21.04.2011

“Milli Kitab Mükafatından narazılığımın səbəbləri çoxdur”



Tanınmış yazıçı, Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktoru Afaq Məsud iki ildir Milli Kitab Mükafatının (MKM) münsiflərindən biridir. Həmişə tələbkarlığı ilə seçilən yazıçı müsabiqənin rəsmi saytına verdiyi qısa müsahibəsində həm MKM, həm də günün ədəbi mənzərəsi haqqında maraqlı fikirlər səsləndirib.
- Ötən il Miili Kitab Mükafatının münsifi kimi demişdiniz ki, bəyəndiyiniz əsərlər çox deyildi. Ümumiyyətlə, seçim
edərkən, nələrə üstünlük verirsiz?
- Bu barədə dəfələrlə demişəm ki, böyük ədəbiyyat (ayrı ədəbiyyat isə yoxdur) yüz illər ərzində, barmaqla sayılan bir neçə qələm sahibi yetirmək qüdrətindədir. Bu həqiqətə, bizim milli ədəbi xəzinəmizdə də, dünya ədəiyyatı tarixində də şahidlik edən faktlar var. Bu mənada, yazıçılıq faktoruna, «planlı surətdə həyata keçirilməsi vacib olan» təsərrüfat sahəsi kimi baxmaq lazım deyil. Eləcə, Milli Kitab Mükafatı müsabiqəsinə də, dediyim həmin o Bəşəri Qələm Sahibini «yetişdirəcək» bir tədbir kimi yanaşılmamalıdır. Müsabiqənin missiyası ayrıdır.
Bu, ilk növbədə, mənəvi dəyərləri aşılanmaqda olan cəmiyyətimizdə «kitab», «bədii fikir», «ədəbi söz» ab-havası yaratmaqdır. Digər tərəfdən, qələmə sarılmış istedadlı insanların, yaxud, ədəbiyyat həvəskarlarının yazdığı dəyərli ədəbi nümunələrin aranıb tapılması,
ictimaiyyətin nəzər-diqqətinə çatdırılması və bununla, qismən də olsa, ölkə üzrə cərəyan edən ümumi ədəbi mənzərənin müəyyənləşdirilməsidir. Və bu mənada, nə ötən müsabiqədə, nə də bu ilki müsabiqənin onluğuna vəsiqə almış əsərlər arasında böyük ədəbi hadisəyə rast gəlinməsə də, dediyim yanaşma əsasında bir neçə əsərin seçilməsi vacibdir.
O ki, qaldı üstünlüyə, mənə gəlincə, mən üstünlüyü – ədəbi yükü, dil və üslub keyfiyyətləri ilə, ən əsası isə, daxilindəki enerji nüvəsi
daşıyıcılığı ilə seçilən əsərlərə verirəm. Məsələn, ötən il mən üstünlüyü – dili və ədəbi üslubu hələ formalaşmamış gənc Elxan Qaraqanın «A» romanına vermişdim. Səbəb – bu əsərin daxilində duyulan həmin o enerji nüvəsi idi.
- Nədənsə, MKM – in işindən narazı təsiri bağışlayırsız. Hətta mətbuatın yazdığına görə, siz hələ əsərləri oxumamısız. Bunun səbəbi
nədir?
- Səbəbi – ilk növbədə, hədsiz məşğulluğumdur. Digər səbəb – onluğa daxil olmuş müəlliflərin bir çoxunun qələminə kifayət qədər bələd
olmağımdır. MKM – in işindən narazılığıma gəlincə isə, bu narazılıqlarımı mən dəfələrlə Nigar xanıma bilirmişəm və bu səpkidə davam edəcəyi təqdirdə, müsabiqədən uzaqlaşacağım barədə xəbərdarlıq da eləmişəm. Narazılığımın səbəbləri isə çoxdur. İlkin səbəb – münsiflər heyətinə, ədəbi materialı qiymətləndirə bilmək qabiliyyəti olmayan, Azərbaycan ədəbi dilinin norma və
qaydalarından bixəbər şəxslərin daxil edilməsidir. Digər narazılığım – müsabiqənin dağınıq qaydalar üzrə təşkil olunması, «Milli Kitab»
adını daşıyan bu yarışa rusdilli əsərlərin qəbul edilməsi və müsabiqə mərhələlərində yol verilən bir çox sahmansızlıqlardır ki, Nigar xanım
bütün bu çatışmazlıqları gələcək müsabiqədə nəzərə alacağına söz verib.
- Siz hər zaman Yazıçılar Birliyini gənc ədiblərə laqeydlikdə qınayırsız. Bu iradlarınızın hər hansı nəticəsi olurmu?
- Bu gün heç kimə sirr deyil ki, Yazıçılar Birliyi adlanan bu qurumun öz «gənc» və «görkəmli» yazarları var. Həmin o «gənclər» arasında sözsüz ki, istedadlıları var. Lakin «ədəbi gənclik» deyərkən, tək bir Birliyin, öz qanadı altına aldığı «gənc ədibləri» nəzərdə tutmaq, mənzərəsi il-ildən dəyişən ədəbi dalğaları – «Birliyə qarşı olanlar» və «Birlikdən olanlar» cəbhələrinə bölərək, yaradıcı mühitdə qondarma bir qarşıdurma yaratmaq, yumşaq desək, ədalətsizlikdir. Və ümumiyyətlə, yaşından və ədəbi çəkisindən asılı olmayaraq, istedad faktoruna yox, Birlik rəhbərliyinə olan mövqeyə dayaqlanan bu sayaq «yanaşma qaydaları» ümumilikdə ölkənin ədəbi ab-havasına xələl
gətirməklə bərabər, ədəbi zümrələri aşağılamaqdan savayı, ayrı heç bir şeyə xidmət etmir.
- Hazırda yaradıcılığınızda hansı yeniliklər var?
- Kitabımı çapa hazırlayıram. Həm rus dilində, həm Azərbaycan dilində. Neçə illərdən bəri məndən kitab gözləyən rusdilli oxucularımı
sevindirəcək bu kitaba on üç hekayə, iki roman və üç pyes daxil edilib. Xüsusi bir oxucu auditoriyası qazanmış «Duyğular İmperiyası» -nı da burda istədikləri qədər oxuya bilərlər. O ki, qaldı yaradıcılığa, yeni bir pyes üzərində işləyirəm. Hələ yazmamışam, onu bir müddətdir ki, içimdə daşıyıram. Ötən illərdən bitirdiyim romanımı yeni gözlə keçirməyə də imkan tapa bilmirəm və bəzən o mənə ümumiyyətlə, maraqsız görünməyə başlayır. Bu gün məni hədsiz dərəcədə özünə cəlb edən – səhnədir. Bir neçə adamın bir neçə pillə yuxarı – səhnəyə qalxıb, orda o biri adamları vəcdə gətirə biləcək mənzərələr yaratması… Bu, mistikadır.
ANN.Az

Комментариев нет:

Отправить комментарий