18.04.2011

Azərbaycanda qudalar hakimiyyəti


Son illərdə şəcərə sistemi də işə düşüb: Ziya Məmmədov Əlağa Hüseynovla, Misir Mərdanov sabiq hakim Mənsur İbayevlə, Hacıbala Abutalıbov Əli Abbasovla, Əli İnsanov Məhərrəm Əliyevlə... və digər vəzifə sahibləri bir-birləri ilə quda olublar ki, yerlərini bir az da möhkəmləndirsinlər


 Hamıya məlumdur ki, Azərbaycan hakimiyyətində məmurların əksəriyyətinin övladları, yaxın qohumları vəzifə sahibidir. Bunlar kimdir? Bir-biri ilə qohumluq əlaqəsində olan məmurları araşdıqdıqda maraqlı mənzərə ortaya çıxır, sanki Azərbaycan hakimiyyəti bütövlükdə “yuxarı”da oturan bir neçə nəfərin şaxələnmiş nəsil şəcərəsi, qohumları və tayfası üzərində bərqərar olub. Təcrübə onu deməyə əsas verir ki, korrupsiya və rüşvətxorluğa, məmur özbaşınalığına yol açan amillərdən biri də idarəçilikdə məhz qohumbazlıq prinsiplərinin önə çəkilməsidir.
Biz bu yazıda vəzifədə olan qudaları müəyyənləşdirməyə çalışacağıq. Amma ilk öncə bir xatırlatma: BMT Korrupsiya ilə Mübarizə Konvensiyasında nepotizm - qohumbazlıq korrupsiyanın bir növü sayılır. Bir çox ölkələrdə buna görə ağır cəza tətbiq olunur. Azərbaycan qanunlarına görə, xüsusi ağırlaşdırıcı hallarda vəzifədən sui-istifadə hallarına görə 8, hətta 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.


 “Yol verin, qudam gəlir...”


 Azərbaycanda yüksək vəzifələrdə müştərək işləyən xeyli quda var. Hakimiyyət komandasında kifayət qədər nazir var ki, onlar qudadırlar. Hazırda ölkənin ən böyük məmur-oliqarxlarından biri olan nəqliyyat naziri Ziya Məmmədov son vaxtlar gündəmdən düşməyən keçmiş baş hərbi komissar, artıq həm də keçmiş icra başçısı Əlağa Hüseynovla qudadır. Analoji qohumluq münasibəti təhsil naziri Misir Mərdanovla məşhur hakim, indi təqaüddə olan Mənsur İbayev arasında da var. Bundan əlavə, fevral ayında qətlə yetirilmiş general Rail Rzayev də general Əliağa Hüseynovun qardaşı ilə quda idi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov da qudadır. Düzdür, bir müddət öncə H.Abutalıbovun oğlu İsrafil Abutalıbov ailəsinə xilaf çıxaraq başqa bir qadınla xaricə qaçdığı haqda xəbərlər yayıldı, amma hər halda bu iki məmur rəsmi sənədlərə əsasən quda sayıla bilər. Daha bir məşhur quda isə sabiq səhiyyə naziri Əli İnsanovla hazırda Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyevdirlər.
Ölkənin daxili işlər naziri Ramil Usubov isə Xətai rayonunun prokuroru Yusif İldırımzadə ilə qudadır. Bundan başqa, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin də sözügedən qohumluq münasibətlərində olması bəllidir. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbənin müdiri Əli Həsənov Azərbaycan Həmkarlar Konfedrasiyanının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə qudadır.
 Azərbaycan məmurlarının vəzifəli şəxslərlə qohum olması yalnız ölkədaxili ilə məhdudlaşmır. Xarici dövlətlərlə quda olan, nəvələrinə kirvə tutan nazirlərimiz var. Məsələn, Sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qızlarından birini Rusiya Gömrük Komitəsi sədrinin müavininin oğluna ərə verib. Maraq doğurduğundan onu da bildirək ki, iki dövlətin quda olan vəzifə sahibləri övladlarının toy mərasimini Yunanıstanın paytaxtında Afinanın ən bahalı otellərindən birində təşkil ediblər
Nə demək olar, Allah bütün qudaları mehriban eləsin...


 “Papanın gül balası...”


 Qeyd edək ki, Azərbaycan cəmiyyətində ailə varisliyinin siyasi və mənsəb varisliyinə çevrilməsi ənənəsi çoxdan mövcuddur. Çünki maliyyə oliqarxiyası yaratmış nazirlərin topladıqları sərvətin yeganə təminatçısı yalnız əziz-xələf övladları ola bilər. Görünür, yüksək mənsəb sahibləri 10-15 il tutduqları vəzifəni nə vaxtsa tərk edəcəklərini düşünməyə başlasalar da, həmin sahələrdəki biznes imtiyazlarını əldən vermək istəmirlər. Son vaxtlar belə “gül balalar”ın adları tez-tez eşidilir. Bu istiqamətdə apardığımız araşdırma nəticəsində məlum oldu ki, ölkəmizdə xeyli sayda ata-bala, yaxud ana-bala məmurlar, mənsəb sahibləri var. Əldə edə bildiyimiz siyahı ilə sizi də tanış edək.
 Yenə də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən başlayaq. Ramiz müəllimin oğlu Teymur Mehdiyev mədəniyyət və turizm nazirinin turizm məsələləri üzrə müavinidir. Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanlı Prezident Administrasiyasının Strateji Araşdırmalar Mərkəzinin müdiridir. Parlamentin deputatı Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı ötən il İpoteka Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib. Parlamentin keçmiş spikeri, millət vəkili Murtuz Ələsgərovun oğlu Fuad Ələsgərov Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışır. Az.TV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu Nazim Xudiyev Sabunçu rayon prokurorluğunda müstəntiq işləyir.
Əvvəllər Səbayel rayon icra hakimiyyətinin başçısı olan, bir müddət öncə isə vergilər nazirinin müavini təyin edilən Sahib Ələkbərovun oğlu Anar Ələkbərov Heydər Əliyev Fondunun icraçı direktorudur. Daxili işlər naziri Ramil Usubovun oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir. Baş nazirin hazırkı birinci müavini Yaqub Eyyubovun oğlu Emin Eyyubov isə Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir. Elçin Əfəndiyevin qızı İstanbul konsulluğunda (qardaşı qızı Macarıstan, qaynı isə ABŞ-dakı diplomatik korpuslarımızda) vəzifə tuturlar. O cümlədən, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun iki oğlu Azərbaycanın müxtəlif dövlətlərdəki səfirliklərində çalışırlar. Müdafiə sənayesi naziri Yavər Camalovun oğlunun Nizami rayonunda mühafizə polisinin rəisi vəzifəsində çalışır.


 “Bala-başa bəla...”


 Məmur övladları arasında xüsusi olaraq seçilən və daha çox ictimaiyyətin diqqətində olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov və nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Onlar məmur olmasalar da, kapitalları hesabına ictimaiyyət arasında çox böyük iş adamı kimi tanınırlar. Təbii ki, bizim bu iki nazir oğlunun heç biri ilə birbaşa tanışlığımız yoxdur. Amma əldə olan informasiyalar və ictimai görüntü bu nazir balalarının bir-birinin tam əksi olduğunu düşünməyə əsas verir. Tale Heydərovun xaricdə təhsil alan və ictimai işlərdə də aktiv olan iş adamı kimi ad çıxarmasına rəğmən Anar Məmmədov qadın türk müğənnilərinə bahalı hədiyyələr almaq, Polad Alemdar rolunda çəkilən Necati Şaşmazı rəqs etdirmək, 1 milyon dollara ayı kababı sifariş etdirmək və bu kimi olaylarla yadda qalıb.
Amma atasına problem yaradan yalnız Anar Məmmədov deyil. Digər məmur balaları ilə bağlı da zaman-zaman şok məlumatlar mətbuatda yer alıb. Baş nazirin müavini Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun narkomaniya ilə bağlı məlum bəyanatı yəqin ki hər kəsin yadındadır. Həsənov ölkədə narkotik istifadəçilərinin böyük əksəriyyətinin məmur övladları olduğunu bildirmişdi.


“Erməniyə dayı de...”


 Bu da bir elm məsəlidir: çayı keçmək xatirinə erməniyə belə dayı deməyi tövsiyyə edən məsəl. Necə və hansı zərurətdən yarandığını deyə bilmərik, amma Azərbaycan hakimiyyətində ermənilərlə də qohumçuluq saxlayan məmurların mövcudluğu artıq bir reallığa çevrilib.
Kifayət qədər intim və həssas mövzu olduğundan bu məsələ ilə bağlı bildiklərimizi kənara qoyub konkret mənbələrin məlumatlarına istinad edəcəyik. Bir müddət öncə Cümşüd Nuriyevin mətbuatda dərc olunmuş bir fikrinə diqqət yetirək:”Ermənilərin də təmsilçiliyi həm parlamentdə(ötən parlament nəzərdə tutulur-N.), həm də iqtidar daxilində 19 faizə yaxındır. Yəni, hökumətin əksəriyyətində anası və arvadı ermənilərdir.”
Azərbaycan hakimiyyətində təmsil olunan erməni mənşəli və ya ermənilərlə qohum olan məmurlar haqda daha geniş məlumat üçün oxucular internetdə httr://www.isagambar.az/2005/ay-7-s.htm ünvanına baxa bilərlər.
Həmin ünvandan tək bir məqamı olduğu kimi diqqətinizə çatdırırıq: “Abbas Abbasovun (Baş nazirin sabiq birinci müavini nəzərdə tutulur-N.) milliyyətcə erməni arvadı Bella Abbasova Xarici Dillər Universitetində çalışır. Amma o, 1995-ci ildən sonra fəaliyyətinə praktik olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alır. On il ərzində isə o, qiyabi olaraq elmlər namizədi olub. Dosent adı alıb. həmçinin Abbas Abbasov ermənilərlə qohumluğunu pərdələmək üçün həyat yoldaşının adını dəyişərək Bilqeyisə çevirib.”
 Bütün bunlara yalnız bir cümlə əlavə etmək qalır Aydın Abbasov yeni parlamentdə yer alıb...


“Qardaşdı bu...”


Baş nazirin müavini Əli Həsənovun qardaşı Ramiz Həsənov Sumqayıt icra başçısının müavinidir. Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov Şirvan şəhərinin, “Azəriqaz” Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Əlixan Məlikovun qardaşı Fəxrəddin Məlikov Kürdəmir rayonunun, Respublika Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalovun qardaşı Tofiq Zeynalov Tovuz rayonunun icra başçıları vəzifəsindədirlər. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı Akif Quliyev Sumqayıt şəhər, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qardaşı Qəzənfər Həsənov Sabunçu rayon icra hakimiyyətlərində müavin vəzifəsində çalışırlar. Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşı Elmar Vəliyev Yevlax rayonunun icra hakimiyyətinin başçısıdır.
Siyahını uzatmaq da olar. Bununla belə, sadaladığımız misallar da göstərir ki, Azərbaycan hakimiyyətində təmsil olunanlar arasında bir-biri ilə qohumluq əlaqəsində olanlar həddindən artıq çoxdur. Azərbaycanda mənsəb, vəzifə sahibi olmaq üçün heç də xüsusi biliyə, savada malik olmaq gərək deyil. Deputat, məmur övladı, yaxud qohumu olmaq yetər. Növbəti saylarımızın birində sizləri kifayət qədər savada və qabiliyyətə malik olan işsiz müxalifətçi övladları və vəzifələrindən azad edilən müxalitfətçi qohumları ilə tanış edəcəyik.


"Vətəndaş həmrəyliyi" qəzeti

Комментариев нет:

Отправить комментарий