İbrahim Fərhadoğlu
“Filfak” Müstəqil Araşdırmalar Mərkəzi
Bəşəriyyətin ən böyük kəşflərindən biri də kompüter oldu. Müasir kompüter texnikasının yaranma tarixi 1946-cı ildən hesablanır. Müəyyən inkişaf mərhələlərindən keçən bu texnika 1980-ci illərdən başlayaraq iş yerlərinə yol açmış, 1990-cı illərdən isə evlərə girmişdir.
Kompüter biliklərinin olması çağdaş dövrümüzdə çox vacibdir. Deyirlər ki, 2015-ci ildə kompüter savadı olmayanların cahil insanlardan heç bir fərqi qalmayacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi məlumatında qeyd edilib ki, 2010-cu ilin iyun ayına olan vəziyyət üzrə Azərbaycanda İnternet istifadəçilərinin sayı 3,7 milyona yaxın olub. Özünü dərk etməyə başlayan uşaqdan tutmuş böyüyə qədər hər kəs bu sehirli vasitəni evində görmək üçün əlindən gələni edir. Peşəsindən, yaşından və məqsədindən asılı olmayaraq bütün gününü kompüter qarşısında keçirənlər kompüterdən düzgün istifadə qaydalarını bilirlərmi?
Kompüterin qarşısında doğru oturmaq ən vacib qaydalardan biridir. Bundan əlavə bəzi şərtlər var ki, onlara mütləq əməl olunmalıdır.
Hündürlüyü nizamlana bilən, kürək üçün dəstəyi olan yumşaq döşəkli və dayanıqlı oturacaq (ya kreslo) seçmək lazımdır. Sərt və nizamlı olmayan bir kresloda uzun müddət oturmaq şiddətli bel və boyun ağrılarına səbəb ola bilər.
Kompüter masasına da ciddi fikir vermək lazımdır. Normal iş masaları kompüterlər üçün çox vaxt rahat deyil. Məsələn, kompüter monitorunun gözünüzdən bir az aşağıda və ya tam qarşınızda olmağı vacibdir. Klaviatura dik oturduğunuz zaman əllərinizlə eyni xəttdə, əllərinizin tam qarşısında olmalıdır.
Kompüterdən istifadə edərkən barmaq, əl biləyi və dirsək davamlı olaraq eyni hərəkətləri edir. Bu da xüsusilə əl biləyində müəyyən problemlərin yaranmasına səbəb olur. Əl biləyindən keçən sinir toxumaları sıxılır, əldə keyimə və ağrı, baş barmağın hərəkətində bəzi problemlər yaranır.
Həkimlər yazı yazarkən klaviaturadakı düymələrə yavaş toxunmağı, "siçan"ı yumşaq bir şəkildə tutmağı məsləhət görürlər. Yazmadığınız vaxtı qol və barmaqlara istirahət vermək lazımdır.
İş müddətini planlayın. Hər gün müəyyən vaxtlarla və fasilə ilə çalışmaq məqsədə uyğundur. Uzun müddət eyni mövqedə oturmayın.
Boyunuzu sağa, sola önə və arxaya doğru hərəkət etdirin. Hər iki çiyin, dirsək və əl biləyi oynaqlarını və barmaqları 2-3 saat fasilə verməklə hərəkət etdirin, açıb bağlayın.
Oturduğunuz yerdən qalxaraq ayaqüstə durun və dizlərinizi qatlamadan barmaqlarınız yerə dəyəcək şəkildə önə əyilin. Ayrıca sağa, sola və arxaya əyilməyə çalışın.
Oturduğunuz yerdə dərin nəfəs alıb verin. Bu həm gərginliyinizi azaldar, həm də əzələlərinizi boşaldar.
Kompüter qarşısında uzun müddət hərəkət etmədən oturmayın, arada qalxıb gəzin. Bilmək lazımdır ki, kompüter arxasında olarkən iki saatdan bir yarım saat fasilə verilməlidir. Oturduğunuz yer nə çox sərt, nə də çox yumşaq olmalı, qol qoyma yerlərinin, oturma yerinin və arxalığının yüksəkliyi sizə uyğun olmalıdır.
Dirsəklərinizi işləyən zaman ən çox 90 dərəcə bükün, daha çox bükülü vəziyyətdə işləməkdən qaçınmaq lazımdır. Qan dövranını artırmaq üçün, qıç əzələlərini tez-tez masaj edin və ya qıçlarınızı 5-10 saniyə gərib boşaldın. Çox möhkəm corablar və sarıqlardan istifadə etməyin.
Nizamlı olaraq məşq edin. Bir saatdan bir ayağa qalxıb imkan daxilində gəzinmək və ya boyun, kürək məşqləri etmək lazımdır. Bol maye qəbul edin. Siqaret, spirt və kafeinli içkilərdən uzaq durun.
Ayaqüstə olarkən, oturarkən onurğanızı düz tutun. Önə ya da arxaya əyilmədən düz durun. Donqar şəkildə oturmayın.
Hər iki ayağınızın üzərinə bərabər şəkildə ağırlıq verin. Hər iki ayaqlarınızı yerə 10-15 sm aralıqda basın. Ayaq altına rahat olmanız üçün çox hündür olmayan maili taxta da qoya bilərsiniz. Qarınınızı və çənənizi yüngülcə içəriyə çəkin.
Kompüter qarşısında uzun müddət işləmək gözlərə də təsir edir. Gözlər bir nöqtəyə zillənib qalır və tənbəlləşir, daha az qırpılır, bu da gözləri qurudur. Qızarma, qaşınma, yaşarma, ağrı kimi problemlər yaranır. Kompüterlə 4-6 saatdan çox təmasda olmaq xüsusilə gözdə problemləri olanlar üçün təhlükəlidir. Ona görə də, müəyyən fasilə vermək lazımdır. Astiqmatizm xəstəliyi olanlar isə daha çox diqqətli olmalıdır. Monitor gözdən 60-70 sm uzaq olmalıdır. Həkimin məsləhəti ilə qoruyucu eynəklərdən və damcılardan istifadə etmək olar. Mütəxəssislərin dediyinə görə, kompüterin yaratdığı təsir gözdə qalıcı problemlərə səbəb olmur. Bu qaydaları bilmək vacibdir:
-Kompüterdə 20 dəqiqə işlədikdən sonra, 20 saniyə gözləri bağlayaraq, ya da uzağa baxaraq istirahət etmək gözləri qoruyar.
-Təcrübələrə görə, gündə 6 saatdan çox kompüterlə işləyənlərin 100-də 75-nin gözlərində yorğunluq, yanma, qızartı, bulanıq görmə və baş ağrısı kimi şikayətlər daha çox olur.
-Tez-tez şüurlu şəkildə gözləri qırpmaq lazımdır.
-Monitorun ekranı çox parlaq və çox tünd olmamalıdır, bu, gözləri daha çox yorur.
-Monitoru pəncərənin işığına tərəf qoymaq olmaz. Monitor işıqdan və pəncərədən aralı olmalıdır. Əks görünüş verməyən ekranlardan istifadə etmək məsləhətdir.
-İş mühiti çox işıqlı olmamalıdır. Həddindən artıq işıqlandırıcı stolüstü lampalardan qaçmaq lazımdır.
-İş mühitinin havası çox quru olmamalıdır. Otaqda nəmləndirmənin normal olması sizin rahatlığınız üçün vacibdir. Kompüter olan otağın havasını tez-tez dəyişmək lazımdır.
-Yaddan çıxartmaq lazım deyil ki, gözlər ətraf mühitin təsirinə qarşı çox həssasdır. Onları vaxtında qorumaq lazımdır.
Комментариев нет:
Отправить комментарий