21.04.2011

Bekarçılıqdan...

Mövlud MÖVLUD 

Anam mətbəxdə yemək hazırlayır. Pəncərənin ağzında dayanıb həyətə baxıram. Binamızla üzbəüz beş-altı şam ağacı, şam ağaclarının arxasında balaca bir futbol meydançası var. Məktəbdən qayıdan uşaqlar hər dəfə çantalarını evə atıb qaçırlar həmin meydançaya. Bir oyun gedir ki gəl görəsən. Düzdür arada yeniyetmələrimiz söyüşə əl atır, davaya keçirlər. Amma bunun da öz ləzzəti var.

 
lll
Blokun ağzında dayanıb pıçıldaşan qızlar mobil telefonları ilə bir-birlərinə türk mahnıları göndərirlər. Anama səslənirəm:
– Bir dəqiqə gəl bura.
– Haycan.
– Bu kimin qızıdır?
– Hansı?
– Cins yubkalı.
– Asifin qızıdır dana.
– Tanımadım. Böyüyüb əməlli-başlı.
– Həəə, yekələnif.
Asif məhlənin “staj”lı vuranlarından idi. Hər gün evə sərxoş gəlib arvad-uşağı döyürdü. (Bu cins yubkalı qızı o qədər almışam ki, atasının əlindən). Hər dəfə qonum-qonşu yığılıb gedir, Asifə ağıl verib bu yoldan çəkindirmək istəyirdilər. Amma çifayda. Bir həftə sonra Asif həmən-həməndir. Yenə evə sərxoş gəlmək, söyə-söyə arvad-uşağı təpiyin altına salmaq, stolu aşırıb qabı-qacağı qırmaq. Amma bir gün halı pisləşəndə həkim onu yaman qorxutdu:
– İçsən, öləcəksən!
O, bu – Asif dilinə də vurmur. “28 May” metrosunun yaxınlığında siqaret satıb ailəsini dolandırır.
Hələ uşaq vaxtından bu qızın üzündə qəribə və qorxulu ifadə olurdu. Bir dəfə saçına sığal çəkmək istədim, qapazdan qorunan uşaq kimi əllərini başının üstündə qalxan elədi. Maşallah, böyüyüb. Allahın buna yazığı gəlsin. Biri alsın aparsın onu buralardan. Anası bir gün görmədi, heç olmasa bu bir yana çıxsın.
 
lll
 
Aha, Röyalə Turanı baxçadan gətirir. Yaxınlaşıb mənimlə hal-əhval tutur. “Anana denən, vaxtı olsa, biz tərəfə gəlsin” – deyib bloka keçir. Gənc avar ailəsi Röyalə və Ramazan bizim bloka köçəndə iki qızları var idi. 7-8 illik evli idilər. Röyalə üçüncü uşağa hamilə idi. “Uzi”dən “oğlan olacaq” şad xəbərini gətirdikləri gün Ramazan bizi evlərinə qonaq çağırdı. Qonaqlıqda dedi ki, oğluma Şamil adı verəcəm. Üstündən 2-3 ay keçməmiş Röyalə ərinin cibindən bir qadın fotosu tapdı. Dava-şava, qırğın-qiyamət... Axırda bəlli oldu ki, Ramazanın görüşdüyü qadın var və o həmin qadınla evlənmək istəyir. Ayrıldılar. Ramazan getdi. Röyalə qaldı, özü demiş, 2 yetimlə bir damın altında. Bir yetim də qarnında. Uşaq doğulanda Ramazan uşağına Şamil adı qoymaq istədiyini xatırlatmaq istəyirdi ki, Röyalədən qəti bir xəbərdarlıq eşitdi:
– Uşağın adını özüm qoyacam! Turan olacaq oğlumun adı, Turan!
Üzüqara eks-ər udqunub mövzunu dəyişməyə məcbur oldu:
– Hə, nə olar. Olsun. Turan yaxşı addır. Allah balamızı sağlam eləsin.
Tez-tez Röyaləgili evimizə qonaq çağırırıq. Atam kabab çəkib, çaxır açır. Deyir savabdır, başsız ailəyə həyan olmaq lazımdır. Yeməyi yeyib bitirəndən sonra Röyalə uşaqları evə göndərir. Çay süfrəsində başlayır Ramazan və onun yeni ailəsinin qeybəti. Anam dil-boğaza qoymur. Elə hey Ramazanın arxasınca deyinir:
– Kül onun ata başına. Gül kimi balalarını qoyub damın altında, gedib qoşulub küçənin qancığına. Tüpürüm onun qeyrətinə! Nakişi!...
Bir dəfə yenə anam belə deyinəndə atam başını bulayıb üzünü mənə tutdu:
– Bala, Röyalə Ramazandan əl çəkəcək, anan əl çəkməyəcək.
 
lll
 
Bəh-Bəh-Bəh, Aydansız məhləmi olar? Bizim binanın 4-cü mərtəbəsində yaşayırlar. Evdə iki uşaqdırlar. Balaca qardaşı bu Novruzda tonqala yıxıldı. Anam tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olundu ki, Aydanın qardaşı tonqaldan atlananda bacısı onu nəzarətdən kənar qoyub, bir oğlanla söhbət edirmiş. Mamaşa başladı, nə başladı. Ramazan yaddan çıxdı. Aydan oldu xalq düşməni. Taa, o vaxta kimi ki, anam yenə “qancığın qızı gedib, gədəynən oynaşırmış, uşaq da yıxılıb” – deyəndə atam əlini stola çırpıb sərt mövqe sərgilədi:
– Sənə min dəfə demişəm, özündən danış. Öz söhbətini elə...
Bununla da anam bu söhbəti də bağladı. Ən azından atamı yanında bu mövzuya qayıtmadı.
 
lll
 
Budur, gəldi Abbas müəllim. Müəllim deməyimə aldırmayın. 8-ci sinfin böyük tənəffüsündən qaçdığıdır məktəbdən. Keçən həftə maşınını cərimə meydançasına salıblar. Kefi yoxdur kəlin. Ay səni, bəs sən bilmirdin ki, qüdrətli yazıçımız Mövlud Mövlud evdə dahiyanə əsərləri üzərində işləyərkən, maşındakı maqnitafonun səsini kəllə-çarxa qaldırıb ona mane olanda axırı belə olacaq? Neçə dəfə istəmişəm, belə hərəkətlərinin üstündə çənəsinə birini ilişdirim. Yadıma düşüb ki, biz valideynlərdən gizlin məhlədəki şam ağaclarının arxasına çəkilib tez-tələsik siqaret çəkəndə o çiyninə çanta atıb güləş zalına gedirdi. Ol səbəbdən oturmuşam yerimdə.
 
lll
 
Bu gələn İdris deyilmi? Hə, hə, sən öl, odur. Nəşəlidir deyəsən. Belə soyuq havada qısaqol köynək geyinib. Yenə qaşınır bədbəxt oğlu. Gözlər də qıpqırmızı. O gün mənə deyirdi, qonşu blokdan qız istəyirəm. Görüm nə oldu o söhbətin axırı.
– İdris kişi, nə var nə yox?
– Sağ ol, qərdeşim.
– Nə oldu?
– Nə nə oldu?
– Sevgi-məhəbbət məsələsi.
– Ayrıldıq.
– Niyə?
– Bekarçılıqdan.
– Nə?
– Deyirəm, bekarçılıqdan.
– Həə.
***
– Yemək hazırdı. Çəkimmi?
 ..Anamım səsidir...

Комментариев нет:

Отправить комментарий