“Qərb üçün hansısa ölkədə kimlərinsə qırılmasının, ölməsinin heç bir əhəmiyyəti yoxdur”
Sabiq müdafiə naziri Rəhim Qazıyevin Qaynar.info-ya müsahibəsi
- Rəhim bəy, son aylar müxalifət liderlərinin yenidən insanları aksiyalara, inqilaba səsləməsi sizcə nəyin göstəricisidir. Bu bir əminlikdir, yoxsa sadəcə blef?
- Uzun illər həmin insanlarla bir cəbhədə olan adam kimi, əminliklə demək istəyirəm ki, özlərini müxalifət adlandıran düşərgənin inqilabla bağlı sayıqlamaları ac toyuğun yuxuda darı görməsinə bənzəyir. Onlar hər hansı ölkədə nəsə baş verəndə bundan yararlanaraq, Azərbaycanda da inqilabın olacağını bəyan edir və insanları məqsədli şəkildə problemlərə sürükləyirlər. Gəlin əvvəlcə onların özlərinə sual verək, inqilabı hansı qüvvə ilə edəcəksiniz, milləti illərdir yalan vədlərlə aldatmanız fonunda kimdir sizin arxanızca gedən. Hər dəfə 1000 qeyrətli balanı meydanlara çıxarıb, döydürüb, özünüz evinizdə gizlənməklə məşğulsunuz. Niyə hakimiyyətə qarşı çıxdığını elan edən İsa Qəmbər və Əli Kərimli həmişə camaatı qırğına verib evlərində yanında gizlənməlidirlər? Bir dəfə qoy onlar da cəsarət tapıb özlərinin elan etdiyiniz aksiyalara qatılsınlar da.
Sözlərimdən belə anlaşılmasın ki, mən bu hakimiyyəti müdafiə edirəm. Qətiyyən belə deyil. Həmişə demişəm və bu gün də deyirəm ki, bu hakimiyyət antixalq rejimidir. 2005-ci ildə mənim İlham Əliyevə 32 səhifəlik müraciətimdə ondan bununla bağlı hesabat verməsini də tələb etmişdim. Eyni zamanda bildirmişdim ki, bir çox dövlət qurumları soyğunçuluqla məşğuldur, ölkəni quldurlar idarə edir. Həmin vaxtı 26600 dollara maşın almışdım, gömrük bəyamnaməsinə baxanda məlum oldu ki, maşının qiyməti 9600 dollara sənədləşdirilib. İxtisasca riyaziyyatçı olaraq 2006-cı ildə apardığım hesabatdan bu qənaətə gəlmişdim ki, təkcə təzə maşınların ölkəyə gətirilməsindən ildə 2 milyard pul oğurlanır.
- Qərbin son açıqlamaları, müxalifət liderlərini bir otağa yığıb gizli danışıqlara getməsini necə qiymətləndirirsiniz?
- Sizə bir söz deyim. 22 ildir ki, bu mübarizənin içində olan adamlarıq. Qərbin nə etdiyini, nə istədiyini çox gözəl bilirik. Qərb üçün qəti önəmli deyil ki, hansısa ölkədə kimlər qırıldı, sadə insanlar öldü və ya ölmədi. Onlar üçün bir maraq var, bu da siyasi maraqlardır. Siyasi maraqların qayəsini də iqtisadi maraqlar təşkil edir. Afrikada olanların da millətlə, onun rifahı ilə heç bir əlaqəsi yoxdur. Necə olur ki, 42 il, 22 il hakimiyyətdə olan kimsənin devrilməsi bir anda baş verir. Çünki onlar yğdıqları milyardlar vasitəsilə xeyli güclənirlər və artıq Qərbin buyruqlarına baş əymək istəmirlər. Nəticədə də həmin hakimiyyətlər Qərbin xeyir-duasıyla devrilir. Bunlar gah hakimiyyəti tənqid edir, gah da ki gedib Heydər Əliyevin məzarı önündə baş əyirlər. Necə ki, vaxtilə hakimiyyəti tənqid edən Avropa Şurasının keçmiş Prezidenti Şvimmer gedib Heydər Əliyevin məzarı qarşısında baş əymişdi. Bu dəfə də fərqli yanaşmanın olacağını gözləmirəm.
- Vaxtilə hazırki müxalifət liderlərilə bir cəbhədə olan adam kimi ümumilikdə müxalifət düşərgəsinin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Heç vaxt bunlarla yaxın olmamışam. Sadəcə müstəqillik hərəkatı başlayanda hamımız bir vətənpərvər kimi bu proseslərə qoşulduq və Qarabağ naminə birgə meydana gəldik. Çox təəsüf ki, AXC-nin rəhbərlyində təmsil olunan şəxslərin əksəriyyətini öz şəxsi maraqlarını güdən, xüsusi xidmət orqanlarına çalışan adamlar təşkil edirdi. Fikir versəniz, özünüz də görərsiniz ki, AXC İdarə Heyətinin o zamankı üzvlərindən yalnız mən siyasi partiya və ya hər hansı təşkilat yaratmamışam. Hamısı liderlik iddiasındadır, kreslo xatirinə hər şeyə getməyə belə hazırdılar. Niyə bircə dəfə olsun İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Fazil Mustafa düşmənlə üz-üzə dayanmayıblar? Bircə saatlıq da olsun səngərdə olmayıblar. Heydər Əliyevi hakimiyyətə gətirən elə bunların özləri olublar. Elçibəy hakimiyyəti qoyub qaçmışdı, Kələkidə “Vodka”dan içirdi. 1998-ci ildə Elçibəy vahid lider məsələsinə görə camaatı meydandan sapdırdı. 2000-ci ildə Əli Kərimli hakimiyyətlə separat danışıqlara gedərək, parlamentdə 5-6 mandat qazandı. 2003-cü ildə həbsdə olarkən radiodan məlumat aldım ki, İsa Qəmbər böyük kütlə yığıb, seçki bitəndən bir saat sonra elan etdi ki, 60 faiz səs almışam. Hansı texnologiyanın köməyilə o, bu sürətlə seçkinin nəticələrini hesablaya bilmişdi?
Axırda da qeyrətli oğlanları qırğına verib, həbsə göndərib, özü də evdən bayıra çıxmadı. 2005-cil ildə vaxtilə Əli Kərimlinin etdiyini İsa Qəmbər təkrarlayaraq, iqtidarla razılaşıb parlamentdə 6 yer götürdü. 2010-cu ilin son parlament seçkiləri isə əsl tamaşa idi. Təyinatla formalaşan parlement seçkilərinə qatılmaqla onlar hakimiyyətə yarınmaq uğrunda rəqabətə girişmişdilər. Teledebatlarda iqtidara məddahlıq edib, heç bir nəticəsi olmayandan sonra isə yenidən radikallaşmağa başladılar. Bunlar həmişə şər-böhtanla məşğul olublar. Həmişə millətin gözünə üfürüblər ki, guya Rəhim Qazıyev deyib ki, Şuşa getsə başıma güllə çaxaram. Heç vaxt belə söz deməmişəm. Amma özləri hərəsi bir komada gizlənib müharibənin gərgin vaxtında hakimiyyəti qoyub qaçdılar. İndi də yenidən hakimiyyət, kreslo sevdasına düşüblər. Mən təklif edirəm ki, Qaynar.info mənimlə onların debatını təşkil etsin. Sənədlərlə, dəlillərlə hər şeyi onlara sübut edim.
Fərrux Xasayoğlu
Комментариев нет:
Отправить комментарий