07.07.2013

AKİF ABBASOV - YEDƏK

Aslan toyu yola verib Salyana qayıdırdı. Kefi kök, damağı çağ idi. Yaxşı pul götürmüşdü. Haqqına pis də çalmamışdı. Məclis qurtaranda yaxşıca yeyib-içmiş, «Mersedes»inə oturmuşdu. Həm yorgunluqdan, həm də içkinin təsirindən gözləri qapanırdı. Lakin bütün bunlara baxmayıb, maşını sürməkdə idi. Arada beş-on dəqiqə fasilə edirdi ki, sükan arxasında yatmasın.
Elə beləcə gedirdi ki, bir də gördü yolun ortasında dayanmış bir nəfər əl edir. Aslan əyləci basdı. «Zaporocets» yolda qalmışdı. Sürücü üzrxahlıq edib dedi:
-Zəhrimar xarab olub, yedəyə alarsan?
Aslan təzə aldığı «Mersedes»ə baxdı, bir də köhnə, bəzi yerlərində dəmiri çürümüş «Zaporocets»ə. Ətrafda ins-cins yoxdu. Sürücüyə «yox» deməyi şəninə sığışdırmayıb maşını yedəyə aldı və yola düzəldi.

Aslan Astaradan gəlirdi. Salyana çatmağa xeyli vardı. «Zaporocets»in sahibi Biləsuvarın kəndində yaşayırdı.
Az getmişdi, çox getmişdi Aslan bilmədi. Bir də gördü ki, arxadan bir «Zaporocets» ona çata-çatdadır. Aslan maşının sürətini artırdı. Daha geriyə baxmadı. Arxayın idi ki, «Zaporocets» çox-çox geridə qalmış olar.
Maqnitafonun səsini qaldırmışdı ki, yuxu onu basmasın. Dostu Zaur Rzayev «Dilbərim» mahnısını oxuyurdu. Beləcə bir neçə kilometr də getmişdi ki, yenidən güzgüyə baxdı. «Zaporocets» az qalırdı «Mersedes»i ötsün. Bunu görən Aslan ayağını qaza basdı. İndi saatda 120 ilə gedirdi. O, lap mat-məəttəl qalmışdı. «Zaporocets» ondan heç də geridə qalmırdı. Aslan yenə sürəti artırdı. Təəccüb ediləsi idi. «Mersedes» hara, «Zaporocets» hara? O, «Zaporocets»dəki hünərə heyran qalmışdı. Sürücü əl-qolunu yelləyirdi. Aslan öz-özünə deyindi: «Buna bax, deyir mənə yol ver». Aslan da əlini yellədi: «Gəl, keç…».
Lakin nədənsə «Zaporocets» «Mersedes»i ötmədi. Aslanın bundan xoşu gəldi:
-Qanacaqlı adammış… Amma məni ötə bilsəydi, sabah bu «Mersedes»i bazara çıxarıb dalından dəyəcəkdim.
Salyana çatmağa az qalırdı. Aslanın gözü güzgüdə idi. «Zaporocets»in sahibi əlinin işarəsilə Aslandan xahiş edirdi ki, maşını saxlasın.
Aslan əyləci basdı. «Zaporocets» az qala «Mersedes»ə çırpılacaqdı. Sürücü sükanı döndərdi. «Zaporocets» sağ tərəfə dönüb tükürpədici səs qopartdı.
Aslan maşından düşdü. Üzünü «Zaporocets»in sahibinə tutub:
-Sən lap şir ürəyi yemisən. «Mersedes»lə ötüşürsən. Adam da balaca maşını bu sürətlə sürər?! Mən sürəti artırıram, sən də artırırsan. «Mersedes»ə dərs verdin…
Aslan sözünə davam etmədi. Gözləri yedək zəncirinə sataşdı və yadına düşdü. Sən demə, Aslan sürəti artırdıqca yedəyə alınmış «Zaporocets» də məcbur olub onun sürətilə hərəkət edirmiş. Bax beləcə sürücü daha artıq təhlükə qarşısında qalırmış. Buna görə də əl-qol atırmış ki, Aslan ya sürəti azaltsın, ya da maşını saxlasın. Aslan isə elə bilirmiş ki, «Zaporocets» onun idarə etdiyi «Mersedes»lə ötüşür.
Aslanı gülmək tutdu. Onda günah yox idi, günah onun içdiyi araqda idi.
«Zaporocets»in sürücüsü yenə yolun ortasında dayanıb qalmışdı. Aslan onu gətirib Salyana çıxarmışdı. Kişi indi də geriyə – Biləsuvara qayıtmaq üçün başqa yedək axtarmalı idi.

Комментариев нет:

Отправить комментарий