08.07.2013

PƏNAH APARIRAM SÜBHÜN RƏBBİNƏ

GÜNAY SƏMA ŞİRVAN

Qul əuzu birabbil-fələq, Min şərri ma xaləq, Və min şərri ğasiqin iza vəqəb, Və min şərrin-nəffasati fil-uqəd , Və min şərri hasidin iza həsəd. (FƏLƏQ SURƏSİ 113 surə-sübh surəsi)

Susuz dəyirman, pulsuz potmanat kimi sovururuq vaxtı, zamanı, ağlı-qaralı günləri. Saxlaya bilmirik ömrün qatarını. O gedir, gedir...Bəzimizə şərbət, bəzimizə zəhər içirdir. Çox vaxt da qəbul etməli oluruq ömür badəsinə içmək istəmədiyimiz şərabı süzən fələyin gərdişinə.
Gecələr... Tanrı onları xeyirdə şər, işıqda zülmət axtaranlara görk üçünmü yaratdı? Yaradanın yadadılanla son müqəddəs danışıq kitabında dəfələrlə toxunulan mövzu bir göndərmə, mesajdır sanki: "...De: Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən, Zülmətə bürünməkdə olan gecənin şərindən...."
Allahına bəndəlik etməyənlər üzündən ən qatı cinayətlər gecənin qaranlığında baş verir. Gecələr parıltısı göz qamaşdıran yaşamları pərdələyir. Ən təhlükəli zülmət isə təbiət qanunauyğunluqları ilə dünyayanı nura və qaranlığa qərq edən zülmət deyil. Ən təhlükəli zülmət cəhalət, nadanlıq, zülm, sitəm, ədalətsizlik zülmətidir.. Buna görə də, Yaradan insanın həyat nizamı üçün düzənlədiyi səmavi konsititusiyada da işarə edir: "Qaranlığın və zülmətin şərindən" mənə sığının.
Zülmət işığa həsrətdir. Amma unutmayaq ki, gecəni gecə kimi görən də biz özümüzük. Onu aydınlaşmış zəkamızla nur içində də görə bilərik.
Nurunu aləmə təmənnasız yayan Aydan, bu gözəlliyə füsunkarlıq qatan saçaq-saçaq ulduzlardan, bir-biriylə pıçıldaşan yarpaqlardan, çiçəklərdən, quşlardan soruşmalı bir də gecələri...
İlan mələyən çöllərdə, yayda qarına qurd düşən dağlarda vətən keşiyi çəkən səngərdəkilərin gözüylə baxmalı gecələrə.
Sabahı odla açılan 20 yanvar, Xocalı qurbanlarının qara qanı rəngini allandıran gecələri xatırlamalı.
Bir də qaranlıq gecənin heç bitməyəcəyinə ümidi olmayan Fələstinli, Suriyalı körpələri unutmamalı..
Sülhün, xeyirin, əmin amanlığın , üstün zəkanın, Ruhullahın özünə, cismin kor gözündən imtina edib, "ilkinliyə" pənah aparmaq mənasında " Pənah aparıram sübhün Rəbbinə" qəlbimizdən dodaqlarımıza enməyincə insanın saflaşması, zülmətdən çıxaraq öz işığına enməsi mümkün olmayacaq. O vaxta qədərsə, gecələr də aydınlığa çıxmayacaqlar.
Cənab Şəhabəddin demiş, "gözəl kəpənək istəyən, çirkin tırtılı əzməməlidir". İşıqlı, nurlu, günəş dolu sabahlar üçün gecələri qorumaq gərəkdir! Gecələri çirkləndirməyəyin!

Комментариев нет:

Отправить комментарий