01.04.2011

Təhsillənək, inkişaf edək!

İlkin Əkbərli

 Təhsil qanununa dəyişikliklərin gözlənilməsi haqda xəbəri oxuyanda bilmədim ağlayım, yoxsa gülüm. Başınıza dönməyim, nə vaxt qəbul elədiniz ki, hələ dəyişikliklər də edirsiniz? Bu başıbəlalı qanunun müzakirəsinin bilmirəm 10-du, ya 15 illikdi yubileyini rahatca keçirmək olar. O qədər marağında olanı, razılaşdırılmasına razılaşmayanları, biznesinə mane olacağından qorxanları, ona çox düşər, mənə az deyənləri, kaloniya sistemini istəyənləri, Baloniya sistemi təklif edənləri, kərki kimi özünə tərəf yonanları, bir sözlə, bu qanundan o qədər xeyir güdənlər var ki, neçə illərdi müzakirə eləyib başa vura bilmirlər. Düzdü, başımıza vururlar, amma başa vura bilmirlər. Hamının maraqları nəzərə alınır, təkcə şagirdlərin, tələbələrin, müəllimlərin və gələcəyimizin maraqlarına fikir verən yoxdur.
 Bizim keçən çağırış deputatlarımız da bir neçə dəfə cəhd elədilər ki, qanunu müzakirə eləsinlər ki, bəlkə ortaya nəsə çıxartmaq mümkün oldu- amma mümkün olmadı. Son məlumatda deyilir ki, "Təhsil haqqında" qanun layihəsi müzakirəyə bir neçə ciddi dəyişikliklə çıxarılacaq". Deyəsən, Zadornovun, ya da Jvanetskinin miniatürlərinin birində deyilir ki, qanunu elə yazırlar ki, həm də deputatlar o qədər savadsızdır ki, bir dəfə oxuyurlar- bir şey başa düşmürlər, iki dəfə oxuyurlar- nəsə kəsdirə bilmirlər... Ona görə də qanun üç, dörd oxunuşdan sonra qəbul olunur. Mən bizim deputatları savadsızlıqda qətiyyən suçlaya bilmərəm. Ən azından ona görə ki, hamısının ali təhsilli olmaları haqda diplomu var. Özü də köhnə təhsil haqda qanunla alıblar. Çox xahiş eləyirəm alıblar sözünü tam ticarət mənasında başa düşməyəsiniz, oxuyub alanlar da var. Yəni bizim deputatlarımızın qanununu hələlik üçüncü oxunuşa çıxarmaq istəmələri savadın azlığından yox, marağın çoxluğundan irəli gəlir, ata canı. Həm də istəmirlər ki, bu qədər müzakirə eləyib qəbul elədikləri sənəddə hansısa xarici mason qəmişi olsun. Bloglardan birində bildirilir ki, budəfəki qəbul olunmamış qanuna dəyişikliklər, özü də ciddi dəyişikliklər də məhz masonların ağzını bağlamaq üçün edilib. Ola bilsin. Amma yolüstü elə bizim ağzımızı da bağlayır...
 Bildirilir ki, qanun layihəsi bu abarotda Milli Məclisdə qəbul edildikdən sonra Təhsil, Səhiyyə, Maliyyə və Ədliyyə nazirliklərindən, o cümlədən deputatlar tərəfindən bir sıra dəyərli təkliflər alıblar. Elə buradaca mən də bir dəyərli təklif verim ki, onu da dördüncü, beşinci oxunuşda müzakirə eləsinlər. Cəmi dörd nazirlikdən təkliflər çox azdır. Ən azından Daxili İşlər, Xarici İşlər, Kənd Təsərrüfatı, Müdafiə Sənayesi, Mədəniyyət, Energetika nazirlikləri, Baş Prokurorluqdan da təklifləri olub-olmadığını soruşmaq lazımdır. Ümumiyyətlə, bu qanunun müzakirəsini ümumxalq referendumuna çıxarmaq daha düzgün olardı. Birdən kimsə etiraz eləmək istəyər ki, bu, mütəxəssislərin işidir, xalq bütün incəlikləri bilmir- möhkəm inciyərəm sizdən. Xalqa o boyda Konstitusiyada olunmalı dəyişiklikləri etibar eləyirlər, bir təhsil qanununu eləmirlər? Lap BMT-nin müzakirəsinə də çıxartmaq olar ki, masonların deməyə sözləri qalmasın.
 Bazburutlu komissiya üzvlərindən biri bəzi dəyişikliklərin məzmunu haqda da məlumat verdi. Deyir ki, qanun layihəsində bütün təhsil müəssisələrinə lisenziyaların müddətsiz verilməsi öz əksini tapmışdı: "Sonra biz fikirləşdik ki, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin və onların filiallarının lisenziyalarının konkret müddəti olmalıdır. Bu lisenziyaların orta təhsil müəssisələrinə 3, ali təhsil müəssisələrinə isə 4 il müddətinə verilməsi nəzərdə tutulub". Bunu niyə sonradan fikirləşdikləri haqda heç bir iradım yoxdur, kompüter də səhv eləyir, adam heç kompüter də deyil ki. Amma mənasını başa düşə bilmədim. Tutaq ki, mən bir qohumumu tanış tapdım, haqqını verdim, düzəltdim bir xaricinin açdığı orta təhsil müəssisəsinin 1-ci sinfinə. 3 ildən sonra həmin xarici lisenziya verənlə dalaşdı, nəyi isə razılaşdıra bilmədi, məktəb bağlandı. Necə ki bizdə belə hallar tez-tez olur. Bə qohumumun taleyi, bə onun dədəsinin pulu, bə mənim aradan götürüb xərclədiyim? Hələ orta məktəb xərcləri nisbətən azdır, bəs ali məktəbin məsələsi necə olacaq? Bəlkə lisenziyanı qohumum ikinci kursda oxuyanda ləğv elədilər, xərci kim qaytaracaq? Lap zarafat eləməsək, lisenziya müddətlərinin şübhəliliyi növbəti müzakirələrə səbəb olmayacaqmı? 
 Biz də inanmaq istəyirik, amma yenə də dalağımız sancır ki, deyəsən "Artıq "Təhsil haqqında" qanun tam rəndələnib". Təki qəbul olunanlardan və işləyənlərdən olsun, Amin!..

Комментариев нет:

Отправить комментарий