeniləşmə, demokratikləşmə istəyirlərsə, kommunist tör-töküntülərindən azad olunmaq lazımdır. Bu adamların baxdığı bütün sahələr böhran içindədir. Başladıqları bütün kampaniyalar uğursuzluğa dücar olub. Yazdıqları, əslində isə yazdırdıqları, məqalələr özlərini təbliğdən başqa bir şeyə yaramayıb. Məsələn, Prezident Administrasiyası ötən il Moskvada "Mayndorfdan Astanaya qədər” kitabını buraxıblar. Məndə ora məqalə vermişəm. Amma bu işi nə qədər yarıtmazcasına görüblər. Kitab ermənilərin 2009-ci ildə "Mayndorf deklarasiyası” kitabına cavabdır. Bu məqalələr toplusu ideoloji-təbliğatı baxımdan Azərbaycana qarşıdır. Kitaba Moskva alimləri cəlb olunub, ön sözü Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin mərkəz rəhbəri Zaxarov yazıb. "Mayndorfdan Astanaya qədər” kitabına isə dövlət böyük xərc çəkib, amma kitabın nə ön sözü, nə girişi var, nə də nəticəsi. Bilinmir ki, ümumiyyətlə bu kitab nə üçün buraxılıb. Təsəvvür edin ki, 2010-cu ildə buraxılan kitabda bəzi müəliflər iqtibası həldə Marksizm-Leninizm İnstitutunun Mərkəzi Partia Arxivinə verilir. Bu adamlar anlamırlar ki, SSRİ dağılandan sonra həmin arxivin adı üç dəfə dəyişib. Bu cür təbliğatla kimi inandırmaq olar? Daha sonra kitabda elə məqalələr var ki, Azərbaycanın milli maraqlarına ziddir. Məqalələrin birində Rusiyanın Gürcüstan ərazilərinin işğalına bəraət qazandırılıb. Bilmək olmur ki, bu kitab Rusiyanın maraqlarını müdafiə etmək üçün hazırlanıb, yoxsa Azərbaycanın. Bax, bu qədər böyük vəsaitin, imkanın, şəraitin müqabilində üzə çıxartdığımız budur!
- Mən yenidən müxalifətin mitinqinə qayıtmaq istəyirəm, keçmiş rəqibiniz Rasim Musabəyov düşərgənin 2 apreldə özünün zəifliyini sübut etdiyini, Vəfa Quluzadə isə xalqın müxalifətin mitinqlərinə qoşulmadığını söyləmişdilər. Siz isə müxalifətin aksiyalarının genişlənəcəyini deyirsiniz... 

- Mən hər iki şəxsin fikrinə hörmətlə yanaşıram. Əgər doğrudan da müxalifət çox zəifdirsə, niyə aprelin 2-də o qədər polis çıxarılmışdı? Həmin gün kifayət qədər güclü, geniş və çoxsaylı mitinq keçirildi, ortalığa tələblər qoyuldu, gənclər öz iradələrini nümayiş etdirdi. Bəlkə bu gəncləri hansısa xarici ölkədən gətirmişdilər, onların Azərbaycan xalqına aidiyyatı yox idi? Amma onlar Azərbaycan xalqının nümayəndələri idi. Heç bir ölkədə xalq bütövlükdə aksiyalarda iştirak etmir, yalnız aktiv hissə mitinqlərə qatılır. Azərbaycanda isə bu fəal hissə kifayət qədərdir, onlar da öz fikirlərini müdafiə etdilər.
- Nəhayət, əbədi sualıma cavab istəyirəm, bu vəziyyətdə ziyalı nə etməlidir? 
- Vallah, hər bir ziyalı öz xalqının dərdləri və problemləri ilə yaşamalı, onun fikrinin ifadəçisi, ağrısının daşıyıcısı və obyektiv olmalıdır. Yəni cəmiyyətdə nüfuzunu saxlamalıdır ki, onun sözünə inansınlar. Yaltaq şairin qeyrətdən şer oxumasının heç bir əhəmiyyəti yoxdur, çünki nə şerin dəyəri olacaq, nə də o, qeyrət simvolu olacaq. Ümumiyyətlə, ziyalı cəmiyyətin inkişafını stimullaşdıran varlıq olmalıdır. Ona görə də ziyalı hadisələrə daha çox tənqidi mövqedən yanaşmalıdır, bizim şəraitimizdə bu funksiyanı yerinə yetirmək çox çətindir. Əlbəttə ki, bunun çox səbəbləri var, cəmiyyət sağlam deyil, iqtidar məddahlığın artmasına meyllidir və ziyalılardan bunu eşitməyə əksər vaxtlarda nail olurlar. Amma heç də düşünməyin ki, ziyalıların hamısı belədir. Hərçənd ki, ötən on illikdə bir sıra ziyalılar böyük elmi titulları, fəxri adları olsa da, özlərini elə cındır vəziyyətinə saldılar ki, o cındırla indi heç ayaqqabı da silmək mümkün deyil.

Natiq Cavadlı                                                     faktxeber.com

Комментариев нет:

Отправить комментарий