15.12.2010

Azərbaycan əsgərləri niyə qırılır?

Əslən Füzuli rayonundən olan zabit Sahil Xəlilov öz qaçqınlıq statusundan istifadə edərək əsgərlərə qan uddururmuş

 Məlum olduğu kimi indiyə qədər Milli Orduda qeyri-rəsmi məlumata görə, beş mindən artıq əsgərimiz bu və digər səbəbdən dünyasını dəyişib. Onların çoxu birbaşa ambisiyalı komandirlərin qurbanına çevrilib. Bu yazımızda onların bir neçəsi barədə danışacağıq.
 Ehtiyatda olan hərbi zabit Məmməd Eyvazov bu məktubu ölkə başçısına ünvanlamışdır: “Atəşkəs rejimi zamanı Azərbaycana səpələnmiş əsgər məzarlarını görürsünüzmü? Onların içərisində uyanların bir hissəsi heç də ermənilər tərəfindən yox, ermənidən betər “komandirlər” tərəfindən öldürülüb. Pəhləvan cüssəli cavanlarımızı Vətənin müdafiəsinə yola salıb, əvəzində əzazil zabitlərin göndərdiyi sellofan torbalarda ət, sümük parçaları almışıq. Onları gərəksiz bir şey kimi qapılara tullayıb, qeyb olan zabitlər guya “Ana” dedikləri Vətəni qoruyur! Qoruyursa, hanı Vətənin Qarabağı, Laçını, Kəlbəcəri? Bu yerlər, bu torpaqlar, bu sellofan torbalardakı balalarımız da belə nanəciblərin, alçaqların ucbatından güdaza getmədimi?!
 O torpaqların, bu cansız balaların qanı bahasına var-dövlət sahibi olan, bağ evləri, bahalı maşın “krallarını”, doğrudanmı görmürsünüz?
 Əsgər məzarlarının sayı artdıqca, onların tikdirdiyi dəbdəbəli binalar həmin əsgərlərin başdaşı kimi boy verib göylərə qalxır. Sanki onlar həmin o göydələnlərdən balalarımızın məzarına rişxəndlə baxıb gülmək üçün evlərini bu qədər uca tikirlər.
 Əgər 19 yaşlı Musa döyüşdə şəhid olsaydı, qürur duyardım. Amma onu namərdcəsinə öldürmüş komandirləri bağışlaya bilmirəm. N saylı hərbi hissədə Vətəni qoruyan oğlumu qətlə yetirən hissə komandiri Vidadi Bədirov, bu işi ört-basdır edən Qazax qarnizon prokurorluğunun müstəntiqi Vüqar Kərimov kimə xidmət edirlər? V.Kərimovdan fərqli olaraq Gəncə şəhəri hərbi prokurorluğunun müstəntiqi Rüfət Məmmədov işə CM-nin 95-ci maddəsini tətbiq etsə də, sonradan bu maddə də dəyişdirildi (Məıtbuatda bu barədə geniş danışıldığı üçün vaxtınızı almaq istəmirəm). O açıq etiraf etdi ki, “gücüm çatmır”.
 Kimdir bu millətin düşmənləri? Onlar Azərbaycan ordusuna necə yol tapıblar?
 Biz sabaha nə ilə gedəcəyik? “Milli” komandirlərimizin bizə bəxş etdiyi əsgər tabutlarıylamı? Bədirovların, Kərimovların saldığı qəbiristanlıqlarlamı?
 Biz sabaha açılan qapını açıb nə görəcəyik? “Komandir” deyilən qaniçənlərin Vətən müdafiəsinə göndərdiyimiz balalarımızın sellofana bükdüyü didilmiş bədənini, sınmış sümüklərinimi?
 Acizanə yalvarıram, bu suallarıma cavab verin! Axı, siz bizim hamımıza hamıdan çox cavabdehsiniz!”
 Bu hadisə necə olmuşdur? Peşəkar hərbçi Məmməd kişinin dediyinə görə, oğlu Musa nümunəvi xidmətinə görə məzuniyyətə buraxılmış, qayıtdıqda komandiri əlaltısı, sıravi əsgər Elnur Nağıyev vasitəsilə ondan “haqq” tələb etmişdir. Musa tələbi ödədikdə, komandiri şirniklənərək, onun özəlləşdirmə payını da əlindən alıb, yenidən bir aylığa evə buraxmışdır. E.Nağıyev məzuniyyət yarıya çatmamış, onun ardınca gələrək, komandirin 300 dollar istədiyini bəyan etmişdir. Valideynləri bu tələbi də borc-xərc düzəldib “ödəmişlər”.
 Musa hərbi hissəyə qayıtdıqda, Vidadi Bədirov həmin pulu tələb etmiş, Musa pulun verildiyini israr etdikdə, Elnur ona böhtan atıldığını söyləyərək, əsgəri birlikdə qətlə yetirmişlər. Onların iddiasına görə, Musa özünü qətlə yetirmişdir. Bu, absurddur. Ona görə ki, AK-5 avtomatı kimi ağır silahı bir əli ilə gicgaha tuşlamaq qeyri-mümkündür.
 Keşlədə yaşayan digər əsgərimiz Elman da demək olar ki, eyni motivlə- on manatlıq mobil konturun güdazına gedib. Məzuniyyətə gəldiyi zaman ona komandirindən mesaj gəlir ki, telefonuna on manatlıq kontur yükləsin. O da acığa düşüb yükləməyib. Hətta anasının sözünü eşitməyərək deyib: “Daha mən ona kontur almaqdan bezdim!” Məzuniyyət müddəti bitdikdə isə qonşularına deyib ki, mən iki-üç gündən sonra gələcəyəm, ancaq ayağımla yox, tabutda.
 Elə belə də olur. Ancaq “bədbəxt” hadisə onun dediyi vaxtdan bir gün sonra baş verir.
 Dövlətov Əli Saday oğlu da redaksiyalara müraciət edərək oğlunun ölümü haqda bəzi müəmmaları açıqlamışdır. Bu yaxınlarda Dövlətovlar ailəsi sözün həqiqi mənasında şok yaşadı. Belə ki, ailənin Ağdamda hərbi xidmət keçən oğlunun ölüm xəbəri gəldi: “Həqiqət isə ondan ibarətdir ki, ölümündən bir neçə saat qabaq oğlum həyəcan içərisində evə zəng edərək bildirmişdi ki, həyatım təhlükədədir, təcili mənə 400 manat pul göndər. Demişdi ki, 1 ay qabaq bir əsgəri vurmuşam, indi komandir işi bağlamaq üçün məndən 400 manat pul istəyir. Həmin zəngdən iki saat keçəndən sonra isə yaşadığım kəndə zəng edib bildirdilər ki, oğlum hərbi hissədə avtomat ilə özünü güllələyib. Bu işin uzun müddət istintaqı getdi. İş üzrə aparılan istintaqla müəyyən edilmişdir ki, Bakirin xidmət etdiyi taborun komandiri, əslən Füzuli rayonundan olan mayor Xəlilov Sahil Nizami oğlu bir əsgərin digərinə yumruq atmasından sui-istifadə edərək məsələni süni surətdə şişirtmiş, işi uzadaraq əsgərləri sıxma-boğmaya salmış, pul qazanmaq istəmişdir. Əsgərlər arasında olan xırda insidentdən çox vaxt keçməsinə, söhbətin unudulmasına baxmayaraq məsələni gərginləşdirmiş, yalandan cinayət işi açacağı ilə hədələyərək uşağı psixi gərginlikdə saxlamış, ondan tələb etmişdir ki, evə zəng edib valideynlərindən pul istəsin. Oğlum Bakirə onu həbs etdirəcəyini bildirən Sahil Xəlilov 400 manat pulu almaqdan sarı uşağı sıxma-boğmaya salmış, zülm etmişdir. Oğlum tabor komandiri Sahil Xəlilovun təzyiqlərinə dözməmiş, onu tutduracağından qorxaraq silaha əl atmışdır. Avtomatı sol döşünə dirəyərək özünü öldürmək istəmişdir. Hadisəni eşidərək qaçıb gələn əsgər yoldaşları və gizirlərə də bildirmişdir ki, tabor komandiri Sahil Xəlilov məndən 400 manat pul istəyir, tutduracağı ilə hədələyir, odur ki, özümü öldürürəm.
 Cinayət üzrə toplanmış sübutlar və işin faktiki halları ilə mayor Xəlilov Sahil Nizami oğlunun CM-nin 311.3.4-cü madəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, hal-hazırda həbsdədir və məhkəmə gedir.
 Yazıb sizə Sahil Xəlilovla bağlı keçirilən məhkəmə prosesləri ilə bağlı narahatlıqlarımı bildirmək istəyirik. Sahil Xəlilovun qohumları və hakimiyyətdə olan adamları məhkəməyə hər vasitə ilə təzyiq edirlər. Mən bu gün bir ovuc Füzuli kürdü ilə üz-üzə qalmışam. Artıq istintaqa ifadə vermiş əsgər və zabitlər öz əvvəlki ifadələrini danmağa başlamışlar. Biri deyir o izahatı mən yazmamışam, biri deyir o cür yazmamışam, dəyişdiriblər, biri deyir məndən gecə saat 2-də izahat alınıb, bu qanunsuzdur. Hər şeyi istintaqı aparmış müstəntiqin üstünə yıxmağa çalışırlar. Halbuki bu izahatı verənlər öz xətləri ilə yazıblar ki: “İzahatı özüm yazdım, öz imzamla təsdiq edirəm”. Bəs necə olur ki indi öz izahatlarını danaraq Sahil Xəlilovu sudan quru çıxarmaq istəyirlər? Demək belə çıxır ki, mənim oğlum dəli imiş, odur ki gedib özü özünü güllələyib. Onda belə çıxır ki, Azərsell-in istintaqa təqdim etdiyi bu qədər danışıq steneoqramması hamısı yalandır. Deməli belə çıxır ki, oğlum mənə evə zəng edib ağlayanda, deyəndə ki, məni komandir öldürür, 400 manat pul istəyir, zarafat edirmiş. Bu gün məhkəmə orqanları açıq-aşkar Sahil Xəlilovu cinayət məsuliyyətindən yayındırmaq xətti götürüb. Sahil Xəlilovun qohumları məhkəmənin gedişinə müəmmalı, şübhəli vasitələrlə təsir edirlər. Xahiş edirəm ki, bu məsələrə aydınlıq gətirəsiniz. Sahil Xəlilov kimi adamlar öz qaçqınlıq statusundan və hakimiyyətdəki yerlilərinin əlaqələrindən istifadə edərək çox adamların evini yıxıblar, çox ailələri gözüyaşlı qoyublar.
 Məhkəmə iclasları keçirilir. Lakin açıq-aşkar görünür ki, Sahil Xəlilovun qohumları şahid qismində çıxış edən əsgər və zabitlərin evinə gediblər, əlaqəyə çıxıblar, cürbəcür vasitələrlə təsir edərək oğlumun qanını batırmağa çalışırlar. Mən oğlumu Azərbaycan Respublikası Ali Baş Komandanına qurban demişəm, hansısa Fizuli qaçqınına yox! Bu adamların çoxu müharibə gedəndə qaçıb gizlənməklə məşğul idi, indi hərəsi bir saxta vəsiqə, çin alıb xalqa ermənilərdən də betər zülm etməklə məşğuldurlar. Orduda nəzarətin zəif olmasından istifadə edərək min bir üsulla pul qazanmaqla məşğuldurlar.
 Bu xalqın balalarının qanını içərək var-dövlət yığmış ünsürə ən yüksək cəza verilməsini tələb edirəm. Oğlum bu qaniçənin istədiyi 400 manat pulun badına gedib. Sabah ölkənin başını üzərini təhlükələr alsa, bu cür adamlar bizi pulla satmaqla məşğul olacaqlar, torpaqlarımızı yenidən düşmənə verəcəklər. Bizim balalarımız Füzulidə gedən döyüşlərdə canlarını qurban verirdilər, yarımçılıq olurdular, o isə qaçqın statusundan istifadə edərək balalarımızı tora salır, xalqımızın qanını içərək özünə var-dövlət, sərvət toplamaq yolu tutur. Heç olmasa ondan utansın. Orduda belə adamlar kifayət qədərdir. Tez-tez eşidirik ki, kiminsə uşağını hərbi xidməti bitirməyə 2-3 ay qalmış heç nədən, xırda detal üstündə tora salır, valideynini gətizdirib 600 dollar, 1000 dollar pul alırlar. Bu cür halları təfsilatı ilə araşdırmaq, ordumuzda son zamanlar yaranmış bu tendensiyaya son qoymaq lazımdır. Torpaqlarımızı da məhz bu cür adamlar satdılar, nə qədər şəhidlərimizi bu cür düşmən ünsürlərin ucbatından getdi. Biz tələb edirik ki, Sahil Xəlilovun uzun illər hərbidəki fəaliyyəti araşdırılsın, Bakirin ölümü yeganə fakt deyildir. Bu adam uzun illər orduda soyğunçuluqla məşğul olub, neçə-neçə ananı gözü yaşlı, neçə-neçə evi bir tikə çörəksiz qoyub. Vətənimizin başının üstünü təhlükələr aldığı indiki şəraitdə cəmiyyətimizi bu cür satqın, qaniçən ünsürlərdən təmizləmək lazımdır. Müharibəni də bu cür rüşvətxor qaniçənlərin, torpağı sataraq varlanmaq xülyasına düşənlərin ucbatından uduzduq”.
 Göründüyü kimi, əksər ölüm hadisələri pul-para ilə bağlı olur. ona görə də hərçilərin maaşları təcili olaraq qaldırılmalı, zabitlər üçün əlaltdan qoyulan “tas”ların, əlavə xərclərin aradan götürülməsi üçün tədbirlər görülməli, müvafiq qanunlar verilməlidir.
 Təbii, pulla bağlı olmayan qətl hadisələri də olur. məsələn, N saylı hərbi hissənin taqım komandiri Seyran Həsənov əvvəl xəstə əsgərin müdafiəsinə qalxdığına, sonra isə artıq dünyadan köçmüş əsgərin durumu ilə bağlı təqdim etdiyi raportlardan imtina etdiyinə görə alay komandirinin güdazına gedib. Komandir Ağayev Həsənovun cəbhə xəttində aldığı güllə yarasından müalicə olunan xəstəxanaya gəlmiş və ata-anasının gözü qabağında palataya girərək, leytenantı həkimlərin əlilə qətlə yetirmişdir.
 Şübhəsiz, bütün bu hadisələr deməyə əsas verir ki, ordumuz yükək döyüş durumunda olsa da, ciddi profilaktikaya ehtiyacı var. Bu profilaktika isə şübhəsiz, önəmli kadr islahatına, maaşların artırılmasına və polad nizam-intizama məhkumdur.

                                                                                   
          Zaur Ağalaroğlu 
Şəkildə: şəhid əsgər Dövlətov Bakir 

Комментариев нет:

Отправить комментарий