13.11.2012

Elçinə görə dünyanın 100 aktual yazıçısı

Tehran Əlişanoğlu

Sosioloq qızım məni məşhur ictimai-siyasi amerikan dərgisi Newsweek-in hazırladığı “Bütün dövrlərin və xalqların 100 ən yaxşı kitabı” siyahısı əsasında sınağa çəkib, bircə-bircə “20 ən yaxşı kitab”dan hansıları oxuduğumu bilmək istədi. 11-ni oxumuşdum. Əlbəttə, kənardan göründüyü qədəri dünya ədəbiyyatının bilicisi deyiləm, mən Azərbaycan ədəbiyyatı mütəxəssisiyəm. Odur ki, qısqanclığım tutdu: Azərbaycan ədəbiyyatından kimsə o siyahıda varmı? – sordum. “Yox!” cavabını alınca: bu ki, “bütün dünya xalqları” olmadı, – dedim. Elə bir siyahını mən də tərtib edərəm; baxaq-görək, bu tərtibçi hansı meyarları, prinsipləri əsas tutubdur ki.
Məsələn, N.Gəncəvinin “Xəmsə”si, yaxud Qurban Səidin “Əli və Nino” romanı ora düşməyibdi?! (Qəsdən, bədii dəyər və populyarlıq ölçülərini yanaşdırıram!). Bu məsələ elə oradaca qaldı, amma ideya məni tutdu…
Elçin! – deyə içimdə(n) bir “evrika” qopdu. Kənardan görünən qədəri: bugün bizdə Elçindən çox “dünya ədəbiyyatı”nı mütaliə eləyən yox kimidir. Hələ on il öncə çıxmış “Ədəbi düşüncələri”ndən (Bakı, Qapp-Poliqraf, 2002) bu təxminə gəlmişdim; nə az- nə çox, kitabın sonundakı Ad göstəricisindən müəllifin 550-dən artıq yazıçı-ədibdən söz açdığı bəlli olurdu. Hətta o kitabda, deyən, bu sayaq qısa bir siyahı da vardı. Dəqiqləşdirirəm, bəli: “Mənim üçün rus ədəbiyyatının ən böyük romanı “Hərb və sülh”dür. Mən bu cümləni yazdım və fikrimdə beş böyük rus romanı canlandı: “Hərb və sülh”, “Oblomov”, “Sakit Don”, “Ustad və Marqarita”, “Peterburq”. Qəribədir (bəlkə də burada qəribə bir şey yoxdur?), mənim bu siyahımda Dostoyevski yoxdur” (s. 8). Amma əlbəttə, bu, Elçinin əlli il öncədən belə gənclik düşüncələrinin məhsulu idi. Odur ki, mənbə kimi lap təzə, 2012-də çıxmış “Elçinlə ədəbiyyat söhbəti”ndən (Bakı, “Təhsil”, 2012) yararlanmağa qərar verdim.
Doğrudur, “Söhbət”in (yazıda kitabın adını qısaca belə qeyd edəcəyəm) bir yerində Elçin Ədəbiyyata münasibətdə hər növ reytinq siyahıları tərtib eləməyə şübhəylə yanaşır. Amma həm onu da etiraf edir ki: “Bu sorğuları o mənada maraqlı, hətta əhəmiyyətli hesab edirəm ki, müəyyən dövrlərdə cəmiyyətin bədii-intellektual səviyyəsi ilə bağlı müəyyən təsəvvür yaradır” (s.90). İstər ədəbi nüfuzuna, istərsə də tutduğu ictimai postu-mövqeyinə görə, məgər bugün Azərbaycan cəmiyyətinin mədənilik göstəricisi, intellektual səviyyəsini təyin etməyin ən gözəl mənbəyi “Elçinlə ədəbiyyat söhbəti” ola bilməzmi?!.
Mən saydım: kitabda Dünya və Azərbaycan ədəbiyyatının dəyərləri ətrafında Söhbətdə ümumən 359 yazıçı, şair, dramaturq, publisist, tənqidçi və ədəbiyyatşünasın adı çəkilir (bir az çox, bir az az); həm də nə qədəri “Ədəbi düşüncələr”dəki Adlardan fərqli! Demək, kəmiyyət bu müstəvidən “dünya ədəbiyyatı”na baxmağa tam imkan verir. Üstəlik, Elçin adları, imzaları eləcə gəlişigözəl (“bizim siyahı” üçün!) sadalamır ki; əksinə, hər bir Ad bu və ya digər mövzuda Söhbət əsnasında, Dəyər məqamında gəlir, misal-timsal qismində xatırlanır, xarakterizə olunur; və hətta müəyyən epitetlərlə də bəzədilir. Bu isə keyfiyyət-fərq-münasibət-reytinq baxımından da “material”a yanaşmağa bir şans verir. Belə ki: Azərbaycan pəncərəsindən baxaq-görək Dünya necə görünür…
“Söhbət”də ən çox adı keçən yenə də qraf Lev Tolstoydur; 20 dəfə ən müxtəlif məqamlarda, o cümlədən “Hərb və sülh” və “Anna Karenina”nın müəllifi kimi xatırlanır. Hətta yazıçı: gəncliyində “Mən Tolstoyu nə üçün sevirəm” adlı kitab yazmaq istədiyini, buna dair 6-7 qalın dəftər qeydləri olduğunu da etiraf edir. Tolstoy Elçin üçün yazıçılıq etalonudur; çox sadə səbəblərdən: “Öz xalqını Tolstoy qədər dərin və hərtərəfli ifadə edən ikinci yazıçı tapmaq çox çətindir. Tolstoy o dərəcədə milli mahiyyətə malikdir ki, həmin millilik onu dünya vətəndaşına çevirib, onu sözün ali mənasında kosmopolit edib…” (s.120)
İkinci yerdə “Söhbət”lərdə sevimli Tolstoyun bəyənmədiyi Uilyam Şekspirin adı gəlir; düz 17 dəfə! Təbii, Elçin “Tolstoyun Şekspirə münasibətini yanlış hesab edir”, çün: “böyük qələm sahiblərinin səhvləri də böyük olur” (s.163). Axı Şekspir “Bəşəriyyətin yaratdığı … “Hamlet” kimi dahiyanə əsər”in (s.27) müəllfidir!; antik dramaturgiyadan sonra teatrda “Şekspir mərhələsi”ni yaratmış! (s.163) Belə ki, “Hamlet”lə yanaşı, söhbətlərdə Şekspirin daha neçə əsəri: “Otello”, “Romeo və Cülyetta”, “Tit Andronik”, “Maqbet”, “III Riçard”, “Afinalı Timon”, “Antoni və Kleopatra”sı da oxucunu düşündürən bu və ya digər suallara cavab kimi lap yerinə düşür…
Siyahının davamını Elçinin işlətdiyi məhz bu “dahiyanə əsər” epitetini əsas götürərək, üstəlik kəmiyyət göstəricilərini də nəzərə alaraqdan qururam. Bu hesabla, bizdə 3-cü yerdə, bəlkə də dünyanın başqa heç bir Ədəbiyyat siyahısında olmayan dahi Mirzə Cəlilin – Cəlil Məmmədquluzadənin adı gələcək (13 xatırlanma). Nə qəm, Elçin deyir: “Heç bir səmtə, o cümlədən də Qərbə səcdəgah kimi yanaşmaq lazım deyil. Mən ədəbiyyatla bağlı Şərqlə Qərbi üz-üzə qoymazdım…” (s.104) Cəlil Məmmədquluzadə “Dəli yığıncağı və xüsusən “Ölülər” kimi xalqın taleyi və tarixi kontekstində dahiyanə əsərlər meydana qoymuş” (s.164) sənətkardır! Və bizə yalnız “ümid etmək qalır ki, haçansa Mirzə Fətəlini də, Mirzə Cəlili də, Sabiri də dünya ictimai fikrinə təqdim edə biləcəyik…” (s.166)
Kəmiyyət və sanbala görə, növbəti, 4-cü yeri Anton Pavloviç Çexov tutur; “Söhbət”də adı 10 dəfə xatırlanır və: “Üç bacı”, “Vanya dayı”, “Albalı bağı” kimi dünya dramaturgiyasında mərhələ yaratmış dahiyanə realist pyeslərin müəllifi” (s.65) kimi səciyyələndirilir.
Sonrakı yerləri də, əgər “dahiyanəlik” prinsipinə sadiq qalsaq, yəqin ki, “Don Kixot”, “Dekameron” kimi “dahiyanə əsərlər yaratmış” (s.27) Migel de Servantesə (“Söhbət”də 6 dəfə xatırlanır) və C.Bokkaççoya (3 dəfə xatırlanır) tərk etməli; habelə sinonim olaraq az qala “səmavi kitablar” qədər “həyatı dəyişdirmək qüdrətində” alınan əsərlər (s.27): “Şahnamə” və “Leyli və Məcnun” yaratmış Firdovsi (4 dəfə xatırlanır) və Məhəmməd Füzulinin (9 dəfə xatırlanır) haqqına tapınmalıyıq…
Başqa epitetlərə önəm versək, mənimcə, Elçinin dəyərləndirməsində sıra antik ədəbiyyatındır; o bu ədəbiyyatı “möhtəşəm”, “əzəmətli”, “nəhəng” adlandırır. Və “əzəməti qarşısında sözün əsl mənasında şaşırdığı” (s.70) simalardan: Esxil, Evripid, Aristofan, Sofokl, Apuley-in adını çəkir. Doğrudur, bircə dəfə; amma epitetlər də az söz demir-ha! Elçin həmin o “möhtəşəmliyi” bir daha yalnız: “Şərqdə, sonra isə Avropada İntibah ədəbiyyatı”na (s.70) yaraşdırır…
Bu hesabla sırada: “Qarqantüa və Pantaqruel” müəllifi; qəhrəmanının – “Pantaqruelin çox zaman kölgədə qoyduğu Rable kimi bir nəhəng” (s.89) olmalıdır. Amma müəllifini  “kölgədə qoyan” qəhrəmanın “şöhrət”, “məşhurluq” kateqoriyasını əsas götürəndə tamam başqa bir sıra da aktuallaşır: Servantesin Don Kixotu, Şekspirin Hamleti, Şarl de Kosterin Ulenşpigeli (2 dəfə xatırlanır), H.Röyterin Şelmufskisi, Daniel Defonun Robinzon Kruzosu, Baron Myunhauzen, A.R.Lesajın Jil Blazı, C.Sviftin Qulliveri (2 dəfə xatırlanır), A.Dodenin Taraskomlu Tartareni, habelə milli kontekstdə: Mirzə Fətəlinin Hacı Qarası, Üzeyir bəyin Məşədi İbadı kimi… (s. 88-89)
“Söhbət”in başqa bir yerində Elçin həmçinin hər millətin “öz dilində oxuması”nın “mədənilik səviyyəsi”nə dəlalət edən: “Dünya çapında müəlliflər… – Homer və Aristotel, Firdovsi və Nizami, Dante və Şekspir, Hegel və Tolstoy kimi müəlliflərdən”, o cümlədən Nostradamusdan söz açır (s.100). Həmin Adlardan bəzisinin siyahıda yerini əvvəlcədən təyin etmişik; qalanlardan: Nizami Gəncəvi “Söhbət”də 6 məqamda, Aligyeri Dante isə daha 2 dəfə xatırlanır.
Sanki daha sonra siyahımızda “Xəmsə” ardıcılları (s.74): Ə.X.Dəhləvi, Ə.Cami (2 dəfə xatırlanır), Ə.Nəvai (2 dəfə xatırlanır); “və bu sırada olan digər dünya əhəmiyyətli böyük Şərq şairləri” – Hafiz, Xəyyam, Sədi və Rumi-ni… yerləşdirməliyik. Amma mən Elçinin bugün üçün də “nəhəng” deyə dəyərləndirdiyi daha başqa Adları qabağa salardım. Axı Ədəbiyyatda “nəhəng” titulunu qazanmaq heç də zarafat deyil!
Məsələn, Elçin “Söhbət”də “dünya ədəbiyyatının Emil Zolya, Henrix İbsen kimi nəhəng nümayəndələri”ni xatırladır (s.79). Birincidən 4 məqamda danışır, “Ruqon-Makkarti” silsiləsini, “Nana” və “Torpaq” əsərlərini yada salır; İbsendən isə 3 məqamda, amma hər dəfə “nəhəngliyi”ni vurğulayaraq! (s.23); bu artıq oturuşmuş rəy olmalıdır… Çün Elçinə görə, Ədəbiyyatda nəhəngliyin bir əlaməti də: “mərhələ yaratmaq”la ölçülür: dünya dramaturgiyasında “Şekspirdən sonra Molyer mərhələsi (adı daha 2 dəfə xatırlanır), ondan sonra İbsen mərhələsi, daha sonra şəxsən mənim düşüncəmə (yəni Elçinə) görə Çexov mərhələsi gəldi…” (s.163)
“Söhbət”də 9 dəfə anılan, “Füzuli məktəbindən çıxaraq özü məktəb yaratmış”, “Hophopnamə” müəllifi M.Ə.Sabirin də “nəhəngliyi”ndən söz gedir; “Sabirin nəhəngliyi, bədii-estetik qadirliyi onun orijinallığı” ilə səciyyələndirilir (s.162). Amma “Sabir hadisəsi”nin kökü də, konteksti də, burda vurğulandığı kimi: milli ədəbiyyatla bağlıdır; o cümlədən “M.F.Axundzadə hadisəsi” ilə. Bir “varis olaraq”, əslində, Ədəbiyyatda Mirzə Fətəli irsi bizim hər şeyimizdir; heç təsadüfi deyil ki, “Söhbət”də milli ədəbiyyatdan Adı ən çox anılan da məhz odur (15 məqamda)!  Mirzə Fətəli “ənənəvi Şərq koloriti üzərinə ilk dəfə ədəbiyyatımıza milli kolorit gətirmiş” şəxsdir (s.164). Bununla belə, Elçin hər yerdə M.F.Axundzadənin “nəhəngliyi” yox, məhz “böyüklüyü”nü dilə gətirir; hətta “Müsyö Jordan və Dərviş Məstəli şah” kimi bir şedevri bu gün Parisin ən yaxşı teatrlarının səhnəsinə çıxarmaq” arzusunu da, çox təbii, “böyük ədəbiyyata xas olan daimi aktuallığı” ilə bağlayır” (s.166)…
“Böyük ədəbiyyat” ölçüsü isə “Söhbət”də ümumən bütün milli ədəbiyyatların meyarı, ilkin şərtidir. Məsələn: “Aleksandr Puşkindən başlamış bu gün yazıb-yaradan Valentin Rasputinə qədər rus ədəbiyyatı ən böyük bəşəri sərvətlərdən biridir…” (s.34); kitabda sadalanan qədər: A.Puşkin də (3 dəfə xatırlanır), F.Dostoyevski də (2 dəfə), N.Qoqol da (2 dəfə); “XX əsr rus ədəbiyyatının Çexov, Qorki, Kuprin, Bulqakov, Platonov, Nabokov, Qrossman kimi klassikləri, rus-qırğız ədəbiyyatının Ç.Aytmatov kimi böyük nümayəndəsi” (s.78) də, “Blok, Axmatova, Svetayeva, Mandelştam, Voznesenski, Axmadulina kimi rus şairləri də eləcə” (s.78), “V.Rasputin kimi böyük nasir…, Yevtuşenko kimi məşhur şair” (s.79) də həmçinin.
O sıradan “böyük ədəbiyyat” məqamında “Söhbət”də: “dünya ədəbiyyatı klassikləri”ndən: Q.Flober (4 məqamda), V.Hüqo (3 dəfə), J.-P.Sartr (3 dəfə), A.Kamyu (2 dəfə), Rasinin Moniması, O.Balzak və Natali Sarrot, Fransua Moriakın “İlan topası”; C.Bayron (2 məqamda), Bernard Şounun sözləri; V.Höte (3 məqamda), F.Şiller, Henrix Heynenin poeziyası, Tomas (2 dəfə) və Henrix Mannlar, Lion Feyxtvangerin nəsri; Cek London; Knut Hamsun və norveç ədəbiyyatı (2 dəfə); Intibah hekayələri (2 dəfə), Petrarkanın sevimli Laurası, Pirandellonun pyesləri; “1001 gecə”; “island saqaları”, klassik yapon hokkuları, Akutaqavanın “Şirin kartof sıyığı”, XX əsrin absurd teatrı gündəmə gəlir…
Latın Amerikası ədəbiyyatından söhbət gedərkən: Q.Q.Markes (4 dəfə), Kortasar (2 dəfə), Amadu (2 dəfə), Borxes, Fuentes, Bastos… kimi “ümumbəşəri ədəbi ənənələrə söykənərək milli nəsr yaratmış” yazıçılar (s. 22) xatırlanır…
Milli ədəbiyyatın tanınması məqamında: “Orxan Kamal, Əziz Nesin, patriarx Yaşar Kamal və Orxan Pamuk”un təcrübəsi (s.77), “Mirzə Fətəlinin, Mirzə Cəlilin, Sabirin, Əbdürrəhim bəyin, Üzeyir bəyin (7 dəfə xatırlanır) qələmi və vətəndaşlığı ilə yüksək bədii-estetik zirvəyə qalxmış milli (!) ədəbi ənənələr” (45), o sıradan Elçinin öz yaradıcılığı da diqqətdə olmaqla XX əsr Azərbaycan yazıçıları da anılır…
Amma mən belə başa düşürəm ki: siyahıda növbənöv (milli) “ümumbəşəri sərvətlər”dən də öncə bilavasitə “Dünya miqyaslı” epoxal hadisələri yerləşdirməliyəm. Belə ki, məsələn: “Maksim Qorkini sadəcə olaraq böyük rus yazıçısı” adlandırmaqla bahəm (“Söhbət”də 7 dəfə xatırlanır), Elçin onu “XX əsrin dünya miqyaslı böyük və indiyə qədər layiqli qiymətini almamış dramaturqlarından biri”, “XX əsr dramaturgiyasında orijinal və məxsusi hadisələrdən” hesab edir (s.81).
Yaxud: “XX əsr ədəbiyyatında yeni, modern bir mərhələ yaratmış Marsel Prust, Ceyms Coys, Kafka kimi” adları məxsusi fərqləndirir (s.80). Ədəbiyyata qiymətin “Nobel plankası”nı aktuallandırır, amma eyni dərəcədə onu alanlara da, almayanlara da önəm verməklə: “Folkner, Heminquey, Steynbek… – əlbəttə, bu mükafata layiq idi, ancaq eyni dərəcədə layiq olan Fitscerald, Selincer, Kolduell kənarda qaldı…” (s.79) “Nobelə layiq olan kommunist V.Mayakovskinin, yaxud da Nazim Hikmətin edə bilmədiyini kommunist Şoloxov etdi…” (s.78) “Boris Pasternakın da bir şair kimi yox, “Doktor Jivaqo”nun müəllifi kimi Nobel almasında siyasi amil həlledici idi…” (s.77)
Ümumən “Söhbət”də belə bir özlüyündə dəyər ölçüsü də yer alır: “Heminquey kimi bir yazıçı” (E.Heminquey “Söhbət”də 7 məqamda anılır); “Vulf kimi bir yazıçı” (Tomas Vulf 3 dəfə, o cümlədən “Öz evinə nəzər sal, mələk” romanı xatırlanır); “Skott Fitscerald kimi bir yazıçı” (2 dəfə yada düşür)… Yaxud başqa şəkildə, bədii təcrübə elə özünün də meyarı olur: “XX əsr dünya dramaturgiyası çox zəngin bəşəri mənəvi sərvətdir və bu fikri biz O`Keysi, O`Nil, Brext, Anuy, İonesko, Bekket, Vampilov, Dyurrenmatt, Olbi və b. dramaturqların əsərlərini oxuyub, söyləyirik…” (s.129) Hekayəçilik məqamında isə: G.Mopassanın, E.Ponun, P.Merimenin, A.Çexovun, Şervud Andersonun, O.Henrinin, S.Moyemin, Ömər Seyfəddinin və Mirzə Cəlilin adları örnək olur…
Ən nəhayət, “Elçinlə ədəbiyyat söhbəti” ayrı-ayrı yazıçıları konkret bir əsərindən də görükdürmək yolunu tutur: “Laksnessin “Atom stansiyası”, mənim fikrimcə, XX əsr dünya romanının mükəmməl nümunələrindən biridir” (s.23). “Jorj Amadunun “Donna Flor və onun iki əri” əsərini XX əsrin böyük romanlarından biri hesab edirəm” (s.79). “Artur Miller mənim yüksək qiymətləndirdiyim müasir dünya dramaturqlarından biridir… İndinin özündə də mən “Kommivoyajerin ölümü” pyesini XX yüzil dünya dramaturgiyasının şedevrlərindən biri hesab edirəm” (s.98-99). “Mən Llyosanın “Mürtəd, yaxud Keçi bayramı” romanını Latın Amerikasında diktatorlar haqqında yazılmış ən yaxşı əsərlərdən hesab edirəm” (s.80). “Kortasar mənim yüksək qiymətləndirdiyim yazıçılardan biridir… “Təqib edən” adlı məşhur hekayəsi heç vəchlə “anın fotosu” deyil (s.87).
“Deyim ki, “Sakit Don”u mən yalnız rus ədəbiyyatının yox, ümumiyyətlə, XX əsr  dünya ədəbiyyatının böyük nümunələrindən biri hesab edirəm” (s.78). “XX əsr rus hekayəçiliyində Varlam Şalamovun “Kolım hekayələri”nin mənim üçün xüsusi yeri var. Xüsusən, “Mayor Puqaçovun son döyüşü”nü mən ümumiyyətlə rus hekayəçiliyinin şedevrlərindən biri hesab edirəm” (s.111). “Mənim üçün Soljenitsın rus nəsrinin ən yaxşı nümunələri sırasına daxil olan iki əsərin – “İvan Denisoviçin bir günü” povestinin və xüsusən də “Matryonanın həyəti” hekayəsinin müəllifidir” (s.77). “Valentin Katayev 60-cı illərin sonlarında yazdığı “Müqəddəs quyu” povestindən başlayaraq… XX əsr rus ədəbiyyatında ən yaxşı povestlər – kiçik romanlar sırasına daxil olan əsərlərini yazdı” (s.92) “G.Markovun “Stroqovlar” romanı… rus nəsrinin ən yaxşı ənənələrinə söykənən istedadlı bir əsərdir və mənim üçün əməlli-başlı bir sürpriz oldu” (s.50)…
Beləliklə, “Elçinlə ədəbiyyat söhbəti” üzərinə dünya yazıçılarının təxmini bir 100-lüyü hasilə gəlir. Əlbəttə, siyahı şərtidir, bugünün marağı və aktuallığını şərtləndirir; burda ən azı iki və daha artıq şkala (sanbal, münasibət, marağın kəmiyyəti…) üzrə sıralama aparılmışdır. Onu da deyim ki, “Söhbət”də həcmcə Azərbaycan ədəbiyyatı, o cümlədən ayrıca Elçinin yaradıcılığı daha böyük yer tutsa da, fikrimcə: daha çox bircə şkala üzrə (milli təvazö və iddiasızlıq!) dəyərləndirildiyindən, aktual Ədəbiyyat 100-lüyünə çox az qismi düşdü. Yeri, güman ki, sonrakı sıradadır (100-150…).
Onu da unutmamalı ki: mənbə “Elçinlə ədəbiyyat söhbəti” olsa da, tərtibçi mənəm, bu sətirlərin müəllifi. Hər hansı yanlışa, yaxud anlaşılmazlığa görə, Elçin müəllimdən əvvəlcədən üzr diləyir, nəyəsə etirazı olanlardan mənə ünvanlanmağı rica edirəm.

“ELÇİNLƏ ƏDƏBİYYAT SÖHBƏTİ” (BAKI, 2012) KİTABI ƏSASINDA DÜNYA YAZIÇILARININ AKTUAL 100-lüyü


1. Lev Tolstoy

2. Uilyam Şekspir
3. Cəlil Məmmədquluzadə
4. Anton Pavloviç Çexov
5. Migel de Servantes
6. C.Bokkaçço
7. Ə.Firdovsi
8. Məhəmməd Füzuli
9-13. Esxil, Evripid, Aristofan, Sofokl, Apuley
14-19. Nizami, Dante, Homer, Aristotel, Hegel, Nostradamus
20. F.Rable
21. C.Sviftin Qulliveri
22. Şarl de Kosterin Ulenşpigeli
23-27. Daniel Defonun Robinzon Kruzosu, H.Röyterin Şelmufskisi, Baron Münhauzen, A.R.Lesajın Jil Blazı, A.Dodenin Taraskomlu Tartareni
28. Emil Zolya
29. Henrix İbsen
30-32 Ə.Cami, Ə.Nəvai, Ə.X.Dəhləvi
33-36. Hafiz, Xəyyam, Sədi və Rumi
37. J.B. Molyer
38. M.Ə.Sabir
39. Maksim Qorki
40-42. Marsel Prust, Ceyms Coys, Kafka
43. Q.Flober
44. E.Heminquey
45. U.Folkner
46. V.Hüqo
47. V.Höte
48. J.-P.Sartr
49. A.Kamyu
50. Aleksandr Puşkin
51. F.Dostoyevski
52. M.F.Axundzadə
53. N.Qoqol
54. Ü.Hacıbəyli
55. M.Şoloxov
56-57. V.Mayakovski, Nazim Hikmət
58. Q.Q.Markes
59. Knut Hamsun
60. S.Fitscerald
61. Kolduell
62. Bernard Şou
63. Steynbek
64. Selincer
65-67. Bunin, Bulqakov, Nabokov,
68-72. Blok, Axmatova, Svetayeva, Mandelştam, Pasternak
73-81. O`Keysi, O`Nil, Brext, Anuy, İonesko, Bekket, Vampilov, Dyurrenmatt, Olbi
82. Kortasar,
83. J.Amadu,
84-86. Tomas və Henrix Mannlar, Lion Feyxtvanger
87-90. Kuprin, Platonov, Qrossman, Ç.Aytmatov,
91. C.Bayron
91. T.Vulf
92. Laksness
93. Artur Miller
94. Llyosa
95. Varlam Şalamov
96. A.Soljenitsın
97. Yaşar Kamal
98. Əziz Nesin
99. Orxan Kamal
100. Orxan Pamuk

Tərtib etdi: Tehran Əlişanoğlu      3-4 noyabr 2012

Qeyd: Siyahını tərtib etdikdən sonra marağım güc gəldi, Newsweek-in hazırladığı həmən o “Bütün dövrlərin və xalqların 100 ən yaxşı kitabı” siyahısı ilə müqayisə etdim. Doğrudur, hər hansı müqayisədə yanlış var; amma nəticələr də öz yerində: 100-lükdə 22 Ad üst-üstə düşür, həm də hər iki siyahıya (onların və bizim!) Lev Tolstoy başçılıq edir!; üstəlik hər ikisində üstünlük L.Tolstoy və U.Şekspirə məxsusdur. Buyurub, yoxlaya bilərsiz:
http://www.100bestbooks.ru/show_rating.php?id=1;
yaxud da burdan: http://gtmarket.ru/news/culture/2009/07/09/2093

ann.az

Комментариев нет:

Отправить комментарий