01.04.2011

“One minute”dən sonrakı dünya

Mirmehdi Ağaoğlu                         Azad Yazarlar Ocağı

 Ərdoğanın Davosdakı məlum çıxışının üstündən çox vaxt ötsə də, həmin çıxışın əks-sədası indi də duyulmaqdadır. Adamın həqiqətən də güclü nitq qabiliyyəti var. İstanbul bələdiyyə başqanı olan zamanlar bir şeir diski də çıxarmışdı.
 Gənc jurnalist Seymur Verdizadə deyir ki, Ərdoğanın dünyanı dəyişən həmin çıxışı öncədən düşünülmüş və sırf elektorata hesablanmışdı. Bu nitqin Türkiyənin xarici siyasətinə də təsirsiz ötüşməyəcəyi, beynəlxalq aləmin Türkiyəyə münasibətini dəyişəcəyi məlumdur. Abdullah Gülün Səudiyyə Ərəbistanına səfəri, orta Şərqdə özünə yeni dayaqlar axtarması da bu üzdəndir.
 Davosda bir fikir səsləndi. Və bu fikirdə həqiqət işartıları var idi. Bu nitq əzilən bir xalqın iniltilərini, haqq səsini çatdırdı dünyaya dünyanın gözü və qulaqları Davosdaykən.
 Bu fikri kimin səsləndirməsi önəmli deyil. Bunları Çeçenistanda günahsız insanların qanını tökmüş Putin də səsləndirə bilərdi, İraqda bir milyon insanın qətlinə fərman vermiş Buş da. Amma Ərdoğan səsləndirdi.
 Mən Ərdoğan simpatizianı deyiləm, biləks onun Türkiyəni orta əsrlərin qaranlıq dünyasına götürdüyünü, layiq Türkiyə Cümhuriyyəti yerinə islam dövləti qurmağa çalışdığını düşünürəm. “İkinci İran”ın bizə heç bir faydası olmayacağını da bilirəm.
 Ərdoğoan Nobel Sülh mükafatçısı Şimon Peresə “Sən insanlığa qarşı cinayət eləmisən!” deməkdə haqlı idi. Və bu cümlələri böyük natiqlik bacarığı ilə deməsi nitqini daha da qüvvətləndirdi.
 İsrailin Qəzzanı bombardmanının məqsədi Həması zərərsizləşdirmək olsa da orda min üç yüzdən çox günahsız insan öldürüldü. E-mailimə gələn şəkillərdən dəhşətə gəldim. Qundağlarını kəfənə dəyişmiş körpə yavrucaqlar. Onlar hələ ana döşlərini belə düzəməlli görə bilmirdilər. Onlar hələ bomba səsləri ilə ana laylasını ayırd edə bilmirdilər. Onlar hələ silahla gülü seçə bilmirdilər.
 Qəzza bezib bu bitməz- tükənməz müharibədən. Nə qədər ölüm görmək olar?! Nə qədər yaxınlarını itirmək olar?! Yoxmudur Qəzzada kimin qalib gəlməsinə önəm verməyən insanlar?! Əlbəttə var! Və onları düşündürən yalnızca yaşamaqdır. Sakit bir guşədə silah səslərini, aramsız ağlayışları eşitmədən, dağılmış binaları, uçmuş körpüləri, sındırılmış ağacları görmədən yaşamaq!
 Qəzzada arzular puç olur. Ümudlər qırılır. Burada həyatla mübarizə aparmırsan, həyat özü səni mübarizə vasitəsinə çevirir.
 Uşaq vaxtı bizdən böyüyəndə kim olacaqsan deyə soruşanda hərəmiz bir şey söyləyərdik; polis, müəllim, şofer, kosmonavt (çox az adam kosmonavt olmaq istəyərdi), futbolçu, həkim və s. Qəzza uşaqlarının arzulayacaqları bir şey yox. Zatən arzulasalar belə mənası olmayacaq. Ya böyümədən ölməyə, ya da terrorçu olmağa məhkumdurlar. Onların alnına bu yazı yazılıb. Bizim taleyimiz BİR QƏDƏR özümüzdən asılıdır, onların taleyi isə özlərindən HEÇ asılı deyil.
 İkinci Dünya Savaşından sonra bir çox müharibə iştirakçılarının xatirələri dünyada maraqla qarşılandı. Bu xatirələr, gündəliklər dəfələrlə tirajlanır dünyanın hər yerində oxunurdu. Onlardan biri də Anna Frankın gündəliyi  idi. Yəhudi əsilli idi. Müharibə başlayanda ailəsi ilə iki ilini Niderlandda bir evin sığınacağında keçirdi və bu müddət ərzində düşüncələrini, hisslərini tutduğu gündəliyə qeyd elədi. Sığınacaqları aşkar olunduqdan sonra onu alman lagerinə apardılar. Orada tifdən öldü. Atası müharibədən sonra onun gündəliyini çap etdirdi. Anna Frankın gündəliyi bütün dünyada böyük maraqla qarşılandı. Bu gündəlik tirajlanır. Onun haqqında film də çəkilib.
 Kim bilir bəlkə bu qızcığaz yazar olmağı arzulayırdı. Özü buna şahidlik edə bilməsə də bu arzusu müəyyən miqdarda alındı. Qəzzada isə bir hərf belə yazmağa öyrənə bilmədən qəfil gülləyə tuş gələn uşaqlar var.

Комментариев нет:

Отправить комментарий