05.01.2017

Onlara niyə heykəl qoymusunuz?

İbrahim Hümbətov

 Dedilər taslar yığışdırılıb, inandıq. İndi üzə çıxıb ki qəzet pulu 6 faizdən 10 faizə, aylıq çaq-çuqu 3 faizdən 5 faizə qalxıb. Yəni 200 manat alan müəllim bunun 30 manatını təhsil yolunda fəda etməlidir. Kişilər rəqəmləri yuvarlaqlaşdırdılar! Yoxsa 6 faiz qəzet pulu, hamı deyirdi 5 faizi başa düşdük, bu 1 faiz nədir? Amma 10-15 faiz yaxşı səslənir.
 Bir attestasiya da çıxarıblar, əslində töycünün qanuni yoludur. Bir musiqi məktəbindəki attestasiya oradakıları musiqi dili ilə desək, lap kökdən salıb. O yazıqlar heç nədən bu attestasiyadan 5 min manat ziyana düşüblər. Allahın attestasiyasında gör nə qədər çörək var imiş. Əbəs yerə deyil ki, müdriklər söyləyib elm bir xəzinədir. 
 Müəllimlər müəllimi olan, bu qədər müəllimə rəhbərlik edən direktorun 1 qram cəsarəti yoxdursa, onlar uşaqlara hansı cəsarətdən, hansı mərdlikdən, qəhrəmanlıqdan, nə bilim Koroğlunun, Həzi Aslanovun igidliyindən danışacaqlar? Böyüklərimiz bizi əllərində necə pulta döndəriblər, hara istəyirlər, ora tullayır, sonra kəlləmayallaq aşırdır, gah alçaldır, gah süründürürlər, biz də sizi, özümüzdən aşağıları eləcə balaca pulta döndəririk. Qısası, bizi necə əyib, əzib-büzüb, plastilinə çevirib oyuncağa çevirirlər, biz də sizi o günə qoyacağıq. Gedin, çapın, talayın, haqqımızı gətirin. Amma nə qədər vəzifəniz var, ləyaqət, vüqar, şərəf... belə şeyləri yaddan çıxardın. Amma lazım gələndə ləyaqətliləri məhkəməyə vermək üçün şərəfsizlik də edə bilərsiniz.
 Nə deyəsən ki, yazıqların çoxu heç verdiyini çıxarda bilmir. Bələdiyyələrə az subsidiya verirlər, yarısını giriş qapısı, yarısını abunə və sair adı ilə alıb, özlərini də borclu çıxardırlar. Sən belə hökumətdən danış!
 Bu məqamda yadıma yaxın dostlarımızdan birinin fikri düşdü. O deyir ki, ətrafımızda hündür binalar, hündür maşınlar, hündür papaq kişilər çoxaldıqca hündürdən haqq səsini deyən kişilər xeyli azalıb.
 Bu misallardan nə qədər çəksən, nə qədər müqayisələr aparsan, sözü nə qədər sağa-sola fırlatsan da, bu yatmışlar ki var, onları çətin oyadasan. Biz qəhrəmanlarımızı çərlədə-çərlədə bağrını çatladır, sonra onlara heykəl qoyuruq. Məşhur “Sağlığında kor Fatı, öləndə Alagözlü Fatmam laylay” atalar sözü elə-belə yaranmayıb ki? İndi öyündüyümüz Mirzə Ələkbər Sabirə, Mirzə Cəlilə, Xəlil Rzaya... sağlığında nə gün verdik ki, sonra şərəflərinə də abidələr ucaltdıq! Əgər həmin dahilər bu gün də bilsələr ki, onların adı bir yana, hətta abidələrini qurmaq adı ilə necə pullar silirlər, gorları çatlamasa da heykəlləri çatlayar yüz faiz! Dil açıb hayqırarlar ki, ay heykəlimizi qoyanlar, heç kitablarımızı, şeirlərimizi oxuyursunuzmu?

Комментариев нет:

Отправить комментарий