13.11.2012

BIR ÖMRÜN MƏHƏBBƏT TALEYİ

Elnur Nəhmətov

Bəlkə bundan ötrü yaranmışdı o,
Bütün həyatında yalnız bircə dəm
Olaydı qəlbinə ən yaxın həmdəm!
                                           İ.Turgenev

Onun vücudu sevgidən yoğrulmuşdu. Yaşamaq, yaratmaq, gözəlliklərdən zövq almaq, sınmış ürəklərə həmdəm olmaq, ən əsası isə-sevməyi öyrətmək! Necə olur sevgi!? Hətta onu rənginədək Azərbaycan gəncinə anladan dahi! Ruhu həmişə aramızda gəzəcək,sevgi olan ürəklərdə keşikçi olacaq bu insan. Azərbaycan poeziyasını öz məhəbbəti ilə ağuşuna alan Nüsrət Kəsəmənli...
Səmimiyyət Nüsrət Kəsəmənli yaradıcılığının qayəsini təşkil edir. O, sevgilisinə qarşı çox həssasdır.
Ona qarşı edilən haqsızlıqlara qarşı təmkinlə, böyük iradə ilə  dözür. Küsüb gedən gözəlin nə vaxtsa qayıdacağı ümidilə yaşayır. Onun fikrincə,məhəbbət saxtakarlığı heç vaxt bağışlamır. Şair fikrini çox həlim səslə sevgilisinə çatdırır. ”Sən məni atıb getmə, mən sənə yalvarmayacağam, çünki mən sənə yalvarmaqla özümü alçaltmış olaram. Axı sən uşaq deyilsən ki söyləyim məhəbbət insan ömrü üçündür, su kimi, çörək kimi”-deyən şair inanmır,inanmır ki, nə vaxtsa bir-birlərini həyatlarından artıq sevənlər haçansa ayrıla bilərlər. Sevgidə soyumasının səbəblərini  incəliklə öyrənməyə çalışır və böyük sevgiylə gizlətməya çalışır.

Əllərin nə yaman soyuqdur,gülüm!
Niyə bu soyuğu indi duymuşam?
Bir ömrün məhəbbət taleyini mən
O soyuq əllərə necə qıymışam?

Ay üzü baharlı 
əli qış sonam
Gileyim gülməli gəlməsin mənim,
Qorxuram sevgidə soyumağın da
Əlindən başlaya
Əlindən sənin.

Əgər sən sevirsənsə həyatını  da qurban verməyə hazır olmalısan.Sevgi qəhrəmanlıq tələb edir.Həddindən artıq səmimiyyətlə öz sevgisini bütün dünyaya hayqıran N.Kəsəmənli öz duyğularını heç cürə gizlədə bilmir(heç buna çalışmır da).
N.Kəsəmənli bütün şeirlərində sevdiyi ilə söhbət edir.Çəkdiyi iztirabları emosional tərzdə oxucusuna danışaraq gələcəkdə atılacaq hər addımda Azərbaycan gəncinin büdrəməməsini tövsiyə edir.

İllərin əlçatmaz uzaqlığında 
Nə vaxtsa  aldadılmış gözəlin 
Gözləri dolacaq 
Ağarmış saçların xatirələri
Yaddaşda ilişib qalmış
Qara saçlarını yolacaq.

Maraqlı məqamlardan biri də N.Cəfərovun N.Kəsəmənli yaradıcılığı ilə bağlı yazdığı fikirlərdir.Həmin məqalədən mənim ilk nəzərimi cəlb edən bu cümlələr oldu:”Onun şeirləri o  qədər isti,hərarətli ,lirik qəhrəmanı o qədər özünəməxsusdur(hətta o qədər özüdür) ki,heç bir tənqidçi - ədəbiyyatşünas həmin şeirlərə  professional təmkin (və soyuqluqla) müdaxilə etmək ,N.Kəsəmənli yaradıcılığının ruhunu incitmək istəmirlər.

Bir məktub yazacağam sənə
Sevgidən başqa hər şeydən.

Sən sevgidən yaranmışdın.Elə ona görə də sevgidən başqa bir nəsə yaza bilməzdin.Sevgidən başqa hər şeydən yazacağam deyib ancaq bütün misraları böyük sevgiylə bir-birinə calayan şair..Çox az olur belə insanlar.Görəsən,hansı qüvvələrdən ilham alıb bu sənətkar?Cavab elə də çətin deyil.Əvvəldə dediyim kimi,vücudu  büsbütün sevgidən yoğrulan insan  belə düşünməlidir.
Azərbaycan poeziyasında (məhəbbət poeziyasında )N.Kəsəmənliyə qədər  və ondan sonra bu qədər səmimi məhəbbətlə yazan şair olmamışdır.Mən deyərdim ki,olmayacaq da .Çünki bütün varlığı ilə  sevən N.Kəsəmənli öz oxucusu ilə heç bir tərəddüd etmədən poetik söhbətlər edir.Bütün şairlər hardasa tərəddüd edir.”Bütün duyğu və düşüncələrimlə şeirin sehrli ,təsvir edə bilməyəcəyim bir aləminə düşürəm.Bu aləmdə hamıdan gizlətdiyim tərəddüdlərimlə ,etirazlarımla,etiraflarımla təkbətək qalıram.Vərəqdən və qələmdən heç nə gizlədə bilmirəm.”Bu fikirlər N.Kəsəmənliyə məxsusdur.
Çox hörmətli Azərbaycan gənci!
Sən sevməyi və sevilməyi bacarırsansa,sadəcə,N.Kəsəmənli poeziyasına üz tutaraq bu hisslərini daha da zənginləşdir,haradasa tərəddüd edirsənsə, bu qələmdən kömək dilə,ümidsizliyə qapılma.

Комментариев нет:

Отправить комментарий