12.04.2011

“AZƏRBAYCANDA HƏLƏ DƏ RUS MƏDƏNİYYƏTİ QALIB”

Özbək gəlinimiz Feruza Dehkanova: “Bizdə ər-arvad bir-birinə ”siz” deyə müraciət edir, sizdə isə..."
“Sizin “Qaynana” filminə yüz dəfə baxmışam, əzbər bilirəm”




Hər gün dəfələrlə onların yanından ötüb keçirik. Danışmadan, sorğu-sual etmədən, söhbətə tutmadan. Bəlkə bizlərdən biri olmadıqlarına, bəlkə də yad dünyalarda öz yad dillərində danışdıqlarına görə. Azərbaycanın qərib vətəndaşlarıdır onlar - yaşamları, ənənələri, yeyib-içdikləri ilə. Amma ayaqları bu torpaqlara dəyəndən bəri ortaq cəhətlərimiz də artıb. Artıq eyni torpaqlarda addımlayır, eyni rejimdə yaşayır, eyni gözəllikləri (çirkinlikləri) paylaşırıq. Bizim Azərbaycanımız onların da Azərbaycanı olub. Amma necə?
“Yeni Müsavat” “Onunla Azərbaycan” rubrikasında sizləri hər dəfə bir əcnəbi ilə görüşdürür. Ölkəmizdə yaşayan, suyumuzu içib havamızı udan əcnəbi vətəndaşlarla Azərbaycanın həm də “qeybətini qırırıq”. Axı maraqlıdır: onlar bu məmləkətdə yaşamağı niyə seçiblər? Nəyimizi sevib nəyimizi sevmirlər? Onların gözündə bizlər necə görünürük? Suallar artır, fərqindəyəm. Siz darıxmadan biz söhbətə keçək...
Özbək qızlar deyəndə adamın yadına sıx, kiçik hörüklər, ala-bəzək xalatlar, bir az da qıyıq gözlər gəlir. Hə, bir də uşaq vaxtından eşitdiyimiz, əzbərlədiyimiz, amma mənasını heç cür anlamadığımız “Qara göz boy, boy...” mahnısı. Düşünürsən ki, əgər bir xanım özbəkdirsə, mütləq əynində o milli, uzun paltardan olmalı, başını isə hörükləri bəzəməlidir. İndi hər nə qədər sadəlövh görünsə də cocuqluğumuzun bir hissəsi sovetlər dövründə keçdiyindən bu daşlaşmış təsəvvürlərdən istər-istəməz yaxa qurtara bilmirik. O dövrdə məktəblərdə keçirilən “15 qardaş - 15 respublika” yarışlarını xatırlayır adam daha çox. Hansı sinfin bəxtinə hansı respublikanı təmsil etmək düşürsə, o da həmin ölkənin milli geyimini, ədəbiyyatını, mətbəxini nümayiş etdirirdi. Bizim sinfin bəxtinə bir dəfə “özbək olmaq” düşmüşdü, nələr çəkmişdi o balaca beyinlərimiz, aman Allah...Təsəvvür oradan qaynaqlanır, qınamayın.
Nə isə, çox uzaqdan başladım deyəsən. Təqdimatdan da anladığınız kimi rubrikanın budəfəki qonağı özbəkdir. Ona görə də Feruza Dekhanovanı təqdim etmək üçün sazlı-sözlü təqdimatın yeri vardı deyəsən. 27 yaşlı bu gənc xanım hər nə qədər girişdə yazdığım xarici görünüşə malik olmasa da təpədən-dırnağa qədər özbəkdir ki, var. Amma eyni zamanda da azərbaycanlı gəlinidir. Maraqlıdır, deyilmi?
Görüş üçün vədələşdiyimiz məkana gəlsəm də hələ ki burada özbək xanımını xatırladan bir kimsə görə bilmirəm. Dedim axı, təsəvvür yanlışdır. Bir neçə saniyəlik xəfiyyə baxışından sonra... Bu da o. Kifayət qədər müasir geyimdə, amma qıyıq gözlər, girdə üz quruluşu adamı dərhal ələ verir. Yaxınlıqdakı bir kafedə əyləşib tanışlığın və söhbətin təməlini qoyuruq.
Feruzanın Bakıya yolunu sevgi salıb. Bir azərbaycanlı oğlanla beynəlxalq tədbirdə tanışlıq, ardınca elçilik, sonra nişan... Nişanlısının istəyi ilə Azərbaycana gəlib, burada evləniblər. 2008-ci ildən Feruza azəri gəlinidir.
O vaxta qədər Azərbaycan onun üçün tanımadığı, dumanlı bir ölkə olsa da tanışlıqdan sonra əmin olub ki, ortaq yönləri, yaşam tərzi ilə Özbəkistandan o qədər də fərqlənmir: “Azərbaycan odlar, küləklər şəhəri kimi assosiasiya olunurdu. Yəni mənim ağlıma bu gəlirdi. Bir də "Qaynana", “Arşın mal alan” filmləri. Onlara ən azı 100 dəfə baxmışam, əzbər bilirəm. Bir də eşitmişdim ki, “Brilyant əl” filminin bir səhnəsi Bakıda çəkilib. Ona görə marağım lap artmışdı".

“Sizin plov bizimkindən daha ləzzətlidir, amma...”


Feruza hesab edir ki, Azərbaycan mədəniyyətini bilməyən əcnəbi üçün Bakıda yaşamaq bəlkə də çətin ola bilər. Amma özbəklərlə azərbaycanlılar arasında oxşar cəhətlər çox olduğu üçün belə bir problem yoxdur: “Adət-ənənəmiz, mətbəximiz o qədər oxşardır ki, az əziyyət çəkirik. Məsələn, mənim bir yapon tanışım var, restoranda birgə yemək yeyirdik. Masaya göyərti də gətirildi. Yapon tanışım yeməyin axırına kimi gözlədi ki, kimsə gəlib o göyərtiləri doğrayacaq. Təbii ki, axıra qədər o göyərti doğranmadığı üçün böyük bir dava qopardı (gülür). Halbuki mətbəxi ortaq olan bir başqa xalqın nümayəndəsi bilər ki, Azərbaycanda masaya göyərti bütöv halda qoyulur və insanlar da bunu həmin formada yeyirlər. Bunu kiçik bir detal kimi vurğulamaq istədim”.
Göyərti demişkən, Azərbaycan mətbəxinə də toxunur Feruza. Deyir ki, ortaq yeməklərimiz, şirniyyatlarımız çoxdur. Sadəcə müəyyən məqamlarda fərqlər özünü göstərir. Məsələn, aş hər iki millətin menyusunda olsa da, Feruza Azərbaycan plovunu üstün tutur: “Sizin aş daha zəngin çeşidlidir. Amma onu hər gün bişirmək olmaz. Çünki məsrəflidir. Qarasının içində şabalıd, turşu, digər xuruş və çərəzlər var. Onlar da baha başa gəlir. Amma boynuma alım ki, plovunuz çox ləzzətlidir”.
Özbək gəlinimiz deyir ki, Azərbaycan Asiya ilə Avropanın sərhədində olduğu üçün burada hər ikisinin izlərini tapmaq olar. Onun sözlərinə görə, azərbaycanlılar arasında avropalı kimi düşünənlər də var, asiyalı kimi düşünənlər də. “Amma Özbəkistanda ancaq asiyalı kimi düşünürlər” - deyən Feruza öz ölkəsində təfəkkür, düşüncə tərzi barədə isə bunları bildirdi: “Bizdə hətta avropalı kimi geyinsələr də düşüncə tərzi avropalı kimi olmur. Amma bəzi nüanslar var ki, orda insan tərəddüd edir”.

“Bizdə qonağı nəsə yeməyə məcbur edirlər”


Maraqlıdır ki, Feruzanın ailəsində özbək-azərbaycanlı düşüncə tərzi sintez olunur. Ailədə nə azərbaycanlı ərinin, nə də özünün fikirləri dominantlıq edir. Sadəcə ən rahat şəkil hansıdırsa, o da tətbiq olunur. Azərbaycan mədəniyyətindəki “çatışmazlıqlar” özbək mədəniyyətindən, özbək mədəniyyətindəki “çatışmazlıqlar” isə Azərbaycan mədəniyyətindən əxz olunur. Elə ona görə də bu izdivac problemsiz davam edir: “Düzü, ilk vaxtlar valideynlərim tərəddüd edirdi mənim bura gəlməyimə. Amma həmin vaxtlarda bizim prezident Azərbaycana gəldi. Burada Əlişir Nəvainin heykəlinin açılışında iştirak etdi. Onda mən də evdə dedim ki, görürsünüz, Azərbaycanda bizim ədəbiyyata necə hörmət edirlər. Sonradan da ərimin ailəsi mənim, mənim ailəm də ərimin ailəsi oldu”.
Şübhə yox ki, bu mədəniyyətlər arasında da xeyli fərq var. Və yəqin ki, bunu hamıdan yaxşı Feruza bilir və yaşayır. Dediyinə görə, ən böyük fərqlərdən biri özünü ailəvi qonaqlıqlarda, ad günlərində göstərir: “Özbək ailələrində də qonaqlıqlar dəbdəbəli olur, çeşid-çeşid yeməklər bişirilir. Amma bizdə 6 saat boyunca davam edir bu qonaqlıq. Əslində isə insan qonaqlığa əylənməyə gəlməlidir. Bundan başqa, bizdə belə adət var - əgər qonaq yemək yemirsə, ev sahibi dərhal düşünür ki, onun bişirdiyini bəyənməyib. Az qala qonağı yeməyə məcbur edirlər. Ona görə də insanlar bizdəki qonaqlıqlardan əylənmiş kimi yox, türmədən qaçmış kimi çıxırlar. Yorğun, bir az da halsız. Amma hiss edirəm ki, Azərbaycanda belə deyil. Sizdə də masaya hər şey düzürlər, amma yeməyə məcbur etmirlər”.
Fərqlərdən danışmağa davam edək. Bəlkə də kimlər üçünsə adi, amma mənimçün yenilik sayıla biləcək bir fərq. Feruza danışır ki, Azərbaycanda böyüyə Özbəkistandakı kimi müraciət etmirlər: “Bizdə ata-anaya "siz" deyilir. Bundan başqa, ər-arvad da bir-birinə “siz” deyə müraciət edir. Özündən bircə yaş belə böyük adama “siz” demək bizdə adi qaydadır. Böyüklərə ayrı, kiçiklərə də ayrı cür müraciət forması var bizdə. Amma Azərbaycanda bunu görmürəm. Çox güman ki, bu, sizdə rus mədəniyyətinin hələ də qalmasının göstəricisidir. Hərdən baldızım zarafatla deyir ki, sən belə müraciət edirsən deyə, biz də məcbur olacağıq bu formada müraciət edək".
Amma hörmətin başqa bir cəhətinə də toxunur Feruza. Deyir ki, Bakının ictimai nəqliyyatında kişilərin bir qayda olaraq xanımlara yer verməsi onunçün yenilik olub: “Bizdə kişilər, cavan oğlanlar nəqliyyatda ancaq qadınlara yer verir. Amma sizdə cavan qızlar üçün də belə bir nəzakət göstərilir”.

"Bakıda ən gülməli şey avtobusdakı "düşərsən" söhbətidir"


Nəqliyyat demişkən, Feruzanın bizim nəqliyyatda daha çox marağına səbəb olan məqam insanların bir-birinin yolpulunu ödəməsidir. Özü də klassik formada yox: “Düzdü, bizdə də iki nəfər avtobusda gedəndə biri digərinin yerinə yolpulu verir. Amma sizdə daha məzəlidir. Biri düşür, 3-4 dayanacaq sonra düşəcək dostunun yolpulunu ödəyir, sonra da qışqırır ki, "düşərsən, götürmüşəm". Dostu da içəridən qışqırır ki, "götürmə, yadından çıxacaq". Bu yerdə sürücü incimiş söhbətə qarışır ki, “niyə yadımdan çıxır, huşum yerindədir”. O qədər gülməli mənzərədir ki..."
Hər əcnəbidən soruşduğum sual: “Azərbaycanlılardan nə öyrənmisiniz, nə götürmüsünüz?” Feruza gülərək deyir ki, fərqli düşünən insanlarla ünsiyyəti: “Azərbaycanlılar nəyəsə inanırsa, bunu başqalarına da inandıra bilirlər. "Vallah, elədir" deyirlər, qabağındakı da inanır".
Feruzanın özünə isə bizimkilər daha çox “Azərbaycanı bəyəndinmi”, “Valideynlərin səni bura necə buraxdı” kimi klassik suallar verirlər. Bununla belə, hələ də Feruza onlara azərbaycanca cavab vermir. Dilimizi 70 faiz bilsə də danışmaqda çətinlik çəkir: “Burda da bizimki kimi rus dilini bilən üçün ünsiyyət problemi olmur. Hazırda Daşkəndin 8 faizi ruslardır. 8 milyonluq şəhər üçün bu, kiçik rəqəm sayılmaz. Amma sizin gənclər daha çox avropalaşıblar. İstər geyimləri, istərsə düşüncə tərzləri ilə. Özbəkistanda da gənclər yavaş-yavaş bu stilə doğru gəlirlər”.

“Özbəkistanda maaş 100 dollardan da aşağıdır, amma çoxuşaqlılıq qalıb”


Gənclərin geyim tərzindən söhbət düşmüşkən, Feruzadan onun ölkəsində də qadınların zinət əşyalarına bu qədər meyl etməsini, gündəlik həyatda zinətdən bu qədər çox istifadə etməsini soruşuram. Deyir ki, istifadə edəni də var, bundan qorxanı da: “Bizdə adamlar bəzən qorxur ki, qızıldan çox istifadə etsələr, oğurlayan olar. Amma burda cavanlar daha az istifadə edir qızıldan”.
Müsahibim üçün müasir Azərbaycan ailələrində uşaqların sayının azlığıdır. Onun sözlərinə görə, özbək ailələri hər zaman çoxuşaqlılığı ilə tanınıb və bu, indi davam edir: “Bəzən ad günləri keçiriləndə hamı öz uşağı ilə gəlir. Ad günü az qala toy kimi olur. Düzdür, bizdə də ailələrin maddi gəliri o qədər yüksək deyil. Minimal məvacib 100 dolardan da aşağıdır. Amma bizdə çoxuşaqlı ailələr həyətlərində meyvə-tərəvəz yetişdirirlər. Ona görə də yemək məsrəfləri bir az aşağı olur”.
Sonda... Türkiyədə “Yabançı damat” adlı bir serial vardı. Yunan bəyin türk ailəsində yaşadıqlarından bəhs edən maraqlı hekayələr. Mən Feruza ilə yabançı gəlin söhbəti edəcəyimi düşünsəm də yanıldım. Deyəsən, gəlin həqiqətən də ocağa çəkir axı...

Sevinc TELMANQIZI                     musavat.com

Комментариев нет:

Отправить комментарий