16.04.2011

Dərdlərimizin dərmanı

İlkin Əkbərli

 Vaxtilə Lerikin hesabına Azərbaycanı uzunömürlülər diyarı adlandırırdılar. İndi apteklərin bu qədər çoxalması iki şeydən xəbər verə bilər. Biri odur ki, bizimkilər köhnə adımızı bərpa eləmək üçün istəyirlər ki, əhali sağlam olsun və çox yaşasın. Ona görə də apteklərin kütləvi açılışına icazə veriblər. İkincisi də odur ki, millətin sağlamlığı qalıb dərman ümidinə, ona görə də elə bir ucdan aptek açırlar ki, bəlkə Əzrayılın yolunu məmləkətdən bir az kənarlaşdıra bilsinlər. Amma hər iki halda, bu apteklərdə qiymətlər o qədər yuxarıdı ki, cənab Əzrayıl kirə-filan ödəmədən bu apteklərdə qərarlaşa bilər və gələnlərin canını "kassadan aralanmadan" ala bilər. Burada Səhiyyə Nazirliyi, Azad İstehlakçılar Birliyi, TV-filan burda rol oynamır, azar, yəni bazar iqtisadiyyatıdı...
 Doxdurlarımız hamısı "firmaç" olublar. Hərəsi 4-5 firma ilə "işləyirlər". İndi ənənəvi, normal dozalı dərmanları qəbul eləmirlər. Adicə qrip olanda elə güclü doza dərman yazırlar ki, sonra orqanizm elə bu qripin növbətisində "at dozası" tələb eləyir. Firma dərmanının keyfiyyəti hələ bir yana, qiyməti də elədi ki, xəstə bacardıqca həkimə getməməyə çalışır. Üstəlik dərisini də soyurlar axı. Axırda da o vaxt həkimə getməyə məcbur olur ki, onda ancaq molla çağıran vaxt olur...
 O gün televizorda bir dərmanı tərifləyirdilər. Adını deyib reklam eləmirəm, bəh-bəhdən belə çıxdı ki, bu dərman daz başlara tük gətirir. Cəmi 45 gün dərmandan sürtürsən, tüklərinin tökülməsi dayanır. Sonra altı ay da çəkirsən, başın olur tüklü. Danışıqdan onu anladım ki, əgər bircə il bilyard daşına bu dərmandan çəksən, olacaq, türklər demiş, qıllı. Türk demişkən, dərmanı tərifləyən xanım dedi ki, Türkiyədə bu dərmanın bir ampulası 200 dollaradı. Amma bizdə gətirib onu daha ucuz satırlar. Ay zalım uşağı, nömrə gəlirsiniz, heç olmasa adam balası kimi gəlin. Yəni türk o qədər axmaqdı ki, özünda baha satılan dərmanı gətirib burada ucuz satsın? Açıq deyin ki, girdirmədi, başımızı xarab eləməyin. Hələ o bir yana qalsın ki bura türk adı ilə gələnlərin hamısı kürdlərdi...
 Axmaq söhbətdi...
 Siz bilən, 70 milyon dollarlıq dərmanı bir dəfəyə necə oğurlamaq olar? Bizdə, əlbəttə, olar. A kişi, dərmanların qiymətinin üstünə dədə-babalarının yox ey, bütün nəsil-əcdadlarının da qiymətini qoyurlar, ona görə də 70 milyonluq dərmanı bir dəfəyə bizdə oğurlamaq olar. Söhbət xaricdən, özü də əsl xaricdən, yəni Amerikadan gedir. Orada, Konnektikut ştatınının Enfild şəhərindəki dərman şirkətlərindən birinin anbarından 70 milyon dollarlıq dərman preparatları oğurlanıb. Oğrular əvvəlcə siqnalizasiya sistemini sıradan çıxarıb, sonra anbarın damında dəlik açıblar. İp vasitəsi ilə içəri düşən naməlum şəxslər tələsmədən dərmanla dolu olan bağlamaları yük maşınlarına yığaraq aradan çıxıblar. 
 Polisin əlindən bir iş gəlmədiyindən məsələyə Federal Təhqiqat Bürosu da qarışıb. Kifayət qədər peşəkar olan oğruların izini xüsusi təlim görmüş itlərlə də aşkar etmək mümkün olmayıb. Dərman firmasının açıqlamasına görə, anbardan əsasən depressiya əleyhinə və psixi xəstəliklərin müalicəsi üçün lazım olan dərmanlar oğurlanıb.
 Ya Amerikada hamı dəli olub, ya da... nə ya da, elə hamı dəli olub. Yoxsa bu qədər dərmanı neynəyirdilər ki?..
 Türkiyədə növbəti tramvay qəzası haqda xəbəri oxuyanda bizimkilərin müdrikliyinə bir daha heyran qaldım. Bizim başbilənlər bilirdilər ki, bu tramvaylar, trolleybuslar qaldıqca onların potensial qəza törətmək şansları da qalmaqda olacaqdı. Vaxtında yığışdırdılar, indi bir köpəyoğlu xarici mətbuat yaza bilsin ki, Bakıda tramvay, trolleybus qəza törətdi. Ay yazdılar ha, olmayan şey qəza törədə bilər? Deyəsən Şah Abbasın vaxtında düşmənlər məmləkətə hücum eləməsin deyə sərhəd kəndlərimizi özümüz viran edirdik ki, gələn düşmən azuqə tapa bilməyib acından qırılsın. Bu ağılın sahibi olan bizlərə tramvay, trolleybus qəzası soxuşdura bilərlər? Kükürd hökumətimiz dərmanın dərdini də, dərdin dərmanın da yaxşı bilir...
 Bəsdi, yazdıqca dərdlər çıxır ortaya. Sonra da dur bunun dərmanını tap. Özü də dərmanın od qiymətinə olduğu bir vaxtda. Nə olsun ki, biz dərdə dərman, dərmana dərd tapan qövmük, adamın vaxtı çatmır axı... 

Комментариев нет:

Отправить комментарий