16.04.2011

"Səhra tülküsü"nün həyat hekayəsi

islam-azeri.az


Ərazisinin böyük qisimi ən quraq səhra torpaqları üzərində olan Liviya, tarixən Aralıq dənizi sahillərindən keçən ticarət yollarının üzərində olması, həmçinin Misir və digər şimali Afrika dövlətləri ilə həmsərhəd olması baxımından imperialistlər üçün cəlbedici olmuş, qısa dövrlər ərzində bir çox dövlətin tərkibinə qatılmışdır.
Turqut Rəisin 1511-ci ildə Trablusqarpı fəth etməsindən 1912-ci ilə qədər isə 4 əsrlik bir dövr ərzində sabitlik dövrünü yaşamış, Osmanlı İmperatorluğunun bir əyaləti olaraq qalmışdır.

İtalyanların 1911-ci ildə Liviyaya hücum etmələrindən sonra Trablusqarp döyüşünə könüllü olaraq qatılan "Gənc İttihatçı Zabitlər" bölgədə müvəffəqiyyətli müqavimət göstərdi və Senusi mücahidlərini təşkilatlandıraraq ortaq bir müqavimət gücü meydana gətirdilər.
Balkan Döyüşünün başlamasından sonra isə Osmanlı, Liviya üzərindəki hüquqlarından imtina etmək məcburiyyətində qaldı.
"Səhra pələngi" Ömər Muxtar əl-ayağı zəncirlənmiş şəkildə dar ağacına aparılarkən
II Dünya Müharibəsi əsnasında Mussolini də "geniş torpaqların fəthi" xülyasına qapıldı və Liviyanı ilhaq etmək qərarına gəldi. Bu dövrdə "səhra pələngi" dı ilə məşhurlaşmış Ömər Muxtar işğalçılara qarşı müqavimət cəbhəsi yarada bilmişdi. Lakin qeyri-bərabər qüvvələr nisbətində müşahidə olunan bu mübarizə Muxtarın 20 illik müqavimətindən sonra tutularaq edam edilməsilə gücdən düştü. Bu dövr ərzində italyanlar yerli əhaliyə olmazın işgəncələrini vermiş, kütləvi qətliamlar törətmiş, onları yurd-yuvalarından didərgin salmışdılar.
İtaliyanın II dünya müharibəsində məğlubiyyətindən sonra Liviya bir müddət Fransa və İngiltərənin "himayə"sinə keçdi.
24 dekabr 1951-ci ildə isə müstəqillik elan edildi. Federal dövlət quruluşu sistemi çərçivəsində atadan oğula keçən bir monarxiya-krallıq rejimi quruldu. İdris əs-Senusi, I İdris adı ilə Liviya Kralı elan edildi.
Ancaq Kral İdrisin konservativ rəhbərliyi, həmçinin əhalinin böyük qisminin fikirlərinə hakim olan iki əsas ideologiya-islamçılıq və milliyətçilik axınının xaricində qalması, onları ciddi qəbul etməməsi ölkənin ictimai-siyasi həyatında əsas mövqelərdə olan gənc zabitlər və şəhərlərin orta təbəqəsi tərəfindən bəyənilmirdi.
İdrisin siyasətini bəyənməyən gənc zabitlər arasında ən nüfuzlusu isə "səhra tülküsü" adı ilə məşhurlaşmış Muammər Əbu Minyar əl-Qəddafi idi.
Muammər Əbu Minyar əl-Qəddafi, 7 İyun 1942-ci ildə Aralıq dənizi sahilindəki Sirtə məntəqəsi yaxınlarında dünyaya gəlib.
Çadırda yaşayan bədəvi bir ailənin oğlu olan Muəmmər, gənc yaşlarında Misir dövlət başçısı Camal Əbdul Nasir və onun "Ərəb sosializmi və Ərəb miliyətçiliyi" ideologiyasına heyranlıq duyurdu. Qəddafi, 1956-cı ildə Süveyş Böhranı yaşanarkən İsrail əleyhinə etiraz nümayişlərinə qatılırdı.
Liviya Dövlət Universitetində Hüquq Fakültəsinin Tarix ixtisasına daxi oldu və buranı1963-cü ildə bitirdi. Daha sonra Benqazidəki Hərbi Akademiyaya daxil oldu. Kursant yoldaşlarıyla birlikdə, gələcəkdə "Azad Zabitlər Hərəkatı" adını alacaq gizli bir təşkilat qurdu. 1966-cı ildə Hərbi Akademiyadan zabit kimi məzun olduqdan sonra İngiltərəyə gedərək hərbi sahədə mütəxəssislik təhsili aldı.
1 Sentyabr 1969-cu ildə Muammər Qəddafinin liderlik etdiyi gənc zabitlər, Kral İdrisi qan tökmədən, döyüş aparmadan hakimiyyətdən devirdilər. Çevriliş reallaşdığı sırada Kral İdris, Türkiyədə, Bursa kaplıcalarında müalicə olunurdu. İdrisdən sonra kral olacağı gözlənilən varisi, qardaşı oğlu vəliəhd Ər Rida dövlət radiosu ilə taxt-tacdan imtina etdiyini bildirdi və ev dustağı edildi.
Monarxiya ləğv edildi və yeni "Liviya Ərəb Respublikası" elan olundu.
Kral İdrisi devirərək hakimiyyətə gələn "Gənc Zabitlər" - Qəddafi(solda) və silahdaşları
Hələ 27 yaşında iqtidara qədəm qoyan Muammər Qəddafinin ölkəsi Liviya, qısa zamanda Qərb əleyhdarları üçün bir cənnət halına gəldi. İmperializm ilə mübarizə iddiasında olan təşkilatlar Liviyanın hərbi və maddi dəstəyini almağa başladılar. Gənc lider Qəddafi, hündür və arıq bədən quruluşu, safari geyimləri, günəş eynəkləri və siyasi duruşu ilə qısa zamanda dünya mediasının, siyasətçilərin söhbət mövzusu oldu.

Çevrilişdən sonra ölkəyə nəzarəti ələ keçirən "İnqilab İdarə Şurası"na rəhbərlik edən Qəddafi, 1970-ci ildə baş nazirlik vəzifəsini də boynuna götürdü. Həmin il Liviyanın "müstəqil bir Ərəb demokratik respublikası" olduğunu ifadə edən yeni bir konstitusiya hazırlayaraq, ABŞ-ın və İngiltərənin ölkədəki hərbi bazalarını bağladı. Həmçinin, bütün xarici bankları və neft sektorunu milliləşdirdi, bank sektorunu xaricilərin üzünə birdəfəlik bağladı(Qəddafinin bu bank siyasəti 2009-cu ildən başlayan və hələ dətəsirini davam etdirən dünya iqtisadi böhranının Liviyadan təsirsiz ötüşməsinə gətirib çıxardı) İtalyan və yəhudi milli azlığın mülkiyyətini müsadirə etdirdi və onları köçə məcbur etdi. Baş nazir vəzifəsi, ona bütün bu sadalananları həyata keçirmək üçün lazım idi. İşini görüb qurtardıqdan sonra 1972-ci ildə baş nazirlik vəzifəsindən imtina etdi.

Muammər Qəddafi, 20-ci əsrin digər siyasi fiqurlarının da reallaşdırdığı kimi, İslam sosializmi olaraq adlandırdığı siyasi fəlsəfəsini "Yaşıl Kitab" adını verdiyi 1975-1979-cu illər arasında üç cild halında nəşr olunan kitabı ilə açıqladı. Qəddafi, həm Marksizmdən həm kapitalizmdən ayrılan "universal üçüncü yol" nəzəriyyəsini ortaya qoyurdu.

1977-ci ildə ölkənin adı "Liviya Ərəb Sosialist Xalq Cəmahiriyəsi" olaraq dəyişdirildi. Nəzəriyyədə Liviya, yerli xalq şuraları və icmalar vasitəsilə xalq tərəfindən idarə olunan birbaşa demokratik idarə üsulu quruluşuna keçirdi. "İnqilab İdarə Şurası" ləğv edildi. Qəddafi, Ümumxalq Konqresinin baş katibi oldu. 1979-cu ilin Martında, Qəddafi və digər konqres üzvləri "özlərini inqilabi hərəkata həsr etmək" üçün könüllü olaraq vəzifələrindən ayrıldılar. Lakin Muammər Qəddafi, defakto dövlət başçısı olaraq qaldı. O, boya-başa çatdığı Sirtəni əhəmiyyətsiz, bəsit, kiçik bir səhra qəsəbəsindən beynəlxalq konfransların keçirildiyi əhəmiyyətli bir şəhərə çevirdi. 
Polkovnik Qəddafi və Camal Əbdul Nasir
Camal Əbdül Nasirin "Ərəb Birliyi" siyasətinin qatı mühavizəkarı olan Qəddafi, Nasirin 1970-ci il 28 sentyabrda öldürülməsindən sonra bu siyasətin ideoloji öndəri olmağa çalışdı. Qəddafinin Tunis ilə birləşmə cəhdi 1974-cü ildə müvəffəqiyyətsizliklə nəticələndi. Misir ilə "bütöv ittifaq" ideyası isə, hər iki dövlətin qarşılıqlı ittihamları nəticəsində başarısızlığa uğradı. 1977-ci ildə isə bu ittihamlar və çəkişmələr hətta silahlı qarşıdurmaya və diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxardı.

Misirlə yaranmış qarşıdurmadan sonra Liviya SSRİ ilə əlaqələri möhkəmləşməyə başladı. Sovetlərin Yaxın Şərq strategiyasında Qəzzafinin tutduğu mövqe, ABŞ-Liviya əlaqələrinin gedərək pisləşməsinə gətirib çıxardı. 1981-ci ildə ABŞ-ın "Exxon Oil Company" neft şirkəti Liviyadan çıxmaq məcburiyyətində qaldı, Birləşmiş ştatların o vaxtkı prezidenti Ronald Reqan bu ölkənin, artıq amerikalılar üçün təhlükəli olduğunu bildirdi və Liviyadakı amerikalılardan Libyanı tərk etmələrini istədi.

1985-ci ilin Noyabrında CIA(ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) tərəfindən Qəddafi rəhbərliyinə qarşı gizli əməliyyatlar edildiyi ortaya çıxdı. Roma və Viyanadakı İsrail hava yolları bürolarına fələstinlilərin Əbu Nidal qrupu tərəfindən edilən hücumların (dekabr 1985) Liviya tərəfindən dəstəklənildiyini irəli sürən ABŞ, Liviyanın hərəkətlərinin ABŞ-ın milli təhlükəsizliyini və xarici siyasətini təhdid etdiyini iddia etdi.
ABŞ və Böyük Britaniya rəhbərlikləri Liviyanı beynəlxalq terrorun təhrikedicisi olaraq gördüklərini bildirdilər və 15 Aprel 1986-cı ildə ABŞ təyyarələri Tripoli və Bengaziyə hücum etdi. Qəddafinin iqamətgahı və qərargahı bombalandı. Qəddafinin xəsarət almadan, sağ-salamat sovuşdurduğu bu hücumda həyat yoldaşı və iki oğulu yaralandı, övladlığa götürmüş olduğu qızı öldü.

Qəddafi, ABŞ və Böyük Britaniya hökumətlərinin 21 dekabr 1988-ci ildə ABŞ-ın "Pan-Am AirLines" şirkətinə məxsus "Boeing-747" tipli bir sərnişin təyyarəsinin Şotlandiyanın Lokerbi şəhəri üzərində partlamasında və 270 insanın ölümündə ittiham olunan 2 Liviya vətəndaşını mühakimə olunmaq üçün təhvil vermək tələblərini rədd etdi. Bundan sonra BMT, Liviyaya hava nəqliyyatı və hərbi embarqo tətbiq etmək qərarı aldı.

2002-ci ilin yanvar ayında Muammər Qəddafi, İtalyanın məşhur futbol klubu Yuventusun səhmlərinin 5.31%-lik hissəsini satın aldı. Qəddafinin bu qərarı almasında, Yuventus fanatı olaraq tanınan oğulu Səəd Qəddafinin təsirli olduğu irəli sürüldü. Bir müddət Liviyanın futbol üzrə milli komandasında da forma geyən Səəd Qəddafi, 2003-2007 illəri arasında italyan klubları Perugia, Udinese və Sampdorianın heyətində çıxış etməsinə baxmayaraq, İtaliya "A Seriyası"nda cəmi 2 rəsmi matçda forma geyə bildi.

2003-cü ildə Liviyanın, 1988-ci ildə baş vermiş Lokerbi hadisəsinin məsuliyyətini rəsmi olaraq qəbul etməsindən sonra, BMT-nin tətbiq etdiyi sanksiyalar 2003-cü ilin sentyabrından ləğv edildi. Liviya, ABŞ və İngiltərə ilə razılaşma imzalayaraq, hadisədə ölənlərin ailələrinə 2.7 milyard dollar ödəməyi qəbul etdi.

İtalyan qəzetlərindən "Corriere della Sera"da dərc olunan xəbərə görə, Qəddafi 2010-cu ilin Avqust ayında Romada görüşdüyü stuardessa qızlardan təxminən 20 nəfərlik bir qrupu, Liviyada 5 ulduzlu otellərdə qonaq etdi. Sonradan isə onun, qızlardan birini nəvəsi Qazi Qəddafiylə nişanladığı bildirildi.
BMT-nin 2010-cu ildəki Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka gedən Qəddafi BMT binasının həyətində çadır qurub orada qalmaq istəsə də ona icazə verilmədi. Səhəri gün Assambleyada çıxış edən Qəddafiyə, spiker "vaxtınız qurtarıb, çıxışınızı saxlayın" dedikdən sonra, Qəddafi də "Məndən əvvəlkinə daha çox vaxt vermişdin, kəs səsini, mənim hələ sözüm var" cavabını verdi. Çıxışının sonuna yaxın isə Qəddafi BMT-nin nizamnaməsini əlinə götürərək "... içində boş-boş sözlər yazılmış bu saxta kitab parçasını tullayın getsin" deyərək nizamnaməni cırdı və spikerə tulladı.

Qonşu Tunis və Misirdə 30 illik Bin Əli və Mübarək iqtidarlarının sona çatmasıyla nəticələnən xalq hərəkatlarının ardından, 2011-ci ilin fevralında Liviyada da Qəddafi iqtidarını sarsıdan qarışıqlıqlar baş verdi. Əvvəlcə Qəddafi əleyhdarları Benqazi və digər şəhərləri ələ keçirdilər, Tripoliyə qədər çatdılar. Lakin sonradan Qəddafi itirilmiş şəhərləri bir-bir geri qaytarmağa başladı və Benqazinin bir neçə km-liyinə gəlib çatdı. Bundan sonra isə ABŞ , Fransa və Böyük Britaniyanın öndərlik etdikləri "demokratiya jandarmı" dözə bilmədi. "Jandarm" əvvəlcə Liviyanın hava məkanını "uçuş üçün qadağan olunmuş zona" elan etdi, sonra isə ölkəni bombalamağa başladı. Bundan sonrakı döyüşlər isə daha dağıdıcı xarakter almış oldu. Əsas strateji əhəmiyyətli şəhərləri gah hökumət qüvvələri, gah da üsyançılar hücum edib ələ keçirir. Arada qalan isə həmişə olduğu kimi xalqdır. Artıq 1000-dən çox insan qətlə yetirilib, yüzminlərlə insan isə ev-eşiklərindən didərgin düşüb xarici ölkələrə sığınmaq məcburuyyətində qalıblar və döyüşlərin bitəcəyi yurd-yuvalarına qayıdacaqları günü gözləyirlər. Döyüşlər isə hələ ki davam etməkdədir. Deyəsən "demokratiya təəssübkeşləri" bu dəfə sərt qayaya(Qəddafiyə) rast gəliblər.
Qəddafinin BMT-də qalmaqallı çıxışı
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin
Mədəni Maarif şöbəsinin müdiri
Seymur Abbas

Комментариев нет:

Отправить комментарий