05.01.2017

Narazılığı kimlər yaradır?

İbrahim Hümbətov

 Oturub dərindən-dərinə fikirləşib iqtidar-müxalifət məsələsini saf-çürük edəndən sonra bu qənaətə gəldim ki, bizdə ən ciddi müxalifət elə rayon rəhbərləridir. Həqiqətən! Bax, iqtidar xalqı ayağa qaldırmaq üçün yalançı işıq borcu, qaz borcu adı ilə milləti minib çapır, bəzən gündə saatlarla işıqları söndürtdürür, lakin millət tərpənmir, yüzdən 99-u cınqırını da çıxartmır. Yüzlərlə adamın dükan bazarını viran edir, torpağını əlindən alır, lakin ziyan çəkənlər dillənmək, etiraz etmək əvəzinə, hətta onların haqqını tələb edənlərə dirsək göstərməyə cəhd edirlər.
Başçıların da Allaha şükür, hər cür imkanı, şəraiti, milyonlarla dəyəri olan villası. Onlara belə şeylərdən gələn pul nə lazımdır ki? Sadəcə xalqı ayağa qaldırmaq istəyirlər. Yüz faiz! Lakin qəhrəman xalqımız tərpənmir ki tərpənmir. Daş olub qalıb! Polisin qardaşlıq yardımı ilə 7-8 ay öncə kömür satandan, dollar satandan qızıl satanadək hamının aylıq “tas”ını bir neçə dəfə qaldırdılar. Qəhrəman xalqım yenə susdu.
 Daha demək, sağdan-soldan silkələmək bundan çox olmaz, millət ayılmır ki ayılmır. Yüzlərlə ağac kəsilir, yüzlərlə dükan viran edilir, onlarla ziyalı şərlənir, həbsə atılir, lakin ağsaqqallarımız, mollalarımız belə dillənmir. Müaviyəni, Yezidi vətən xaini çıxardanlar öz müaviyələrimizin, yezidlərimizin qulluğunda quzu kimi sakit dayanırlar. Deyirəm yəni ağsaqqal, molla təkcə hüzr məclisində halva, şorçörəyi yemək üçün deyil ki?
 İndi, əziz oxucu, səni bizə ünvanlanan bəzi müraciətlərlə tanış etmək istəyirəm. Bir çox ziyalılarımız biz jurnalistlər vasitəmizlə qərb ölkələrindən xahiş edirlər ki, bizim əvəzimizdə də bir az kitab-qəzet oxusunlar. Yaponiya və Koreyada yaşayanlardan xahiş edirlər ki, bizim əvəzimizdə internetlə daha yaxşı məşğul olsunlar. Nəhayət, ərəb ölkələrinə- Misir, Liviya, Tunis xalqlarına müraciət ünvanlayıblar ki, gəlib buradakı meydanlarda bizim əvəzimizə də mitinq eləsinlər. Soruşacaqlar ki, bizimkilər özləri bunları niyə etmirlər? Bizimkilərin vaxtı var? Mırt vurmaqdan, nərd atmaqdan, variant verməkdən, domino çırpmaqdan, böyükləri tərifləməkdən, şmotka satmaqdan, pul tapanda yeyib-içməkdən başımız ayılır ki?
 Axı soruşa bilərsiniz ki, dəfələrlə qeyd olunduğu kimi, xalq qəhrəman xalqdır, nədən belə acizlik göstərirlər ki? Həmin qəhrəmanların çoxu getdi. Yarısı 41-45-də getdi, yarısı da Qarabağ girdabında. İndi çox azı qalıb. Ərəbin başına bomba tökülür, yüzlərlə, minlərlə insanı məhv olur, yenə susmur, bizdə isə elə birindən balaca çimdik götürən kimi, çığırtısı ərşə dirənir və ətrafındakılarla birgə elə yoxa çıxır, illərlə tapmaq olmur.
 Bəsdir. Deyirəm ki, rəhmətlik Nizami Gəncəvinin “Nuşirəvan və bayquşların söhbəti” əsərindəki bayquşun “Nə qədər bu şah var, bizim xarabalardan korluğumuz olmayacaq” fikrinin təkrarı olmasın, nə qədər ki bizim belə başçılarımız var, belə-belə köşə yazılarından korluğumuz olmayacaq.

Комментариев нет:

Отправить комментарий