19.04.2011

Füzuli Ələkbərov, Ziya Məmmədov, Misir Mərdanov…


Vətəndaşları ən çox narazı salan dövlət qurumları hansılardır?

QayNar: Prezident İlham Əliyevin korrupsiya, inhisarçılıq, süründürməçilik hallarına qarşı həyata keçirdiyi mübarizə tədbirləri Azərbaycan ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmaqdadır. Prosesin ilk günlərindən əhali bu fəaliyyəti təqdir edərək, dövlət başçısının ölkəmizin gələcək inkişaf istiqamətləri ilə bağlı ortaya qoyduğu prinsiplərə dəstək nümayiş etdirir.
Prezidentin özünün də qeyd etdiyi kimi, bu islahatlara ciddi ehtiyac var və vəzifəsinin öhdəsindən gələ bilməyən, insanları dövlətdən narazı salan məmur və qurumlara qarşı mübarizə labüddür.
Bu baxımdan Qaynar.info olaraq bu istiqamətdə apardığımız araşdırma zamanı daha çox ictimai qınağa tuş gələn, vətəndaşların ən çox narazı qaldığı qurumları yenidən diqqət mərkəzinə gətirmək qərarına gəldik. 
Bununla bağlı araşdırmalarımızın davamlı olacağını nəzərə alaraq, hələlik onlardan üçünün fəaliyyəti ilə bağlı qeydlərimizi diqqətinizə təqdim edirik.

Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşların daha çox narazılıq etdiyi qurumlar sırasında ön yerlərdən birini tutur. Bu gün Füzuli Ələkbərovun rəhbərlik etdiyi nazirliyin Baş Məşğulluq İdarəsindən razılıq edən bir adam belə tapmaq müşkülə çevrilib və faktiki olaraq bu qurum vəzifələrini icra etməkdə acizdir. Azərbaycanda işsizlik probleminin mövcudluğu, hətta bəzi gənclərin bu problem üzündən ailə qura bilməməsində məlum idarənin rolu kifayət qədərdir. Hər rayonda yerli şöbələri olan Baş Məşğulluq İdarəsinin işsiz vətəndaşların qeydiyyata alınması, onlara müavinətlərin ayrılması zamanı yaratdığı süni əngəllər, süründürməçilik halları haqlı olaraq vətəndaşların narazılığına səbəb olaraq, iqtidara qarşı mənfi münasibətin formalaşmasına təsirsiz ötüşmür. Eyni zamanda işəgötürənlərin vətəndaşları bir növ ələ salmasına, onların hüquqlarını ümumiyyətlə tanımamasına, işəgötürənlərlə işçilər arasında əmək müqavilələrinin imzalanmamasına göz yumulması da Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin fəaliyyətində ciddi qüsurların olmasına dəlalət edir.
Digər tərəfdən kasıb ailələrə ünvanlı sosial yardımların verilməsində ortaya çıxan problemlər, yeyinti və süründürməçilik halları bu sahədə ciddi vətəndaş narazılığına səbəb olub. Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində bir neçə rayonun Sosial müdafiə mərkəzləri rəhbərlərinin vəzifədən çıxarılması, bir neçəsinin isə hətta cinayət məsuliyyətinə cəlb edilməsi dediklərimizin təsdiqi rolunda çıxış edir.

Nəqliyyat Nazirliyi

Təkcə əməkdaşlarının sözün əsl mənasında qoçuluq etməsinə, sürücülərlə aralarında yaranan konfliktləri yalnız fiziki zor hesabına yoluna qoymasına dair mətbuat orqanlarında uzun müddətdir yazılanlara nazirlikdən ciddi bir reaksiya gəlməməsi Ziya Məmmədovun rəhbərlik etdiyi qurumun fəaliyyətinə neqativ qiymət vermək üçün yetərli fakt sayıla bilər. Eyni zamanda Nəqliyyat nazirliyinin sürücüləri əlavə ödənişlərə cəlb etmək cəhdlərində bulunması, nazirlik əməkdaşlarının dövlət qulluqçusu rolunda deyil, polis qiyafəsində çıxış edərək, maşınların nömrələrini açmaqdan belə çəkinməməsi bu sahədə də islahatların vacibliyinə dair “həyəcan siqnalı” sayıla bilər.

Təhsil Nazirliyi

Təhsili olmayan millətin gələcəyinin də olmadığı gün kimi aydındır. Yeniyetmələrin şüurunun formalaşdığı, elmi biliklərə, xarakterə yiyələndiyi təhsil sektorunda neqativ halların olması isə ümumiyyətlə bağışlanmaz faktdır.
Məktəblərdə “süpürgəpulu”, “fondpulu”, “8 mart pulu”, “atestat pulu” yığılmasına dair narazılıqlar, müəllimlərə ayrılan dərs saatları ilə bağlı ortaya çıxan problemlər az qala Misir Mərdanovun rəhbərlik etdiyi nazirliyin fəaliyyətini xarakterizə amillər kimi çıxış edir.
Universitetlərdə tələbə biliyininin qiymətləndirilməsi zamanı subyektivliyə yol verilməsi, bu proses zamanı rüşvət amilinin hələ də mövcudluğu, eyni zamanda yeni məktəblərin inşası zamanı korrupsiya hallarına yol verilməsi ilə bağlı iddialar da olmamış deyil.
Hər halda Prezidentin apardığı mübarizə tədbirləri fonunda öz fəaliyyətləri ilə vətəndaşları və ictimaiyyəti narazı salan dövlət qurumlarının ölkə başçısının zəruri tənqidlərindən nəticə çıxarması mütləqdir. Bütün hallarda iddia edildiyi kimi, hətta bu qurumlarda baş verənlərdən birinci şəxslərin özlərinin xəbəri yoxdursa belə, bunun özü də onların məsuliyyətdən kənarda qalmaları üçün  əsas sayıla bilməz.

Fərrux Xasayoğlu

Комментариев нет:

Отправить комментарий