10.08.2011

NATO: ABŞ MÜSTƏMLƏKƏÇİLİYİNİN SON AKKORDU -3


Mayis Güləliyev 
mayis_gulaliyev@yahoo.com

“Azərbaycan-ABŞ əlaqələri Azərbaycanı gələcəkdə ciddi təhlükəyə və yaxın qonşu ölkələri ilə hərbi toqquşmalara sürükləyən əlaqələrdir”

ABŞ-ın Qafqazdakı maraqları təkcə neft və qazla bağlı deyildir. Qafqaz ABŞ-ın Orta Asiyaya və gələcəkdə Şimali Qafqaza çıxışı ola bilər. Odur ki, Azərbaycanın təkcə iqtisadi cəhətdən deyil, həm də hərbi sahədə ABŞ tərəfindən nəzarətində saxlanmasını təmin etmək üçün Azərbaycanın yaxın qonşuları tərəfindən təhlükədə olduğunu “uydurmaq” lazım gəlir. Üçüncü Dünya ölkələrinə belə münasibət ABŞ-ın xarici siyasətindən irəli gəlir və təkcə Azərbaycana aid deyil. Hələ 1948-ci ildə ABŞ Dövlət Departamentinin Planlaşdırma Qrupunun rəhbəri C. Kennan yazırdı ki, “Biz Dünya gəlirlərinin 50%-ə yiyələnirik, lakin əhalimiz dünya əhalisinin yalnız 6,3% təşkil edir... Bu vəziyyətdə biz zəifləyib həsəd və inciklik obyekti olmamalıyıq. Bizim yaxın dövrlər üçün real vəzifəmiz qarşılıqlı münasibətlərin elə strukturunu hazırlamaqdır ki, bu, bizə qeyri-bərabər mövqeyi saxlamağa imkan versin... Belə etmək üçün biz sentimentallığı və fantaziyaya uymağı kənara qoymalıyıq; bizim diqqətimiz birbaşa milli maraqlar əsasında hər yana cəlb edilməlidir. Biz öz-özümüzü aldatmamalıyıq ki, biz altruizm və dünyaya mənfəət verən təmtərağa bu gün yol verə bilərik. ... Biz insan hüquqları, həyat standartlarının yüksəlməsi və demokratikləşmə kimi aydın olmayan və ...qeyri-real məsələlər haqqında danışmağı dayandırmalıyıq. O gün uzaqda deyil ki, biz birbaşa güc konsepsiyamızı qəbul etməyə hazırlaşacağıq. İdealist şüarlardan nə qədər çəkinəriksə bir o qədər yaxşıdır”.
Beləliklə, ABŞ XX əsrin ikinci yarısından başlayaraq dünyanı güc ilə idarə etməyə hazırlaşdığını heç də gizlətmir. Region ölkələrini nəzarətə almaq üçün Avropada və Əfqanıstanda ABŞ-ın rəhbərliyi ilə NATO, Yaxın Şərqdə isə ABŞ-ın rəhbərliyi ilə Koalisiya qoşunları günahsız insanların, uşaq, qadın və qocaların əzabına bais olurlar. ABŞ-ın Qafqazdakı iqtisadi və hərbi maraqları isə Qafqaz ölkələrini, xüsusilə Azərbaycanı potensial təhlükəyə sürükləyir. Başqa sözlə desək, Azərbaycan-ABŞ əlaqələri nəinki ABŞ-ın yeni müstəmləkəçilik siyasətinə əsaslanan əlaqələrdir, həmçinin Azərbaycanı gələcəkdə ciddi təhlükəyə və yaxın qonşu ölkələri ilə hərbi toqquşmalara sürükləyən əlaqələrdir.
Xoşbəxtlikdən, Azərbaycanın ABŞ tərəfindən təhrik edildiyi təhlükələr onun yaxın qonşuları ilə münasibətinə və gələcək inkişafına ciddi ziyan gətirsə də indiki ictimai-siyasi şəraitdə hərbi münaqişəsinin yaranmasına zəmin ola bilməz. Çünki Azərbaycanın ABŞ maraqlarına uyğun siyasətinin qarşısında Rusiyanın ona digər yollarla təsir etmək imkanları hələ böyükdür. Rusiyada yaşayan 2 milyondan çox Azərbaycanlılar və ya sərhəd rayonlarında yaşayan etnik azlıqlar vasitəsilə Rusiya Azərbaycanın ictimai-siyasi hadisələrinə ciddi təsir göstərə bilər. İran isə bütün hallarda ABŞ-ın ona qarşı təcavüzünə “bəhanə yaratmamaq” üçün Azərbaycana və ya hər hansı kiçik ölkələrə hərbi təcavüz imkanlarını istisna edir. Belə olan şəraitdə NATO Azərbaycanı özünə inteqrasiya etməklə onu kimdən qorumaq istəyir? Eyni ilə NATO-ya cəhd edən Azərbaycan özünü kimdən qorumaq istəyir? Belə ki, qeyd etdiyimiz kimi, Azərbaycanın indiki real ictimai-siyasi şəraitdə elə potensial düşməni yoxdur ki, NATO tərəfindən bu düşmənin hücumu dəf edilsin və Azərbaycanın təhlükəsizliyi təmin edilsin. Yuxarıda qeyd etdiyimiz kimi, indiki beynəlxalq şəraitdə Xəzəryanı ölkələrin heç biri Azərbaycana hərbi təcavüz etmək fikrində deyil və mümkün təhlükələrin qarşısını almaq məqsədilə Azərbaycanın NATO-ya qoşulmasına, daha doğrusu, NATO-nun Azərbaycanda yerləşdirilməsinə real zərurət yoxdur.
 Azərbaycanın sürükləndiyi və həllini gözləyən digər vacib problem-Dağlıq Qarabağ problemidir. Azərbaycanın NATO-ya inteqrasiyasını təbliğ edən siyasilərin və politoloqların əksəriyyəti Azərbaycanın NATO-ya qoşulacağı təqdirdə bu problemin həllinin mümkünlüyünü dolayısı ilə qeyd edirlər. Məsələn, Ə. Həsənov qeyd edir ki, “...Qarabağ probleminin sülh yolu ilə həll olunmasında, respublikamızın işğal edilmiş torpaqlarının azad edilməsində, bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarına dönməsində NATO kimi nüfuzlu təşkilatın böyük rol oynaya biləcəyi inkaredilməz faktdır”. Politoloq R. Musabəyov da öz çıxışlarında Azərbaycan-NATO əməkdaşlığına önəm verərək ictimaiyyətin diqqətini NATO-nun mahiyyəti ilə bağlı yanlış istiqamətə yönəldir. O, regional konfliktlərin, o cümlədən Dağlıq Qarabağ konfliktinin həllində NATO-nun rolunu şişirdərək qeyd edir ki, “...Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə və həmçinin bizi narahat edən digər məsələlərə dair NATO-nun diqqətini cəlb etmişik”.
 Lakin NATO-nun mahiyyətini diqqətlə öyrəndikdə və bu qurumun Şərqə genişlənməsinin və Qafqazdakı fəaliyyətinin əsas məqsədlərini araşdırdıqda məlum olur ki, Azərbaycanın NATO-ya qoşulması Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəinki mümkün etmir, əksinə bu problemin uzun müddət üçün “dondurulmasını” stimullaşdırır. Belə ki, əgər Azərbaycan və Ermənistan NATO ilə əməkdaşlıq edəcəksə, NATO bu ölkələrin bir-biri ilə münasibətlərinə qətiyyən qarışmayacaq və Dağlıq Qarabağ probleminin “dinc yolla həllinin axtarılması” bəhanəsi ilə “dondurulmasını” daha məqsədəuyğun hesab edəcək. Problemin belə “dondurulması” ATƏT tərəfindən də məqbul variant kimi qorunub indiyədək saxlanılır. Əgər Azərbaycan NATO ilə əməkdaşlığını genişləndirəcəksə, Ermənistan isə NATO-nu öz ərazisinə yaxın buraxmayacaqsa, bu halda da NATO Azərbaycan tərəfində dayanaraq Dağlıq Qarabağ probleminin həllinin hərb variantını dəstəkləməyəcək. Əksinə, problemin həlli üçün hərb variantı seçildiyi halda NATO tərəfindən Azərbaycana təzyiqlər artacaq. Çünki NATO-nun Qafqazdakı missiyası Dağlıq Qarabağın erməni separatçılarından və ya ermənistan qoşunlarından azad edilməsi deyil, ABŞ-ın və NATO üzvü olan Avropa ölkələrinin təhlükəsizliyinin təmin edilməsidir. Bu “təhlükəsizlik kəmərinin” Qafqazdan keçən hissəsi isə enerji layihələri ilə bağlıdır. Odur ki, hər iki halda NATO yalnız bu missiyanı həyata keçirəcəkdir.
11 Sentyabr 2001-ci ildən başlayaraq dünyada öz hegemonluğunu açıq nümayiş etdirən Birləşmiş Ştatlar NATO-nun yuxarıdan aşağıya qədər yenidən qurulmasını təklif edərək, Avropada və Asiyada “jandarm” kimi formalaşmasını təmin etdi. 2002-ci il Praqa Sammitində müdafiə xarakterli NATO əvəzinə yeni missiyaya, üzvlük qaydasına və potensial imkanlara malik olan hücum xarakterli NATO-nun qurulmasının yekunlaşdığını demək olar. 2004-cü il İstanbul Sammitində NATO-nun üzərinə qoyulmuş əsas məqsədlər sırasında etnik münaqişələrin həllinə yardım etmək məqsədi yoxdur. ABŞ-ın NATO-dakı səfiri R. Nicholas Burns qeyd edirdi ki,  “Bizim əsas prioritetimiz dağılmış ölkələrini yenidən qurmaqda Əfqan xalqına kömək etməkdir. BMT mandatına malik olan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) rəhbərlik edən NATO Əfqanıstanda uzun müddət üçün sülhün təmin edilməsində öz rolunu gücləndirməlidir. ...Bizim ikinci məqsədimiz, prezident Buşun təklif etdiyi kimi, İraqda NATO-nun böyük rolunu təmin etmək üçün hansı mərhələləri müəyyən etməyi yoxlamaqdır.... Üçüncü məqsəd ondan ibarətdir ki, NATO Böyük Yaxın Şərqdə sülhün təmin edilməsi istiqamətində Ərəb dünyası və İsrailə kömək etmək üçün onlarla əlaqələrini genişləndirməlidir. ... Bizim dördüncü məqsədimiz Avropanın, xüsusilə də Balkanın gələcəyi üçün məsuliyyət daşıyan iki institut arasındakı - NATO ilə Avropa İttifaqı arasındakı əlaqələrin inkişaf etdirilməsidir”.
 Göründüyü kimi 2001-ci il 11 sentyabr hadisəsindən sonra “yeniləşmiş” NATO-nun məqsədləri sırasında əsas yeri Kabildən o yana da gedərək ölkənin bütün yerlərində yerləşərək Əfqanıstanda möhkəmlənmək, Əfqan hökumətini tam nəzarətdə saxlamaq və seçkiləri idarə etməklə “müştəri ölkə” hakimiyyətinin legitimliyini təmin etməkdir. Əfqanıstanda fəaliyyətin genişlənməsi isə ABŞ vətəndaşı olmayan əlavə insan resurslarının, əlavə qoşun və ehtiyatların təmin edilməsini zəruri etdiyi üçün ABŞ NATO-ya yeni üzvlərin cəlb edilməsini və ya tərəfdaşların siyahısının artırılmasını təklif edir.
NATO-nun İraqla bağlı məqsədləri də ABŞ xarici siyasətinin tərkib hissəsidir. İraqın işğalını davam etdirən Koalisiya qüvvələrinin əsas hissəsini də elə NATO-nun üzv ölkələrinin qüvvələri təşkil edir. NATO-nun İraq probleminə qoşulmasında əsas məqsəd heç də İraq xalqının diktator rejimindən demokratik gələcəyə keçidinə kömək etmək deyil, əksinə ABŞ-ın əsas qüvvələrinin İraqdan çıxarılması və ABŞ üçün daha vacib olan sahələrə, daha doğrusu, “yeni işğal zonalarına” yönəlməsini təmin etmək və İraqdakı vəziyyətlə bağlı məsuliyyəti Avropa ölkələri ilə bölüşdürmək, digər ölkələrin insan resurslarından “gen-bol” istifadə etməkdir. NATO-nun Qafqaz ölkələrini, o cümlədən Azərbaycanı öz tərəfdaşlığına çəkməyə çalışması onun Yaxın Şərqlə bağlı məqsədlərinə də xidmət edir. Belə ki, NATO ABŞ-ın Yaxın Şərq siyasətini davam etdirərək bu geniş regionda uzun müddətli fəaliyyət üçün artıq hazırlaşır.
Göründüyü kimi, NATO-nun Şərqə genişlənməsi yeni üzv dövlətlərdə mövcud olan münaqişələrin həllinə nail olmaq məqsədi daşımır, əksinə bu ölkələrin iqtisadi, hərbi və insan resurslarından istifadə edərək ABŞ-ın regionda maraqlarının təmin edilməsinə yönəlmişdir. Bu mənada NATO-nun genişlənməsini ABŞ xarici siyasətinin müvəffəqiyyəti hesab etmək olar. NATO-nun Avropa və Avrasiya məsələləri üzrə katibinin köməkçisi Daniel Frid də NATO-nun genişlənməsini ruh yüksəkliyi ilə qeyd edərək bu hadisəni NATO-nun müvəffəqiyyəti hesab edir. O qeyd edir ki, “Şərqi Avropada Kommunizmin məğlubiyyətindən sonra NATO-nun genişlənməsi onun ən böyük müvəffəqiyyətlərindəndir.
2008-ci ildə Albaniyanın, Makedoniyanın və Xorvatiyanın da Üzvlük Fəaliyyət Planına əsasən üzv qəbul edilməsi gözlənilir. Gürcüstan və Ukrayna da müvafiq islahatlar keçirərək nəhayət, həm NATO, həm də Aİ üzvlüyünə qəbul olunmaq istəyirlər. Avropanın digər ölkələri də, məsələn Monteneqro, Bosniya və Serbiya da bu yolu tuta bilərlər”. Lakin Daniel Frid NATO-nun genişlənməsinin bu ölkələrin xalqlarına potensial təhlükədən başqa heç nə verməyəcəyini açıq etiraf etmək istəmir.

(Ardı var)

Комментариев нет:

Отправить комментарий