19.04.2011

QARAÇILARI və DİLƏNÇİLƏRİ AXTARMALI



Oqtay QORÇU               mediaforum.az

Hər gün bu şəhərdə yüzlərlə qaraçı və dilənçi avtobusları, metro stansiyalarını maneəsiz gəzib əhalinin gündəlik qazancına şərik çıxır. Onların yığdığı pulların harda, kimin əlində cəm olduğu isə bir kimsəyə bəlli deyil.
Dilənən qaraçı ailələrində qəribə qanunlar hökm sürür, onların kişiləri lap korrupsiyaçı oliqarxlara bənzəyir, pul özü onların cibinə gəlir, işləmirlər, ancaq döyüb-söyüb əmr verməyi bacarırlar.
Dünyada, xüsusən də ərəb ölkələrində başlayan inqilablar yenə “köhnə patefon”a bənzəyən hökmdarları dilləndirdi. Hamı eyni sözü deyir: ”Mən xalqım üçün çalışıram, rüşvət almıram”. Onlara heç kim inanmır, onlar isə yalan danışmaqdan usanmırlar, çünki yalan bitən yerdən diktatorun məhvi başlayır.
Misirin devrilmiş diktatoru Hüsnü Mübarək dünən yenə danışdı, “Euronews” kanalına müsahibə verən eks-prezident, sadəcə, Misir xalqına müraciət etmədi, dünya ictimaiyyətinin üstünə yeridi, bütün ittihamları rədd edib hamını yalançı çıxardı, general qətiyyətlə onun varidatının axtarılmasını istədi. “Mənim heç vaxt heç yerdə bank hesabım olmayıb” söyləyən Mübarək belə fakt üzə çıxarsa, ədalət məhkəməsi qarşısında cavab verməyə hazır olduğunu da bəyan etdi.
Mübarəkin dediklərini sonadək dinlədim və ona inandım. Bir zaman (elə indi də) Şərqdə, ərəb dünyasında böyük nüfuz sahibi olan, sayılıb-seçilən lider Hüsnü Mübarək ağıllı, qətiyyətli və hikkəli adamdır. Nə zamansa, bəlkə də 20 ildən sonra bir milyonçunun dilənçi oğlu peyda olub söyləsə ki, “mən küçədə qalmışdım, prezident məni saraya gətirdib adıma hesab açdırdı” heç təəccüb etməyin. Bu üsuldan vaxtilə “alkaş” oğlundan sipər kimi istifadə edən Andropov barəsində eşitmişəm, Azərbaycanda da bildiyimə görə belə bir ənənə var.
Bir sözlə, “qara biznesin” qarantı indi hər gün hamının yanından ötən, heç kimin adam saymadığı qaraçılar və dilənçilərdir. Misirdə turist səfərində olan bir dostum dedi ki, Mübarəkin seçdiyi şəhər (Şərm əl-Şeyx) ən çox fahişəsi, oğrusu, dilənçisi olan yerdir, çünki pullu adamlar ora çox gedir. Sonra dostum zarafat da elədi: ”Mübarək nahaq ora gedib, pulunu oğurlayacaqlar, gərək oğrulara “dolya” versin”.

Azərbaycanda qaraçıların, dilənçilərin bizə ağalıq etdiyi gün gəlir axı deyəsən... Allah qorusun!

Комментариев нет:

Отправить комментарий