13.04.2011

ALATORAN TƏMSİLÇİSİ ALMANİYADA KEÇİRİLƏN BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDİB


ALATORAN TƏMSİLÇİSİ ALMANİYADA KEÇİRİLƏN BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDİB

ZAUR SƏTTARLI TƏRCÜMƏÇİLƏRİN BEYNƏLXALQ TƏDBİRİNDƏ İŞTİRAK EDİB

Almaniyanın LCB-Literarisches Colloquium Berlin (Berlin Ədəbi Kollokviumu) qurumunun dəvəti ilə tərcüməçi Zaur Səttarlı beynəlxalq tədbirdə iştirak edib (160 iddiaçı arasından seçilən 33 tərcüməçi). Qurum 1963-cü ildə Valter Höllerer tərəfindən yazarlar və tərçüməçilərin daha əlverişli iş birliyini orqanizə etmək məqsədilə yaradılmışdır. 1989-cu ildən başlayraq - Almaniyanın birləşməsindən sonra - müntəzəm olaraq alman dilindən öz ana dillərinə tərcümələr edən qruplar üçün seminarlar, konfranslar və görüşlər təşkil edir. Bu konfranslarda dünyanın bütün ölkələrindən nümayəndələr iştirak edə bilər. Qonşularımız Ermənistan və Gürcüstan dəfələrlə təmsil olunmuş, müxtəlif qrantlar əldə etmişlər. Həm də LCB-toplantılarında iştirak etmək bir çox başqa fond və təşkilatların layihələrindən faydalana bilmək üçün ön şərt kimi irəli sürülür. Bu toplantıda iştirak etmədən onlara müraciət edə bilməzsən. İlk dəfə olaraq Azərbaycandan bu tədbirə “Alatoran” jurnalı müraciət etmiş və həm jurnalda və həm də jurnala əlavə olaraq yayınlanan tərcümə kitablarında alman dilindən tərcümələri yayınlanmış Zaur Səttarlı iştirak etmək şansı qazanmışdır. Azərbaycanın kollokviumda ilk dəfə iştirak etməsi görüş və müzakirələrdə ən müxtəlif səviyyələrdə dəfələrlə vurğulanmışdır – Z.Səttarlı belə deyir.
13 martdan başlayaraq tədbir çərçivəsində müxtəlif görüşlər və mühazirələr keçirilmişdir. Berliner Tagesspiegel qəzetinin ədəbi redaktoru, Alfred Kerr ödülü almış G.Dotsauerin 1989-cu ildən sonrakı alman ədəbiyyatı haqqında mühazirəsi, Partnyor təşkilat olan Höte İnstitutunun nümayəndəsi Andreas Şmolun çıxışı və suallara cavab verməsi, Yazıçı Ulrix Peltser, tənqidçi Rixard Kammerlings və İnsa Vilke ilə görüşlər dərin təəssürat buraxmışdır. Bundan başqa, sonrakı günlərdə gənc yazıçı Svenya Layber "Şipino" kitabını təqdim etmiş və suallara cavab vermiş, Surkamp nəşriyyatında "Foreign rights" şöbəsinin manageri Petra Hardtla görüş keçirilmişdir. Habelə Partnyor təşkilatlarlın təmsilçiləri ilə görüşlər, bu cümlədən Antje Kontius (S.Fişer fondu), Aylin Rieger (Traduki fondu), Angelika Salvisberg (Pro Helvetia fondu) görüşlər maraqlı və səmərəli olmuşdur. İsveçrənin Loren şəhərindəki tərcüməçilər evinin rəhbəri Qabi Stökli təmsil etdiyi qurumun layihələrini təqdim etmişdir.
Martın 16-da yazıçı Katrin Şmidt "Sən ölməyəcəksən" kitabını, yazıçı Melinda Nadj Abonji "Göyərçinlər uçur" kitabını təqdim etmişlər. Son adı çəkilən roman 2010-cu ilin alman kitab mükafatına layiq görülmüşdür.
17 martda Leypsiq kitab yarmarkasını ziyarət də proqrama daxil edilmişdi. İştirakçılar müasir alman ədəbiyyatında ən yaxşı bədii əsər, ən yaxşı ixtisas kitabı və ən yaxşı tərcümə işi nominasiyalarının qaliblərinin təqdimat mərasiminə qatılmışlar. Zaur Səttarlı burada bir çox yazıçıları görmək, söhbətləşmək və suallar vermək imkanının geniş olduğunu bildirdi.

Zaur Səttarlının gənc almaniyalı yazar Svenya Layberdən aldığı müsahibə enyeniedebiyat.com saytında yayınlanacaq. Almaniyalı gənc yazarları hansı problemlər düşündürür – bunları müsahibədən öyrənə biləcəksiniz.

ALATORAN TƏMSİLÇİSİ ALMANİYADA KEÇİRİLƏN BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDİB





















ALATORAN TƏMSİLÇİSİ ALMANİYADA KEÇİRİLƏN BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDİB

Комментариев нет:

Отправить комментарий