18.04.2011

İş adamlarının gömrük macəraları


Bu barədə redaksiyamıza gəlmiş iş adamları söhbət açdılar


 Redaksiyamıza bir qrup iş adamı müraciət edərək onlara qarşı törədilən əməllər, ölkəyə gətirilən mallarla bağlı baş verən maliyyə maxinasiyaları haqda danışdı. Sahibkarların sözlərinə görə, Azərbaycanda azad iqtisadi fəaliyyət, biznesin inkişafı və sahibkarlara yardım haqda deyilənlər hamısı cəfəngiyyatdır. Reallıqda ölkəyə mal gətirən və burda iş quran biznesmenlər qoşa qanadlı korrupsiya mafiyası ilə üz-üzə qalıblar. Onların sözlərinə görə
 Hər şey elə gömrükdən başlayır
Sahibkarlar qanunun tələb etdiyi şəkildə ölkəyə mal gətirərkən rəsmi müraciət edərək yük götürmə bəyannaməsi təqdim etdiklərini bildirirlər: “Ancaq yük götürmə bəyannaməsinin təqdim olunması heç də o demək deyil ki, bu bəyannamə tez bir zamanda qeydiyyata alınacaq. Bəzən bu proses həftələrlə uzadılır və əgər gətirilən mal ərzaq məhsuludursa, onda onun xarab olmaq təhlükəsi belə gömrük işçilərini narahat etmir. Əgər bu sistemdə təzəsənsə və ölkəyə birinci dəfədir mal gətirirsən, onda bəyannamənin qeydiyyata alınması prosesi daha da uzanacaq. Yox əgər əvvəllər bu prosesdən keçmisənsə onda gətirdiyin mala məsul olan “broker”-ə müraciət etməlisən.”
 İş adamlarının sözlərinə görə, bəzən gömrük idarələrində çalışanlar özləri mal alış-verişində “təzə” olanları real qaydalarla və brokerlərlə tanış edirlər. Həmin brokerlərin müdaxiləsi və birbaşa iştirakı olmadan hər hansı malı ölkəyə keçirmək, onun bəyannaməsini qeydiyyata saldırmaq mümkün deyil. Sahibkarlar bildirir ki, Azərbaycana idxal edilən
Hər bir malın öz meneceri - yəni brokeri olur
 Gətirilən mal da elə onun adına rəsmiləşdirilir və bu mala görə rüşvət də ona çatdırılır. Bazardakı qiymət kimi, onun iştirakçılarını da bu brokerlər müəyyənləşdirir. Yəni, istədikləri iş adamı ilə əməkdaşlığı dayandırmaqla onu asanlıqla bazardan vurub çıxara bilərlər. Bu, mərkəzləşmiş korrupsiya sistemidir və bu sistem gömrükdən də yuxarı orqanlardan idarə edilir.
 Qonaqlarımız deyir ki, hər bir sahibkar həmin brokerlə anlaşmağa məcburdur: “Gömrükdə yazılmamış elə qanunlar var ki, onu heç kim poza bilməz. Həmin qaydaların pozulması xaricdən gətirilən malın qeyri-müəyyən müddətə Gömrükdə saxlanmasıyla nəticələnə bilər. Qeyri-müəyyən müddətə malın buraxılmaması isə mal sahibinə ciddi ziyana düşməsilə nəticələnir. Əvvəla, malın hər gün gömrükdə saxlanmasına bir neçə yüz manat pul ödənilir, yəni yük nə qədər çox qalarsa bu o qədər ziyan deməkdir. Bir də baxır sahibkar xaricdən nə gətirir. Əgər tez xarab olan mal gətirirsə burda gec razılaşma mal sahibinə iki tərəfli zərbə vurur, həm mal xarab olur, həm də cərimələr artır.” Sahibkarların danışdığı mexanizm həmin brokerlərin əslində
Böyük korrupsiya oyunu
üzərində nəzarəti həyata keçirdiyini göstərir. Bizə müraciət edən sahibkarların hamısı bildirir ki, brokerlər ölkəyə gətirilən mallara həm haqq qoyur, həm də sənədlərin dəyişdirilməsini tələb edir. İş adamının fikrincə, brokerin sənədləri dəyişməkdə məqsədi malın həcmini azaltmaq idi. Bununla malın vergisi azalır, ancaq toplanan rüşvətin həcmi artmış olur: “Xaricdən gətirdiyimiz hər 10 manatlıq malın dövlət büdcəsinə köçürülməli olan vergisi nağd şəkildə bizdən alınır. Malın qiymətisə sənədlərdə 2 manat göstərilir, vergi də həmin o, iki manatdan ödənilir. Ona görə vergi orqanı, istənilən hüquq-mühafizə orqanı məsələni araşdıranda qanunsuzluqları aşkar edə bilir. Bununla istənilən iş adamını istədikləri vaxt “ilişdirmək” şansını qoruyurlar”. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan gömrük sistemində ölkəyə gətirilən (həm də ölkədən çıxarılan) mallar üzərində aprarılan əməliyyatlar zamanı
Böyük pulların büdcədən gizlədilməsi rəsmi məlumatlarda da öz təsdiqini tapır.
Gömrükdə idxal-ixrac statistikasının saxtalaşdırılmasında əsasən iki formadan istifadə olunur. Birincisi, ya gətirilən məhsulun həcmi azaldılır, ya da onların dəyəri idxal olunan ölkədəki dəyərdən daha aşağı göstərilir ki, vergidən yayınma imkanları olsun. Başqa sözlə, dövlətə rüsumu az ödəyib, qalanı nağd şəkildə ciblərinə qoysunlar. Gömrükdə aparılan rəsmiləşdirmələrdə idxal olunan məhsulların dəyəri kəskin şəkildə aşağı göstərilir və əvəzində yüksək miqdarda rüşvət alınır. Son 3 ildə Gömrük Komitəsinin büdcəyə ödədiyi vəsaitlərdə ciddi fərq olmadığını, xarici ticarət dövriyyəsinin isə 2 dəfəyə yaxın artdığını da nəzərə aldıqda 2007-2010-cu illərdə də ən azı bu həcmdə məhsulun qeydiyyatdan yayındırıldığını söyləyə bilərik. Yəni, 2003-cü ildən bu yana ən azı 40 milyard dollarlıq məhsulun qeydiyyata alınmadığını ehtimal edə bilərik. Orta hesabla bu məhsullardan 40 faiz həcmində idxal vergi və rüsumlarının yığılmalı olduğunu qəbul etsək, onda son 7 ildə təxminən 16 milyard dolların büdcədən yayındırıldığını söyləmək olar. Ancaq təbii ki, bu da büdcədən yayındırılan rəqəmin tam həcmi deyil, söhbət
Milyardlar
qazanılmasına hesablanan bir oyundan gedir. Sahibkarların sözlərinə görə, onların üzləşdikləri qanunsuzluqlar gömrük sistemi ilə yekunlaşmır. Düzdür əsas proses məhz burda həyata keçirilir: “Belə ki, gömrük sənədlərində ət dəyərindən 5, quş əti 7, balıq 11, banan 10 dəfə və sair ucuz rəsmiləşdirilir. Həmçinin Rusiyada 123 dollara alınan taxta Azərbaycan gömrüyündə 45 dollara, tonu 61 dollara alınan sement 51 dollara rəsmiləşdirilir və s.” Ölkəyə gətirilən avtomobillərin dəyəri isə dəfələrlə aşağı göstərilir. Həmsöhbətimiz olan iş adamları deyirlər ki, normal bizneslə məşğul olmaq üçün gərək gətirdiyin malın Gömrük bəyannaməsi, hesab qayiməsi əlində olsun. Vergi yoxlaması olanda görünsün ki, mal neçəyə alınıb. Amma bu sənədlər olmayanda və ya saxtalaşdırılanda vergi də real qazancın nə qədər olduğunu bilmir və həmin saxta sənədlərə əsaslanaraq yüksək gəlir hesablayır.
Azərbaycana çatanda həmin malın hesab qayiməsi dəyişdirilir. Malını gömrükdən keçirən sahibkar sonra vergi orqanlarıyla dil tapmağa çalışır. Elə bu səbəbdən də Azərbaycana mal idxal edən sahibkarlar baş verənləri
Gömrükdən vergiyə korrupsiya “pas”ı
adlandırır ki, bu pas da hər zaman iş adamlarının qapısına vurulan qolla nəticələnir. Gömrükçülər yalnız büdcəyə çatası vəsaitin böyük hissəsini mənimsəmirlər. Həm də sahibkarların gələcəkdə ölkəyə gətirdikləri malı satarkən vergi orqanlarına asan “yem” olmaları üçün şərait yaradırlar. Korrupsiy prosesinin ikinci mərhələsində vergilər nazirliyinin əməkdaşları aktiv rol oynayır: “Artıq gömrükdə dəyişdirilmiş sənədlər bizim vergi məsələlərimizdə qanundan kənar yollara əl atmağımıza səbəb olur”-deyə qonağımız olan iş adamları bildirir.
Azərbaycanın gömrük və vergi sistemində korrupsiyanın, rüşvətin tüğyan etməsi barədə saysız-hesabsız faktlar mövcuddur. Artıq ölkədə kimsə gömrükdə və ya vergi orqanları tərəfindən rüşvət tələbi ilə üzləşdiyini açıqladıqda, buna adi hal kimi yanaşılır.


"Vətəndaş həmrəyliyi"

Комментариев нет:

Отправить комментарий